Cənubi Amerikanın daxili suları

Cənubi Amerikanın daxili suları

Cənubi Amerika ən sıx çay şəbəkəsinə malikdir və burada planetin ən bolsulu çayı olan Amazon axır. Amazonun uzunluğu Maranyon və Ukayali çaylarının birbirinə qovuşduğu yerdən hesablanır. Çayın mənbəyi And dağlarından başlayan Ukayalidən hesablandığı halda, o həm də dünyanın ən uzun çayı kimi qəbul edilir. Amazon Atlantik okeanına tökülür. Əsasən, yağış suları ilə qidalanır. Çay ilboyu bolsulu olur. Buna səbəb Amazonun ekvatorial iqlim qurşağında olması çayın sol qollarınn şimal subekvatorial, sağ qollarının isə cənub subekvatorial iqlim qurşağında yerləşməsidir.

Аmazon hidroenerji potensialı ilə zəngindir. Çayın üzərində SES yoxdur, lakin onun qolları üzərində bəndlər və SES-lər tikilmişdir. Eninin, dərinliyinin çox və ilboyu bolsulu olması Amazon çayını gəmiçilik üçün əlverişli edir. Nəhəng okean gəmiləri çaya daxil olur və mənsəbdən 150 km məsafədə yerləşən Manaus limanına qədər qalxır. Аmazon nadir endemik heyvan və bitkilərin yaşadığı yerdir.

Materikin digər iri çayı – Paranadır. Onun mənbəyi Braziliya yaylasındadır. Cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir və La-Plata körfəzinə tökülür. Əsasən, yağış suları ilə qidalanır. Parana çayının bolsululuq dövrü Cənub yarımkürəsinin yay ayları olan dekabr–fevral aylarına düşür. Parana çayının Braziliya və Argentinanın iqtisadiyyatında rolu böyükdür. Çayın təsərrüfatda rolu yalnız enerji istehsalı ilə məhdudlaşmır. Parana və onun qolları ağac axıdılması, suvarma, balıqçılıq, nəqliyyat və məişət məqsədilə istifadə edilir. İtaypu – Braziliya və Paraqvay sərhədində Parana çayı üzərində SES-dir. Burada istehsal olunan elektrik enerjisi Braziliyanın tələbatının 20%-ni, Paraqvayın isə 90%-ni ödəyir.

Cənubi Amerikanın şimalında Qviana yaylasından başlayaraq eyniadlı düzənliklə Orinoko çayı axır. Çay mənsəbində delta yaradır. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağında yerləşdiyinə görə Orinokonun hövzəsinə yay aylarında bol yağıntı düşür. Dünyanın ən hündür şəlaləsi olan Anhel Orinoko çayı üzərində yerləşir. Çayın hövzəsi sıx meşələrlə örtülmüşdür. Orinokonun yerləşdiyi Venesuelanın meşə məhsulları ixracatçısı olması da bununla əlaqədardır. Çayın hidroenerji resurslarından az istifadə edilir. Anhel şəlaləsi YUNESKO-nun ümumdünya irs siyahısına daxil olan Kanaim Milli Parkının ərazisində yerləşir. Bu, dünyada sahəsinə görə ən böyük parklardan biridir və buraya hər il milyonlarla turist gəlir.

Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə aiddir. Bu, materikin qərbdən şərqə doğru meyilli və And dağlarının Atlantik və Sakit okeanlar arasında suayırıcısı olması ilə əlaqədardır. Materikdə Sakit okeana tökülən iri çayların formalaşması mümkün deyil.

Cənubi Amerikanın gölləri çox deyildir. Burada iri göllər yoxdur. Sahəsinə görə ən böyük gölləri Marakaybo və Titikaka gölləridir.

  • Dünyanın ən hündür dağ gölü sayılan Titikaka çox yüksəkdə yerləşdiyi üçün onun suyu həmişə soyuq olur.
  • Marakaybo gölü materikin şimalında yerləşir, ensiz və dayaz kanal vasitəsilə Venesuela körfəzi və Karib dənizi ilə birləşsə də, göl adlanır. O, Cənubi Amerikanın ən iri gölüdür. Katatumbo çayının Marakaybo gölünə töküldüyü yerdə il ərzində 1,2–1,6 milyon dəfə, yəni hər gecə 7–10 saat şimşək çaxır. Bu hadisə And dağlarından gələn hava kütlələri ilə yerli bataqlıqdan qalxan metan qazının toqquşması ilə izah edilir. Göl Venesuelanın iqtisadiyyatında çox böyük rol oynayır. Belə ki, burada çıxarılan böyük həcmdə neft bu ölkənin gəlirinin əsas hissəsini təşkil edir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

Top