Afrikanın iqlimi

Afrikanın iqlimi

Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə Yer kürəsində ən isti materik hesab edilir. Materik üzərində Günəş radiasiyasının illik kəmiyyəti 160–220 kkal sm2 arasında dəyişir. Əksər ərazilərdə il ərzində Günəş iki dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20°C-dən aşağı düşmür.

Alçaq təzyiq qurşağında yerləşən Mərkəzi Afrika ən çox yağıntı alır və yağıntılar ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən günəş radiasiyası üstündür. Buna səbəb həmin ərazilərdə buludluluğun yüksək olmasıdır. Mərkəzi Afrikada, Qvineya körfəzi sahilində, Kamerun vulkanının cənub-qərb yamacında yerləşən Debuncada illik yağıntının miqdarı 10,470 mm-ə çatır.

Afrika, demək olar ki, ekvatora nəzərən simmetrik yerləşir. Ona görə də Şimal və Cənub yarımkürələrində ilin fəsilləri əksinədir. Şimalda – iyun, iyul, avqust, cənubda isə dekabr, yanvar və fevral yay aylarıdır. Materikin şimal hissəsi cənuba nisbətən daha genişdir. Ona görə də şimal hissəsinin iqlimi daha quru və kontinentaldır.

Afrika sahillərini yuyan Kanar, Bengel, Somali soyuq cərəyanları sahilboyu ərazilərdə quru iqlimin formalaşmasına səbəb olur. Materikin cənub-şərq sahilləri boyunca axan isti Mozambik və İynə burnu cərəyanları isə yağıntının miqdarını artırır.

İqlimdə kəskin dəyişmələrin səbəblərindən biri də relyefdir. Məsələn, Kilimancaronun zirvəsində il ərzində temperatur 0°C-dən aşağıdır. Ekvator yaxınlığında yerləşməsinə baxmayaraq, yamacların ekspozisiyası, hakim küləklər düşən yağıntıların miqdarına təsir edir. Madaqasqar adasının və Əjdaha dağlarının şərq yamaclarına çoxlu miqdarda yağıntı alır. Buna səbəb onların Hind okeanından gələn passat küləklərinin yolu üzərində yerləşməsidir.

Ekvatorial iqlimin əsas xüsusiyyəti il ərzində hər gün təkrarlanan hava şəraitinin olmasıdır. Səhər hava aydın olur, gündüz güclü qızan Yer səthindən isinən hava yuxarı qalxır, tez-tez şimşək və ildırımla müşayiət olunan leysan yağışlar yağır. Yağışdan sonra hava açılır. Axşam hava yenidən sakit, buludsuz olur.
Subekvatorial iqlim qurşağının xüsusiyyəti temperatur və yağıntının fəsillər üzrə dəyişməsidir. Mövcud olan hava şəraiti və yağıntının rejimi ərazinin bitki və heyvanat aləminə, eləcə də kənd təsərrüfatına təsir edir.

Tropik iqlim qurşağında yağıntılar az düşür. Sutkalıq temperatur amplitudu 40°C-yə çatır və illik amplituddan çox olur. Tropik qurşaq daxilində suvarma tətbiq etmədən əkinçiliyi inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də bu ərazilər zəif məskunlaşmışdır.

Subtropik qurşaq Afrikanın şimalında Aralıq dənizi sahillərini və materikin cənub hissəsini əhatə edir. Bu qurşaqda fəsillər daha aydın nəzərə çarpır.

Africa climate map

Sahel – Afrikanın Böyük Səhradan cənubda səhra və savanna zonaları arasında yerləşən hissəsidir. Bura üçün mövsümi rütubətlənmə səciyyəvidir. Bəzən yağışlı dövrdə yağıntı düşmür. Bu, quraqlıq adlanır.
Quraqlıq – Sahel ölkələrinin kənd təsərrüfatının inkişafını məhdudlaşdıran əsas amildir. Əkilən bitkilər məhsul vermədən birbaşa tarlada quruyur, heyvanlar su və yemək çatmadığından məhv olur. Nəticədə əhali çox əziyyət çəkir.
Heyvanların çox otarılması, eyni bitkilərin təkrar əkilməsi, torpaqları gücdən salması, kolluqların və ağacların yanacaq kimi istifadə olunması və s. səhralaşmaya gətirib çıxarır.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

Top