Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.
Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu,
Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)
Cərəyanları — Kanar, Bengel, Somali (soyuq), Iynə, Mozambik, Qvineya, Anqola (isti)
Tədqiqi: XV əsrə kimi Afrikanın şimali və şərqi yaxşı öyrənilmişdir 1498-ci ildə ilk dəfə Vasko da Qama Afrikanın cənub hissəsində oldu. XIX əsrdə D.Livinqstan Afrikanın daxili rayonlarında olmuş, Zambezi çayındakı Viktoriya şəlaləsini tapmış, lakin Nil çayının mənbəyini tapa bilməmişdir. Sonralar Afrikada Stenli, Yunker və s. səyyahlar olub. XX əsrin əvvəli rus səyyahı N.Vavilov Afrikada 6000-ə qədər bitki növü tapıb və bərk buğdanın vətəninin Efiyopiya olduğunu sübut edib.
Afrika qədim Qondavana materikinin bir parçasıdır. O qədim platforma üzərində yerləşdiyindən (xüsusilə Şm. Afrikada) düzənliklər əsas yer tutur, uca dağlar isə yoxdur. Qədimdə olan dağlar aşınaraq yaylalara çevrilib. Böyük səhradakı Əhəqqar və Tibesti yaylaları Afrikanın ən böyük «şahid» dağlarıdır. Materikin orta hündürlüyü 750 m, ən hündür zirvəsi-Şərqi Afrika yaylasındakı Kilimancaro dağı (5895 m), ən alçaq yeri Assal gölüdür (-154 m). Yüksəkliyinə görə Afrika 2 hissəyə bölünür:
1) Yüksəkliyi 1000 m-dən alçaq olan Şimal və Qərb hissə
2) Yüksəkliyi 1000 m-dən çox olan Şərqi və Cənubi Afrika.
Materikin şərqində Efiopiya dağlıq yaylası, ondan cənubda Konqo çökəkliyi və Şərqi Afrika dağlıq yaylaları yerləşir.
Qurudan ən böyük qırılma zonası (çat) Şərqi Afrikada yerləşir. Bu çat Efiopiya dağlıq yaylasından Zambezi çayına qədər Qırmızı dənizin sahili boyu uzanır. Burada Afrika litosfer tavasının aralanması prosesi getdiyindən tez-tez zəlzələ və vulkanlar baş verir.
Afrikanın Şimal-şərqində Atlas dağları yerləşib. Alp qırışlarına aid olan bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşduğu zonadadır. Ən hündür zirvəsi Tubkal (4165 m) dağıdır.
Şimali və Qərbi Afrika uzun müddət enməyə məruz qaldığından bura vaxtı ilə dəniz olmuşdur. Ərazi əsasən kontinental və çökmə süxurlardan ibarətdir. Böyük səhranın mərkəzində kristallik və vulkanik süxurlardan ibarət nəhəng dağ massivləri (Əhəqqar və Tibesti) var.
Afrikanın cənub-şərqində Əjdaha, cənubunda yastı zirvəli alçaq Kap dağları yerləşir.
Vulkanları. Kilmancaro, Kamerun, Meru və s.
Faydalı qazıntıları. Afrikada maqmatik süxurlar üstünlük təşkil etdiyindən filiz faydalı qazıntıları ilə zəngindir. Afrikanın mərkəzində “Mis” qurşağı yerləşir. Cənubi və Şərqi Afrikada qədim kristallik süxurlar səthə yaxın olduğundan faydalı qazıntılar dayazda yerləşib. Şm.Afrikada çökmə süxurlar üstünlük təşkil etdiyindən bura neft, qaz və fosforit yataqları ilə zəngindir. Neft həmçinin Qvineya körfəzi sahilində çıxarılır. Ən iri almaz yataqları Cənubi Afrikada, Şm. Qvineya və Katanqadadır.
Afrika hidroenerji, günəş və külək enerjisi ehtiyatları ilə yaxşı təmin olunsa da, bunlardan hələ ki çox zəif istifadə edilir.
Afrikanın əsas hissəsi 2 tropik arasında yerləşdiyindən bu qitə dünyanın ən isti materiki sayılır. Çünki, günəş həmin ərazilərdə ildə 2 dəfə zenitdə olur. Afrikanın çox hissəsində yay və qış fəsli bir-birindən əsasən yağıntıların miqdarına görə fərqlənir. Yalnız yüksək dağ zirvələrində temperatur aşağı olur. Ekvator Afrikanı tən yarı böldüyündən burada 1 ekvatorial, 2 subekvatorial, 2 tropik və 2 subtropik iqlim qurşağı var.
1. Ekvatorial qurşaq — Qvineya körfəzindən Viktoriya gölünə qədər olan əraziləri əhatə edir. Ilboyu alçaq atmosfer təzyiqi, ekvatorial hava kütlələri hakimdir. Hava qalxan hərəkətli, isti və bol rütubətli olur. Burada daima yay fəslidir. Keçilməz meşələr, ifrat nəmləmə şəraiti bu ərazidə kənd təsərrüfatının zəif inkişafına səbəb olmuşdur.
2-3 Subekvatorial qurşaq. Ekvatordan şimala və cənuba 15-200 enliklərə qədər davam edir. 2 fəsil rütubətli yay və qış fəsli mövcuddur. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava rütubətli və isti, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Bu qurşaq daxilində yerləşən mütləq hündürlüyü yüksək olan Efiopiya yaylasında havanın temperaturu Somali yarımadısına nisbətən aşağı olur.
4-5 Tropik qurşaqlar — hər 2 yarımkürənin tropik en dairələrinə uyğun gəlir. Tropik hava kütləsi, yüksək atmosfer təzyiqi hakimdir. Hava enən hərəkətlidir. Şimali Afrikada Avrasiya üzərindən əsən quru passat küləkləri havanı quraqlaşdırdığından burada dünyanın ən isti və ən quru sahəsi olan Böyük Səhra yerləşir. Buludsuzluq nəticəsində bura gündüzlər bərk qızır, gecələr tez soyuyur.
Cənubi Afrikada tropik iqlim qurşağı az sahəni tutur. Hind okeanından rütubətli passat küləkləri əsdiyindən buranın havası daha rütubətlidir. Atlantik okeanı sahilində soyuq Bengel cərəyanı sahildə Namib və Kalaxari səhrasını yaradır.
6-7 Subtropik qurşaq. Afrikanın ucqar şimal və cənub hissəsini əhatələyir. Yayda tropik hava kütlələri hakim olduğundan hava quru, isti, qışda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və yağıntılı olur.
Yağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər:
1. Atlantik okeanına -Nil, Konqo, Niger, Seneqal, Narıncı.
2. Hind okeanına-Zambezi. Limpopo.
3. Daxili axarsız hövzəyə: Şiri, Şari.
Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır.
Afrikanın ən bol sulu və uzunluğuna görə 2-ci çayı Konqo (Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bolsuludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür.
Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km).
Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.
Afrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnib Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır.
Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır.
Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4-7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.
1. Ekvatorial meşələr — ekvatorial iqlim qurşağında yayılıb. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. Ilboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir. (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.
2. Savannalar — Afrikanın 40%-ni əhatə edir. Ilin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılıb.
3. Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılıb. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir.
Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşib. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir.
Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın Şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur.
Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınıb.
4. Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılıb.
Problemləri Ekvatorial meşələrin qırılması, səhralaşma, su çatışmamazlığı, quraqlıq.
Əhalisi 3 irqə mənsubdur. Şimali Afrikada avropoid irqinə mənsub ərəblər və bərbərlər, Böyük Səhradan cənubda neqroidlər yaşayır. Afrikanın səhralarında – efioplar, Cənubi Afrikanın səhralarında buşmenlər və hottentotlar, Madaqaskar adasında isə malaqasilər yaşayır. Afrikanın ən ucaboylu xalqı (180-120 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır.
Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşıb.
XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il “Afrika ili” adlanır. Indi Afrikada 55-ə yaxın müstəqil ölkə var. Sonuncu müstəmləkə 1990-cı ildə CAR-dan müstəqillik alıb. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngidib. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə IEÖ-si CAR-dır.