Avstraliyanın mərkəzi hissəsinin okeanlardan uzaqda yerləşməsi okeanların daxili əraziyə təsirinin az olması ilə nəticələnir. Tropik iqlimin hakim olduğu ərazilərdə bitki örtüyü kasıbdır. İlin soyuq dövründə bu ərazilər otlaqlar kimi istifadə olunur.
Avstraliyanın qərb sahillərinə soyuq Qərbi Avstraliya cərəyanının təsiri böyükdür. Sahilboyu səhraların yaranması da bununla izah olunur. Materikin şərq sahilləri isti Şərqi Avstraliya cərəyanının təsiri altındadır ki, bu da çoxlu miqdarda atmosfer yağıntılarının düşməsinə və zəngin üzvi aləmin formalaşmasına səbəb olur.
Hündür olmayan Böyük Suayırıcı silsiləsi Sakit okeandan gələn rütubətli hava axınının qarşısını alır. Sakit okeandan əsən cənub passatları il ərzində Şərqi Avstraliya sahillərinə çoxlu yağıntı gətirir.
Avstraliyada ən yüksək temperatur Darlinq çayının orta axınında müşahidə edilmişdir (+52,8°C); qışda dağlıq ərazilərdə temperatur –20°C-yə qədər enə bilir.
Avstraliyada şimaldan cənuba doğru cənub subekvatorial, cənub-tropik, cənub subtropik qurşaqları yaranır. Tasmaniya adasının cənub hissəsi mülayim iqlim qurşağında yerləşir.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova