Relyef və iqlimindən asılı olaraq Avropanın hər bir regionunda özünəməxsus çay şəbəkəsi mövcuddur. Çaylar rejiminə, qidalanmasına və onlardan təsərrüfat məqsədilə istifadə edilməsinə görə bir-birindən fərqlənir.
Şimali Avropada Skandinaviya dağlarından axan çaylarda çoxsaylı astana və şəlalələr vardır. Ona görə də onlar gəmi nəqliyyatı üçün əlverişli deyil, lakin onlardan ağac axıdılmasında geniş istifadə olunur. Avropanın şimalında olan çayların böyük hidroenerji ehtiyatları vardır ki, bundan da Norveç, İsveç və Finlandiya ölkələr çox səmərəli istifadə edirlər.
Orta Avropanın çay şəbəkəsinə ərazinin düzənlik relyefi güclü təsir edir. Çaylar enli dərələrlə axır və mühüm iqtisadi əhəmiyyət kəsb edir.
İl ərzində çaylarda suyun səviyyəsinin yüksək olması, suların donmaması Avropanın qərbində axan çaylardan gəmiçilik məqsədilə istifadə etməyə imkan yaradır. Bir çox iri çayların estuarilərində (Reyn, Sena, Luara) limanlar yerləşir. Qabarma vaxtı onlara okean gəmiləri daxil ola bilir.
Hidroenerji resurslarının Fransada 92%-i, İsveçrədə 91%-i, İtaliyada 86%-i mənimsənilmişdir.
Avropanın cәnub hissәsinin dağlıq relyefi, quru, isti yayı olan subtropik iqlimi çay şəbəkəsinin formalaşmasına təsir edir. Alp dağlarının yamaclarından Balkan və Pireney yarımadalarına doğru axan çayların böyük hidroenerji ehtiyatı vardır. Cənubi Avropanın iri çaylarından olan Taxo, Po və digər çaylar böyük suvarma əhəmiyyətinə malikdir.
Şərqi Avropanın çayları düzənliklərlə sakit axır, çay dərələri genişdir. Volqa, Dnepr, Don, Peçora, Ural bu regionun iri çaylarındandır. Şərqi Avropanın ən uzun çayı Volqadır. Onun üzərində kaskad, yəni ardıcıl tikilmiş su anbarları sistemi yaradılmışdır. Kaskad sistemində yaradılan xüsusi qurğular (şlyüzlər) iri gəmilərin hərəkət etməsinə imkan yaradır.
Düzənlik relyefin üstünlük təşkil etməsi müxtəlif çay sistemlərini birləşdirən gәmiçilik kanallarının yaradılmasını asanlaşdırır. Gəmiçilik kanalları iki çay sistemini birləşdirməklə məntəqələr arasında yolların maksimum qısalmasına səbəb olur.
Avropada göllər çoxdur. Sahəsinə görə fərqlənən iri göllərdən Ladoqa və Oneqa (Rusiya), Venern, Vettern (İsveç), Sayma, İnari (Finlandiya), Balaton (Macarıstan), Cenevrə (Fransa və İsveçrənin sərhədində), Bodeni (Almaniya) misal göstərmək olar. Göllərin əksəriyyəti axarlı və şirinsuludur. Onlar çayların rejiminin tənzimlənməsində böyük rol oynayır.
Skandinaviya yarımadasında və düzənliklərində yerləşən göl çökəkliklərinin əksəriyyəti buzlaq və tektonik mənşəlidir. Avropanın cənubuna doğru göllərin sayı azalır. Çayların məcralarında axmazlar, dəniz sahilində laqunlar, Pireney, Apennin və Balkan yarımadalarında karst gölləri mövcuddur. Avropada regionlar üzrə su təhcizatının müxtəlifliyi ölkələrin əksəriyyətinin iqtisadiyyatına öz təsirini göstərir.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova