Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).
Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirәlәri, tәpәlәri və troq dәrәlәridir. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu ensiz və dərin körfəzlər fyordlar adlanır.
Mәrkәzi Avropanın relyefi üçün düzənliklər səciyyəvidir. Onlardan ən böyüyü Almaniya-Polşa ovalığıdır. Mərkəzi Avropanın Atlantik okeanı sahillərində qurunun tektonik әyilmәsi baş verir. Tədrici enmələr sahilboyu ərazilərin su altında qalması ilə nəticələnir. Subasmaların qarşısını almaq üçün bəndlər tikilir, dəniz qurudulur və antropogen mәnşәli düzәnliklәr yaradılır.
Mərkəzi Avropada hündür, cavan dağlar – Alp, Karpat, Sudet dağları yerləşir. Bu dağlardan bəziləri, məsələn, Alp və Karpat qövsvarı formaya malikdir. Bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərkəzi Avropanın dağları Şimali Avropanın qədim dağlarından yüksək, şişuclu (pikşəkilli) zirvələri və yamaclarının dik olmaları ilə fərqlənir.
Hündürlüyü 3500 m-dən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 4807 m olan ən yüksək zirvəsi Monblan (fr. “Mont Blanc” – ağ dağ deməkdir) dağ buzlaqları ilə örtülüdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstriya, İtaliya kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Bu kurortlar qış idman növləri həvəskarları arasında çox məşhurdur. Onlar ölkənin iqtisadiyyatına xeyli gəlir gətirməyə imkan verir. Lakin seysmik cəhətdən aktiv ərazilərdə zəlzələlər təsərrüfata, əhaliyə və səyahətə gəlmiş turistlərə ziyan vurur.
Turizm İsveçrə və Avstriya iqtisadiyyatının əsas sahələrindən biridir. Bu ölkələr zəngin rekreasiya ehtiyatlarına malikdir. Rekreasiya tәbii ehtiyatları istirahәt, turizm vә müalicә mәqsәdilә istifadә olunan tәbii ehtiyatlardır. 2014-cü ildə turizmdən Avstriyanın dövlət büdcəsinə 44,5 mlrd., İsveçrənin dövlət büdcəsinə isə 44,1 mlrd. avro daxil olmuşdur. Turizmin inkişafı minlərlə iş yerinin yaranmasına imkan verir. Avstriyada hər 10 nəfərdən biri turizmlə əlaqədar olan sahələrdə çalışır.
Cәnubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Mərkəzi Avropa ilə müqayisədə sahil xətləri çox parçalanmışdır. Yarımada və adaların relyefi, əsasən, dağlıqdır. Pireney, Apennin, Balkan yarımadalarındakı dağlar intensiv tektonik və seysmik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da burada yerləşir.
Balkan yarımadasında Karst platosu vardır. O, əsasən əhəngdaşı süxurları ilə örtülüdür. Bu süxurlar intensiv yuyulmaya məruz qalır. Onlarda karst relyef formaları, o cümlədən, mağaralar yaranır.
Şәrqi Avropada geniş Şərqi Avropa düzənliyi Ural dağlarına qədər uzanır. Bu düzənliyin şimalında buzlaq relyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi Ukrayna, Belarus ölkələrinə və Rusiyanın Avropa hissəsinə uyğun gəlir. Şərqi Avropa düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərindən biridir. Burada Moskva, Sankt- Peterburq, Kiyev və başqa nəhəng sənaye şəhərləri yerləşir.
Şərqi Avropa düzənliyinin cənubunda cavan dağ sistemləri olan Krım və Qafqaz dağları (Elbrus zirvəsi, 5642 m) uzanır. Qafqaz dağları Böyük və Kiçik Qafqaz dağlarından ibarətdir. Bu dağlar Qara və Xəzər dənizləri arasında uzanır.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova