Avstraliya, əsasən düzənlik ərazidir. Bu materikdə yüksək cavan dağlar yoxdur. Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də, Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yoxdur.
Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.
Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) sabit ərazilərə (platformalara) çevrilir.
Avstraliya mineral xammal istehsalı üzrə dünyanın ilk beş ölkəsindən biridir. Faydalı qazıntı hasilatı ölkənin gəlirlərinin 1/3-ni verir. Avstraliya mineral ehtiyatlarını dünyanın 100-dən çox ölkəsinə, əsasən Yaponiyaya ixrac edir. Faydalı qazıntı yataqlarının səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılmasının sərfəliliyini artırır. Çünki ehtiyatlar mədənlərdə “açıq üsulla” çıxarılır. Bu üsul daha mürəkkəb avadanlıqlar tələb edən “şaxta üsulu”ndan ucuz başa gəlir.
Materikin qərb hissəsində Avstraliya platformasının bünövrəsi qalxmışdır, burada çökmə süxur örtüyü yoxdur və kristallik bünövrə səthə çıxır. Qalxanlar üçün filiz faydalı qazıntıların Yer səthinə yaxın yerləşməsi səciyyəvidir. Qərbi Avstraliyada böyük miqdarda dəmir filizi, qızıl və nikel çıxarılır.
Avstraliya platformasının əyilmə zonalarında çökmə süxurlar toplanmışdır. Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir.
Hamersli və Mak-Donnel dağları qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində yaranmışdır. Platolar arasında ovalıqlar yerləşir. Onlardan ən nəhəngləri Böyük Viktoriya və Böyük Qumlu səhralarıdır. Hamar düzənliklər üzərindən çox da hündür olmayan massivlər ucalır ki, bunlardan da ən məşhuru Ulurudur (və ya Eyrs-Rok) Avstraliyanın mərkəzi hissəsində yerləşir. Massiv qırmızı qumlarla örtülüdür. Ulurunun uzunluğu 3,6 km, eni 3 km-ə qədər, hündürlüyü isə 348 metrdir.
Avstraliya faydalı qazıntı yataqlarının kəşfiyyatı və çıxarılmasının proqramlaşdırılmasına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu sahə üzrə ölkədə nəhəng elmi mərkəzlər yaradılmışdır.Şərqi Avstraliyada dağlar üstünlük təşkil edir. Materikin şərq sahilləri boyunca çox da yüksək olmayan qədim Böyük Suayırıcı silsilə dağları uzanır. O, ayrı-ayrı massivlərdən ibarətdir və onlardan da ən hündürü Avstraliya Alpları massividir. Burada ən yüksək zirvə hündürlüyü 2228 m olan Kostyuşko dağıdır. Bu regionun ən nəhəng düzənliyi Mərkəzi ovalıqdır (o, “Mərkəzi” adlanır, ancaq materikin şərqinə yaxın yerləşir). Murrey və Darlinq düzənlikləri eyniadlı çayların gətirdiyi çöküntülər nəticəsində yaranmışdır. Nə vaxtsa dənizin dibi olmuş alçaq düzənliklər okean sahillərində yerləşmişdir. Bu, şimalda yerləşən Karpentariya və cənubda yerləşən Nallarbor düzənlikləridir.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova