Asiyanın daxili suları

Asiyanın daxili suları

Asiyanın bütün iqlim qurşaqlarında yerləşməsi, hündür dağ və geniş düzənliklərə malik olması daxili sulara təsir edir. Şimali Asiyada Sibir çaylarının (Ob, Yenisey, Lena, Yana, İndiqirka, Kolıma və s.) əksəriyyəti Şimal Buzlu okeanına tökülür. Uzunluqlarına görə Ob (5410 km) və Lena (4400 km) çayları fərqlənir. Sutoplayıcı sahənin böyüklüyünə görə Ob (təxminən 3 mln. km2), bol sululuğuna görə isə Yenisey çayı (630 min m3/san) fərqlənir. Sibir çaylarının qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Yazda çaylar daşır, suyun səviyyəsi 7–18 m qalxaraq ətraf sahələri basır.

Sibirin çayları üzərində nəhəng SES-lər tikilir. Çayda suyun təzyiqini artırmaq üçün çay dərəsində bәnd tikilir. Bənddən yuxarıda – dərənin daha enli hissəsində yaradılan “anbarda” su toplanır. Su anbarında toplanan suyun təzyiqi artır və SES-in gücünün artmasına imkan verir. Su anbarları balıqçılıq, turizm, içməli su, suvarma məqsədləri üçün də istifadə edilir.

SES-lər nəhəng sənaye komplekslərinin formalaşmasına təsir edir. Onların yaxınlığında enerji tələb edən sənaye sahələri yaradılır. Məsələn, Yenisey çayı üzərində tikilmiş Sayan-Şuşenski SES-in yaxınlığında onun enerjisindən istifadə edən alüminium zavodları və molibden kombinatı fəaliyyət göstərir.

Şərqi, Cənub-Şərqi və Cənubi Asiyanın iri çayları – Amur, Xuanxe, Yantsızı, Mekonq, Qanq, Hind və s. yay aylarında daşır. Bu, musson yağışları ilə əlaqədardır. Daşqınlar zamanı çaylar ətrafda fәlakәtli tәbiәt hadisәsi yaradır, milyonlarla hektar əkin sahələri məhv olur. Bu çaylardan qış aylarında suvarmada istifadə olunur. Bu ərazilər əhalinin tarixən sıx məskunlaşdığı və dünyadakı ən mühüm əkinçilik rayonlarından biridir.

Mərkəzi Asiyada çay və göl şəbəkəsi seyrəkdir. Ən mühüm çaylar – Amudərya, Sırdərya, Kaşqadərya, Tarim uca dağlardan başlayaraq qumlu səhralara və axarsız hövzələrə (Balxaş, Aral) tökülür.

Cənub-Qərbi Asiyada ən nəhəng çay sistemləri olan Dəclə və Fərat Mesopatamiya ovalığı boyunca axır. Qızıl İrmaq çayı isə Anadolu yaylasında Qara dənizə tökülür.

Dəclə və Fərat “böyük tarixi” çaylar olub, qədim zamanlardan əhalinin həyat və təsərrüfat fəaliyyətində mühüm rola malikdir.

Asiyanın iri gölləri Aral (Qazaxıstan–Özbəkistan), Baykal, Taymır (Rusiya), Balxaş (Qazaxıstan), İssık-Kul (Qırğızıstan), Urmiya (İran), Kukunor, Lobnor (Çin), Van, Tuz (Türkiyə), Xubsuqul (Monqolustan), Xəzər dənizi (Avropa və Asiya sərhədi), Ölü dəniz (İsrail–İordaniya) hesab edilir.

Maraqlıdır:

  • Yantsızı çayı – Asiyanın әn uzun (5800 km)çayıdır. O, Çin әrazisindәn axır. Yantsızı çayı әtrafı әhalinin sıx mәskunlaşdığı әrazilәrdәn biridir. Onun hövzәsindә Çin әhalisinin 1/4 hissәsi mәskunlaşmışdır. Yantsızının mәnbәyi Tibetin şәrq hissәsindә yerlәşir. Çay ŞәrqiÇin dәnizinә tökülür. O, musson yağışları zamanı daşır. Yantsızı çayının nәqliyyat әhәmiyyәti böyükdür. Aşağı axarda, hәtta okean gәmilәri dә hәrәkәt edә bilir. Çayın vә onun qollarının suyundan suvarmada istifadә olunur.
  • Xuanxe çayı (çincә – “sarı”) – uzunluğu 4670 km-ә bәrabәrdir. Çayın mәnbәyi Tibetin şәrq hissәsindә yerlәşir. Yay aylarında bolsulu olur. Orta axarında gil süxurları ilә örtülü olan Lyoss yaylasından keçir. Gilli süxurlar çayın suyuna sarı rәng verir. Çayın mәnsәbi olan Sarı dәnizin adı da bununla әlaqәdardır. Xuanxe suları әkin sahәlәrinin zәmilәrinin suvarılmasında geniş istifadә olunur. Xuanxe vadisi әhali ilә sıx mәskunlaşmışdır.
  • Xuanxe vә Yantsızı çayları bir-biri ilә 1700 km şimaldan cәnuba uzanan “Böyük kanal” vasitәsilә birlәşdirilmişdir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

Top