Öz tarixi keçmişinə görə çox qədim zamanları əhatə edən natiqlik sənətinin ilk rüşeymləri Misirdə, Çində, daha sonra Ərəbistanda təşəkkül tapmışdır. Qədim zamanlarda xalqın böyük hörmətini qazanmış nüfuzlu və istedadlı natiqlər Şərq bəlağətini (fikrin, aydın, incə və gözəl ifadə olunması) və fəsahətini (aydın danışma və ya fikrin aydın ifadəsi) yüksək səviyyəyə qaldırmışlar. Lakin sonralar süquta uğrayan natiqlik sənəti Avropada böyük inkişaf yoluna qədəm qoymuşdur. Öz inkişaf və mədəniyyətinə görə həmişə Şərqə borclu olan Avropa bu sənətin də ilk rüşeymlərini qoca Şərqdən əxz etmişdir.
Natiqlik sənəti Avropada, xüsusilə Qədim Yunanıstanın paytaxtı Afinada geniş şəkildə yayılmağa və inkişaf etməyə başladı. Qədim Yunanıstanda incəsənətin bir çox növlərilə yanaşı (memarlıq, poeziya, heykəltəraşlıq) ritorika sənəti də yüksəliş pilləsinə qədəm qoyurdu. Bir çox ritorlar (natiq, müəllim mənalarını ifadə edir) meydana gəlirdi. Bu sənət Afinada daha geniş vüsət almışdı. Xüsusilə, Solonun hakimiyyətə gəlməsi (B.e.ə. 594-cü il), apardığı islahatlar, borcların ləğv edilməsi, qulların azad olunması natiqlik sənətinin inkişafına güclü təkan verdi. Bu islahatlardan sonra hər kəs hüququnu müdafiə etmək imkanı əldə etdi. Lakin bunu hər adam bacarmadığı üçün məhkəmələrdə xüsusi adamlar fəaliyyət göstərməyə başlayır ki, onlar da loqoqraflar adlanırdı.
Natiqlik sənətinin atası sayılan məşhur siyasi və ictimai xadim Demosfen bu dövrdə yetişib fəaliyyətə başladı.
Natiqlik sənətini yüksəklərə qaldırmış, natiqlik məktəbi yaratmış bu şəxsiyyət neçə-neçə ritorların yetişməsinə köməklik göstərmişdir. Hətta bir çox natiqlər, müəllimlər öz nitqlərini Demosfenin təsiri ilə qurmuşdu. Təsadüfi deyil ki, vaxtı ilə M.P.Siseron «Kim Demosfen kimi olmaq istəmirsə, o, natiq deyil» fikrini irəli sürmüşdür.
Demosfen bu şan-şöhrətə birdən-birə gəlib çatmamışdı. Bu, uzun illərin, gərgin zəhmətin, mübarizə və mətin iradənin hesabına başa gəlmişdi. Həyata fiziki cəhətdən qüsurlu gələn Demosfen (o, çox əsəbiymiş, «r» səsini düzgün tələffüz edə bilmirmiş, danışan zaman çiynini çəkirmiş və s.) ilk növbədə bu qüsurları aradan qaldırır. O, dəniz qırağına gedir, ağzına xırda daş atıb, gur səslə nitq söyləyir. Çox çəkmir ki, onun nisbətən yekə dili normal hala düşür və pəltəkliyi aradan qalxır. Sonra özündən hündür olan yerdə qılınc asır və çiyni üzərində saxlayır. Çiynini atdığı zaman qılınca toxunur. Qılıncın verdiyi ağrı hesabına bu qüsurunu da aradan qaldırır. Nəhayət, dostu Satirin məsləhətilə səs tembrindən, intonasiyadan düzgün istifadə Demosfenə müvəffəqiyyət gətirir. Əvvəllər qışqıra-qışqıra danışıb özünü yoran, hətta nitqi yarımçıq qalan, istehzalara, lağlağı gülüşlərə məruz qalan Demosfen inadkarlığı sayəsində gözəl bir natiqə çevrilir. İlk qələbəsini qohumları üzərində qazanan Demosfen beş dəfə nitq söyləyir. Bu zaman ona məşhur loqoqraf İsey yaxından köməklik göstərir. Atasının var-dövlətinə sahib çıxmış bu adamlarla mübarizə aparan Demosfen ədaləti bərpa edir. Var-dövləti geri qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. Elə həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa çalışır. Ömrünün qırx iki ilini bu sənətə həsr edir. Böyük nailiyyətlər əldə edir. Hələ gənc yaşlarında loqoqraf kimi fəaliyyət göstərən Demosfen «Malikanəyə ziyan vuran Kallik əleyhinə» və «Cehiz haqqında Spudi əleyhinə» adlı məşhur nitqlərini yazır. Elə bu dövrdə natiqlik sənətindən dərs deyib müəllimlik edir. Müəllimlik etdiyi illərdə o, ritorikanın sirlərinə dərindən bələd olur, tədqiqat aparır, əldə etdiyi nəticələri nitqində müvəffəqiyyətlə işlətməyə nail olur. Natiqliyin tələblərindən irəli gələn prinsipləri əsas götürən Demosfen onlara ciddi əməl edirdi. Bu tələblər aşağıdakılardır:
Demosfen bütün nitqlərində giriş, əsas hissə, nəticədən istifadə etmiş və nitqini hissələrə bolmüşdür. Elm aləminə Demosfenin 61 nitqi və 6 məktubu məlumdur. Onlardan 9-u rus dilinə tərcümə olunmuşdur. Bu nitqlər arasında Esxinin əleyhinə yönəlmiş nitqi xüsusi yer tutur. Demosfen Esxinin çar Filipplə olan yaxın münasibətini güclü tənqid atəşinə tutur və Demosfenin «Esxin Filipplə əməkdaşlıq edirdi, bu çox dəhşətdir, ey Yer kürəsi, ey Allahlar! Məgər bu doğru deyil?» kimi müraciətləri, xitabları kütlənin qəlbinə yol tapırdı. Bundan sonra Demosfen yazır: «Mən ona görə səndən yaxşı vətəndaş olmuşam ki, hamıya fayda verən iş görmüşəm, sən isə heç bir təklif irəli sürməmisən, qərar qəbul etməmisən… Əksinə, son hadisələr aydınlaşdırdı ki, sən elə işlər görmüsən ki, onları yalnız ən yararsız adamlar, dövlətimizin qəddar düşmənləri görə bilər… Dövlətimizin qəddar düşmənləri olan Aristart, Naksosda, Aristoley, Fasosda afinalıların dostlarını məhkəməyə cəlb etdiyi kimi, Esxin də Afinada Demosfeni ittiham edir».
Doxsan səhifədən ibarət olan bu nitqdə Demosfen Esxini tam məğlub edir və Xalq Məclisi tərəfindən ona verilən «qızıl çələng» mükafatının ədalətli olduğunu sübut edir. Demosfenin bu çıxışı Siseron tərəfindən latın dilinə, daha sonra isə rus dilinə (üç dəfə 1784, 1873, 1887) tərcümə olunmuşdur. Bu məğlubiyyətin səbəblərini aydınlaşdıran Esxin, Demosfeni «əjdaha» adlandırmışdır. Bundan əlavə, Demosfenin «Ktesifontun müdafiəsi» adlı nitqi də dövrünün nadir incilərindən sayılırdı. Esxinin nitqinin əleyhinə yazılmış bu nitq də suallarla, müraciətlərlə nəzəri cəlb edir. Filippi müdafiə edən Esxinlə mübarizədən qalib çıxmış Demosfen çarın özü ilə də mübarizə aparmaqdan çəkinmir. Onun Filippə qarşı söylədiyi nitqlər bir neçə hissədən ibarətdir. Məsələn, nitqlərinin birində «Bəli sizi gözləyən təhlükə başqa təhlükələrə bənzəmir. Axı Filipp bizi sadəcə özünə tabe etmək fikrində deyil, dövlətimizi tamamilə məhv etməyə çalışır». «Dövlətin daxilində fəaliyyət göstərən düşmənləri əzmədən, onların havadarları olan xarici düşmənləri məğlub etmək olmaz». Mən vicdanlı vətəndaşın vəzifəsini onda görürəm ki, o, dövləti xilas etməyi gözəl nitq soyləyib «şöhrət qazanmaqdan üstün tutsun». Demosfenin Filipp əleyhinə yazdığı silsilə nitqlər natiqlik sənətində əvəzolunmaz bir mənbə kimi həmişə diqqət mərkəzində durur. Yorulmaz ictimai-siyasi xadim Demosfen bir müddət dövlət işlərində çalışmış, hətta maliyyə işlərinə rəhbərlik etmişdir. Afina divarlarının bərpasına rəhbərlik edən 27 üzvdən biri olan Demosfen tikintiyə və yoxsul kəndlilərə şəxsi vəsaitindən xeyli pul xərcləmişdir.
Məhz, bu fəaliyyətinə görə Xalq Məclisi tərəfindən “Qızıl çələng”lə mükafatlandırılmışdır (onu bu mükafata təqdim edən Ktesifont olmuşdur). Esxin bu mükafatın verilməsinin əleyhinə çıxmışdır. Nəticədə isə ağır məğlubiyyətə uğramışdır. Vətəni uğrunda canını qurban verən, alovlu natiq Demosfenin olümünə səbəb Aleksandrın hakimiyyəti illərində xəzinədar işləyən Qapralın Afinaya gəlib sığınacaq alması olur. Bu məsələ ilə əlaqədar Demosfen Hiperid ilə dostluq əlaqələrini kəsir. Antipatr və Aleksandrın anası Qapralın vətəndaşlıq qəbul etməsinə etiraz edirlər. Qapral Afinadan qaçır. Demosfen isə məsuliyyətə cəlb olunur. O, doğma vətənindən getməyə məcbur olur. Alksandrın olümü (e.ə.323-cü il) Afinalıları yenidən üsyana qaldırır. Demosfen də üsyana qoşulur və yenidən Afinaya qayıdır. Lakin Antipatrın hakimiyyətə gəlməsi və demokratiyanı boğması, hər şeyi alt-üst edir. Hiperid öldürülür. Arki tərəfindən axtarılan Demosfen isə Kalavri adasındakı Poseydon ibadətgahında tutulur. Düşmənlər inandırmağa çalışır ki, o, əfv olunacaq, heç bir cəza çəkməyəcək. Demosfen onlara inanmır və bir məktub yazmaq üçün icazə istəyir. Ona icazə verilir. Demosfen isə qələmində gizlətdiyi zəhəri udur və e.ə. 322-ci ildə keşməkeşli həyatını sona çatdırır. Ölümündən yarım əsrə yaxın bir vaxt keçəndən sonra (42 il) Demosfenə Afinada əzəmətli heykəl qoyulur. Üzərində isə «Demosfen, qoy ağlın kimi, səndə elə bir qüdrətli güc yaransın ki, hətta Makedoniyalı Aresin özü də yunanları məğlub edə bilməsin» sözləri həkk olunur.
Ümumiyyətlə, Yunanıstanda natiqlik məktəbinin yaranmasında xalq təxəyyülü, Homerin «İliada» və «Odisseya» əsərləri, Solonun islahatları, ölkənin iqtisadi, mədəni, siyasi inkişafı mühüm rol oynamışdır.
Bu illərdə yetişən və tarixi mənbələrdə yeddi müdrik adlanan natiqlərin adı bu gün böyük hörmətlə yad edilir. Kleobu, Pittak, Biant, Periandr, Xilon, Solon, Fales. Bunların içərisində ən məşhuru Solondur. Vətənindən didərgin düşən Solon bir müddət Misirdə, sonra Kiprdə yaşayır. İlk dəfə Kiprdə Sol şəhərinin bünövrəsini qoyur. Onun beş min adda yaradıcılıq məhsulu miras qalmışdır. Səksən yaşında ikən Kiprdə vəfat edir.
Ümumiyyətlə, yunan natiqlik məktəbinin bir çox nümayəndələrindən Antifont, Andokit, Lisi, İsey, İsokrat, Demosfen, Hiperid, Likurq, Esxin, Dinarx və başqalarının əsərləri böyük maraq doğurur. Yunan natiqlik məktəbinin nümayəndələri haqqında dolğun məlumat verən dilşünas Kamil Əliyev onların həyat və yaradıcılığını geniş işıqlandırmağa nail olmuşdur. Adları qeyd olunan nümayəndələrlə yanaşı Aristotelin natiqlik sənətinin nəzəri əsaslarını elmi surətdə əlaqələndirən məşhur «Ritorika» əsəri böyük maraq doğurur.
Tisi və Koraksı «Ritorika»nın ilk müəllifləri olmuşlar. Afinaya isə «Ritorika»nı Koraksıdan dərs almış Qorki gətirmişdir. Daha sonralar «Ritorika» yazmaq, onu dərslik kimi istifadə etmək geniş vüsət almışdır. İstər Yunanıstanda, istərsə də Romada yazılan «Ritorika»lar içərisində Aristotelin, Siseronun, Kvintillianın əsərləri daha çox şöhrət qazanmışdır.
Hələ müəllimi Platon sağ olarkən natiqlik sənətindən dərs deyən Aristotel şagirdlərə mühazirənin mətnlərini köçürməyi tövsiyə edirdi. Platon öləndən sonra Aristotel Afinanı tərk edir. Bir müddət Filippin oğlu Aleksandra dərs deyir. Müəlliminin mühazirələrilə yanaşı, öz nəzəri biliyini də mühazirəyə əlavə edir. Az vaxtda Aristotel yenidən Afinaya qayıdır və oxuduğu mühazirələrin mətnlərini bir yerə toplayıb onları təkmilləşdirir. Natiqlik sənətinə yeni bir «Ritorika» qədəm qoyur. Aristotelin yazdığı «Ritorika» digərlərindən onunla fərqlənirdi ki, bu əsərdə ilk dəfə olaraq dil, üslub, nitq haqqında yeni və orijinal fikirlər söylənilirdi. Burada
Kitab üç hissədən ibarətdir. Birinci hissə dildən, ikinci hissə üslubdan, üçüncü hissə nitqdən bəhs edir. Burada üsluba daha çox fikir verən müəllif üslubu nitqin predmetinə uyğun qurmağı tövsiyə edirdi. Üslubun isə əsas xüsusiyyəti onun aydın olması ilə bağlıdır.
Müəllif aydınlığı, təbii və səlis danışmağı, inandırmanı nitq üçün əsas amil hesab edirdi. Aristotel natiqlik sənətinin beş əsas prinsipini xüsusi olaraq qeyd edirdi:
Tarixin amansızlığına düçar olan Yunanıstan öz siyasi azadlığını itirməklə bərabər, natiqlik sənətini də yavaş-yavaş itirməyə başlayır. Beləliklə, Avropanın başqa bir ölkəsi estafeti ələ alıb, natiqlik sənətini uğurla davam etdirir. Qədim və ulu dünyanın başqa bir ölkəsi, Roma bu ağırlığı öz çiyinləri üzərinə alır.
Roma natiqlik məktəbinin yaranmasında əsas amilləri Yunanıstanın zəifləməsi və yüksək təbəqənin ondan üz döndərməsi oldu. Romanın güclü inkişafı, Yunanıstanı öz əyalətinə çevirməsi natiqlik məktəbinin yaranmasına gətirib çıxardı. Roma natiqlik məktəbi yunan natiqlik məktəbinə nisbətən daha azad və demokratik idi. Əgər Yunanıstanda yalnız qullar nitq söyləyib özünü müdafiə edirdisə, Romada hər bir vətəndaş bu hüquqa malik idi. Lakin buna baxmayaraq, nitqin priyomları, məktəblərdə tədris, yunan ritorlarının əsərləri bir mənbə kimi Roma natiqlərinə öz təsirini göstərirdi. Bu dövrdə Romada Katon, Antoni Mark, Qay Qrakx, Tiberi Qrakx və başqa natiqlər yetişmişdi. Tədqiqatçılar bu natiqlərin əsərlərini araşdırarkən bəlli olub ki, bəzi natiqlərin əsərləri tam şəkildə, bəzisinin isə yaradıcılığından kiçik, cüzi bir hissə miras qalmışdır. Roma natiqlik sənətinin ən görkəmli nümayəndəsi Mark Tulli Siseron hesab olunur. Elm aləmində yüz beş nitqinin olması haqqında məlumat olan, lakin onlardan əlli səkkizinin bizə gəlib çatması onun haqqında söz deməyə əsas verir. Mark Tulli Siseron ilk nitqini 81-ci ildə, iyirmi yeddi yaşında olarkən söyləmişdir. Bu nitq Publinin mülki işi ilə bağlı olmuşdur. İkinci nitqi isə Romada dövlətli adamlardan biri olan Sekst Rostsinin ölümü ilə əlaqədar olmuşdur. Roma küçələrinin birində qətlə yetirilən Rostsinin oğluna da sui-qəsd hazırlanır. Təsadüf nəticəsində sağ qalan oğul, qəsdçilər tərəfindən “ata qatili” kimi ittiham olunur. O dövrün adlı-sanlı natiqləri susduğu halda gənc natiq Mark Tulli Siseron müdafiə nitqi söyləyir. Sonra qədim Yunanıstana səfər edir, Antioxun mühazirələrinə qulaq asır və təcrübəsini daha da artırır.
Siseron həm də dövlət işlərində çalışıb xalqın hörmətini qazanmışdı. Dövlət xəzinəsinə nəzarətçi kimi rəhbər vəzifədə çalışan Siseron xalqa və vətəninə namusla xidmət etmişdir. Siserondan sonra bu vəzifəyə gələn Verres xalqı soyur, talayırdı. Siseron isə xalqın təkidi ilə onu məhkəməyə verir. Məhkəmə Verresi külli miqdarda pulla cərimə edir. Siseron sonra daha böyük xalq məclislərində, yığıncaqlarında çıxışlar edib, böyük hörmət qazanır. Hətta tarixdə böyük sərkərdə kimi tanınan Qney Pompeyin baş komandan seçilməsi zamanı nitq söyləyən Siseron danışmağı özünə şərəf bilir. Xalqın ona göstərdiyi hörməti yüksək qiymətləndirir.
Siseron öz siyasi nitqlərini 64-cü ildə konsul seçiləndən sonra söyləməyə başlayır. Bu illər onun yaradıcılığının çiçəklənmə dövrü hesab olunur. Siyasi arenada isə Siseron ən böyük səhvini edir. Lutsi Katilianın təşkil etdiyi sui-qəsddə iştirak edənlərdən beş nəfəri məhkəməsiz edam etdirir. Bu onun düşmənlərinin fəallaşmasına səbəb olur. Katilianın tərəfdarı Klodi xalq tribunu seçilir və Siserona qarşı hücuma keçir. Siseron Romanı tərk edir, Yunanıstana gəlir. Onun evi, malikanəsi müsadirə olunur. Bir il yeddi aydan sonra Romaya qayıdan Siseron evini, malikanəsini məhkəmə vasitəsilə geri qaytarır. Onun Romaya qayıtmasına yaxından köməklik edən nüfuzlu şəxslərdən asılı vəziyyətə düşür. Hətta, Publi Setsi kimi şəxslər haqqında müdafiə nitqi də söyləyir. Kiligiyada prokonsul (51-ci ildə) işləyir. Vaxtı qurtaran kimi yenə Romaya qayıdır. Qalmaqallı Roma yenə Siseronu rahat buraxmır, hakimiyyət uğrunda mübarizə, xalq iğtişaşları məşhur natiqi ağuşuna alır.
Siseron Mark Antoniyə qarşı cidd-cəhdlə mübarizə aparmağa başlayır, alovlu nitqlər söyləyir. Böyük Demosfenin şərəfinə bu nitqlərini «filippika» adlandırır. Bu çıxışlar isə ona həyatı bahasına başa gəlir. Mark Antoni hakimiyyətdə nüfuzlu bir şəxs kimi məşhur olur. Bu nüfuzundan istifadə edərək alovlu natiq, vətənpərvər, dövlət xadimi Siseronun başını və yazı yazan sağ əlini kəsdirir. Bu tarixdə ən dəhşətli ölümlərdən biri idi. Onun yazdığı «Natiq haqqında», «Brut», «Natiq», məşhur «Ritorikası» natiqlik sənətində əbədi, həmişəyaşar bir həyat qazandı. Roma imperatorluğu natiqlik sənətinin süquta uğramasına səbəb oldu.
Qədim Yunanıstanda və Romada təşəkkül və tərəqqi tapmış, uzun tarixi yol keçmiş natiqlik sənəti durğunluq illərini yaşamağa başlayır. Bu durğunluq XVIII əsrə qədər davam edir. XVIII əsrdən başlayaraq, burjua zülmünə və istismara qarşı baş verən iğtişaşlar, mitinqlər natiqlik sənətinin inkişafına təkan verdi. Qərbi Avropadakı bu dirçəliş XIX əsrin əvvəllərində daha geniş şəkil almağa başlayır. Bu illəri tədqiqatçılar renessans dövrü adlandırır. «Renessans» fransız sözü olub, mədəniyyətin, ictimai-siyasi həyatın oyanması, dirçəlməsi deməkdir. Xüsusilə, Fransada, Almaniyada, İtaliyada, Avstriyada baş verən burjua-demokratik inqilabları bir çox natiqlərin yetişməsinə səbəb oldu. Məsələn, Fransada Jerbye, Koşen, Tarja, Jül, Laşo, Favr, Demanj, Düpen, Almaniyada Robert Blyum, Sikizmund, Borkheym, Vilhelm Volf kimi natiqlər yetişmişdir. Xüsusilə, Fransada Demosfenin, Lisinin, Siseronun nitqləri tərcümə olunub, öyrənilməyə başlanmışdı. Fransada fəaliyyət göstərən andlı məhkəmə prosesi daha geniş vüsət almışdı. Məsələn, Fransa ordusunun kapitanı Alfred Dreyfusu vətənə xəyanət üstündə həbs edirlər. Məşhur yazıçı Emil Zolya buna etirazını bildirərək xalqa və prezidentə müraciət edir. On iki il davam edən bu işi üç natiq — Mornar, Labori, Mano müdafiə edir. Bu məhkəmə natiqliyində Yunanıstan natiqlik məktəbinin təsiri açıq-aşkar duyulmaqdadır. Fransızlar da Yunanlar kimi əsas diqqəti nitqin üslubuna, ardıcıllığına, aydınlığına, dəqiqliyinə, təsirliliyinə, emosionallığına verirdilər. Fransa natiqlik məktəbi bir çox ölkələrə müsbət təsirini göstərdi. Almaniyada natiqlik məktəbinin nümayəndəsi Avqust Bebel hamının sevimlisinə çevrilmişdi. Onun dərin məzmunlu nitqi xalqın rəğbətini qazanmışdı. Bu sözləri xalq seçkilərində gözəl və aydın çıxışları ilə radikalların qələbəsini təmin edən Vilhelm Volfun da ünvanına söyləmək olar.
XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişafı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü təsir göstərmişdi. Demosfenin, Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir Lomonosov natiqlik sənəti haqqında (1748-ci il, «Kratkoe rukovodstvo krasnoreçiu») yazdığı əsəri çap etdirdi. Əsərdə yunan «Ritorikası»nın təsiri özünü tam aydınlığı ilə göstərir. Müəllif, natiqin və dinləyicinin əhval-ruhiyyəsini əsas şərt kimi qəbul edir. Gertsen, Stankeviç, Xomyakovun rəhbərliyi altında bir çox dərnəklər fəaliyyətə başlayır. Rus natiqləri «Ritorika»nı əzbərləyib, kor-koranə öyrənməyin əleyhinə çıxır. Belinski yazırdı: «Əgər siz natiq olmayanlarda natiqlik sənəti haqqında təsəvvür yaratmaq, natiq olmaq istəyənlərə isə köməklik göstərmək istəyirsinizsə, «Ritorika» yazmayın, bütün xalqların müxtəlif dövrlərdə fəaliyyət göstərmiş məşhur natiqlərinin nitqlərini toplayın, bu natiqlərin hər birinin həyatı haqqında geniş məlumat verin, siz belə bir kitabla həm natiqlərə, həm də natiq olmayanlara boyük xidmət göstərirsiniz». Rus natiqlik məktəbinin xarakteri özündən əvvəlki sələflərindən onunla fərqlənirdi ki, Rusiyada nitqlər kütləvi xarakter daşıyırdı. Əvvəlkilərdə isə məhkəmə natiqliyi hakim mövqe tuturdu. Fəhlə sinfindən S.H.Xolturin, P.A.Alekseyev, Q.P.Petrovski, A.J.Badayev, İ.V.Babuşkin və digərlərinin adı tarixdə fəhlə-natiq kimi həkk olunmuşdu.