Afrikada daxili suların paylanması relyef və iqlimlə sıx əlaqədardır. Materikin mərkəzində ekvatorial iqlimdə yerləşən ərazilərdə çay və göl şəbəkəsi sıxdır. Tropik enliklərdə Afrikanın çayları qısa, az sulu olub, əksəriyyəti okeana çatmır və materikdaxili axarsız çökəkliklərdə quruyur.
Afrika çayları Atlantik okeanına (Nil, Konqo, Niger, Seneqal, Narıncı və s.) və Hind okeanına (Zambezi, Limpopo və s.) tökülür.
Çaylar, əsasən yağışla qidalanır. Mərkəzi Afrika çayları ilboyu bolsulu olur. Subekvatorial qurşaqda çaylar ilin yağışlı dövründə bolsulu olur. Quru tropik iqlimə malik ərazilər, demək olar, səth sularından məhrumdur, lakin orada tranzit çaylar mövcuddur. Onlar başlanğıclarını çoxlu yağıntı düşən ərazilərdən götürür və əlavə qida almayaraq arid rayonlarla axır. Məsələn, Nil çayı öz başlanğıcını ekvatorial ərazilərdən götürür, geniş məsafədə subekvatorial enliklərdən keçərək tropik səhralara çıxır.
Tropik qurşaqda nadir hallarda yağan qısamüddətli leysan yağışlar dərələrə dolur. Az sonra su quma hopur və ya buxarlanır. Qurumuş çay dərələri (vadilər) qalır. Subtropik qurşaqdakı çaylarda suyun səviyyəsi yağışlı dövrdə qalxır. Aralıq dənizi sahilindəki qısa çaylar qış aylarında bolsulu olur.
Nil – bəşəriyyətin “tarixi” çaylarından biridir. Çayın sahilləri qədim zamanlardan məskunlaşmışdır. Nil çayı Şimali Afrikanın ən böyük sərvətidir.
1974-cü ildə çayın üzərində Misir və Sudan ərazisində Nasir (Asuan) su anbarı yaradılmışdır. Ondan Nil çayının axınının tənzimlənməsində, daşqınların qarşısının alınmasında, elektrik enerjisi istehsalında, suvarma, gəmiçilik və balıqçılıqda istifadə edilir. SES-də istehsal olunan enerji ölkədə çoxsaylı istehsal sahələrinin yaradılmasına imkan yaratmışdır. Su anbarından suvarma kanallarının çəkilməsi geniş sahələrdə ilboyu əkinçiliyin inkişafına təkan verir. Bu isə il ərzində 2–3 dəfə məhsul götürməyə və ərzaq probleminin həll edilməsinə imkan yaratmışdır. Sahildəki Asuan şəhəri yeni mərkəzə çevrilmişdir. Su anbarı sahilində çimərlik, hövuz, su-idman komplekslərini birləşdirən böyük rekreasiya mərkəzi yaradılmış, yeni mehmanxanalar tikilmişdir. Nasir su anbarı ərazinin iqliminə böyük təsir göstərmişdir. Burada buludlu və yağışlı günlərin sayı artmış, havanın orta illik temperaturu 2°C aşağı düşmüş, rütubətlik 15– 20% yuxarı qalxmış, sutkalıq brizlərin təsiri güclənmiş, köçəri quşların sayı artmışdır. Nasir su anbarının ətraf mühitə mənfi təsiri də vardır.
Çayın gətirdiyi münbit çöküntülər bənddən yuxarıda toplandığına görə bənddən aşağıda olan torpaqların münbitliyi itir. Bu itkini əvəz etmək üçün hər il torpaqlara azot gübrələri verilir.Su anbarından aşağıda çay sularının bulanlıqlığı azalmışdır. Yeni yaradılan müəssisələrdən axıdılan sənaye tullantıları suyun çirklənməsinə və canlı aləmin məhvinə səbəb olur. İlboyu suvarma şəraitinin yaradılması bəzi yoluxucu xəstəliklərin daşıyıcısı olan su orqanizmlərinin yaşayışı üçün əlverişli mühit yaratmışdır.
Uzunluğuna, axımın həcminə görə Afrikanın çaylarının çoxu dünyanın nəhəng çaylarından sayılır (Nil, Konqo). Çayların əksəriyyəti gəmiçilik üçün az yararlıdır, lakin nəhəng hidroenerji ehtiyatlarına malikdir. Afrikanın çaylarında çoxlu astana və şəlalələr vardır. Tuqela çayı üzərindəki Tuqela şəlaləsi (CAR) Afrika şəlalələri içərisində ən məşhuru olmasa da, hündürlüyünə görə (947 m) dünya şəlalələri arasında ikinci yeri tutur.
Afrikanın uzunluğu və hövzəsinin sahəsinə görə fərqlənən digər çayı Nigerdir. Çay axını boyunca quraqlıq ərazilərdən keçir, ona görə də böyük suvarma əhəmiyyətinə malikdir. Bu məqsədlə bəndlər və suvarma kanalları tikilmişdir. Bu problemin həllində su anbarları böyük rol oynayır.
Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqindədir. Onlar Şərqi Afrika tektonik qırılma zonasında yaranan ensiz və uzun çökəkliklərdə yerləşir. Bu göllər dərin və dik sahillərə malikdir. Buna misal olaraq dünyada dərinliyinə görə Baykaldan sonra ikinci, Afrikanın isə ən dərin gölü Tanqanika (1470 m) və ondan cənubda yerləşən Nyasanı göstərmək olar.
Platformanın əyilmə zonasında yaranan, Afrikanın sahəsinə görə ən böyük, lakin nisbətən dayaz (80 m-ə qədər) gölü Viktoriyadır. Buradakı göllərin, demək olar ki, hamısı şirinsuludur.
Böyük Səhranın cənubunda nəhəng hamar çökəklikdə Çad gölü yerləşir. O, geoloji keçmişdə Böyük Səhrada mövcud olmuş böyük bir gölünün qalığıdır. Gölün dərinliyi 7 m-dir. Quraqlıq dövründə onun sahəsi 2 dəfə azalır, lakin yağışlar yağan zaman yenidən artır. Afrika səhralarında yeraltı suların rolu çox böyükdür. Onlardan içməli su kimi və suvarma məqsədilə istifadə olunur.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova