Avropa iqlimin daha dəqiq öyrənildiyi qitələrdən biridir. Bu qitədə fəlakətli hava hadisələri tez-tez baş vermir, həmçinin belə hadisələrin miqyası planetimizin digər hissələrinə nisbətən daha kiçikdir. Meteoroloji stansiyalarda kosmosdan müntəzəm aparılan müşahidələr havanın dəqiq proqnozunu, fəlakətli hava hadisələrini qabaqcadan xəbər verməyə imkan verir, onlara uyğun olaraq tədbirlərin vaxtında görülməsinə şərait yaradır.
Avropada iqlimin formalaşmasında müxtəlif amillər iştirak edir. Onlardan ən mühüm olanı coğrafi mövqedir. Şimal yarımkürəsinin, əsasən, mülayim iqlim qurşağında, Atlantik okeanı sahilində yerləşən Qərbi Avropa ümumilikdə yumşaq iqlimlə səciyyələnir.
Avropada il ərzində günəş şüalarının düşmə bucağı kəskin dəyişdiyi üçün fəsillər aydın nəzərə çarpır. Lakin ərazi dəniz sahilində yerləşdiyinə görə yay və qış temperaturları arasındakı fərq azdır.
Avropanın iqlimində hakim külәklәrin rolu böyükdür. Mülayim iqlim qurşağında daimi qәrb külәklәri əsir. Bu küləklər Atlantik okeanından Avropaya daxil olur və qitəyə rütubətli dəniz hava kütlələri gətirir. Qitənin içərilərinə doğru irəlilədikcə hava öz rütubətini itirir və yağıntıların miqdarı azalır.
Avropa sahillәrinin girintili-çıxıntılı, həmçinin dəniz və körfəzlərin quruya çox daxil olması rütubətli dəniz hava kütlələrinin qitənin içəri hissələrinə qədər gəlib çıxmasına səbəb olur. Bu isə Avropaya yağıntının daha çox düşməsi ilə nəticələnir.
Havanın rütubətlə doymasına Şimali Atlantik və Norveç isti cәrәyanları səbəb olur. İsti cərəyanlar yalnız səth sularının buxarlanması nəticəsində rütubətin artmasına deyil, həm də Avropada qış aylarında havanın temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də, Şimali Avropada qışda havanın temperaturu, Asiya və Şimali Amerikanın eyni enliklərində yerləşən ərazilərindən xeyli yüksəkdir.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova