Asiya iqliminin formalaşmasına müxtəlif amillər təsir edir. Qitənin şimaldan cənuba doğru çox uzanması onun Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşməsinə səbəb olur. Zond arxipelaqının cənubundakı adalar Cənub yarımkürəsinin subekvatorial qurşağında yerləşir.
Әrazinin böyüklüyü vә sahillәrin xüsusiyyәtlәri Asiyanın iqliminə güclü təsir edir. Geniş quru ərazi Asiyanın mərkəzi hissəsində iqlimin kontinentallığına səbəb olur. Bu ərazilər sərt qışı və isti yayı, illik və sutkalıq temperatur amplitudunun böyük olması ilə səciyyələnir.
Tayfunlar – güclü yağışların müşahidə olunduğu tropik siklonlardır. Onların diametri 300–400 km-ə, küləyin sürəti isə 300 km/saata çatır. Tayfunlar Asiya üçün səciyyəvi olan atmosfer hadisələrindən biridir.Asiyanın şimalında iqlimə daimi küləklərdən
şimal-şәrq, cənub-qərb hissəsinə isə
passat külәklәri təsir göstərir. Lakin Asiyanın iqliminin formalaşmasına daha çox daimi küləklər deyil,
mövsümi külәklәr təsir edir. Cənubi, Cənub-Şərqi və Şərqi Asiya sahilləri üçün yay aylarında bol yağıntıları ilə seçilən
mussonlar səciyyəvidir.
Cənubi və Mərkəzi Asiyanın iqliminə relyefin tәsiri daha çoxdur. Hindistanda Himalay dağlarının cənub yamacında yerləşən Çerrapunca məntəqəsində ildə orta hesabla 11 200 mm yağıntı düşür. Bu, dünyada Havay adalarından sonra 2-ci ən rütubətli yerdir.
Asiyanın mərkəzi hissəsinin iqlimi kəskin və quraqdır. Bu, regionu əhatə edən dağ silsilələrinin rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Dağlıq regionların iqlimi yüksəklikdən asılı olaraq dəyişir. İqlimin yüksəklik qurşaqlığı Tyan-Şan və Himalay dağlarında daha aydın nəzərə çarpır.
- Şimal Buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün il boyu çox soyuq və quru hava kütlələrinin təsiri altında olur. Burada qışda hava -40°C – -50°C, yayda isə 0°C +4°C-yə çatır. Şimal-şərq küləkləri il ərzində materikə doğru Şimal Buzlu okeanından əsir, lakin yağıntı gətirmir. Çünki okeanın səthi buzla örtülüdür və onun səthindən, demək olar, buxarlanma getmir.
- Subarktik iqlim qurşağı arktik və mülayim hava kütlələrinin mövsümi növbələşməsi ilə səciyyələnir.
- Subarktik qurşaqda yay mülayim keçir, çünki burada mülayim hava kütlələri hakim olur. Lakin qış çox sərt soyuq olur ki, bu da arktik hava kütlələri ilə əlaqədardır. Bu ərazidə əkinçiliyi inkişaf etdirmək üçün heç bir imkan yoxdur. Əhalinin əsas məşğuliyyəti maralçılıq və xəz dəri heyvandarlığıdır.
- Mülayim iqlim qurşağı Asiyanın çox hissəsini əhatə edir. Qərbi və Şərqi Sibirin iqlimi kontinentallığı ilə seçilir. Bu ərazilər kənd təsərrüfatının inkişafı üçün əlverişsizdir: yay qızmar, qış isə çox sərt olur. Şaxtalar bütün qış boyunca davam edir, temperatur –50°C-dən aşağı olur. Qitənin şimalında Şimal yarımkürəsinin soyuqluq qütbləri – Oymyakon və Verxoyansk yerləşir. Oymyakonda –72°C, Verxoyanskda isə –68°C temperatur müşahidə olunub. Qışda yağıntı çox az olur və ya heç düşmür. Ona görə də qar örtüyü nazik olur. Qar örtüyü ilə qorunmayan yer səthi çox soyuyur və xeyli dərinliyə qədər donur.
Beləliklə, çoxillik donuşluq (onu daimi donuşluq da adlandırırlar) yaranır. Çoxillik donuşluğun mövcud olduğu ərazilərdə tikinti işləri əlavə xərc tələb edir. Burada qısa yay dövründə donuşluğun üst hissəsində buz qatı əriyir. Tikililər su altında qalır, bunun qarşısını almaq üçün çox vaxt binalar dirəklər üzərində tikilir, yolların çökəkliklərdən keçən hissələrində xüsusi qurğular salınır. - Subtropik qurşaq Asiyada Aralıq dənizi sahilindən Sakit okean sahilinə qədər təqribən 40° şm.e boyunca uzanır. Türkiyə, Azərbaycan, Özbəkistan və s. ölkələr subtropik qurşağın başlıca kənd təsərrüfatı regionlarıdır. Burada pambıqçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, qoyunçuluq və s. inkişaf edir.
- Tropik qurşaq bütöv zolaq əmələ gətirmir. O, Pakistan və Hindistan sərhədində yerləşən Tar səhrası rayonunda qırılır. Tropik iqlim qurşağı Cənub-Qərbi Asiya ölkələrinin əsas hissəsini əhatə edir. İqlimin quraqlığı əkinçilikdə suvarmanın tətbiqini tələb edir. Suvarma, əsasən, yeraltı suların hesabına həyata keçirilir. Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada tropik qurşaq mövcud deyil. Bu ərazilər, əsasən subekvatorial iqlim qurşağındadır. Bura çəltik, cut, çay, təbii kauçuk (heveya), şəkər qamışı, pambıq və s. qiymətli bitkilərin becərildiyi regiondur. Suvarma işləri qış aylarında həyata keçirilir. Hindistan, Hind-Çin və Malakka yarımadaları və Çinin cənub hissəsi dünyanın ən mühüm əkinçilik regionlarından biridir. Burada ilboyu əkin işləri aparmaq mümkündür.
- Asiyanın cənub-şərq ucqarında yerləşən adalar ekvatorial iqlim qurşağındadır. Bu ərazilərdə temperatur bütün ilboyu +25°C-yə yaxın olur və bol yağıntı ilboyu bərabər paylanır.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova