Asiyanın relyefi

Asiyanın relyefi

Asiya qitəsi oroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – geosinklinallardan ibarətdir. Platformalar litosfer tavalarının mərkəzində – tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Onlar Yer qabığının daha sabit, yəni seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.

Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. Şimali Asiyada yerləşən Qәrbi Sibir vә Sibir platformaları üzərindəki geniş düzənliklər (Qərbi Sibir ovalığı və Orta Sibir yaylası) milyonlarla kv.km əraziləri əhatə edir. Şərqi Sibirin mütləq hündürlüyü daha yüksəkdir; onun şərqində yüksəkliyi 2000 m-ə çatan Verxoyansk silsiləsi yerləşir.

Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı Әrәbistan platformasıdır. Ərəbistan yarımadasında yerləşən bu platformanın səthi ekzogen proseslərin – fiziki aşınma və küləyin təsirinə çox məruz qalmışdır. Bu ərazilər üçün eol relyef formaları səciyyəvidir.

Cənub-Qərbi Asiyada Türkiyə ərazisində Pont və Tavr (Toros), İran ərazisində Zaqros və Elburs dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri nəhəng Anadolu və İran yaylalarının ətrafında yerləşir. İranda ən hündür zirvə Dəmavənd (5610 m), Asiyada ən hündür vulkan zirvələrindən biri sayılır. Türkiyədə isə ən yüksək zirvə Ağrıdağdır (5165 m).

Afrika–Әrәbistan platformalarının hәrәkәti
Vaxtilə Ərəbistan platforması Afrika ilə bitişik olmuşdur. Tektonik hərəkətlər qırılmalar yaratmış, bu isə çat üzərində Qırmızı dənizin yaranmasına səbəb olmuşdur. Hazırda Afrika və Ərəbistanın Qırmızı dəniz sahilləri bir-birindən uzaqlaşır.

Mәrkәzi Asiyanın relyefində hündür dağ sistemləri üstünlük təşkil edir. Himalay, Kunlun, Pamir, Hindquş, Tyan-Şan dağlarının ən uca zirvələrinin hündürlüyü 7000 m-dən yüksəkdir. Mərkəzi Asiyadakı bir çox dağ adları “şan” sözü ilə qurtarır (yerli dildə “dağ”), məsələn, Kun-Lun Şan silsiləsi, Tyan-Şan və s. dağları. Dağların arasında Təklə-Məkan, Tarim kimi geniş çökəkliklər yerləşir. Asiyanın ən alçaq ərazilərindən biri olan Turfan çökəkliyi də (–155 m) buradadır. Himalay dağlarının şimalındakı geniş Tibet yaylası Çinin zəif məskunlaşmış əlverişsiz ərazisidir. Yayla sıra dağlarla əhatələnmişdir.

Pamir dağlarının ən hündür zirvəsi Çində Konqur zirvəsidir (7719 m). Tacikistan ərazisində isə Pamirin ən yüksək nöqtəsi İsmayıl Somoni piki hesab edilir (7495 m). Bu zirvə əvvəllər “Kommunizm piki” adlanıb.

Şәrqi Asiyada Sakit okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən böyüyü qədim platforma üzərində yerləşən Böyük Çin düzənliyidir. Bu düzənlik Yantsızı və Xuanxe çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüşdür. Böyük Çin düzənliyi Çində əhalinin ən çox məskunlaşmış hissəsidir. Regionun şimalında orta yaşlı Böyük və Kiçik Xinqan dağları yerləşir. Regionun şərq hissəsi Sakit okean və Avrasiya litosfer tavalarının toqquşduğu sərhəddədir. Bu zonada yerləşən qövsvarı adalarda (Yapon, Kuril) tez-tez zəlzələlər baş verir, vulkan və qeyzerlər püskürür, sunamilər yaranır.

Cәnub-Şәrqi Asiya Hind-Çin yarımadası və Zond adalarını (Malayya arxipelaqı) əhatə edir. Yarımadada dağlar meridional istiqamətdə uzanaraq Cənub-Şərqi Asiya ölkələrindən Myanma, Tailand, Laos və Vyetnamı kəsib keçir. Dağlar arasında Mekonq düzənliyi yerləşir.
Sahəsinə görə dünyada müvafiq olaraq ikinci və üçüncü adalar hesab edilən Yeni Qvineya və Kalimantan (Borneo) adaları da Cənub-Şərqi Asiyadadır. Bu region materik və okean tavalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də, tektonik və seysmik cəhətdən çox fəaldır
Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay-volfram qurşağı buradadır. Hazırda Malayziya və Tailandda metallurgiya sənayesinin inkişaf etməsinin səbəbi də buradakı əlvan metal yataqlarıdır. Cənub-Şərqi Asiya həm də neft-qaz ehtiyatları ilə zəngindir. Sahilboyu ərazilər isə məşhur turizm zonalarıdır.

Cәnubi Asiyanın әsas hissәsini Hindistan yarımadası tutur. Yarımadanın mərkəzi hissəsində denudasion mənşəli Dekan yaylası yerləşir. Ərazi daş kömür, dəmir filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir.

Cənubi Asiya Mərkəzi və Şərqi Asiyadan Himalay dağları ilə ayrılır. Himalay dağları Hind-Avstraliya tavasının tərkibinə aid olan Hindistan platforması ilə Avrasiya litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan, Nepal və Çin arasında 2500 km uzunluğunda dövlət sərhədi yaradır. Buradakı zirvələrin hündürlüyü 8000 m-dən çoxdur. Bunlardan Nepal ilə Çin sərhədində yerləşən dünyanın ən hündür zirvəsi Comolunqma (Everest – 8848 m) və hündürlüyünə görə ikinci Karakorum dağlarında olan Çoqori zirvələrini (və ya K-2 – 8611 m) göstərmək olar.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

Top