Şimali Amerikanın iqlimi

Şimali Amerikanın iqlimi

Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən ən mühüm amil materikin coğrafi mövqeyidir. Şimali Amerika materiki də Asiya qitəsində olduğu kimi böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Materikin şimalı soyuq arktik hava kütlələrinin təsirinə məruz qalır. Şimal Buzlu okeanından əsən şimal-şərq küləkləri hətta materikin mərkəzi hissələrinin temperaturunu xeyli aşağı salır.

Şimali Amerikanın iqlimində relyef amili əsas rola malikdir. Materikin mərkəzi hissəsinin relyefinin düzənlik olması, enlik istiqamətdə dağların olmaması nəticəsində şimaldan soyuq, cənubdan isə isti hava kütlələri daxil olur. Bu isə tornadonun burulğan şəklində olması ilə nəticələnir.

Sahil xәtlәrinin girintili-çıxıntılı olması da materikin iqliminə təsir edir. Hudzon və Meksika körfəzlərinin müvafiq olaraq şimaldan və cənubdan quruya doğru içərilərə çox daxil olması materikdə kəskin temperatur dəyişikliyinə gətirib çıxarır.

Meksika körfəzi üzərində formalaşan isti və rütubətli hava kütlələri qurunun içərilərinə daxil olur və şimaldan gələn soyuq hava kütləsi ilə toqquşur.

Relyefin iqlimə təsiri materikdə yağıntıların paylanmasında da özünü göstərir. Materikin qərbində yerləşən hündür dağlar Sakit okeandan materikin içərisinə daxil olan hava kütlələrinin qarşısını alır. Okeandan gələn rütubətli qərb küləkləri Kordilyer dağlarının küləkdöyən qərb yamaclarına bol yağıntı gətirir. Rütubətlənmənin digər səbəbi isti Şimali Sakit okean cərəyanıdır.

Şimali Amerikada yağıntılar

Atlantik okeanında isti Holfstrim cәrәyanı materikin cənub-şərqinə və şərqinə təsir edir. Tropik enliklərdən gələn isti və rütubətli hava çoxlu yağıntı düşməsinə səbəb olur. Materikin şimal-şərqinə isə soyuq Labrador cәrәyanı təsir göstərir. Bu cərəyan Kanada sahillərində temperaturun aşağı düşməsinə səbəb olur.

Alyaska və Şimali Sakit okean isti cərəyanları materikin qərb sahillərində temperaturu və yağıntının miqdarını artırır. Kaliforniya yarımadası sahillərini yuyan soyuq Kaliforniya cərəyanı isə havanın temperaturunu aşağı salır və sahildə səhraların yaranmasına səbəb olur.

Şimali Amerika ekvatorial iqlim qurşağından başqa, Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşir. Hər bir iqlim qurşağı özünün temperatur rejimi və yağıntıların paylanması ilə səciyyələnir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

Top