Hər bir insana bəllidir ki, yaşadığımız dünya keşməkeşli hadisələrlə dolu bir aləmdir. Maddi aləmin bu mürəkkəb proseslərini elm sahələri araşdırır, müəyyən nəticələr əldə edir. Maddi aləmin müxtəlifliyi, elmlərin də müxtəlif şaxələrə bölünməsinə gətirib çıxarır. Nitq mədəniyyəti də bu elmlərdən biridir. Başqa elm sahələrində olduğu kimi, bu sahədə də cəmiyyətin tələblərindən doğan zəruri məsələlər diqqət mərkəzində durmalıdır. Cəmiyyətin inkişafı ilə bərabər inkişaf edib bu günümüzə gəlib çatan bir çox elmlər kimi, nitq mədəniyyəti elmində də həllini gözləyən məsələlər mövcuddur. Çünki nitq mədəniyyəti uzun illər başqa elmlərin tərkibində formalaşmışdır. Qədim Yunanıstandan tutmuş bir çox dünya ölkələrində təşəkkül tapmış nitq mədəniyyəti bu gün də müxtəlif elmlərlə əlaqəli şəkildə inkişafını davam etdirir. Nitq mədəniyyətinin aşağıdakı elmlərlə əlaqəsi mövcuddur:
Qeyd edək ki, bu bölgü şərti xarakter daşıyır. Burada əsas elmlər nəzərdən keçirilir. Siyahıya fəlsəfəni, mətnşünaslığı, ədəbiyyatşünaslığı, fizikanı, hətta riyaziyyatı da əlavə etmək olar.
Onun ədəbiyyatla əlaqəsindən danışanda birinci növbədə yadda saxlamalıyıq ki, ədəbiyyat həyatı bədii obrazlarla əks etdirən söz sənətidir. Deməli, həm nitqin, həm də ədəbiyyatın materialı sözdür. Ədəbiyyat xalq arasında ən geniş yayılmış elm sahələrindən biridir. Bu sənət hamının (qocaların, cavanların, ziyalıların, uşaqların, böyüklərin və başqalarının) diqqətini cəlb edib. Ədəbiyyat böyük auditoriyanı əhatə edir. Ona görə də şair və yazıçılarımız əsəri yazarkən, hər bir söz haqqında, cümlə haqqında dərindən düşünüb, ona yeni rəng, çalar, məna verib sonra işlədirlər. Beləliklə, yazıçı özü bilmədən, natiqlik sənətinə xidmət edir. Yəni nitqin gözəlliyinə xidmət edən bu ifadələr bədii təsvir və ifadə vasitələrinin, bədii üslubun yaranmasına, inkişaf etməsinə gətirib çıxarır. Bədii ədəbiyyatda istifadə olunan məcazi mənalı sözlər, sinonimlər, cinas qafiyənin yaradılmasında işlənən omonimlər və s. nitqin qurulmasında mühüm rol oynayır. Bədii əsərlərin dilinin tədqiqində dilçi dil vahidlərini təhlil edərkən yazıçının nitq qabiliyyətini, dildən istifadə yollarını aydınlaşdırmağa çalışır. Bu da ədəbiyyatın nitq mədəniyyəti ilə əlaqəsi, elmi nailiyyətlərin qarşılıqlı istifadə olunması nəticəsində əldə edilir.
Nitq mədəniyyətinin üslubiyyatla əlaqəsi daha geniş şəkildə özünü göstərir. Belə ki, hər bir yaradıcı adam nitqini öz səviyyəsinə uyğun qurur, müvafiq funksional üsluba müraciət edir. Üslubiyyat nitqin bütün məna çalarlarını, fonetik, leksik, qrammatik cəhətlərini əhatə edir. Üslubiyyat həm də kamil nitqin prinsiplərini araşdırır, təhlil edir. Üslubiyyat elmi varlığını nə qədər gec təsdiq etsə də, müstəqil elm kimi çox geniş şəkildə təbliğ olunmaqdadır. Bu haqda alimlərin (prof. Ə. Dəmirçizadə, prof. A.Qurbanov) dəyərli tədqiqat işləri, kitabları, məqalələri diqqəti cəlb edir. Ümumiyyətlə, üslubiyyat dilin təzahürü olan nitqi hərtərəfli öyrənib tədqiq edir.
Nitq mədəniyyətinin psixologiya ilə əlaqəsi də araşdırılmağa ehtiyacı olan problem kimi öz həllinin təhlilini gözləyir. Psixologiya insan xarakterlərini, hər bir xarakterin spesifik xüsusiyyətlərini öyrənir. Professor A.Qurbanov yazır: «Bu mexanizmlər içərisində nitq, ünsiyyət və təfəkkür proseslərinin tədqiqi dilçilik və psixologiya elmlərini hansı nöqtədə isə birləşdirir və əlaqələndirir». Fikrini davam etdirən professor A.Qurbanov daha sonra yazır: “Bu tədqiqatlarda nitq fəaliyyəti, nitq və qavrayış, nitq mexanizmi, radio verilişlərində nitqin mənimsənilmə xüsusiyyətləri, vurğunun mənimsənilməsi, danışıq səsləri etalonları, qrammatik kateqoriyaların mənimsənilməsi, qrammatik təhlillərin patologiyası, daxili nitq fasiləsinin mənimsənilməsi, nitq axınında sözün quruluşu və s. məsələlər araşdırılır. Dilçi alimlərin öz tədqiqatlarında psixolinqvistikanın əldə etdiyi nəticələrdən istifadə etməsi, şübhəsiz ki, onların işinə müsbət təsir göstərir. Nitqin daxili cəhətini öyrənən dilçi müəyyən psixoloji hadisələrdən yan keçə bilməz. Məsələn, nitqin növləri həm dilçini, həm də psixoloqu maraqlandırır».
Gətirdiyimiz sitatdan aydın olur ki, nitq insan psixologiyası ilə daim sıx əlaqədə inkişaf edir. İnsan psixologiyası onun nitqi ilə ayrılmaz tellərlə bağlıdır. Bəzən natiqlər çıxış edərkən həyəcanlanır və bir müddət özlərini ələ ala bilmirlər. Keçirilən gərginlik nitqin gözəl ifadə olunmasına (dəqiq, faktlarla, səlis, aydın, ardıcıl və s.) maneçilik törədir. Ona görə də natiq düşdüyü vəziyyətdən çıxmaq üçün psixi cəhətdən hər hansı maneəyə qalib gəlməyi, əsəblərini cilovlamağı bacarmalıdır. İnsan psixologiyasının müxtəlifliyi onun nitqində əks olunur.
Natiq nitqini şərh edərkən, ona psixoloji cəhətdən tam hazır olmalıdır. Onun nitqinin gözəl olması üçün psixoloji hazırlıq olduqca faydalı və məqsədəuyğundur.
Nitq mədəniyyətinin pedaqogika ilə əlaqəsi uzun bir tarixə malikdir. Qədim Yunanıstanda, xüsusilə Afinada yetişən ritorlar natiqlik sənətinin sirləri ilə bərabər, təlim, tərbiyə, təhsil haqqında da məlumat verir və tədris prosesində nitqlə bərabər pedaqogika elmini də inkişaf etdirirdilər. Tədris prosesi ilə sıx şəkildə bağlı olan pedaqogika natiqlik sənəti ilə qarşılıqlı şəkildə müəyyən prinsiplərin, problemlərin həllində mühüm əhəmiyyət kəsb edir.
Pedaqogika elmi tədris prosesində, nitqin qurulmasında və şifahi şərhdə əsas rol oynayan konkretliyin, bəzən ümumiliyin rolunu müəyyənəşdirir. Pedaqogika həm də nitq zamanı natiqə özünü aparmaq qaydalarını öyrədir. Yersiz hərəkətləri, jestləri, «deməli», «mənə elə gəlir», «filan», «alimlərin dediyinə görə» və s. kimi ifadə və sözləri lüzumsuz olaraq işlətməkdən çəkindirir.
Pedaqogika natiqlik sənətinin əsas prinsiplərinin, nitqin qurulması yollarının, elmi-nəzəri biliklərin, mənbələrdən düzgün istifadə olunmasında natiqə istiqamət verir.
Ümumiyyətlə, natiqlik sənəti ilə pedaqogikanın əlaqəsi özünü həm təlim-tərbiyə prosesində, həm də tədqiqat işinin aparılmasında göstərir.
Nitq mədəniyyətinin tarixlə əlaqəsi. Tarix cəmiyyətin yaranmasını, inkişafını öyrənən bir elmdir. Tarix bütün elmlərlə əlaqəli şəkildə öyrənilir. Hər bir elm yarandığı gündən öz tarixini yaşadır. Natiqlik sənəti, nitq mədəniyyəti də belə elmlərdən biridir. Yarandığı gündən bu günümüzə qədər müəyyən inkişaf mərhələləri keçmiş cəmiyyət həyatında,məişətində baş verən hər hansı bir dəyişikliyi tarixin yaddaşına həkk edir. Bu qədim abidələrin, salnamələrin -məxəzlərin vasitəsi ilə bugünkü tədqiqatçılar xalqın keçmişinə aid mülahizələr, mühakimələr yürüdə bilir. Natiqlik sənəti də məhz, belə bir tarixi yol keçmiş, tədqiq olunmuş, müəyyən müvəffəqiyyətlər əldə etmişdir. Natiqlik sənətinin ilk rüşeymlərini araşdırmaq, tədqiq etmək üçün onun tarixinə nəzər salmaq lazımdır. Məhz, məsələyə bu baxımdan yanaşdıqda nitq mədəniyyətinin tarixi, söz yaradıcılığı, sözə verilən qiymət haqqında mütəxəssis fikirləri əsas götürülür.
Nitq mədəniyyətinin tarixlə əlaqəli inkişaf etməsinin əsas amillərindən biri budur ki, sözlərin mənasının daralmasını və ya genişlənməsini, yeni semantik məna kəsb etməsini, arxaikləşməsini müəyyənləşdirir.
Ümumiyyətlə, bu bir həqiqətdir ki, nitq mədəniyyəti ilə tarix elmi bir-biri ilə sıx şəkildə əlaqədardır. Tarixçi əldə etdiyi nəticəni nitq vasitəsi ilə (istər yazılı, istərsə də şifahi yolla) şərh edir. Belə şərh faktlarla, mülahizələrlə, sübutlarla, dəlillərlə, əşyalarla bağlı şəkildə edilir. Bu da nitq mədəniyyətinin əsas prinsiplərini müəyyənləşdirir.
Nitq mədəniyyətinin etika ilə əlaqəsindən danışarkən birinci növbədə rus xalq məsəlini xatırlamaq yerinə düşərdi: «Ruslar qonağı geyiminə görə qəbul edir, ağlına görə yola salır». Hər bir şəxsin özünü necə maskalamasından asılı olmayaraq, nitqi ağlını əks etdirir. Natiq olmaq istəyən hər bir şəxs bütün etik normalara riayət etməlidir. Natiq danışarkən səsinə münasib tembr seçməli, jestlərdən düzgün istifadə etməli, mimika ilə mənalar ifadə etməlidir.
Natiq olmaq istəyən şəxs bütün davranış qaydalarını gözəl mənimsəməlidir. Natiqin yerişi, baxışı, hərəkəti, geyimi, nəzakəti, üzünün ifadəsi dinləyicidə ona qarşı rəğbət hissi oyatmalıdır. Bəzi natiqlər etik normalara düzgün əməl etmədiyi üçün dinləyicilərin rəğbətini qazana bilmir. Məsələn, bəzən elə olur ki, üzü tüklü, kostyumları standarta uyğun gəlməyən natiq yorğun halda tribunaya doğru yaxınlaşır. Bu hər bir dinləyicidə natiqə qarşı mənfi hisslər oyadır. Bəzən də natiq həddindən artıq bər-bəzəyə aludə olur. Belə vaxtda dinləyici onun nitqindən çox, bər-bəzəyinə diqqət edir. Natiq fikirləşməlidir ki, mən auditoriya ilə necə ünsiyyət yaradım, nitqimi necə başlayım? Olduqca həssas və tələbkar dinləyicilər natiqin səsinin titrəməsini, həyəcanlanmasını, bir an çaşıb qaldığını da duyub hiss edirlər. Təcrübəli natiqlər isə belə momentləri nitqlərində etdikləri pauza ilə az da olsa aradan qaldırırlar.
Natiqlər çıxış edərkən qalstukunu, pencəyinin düyməsini, əlindəki təbaşiri və yaxud qələmi oynada-oynada fikrini ifadə edir. Etika nitqin şərhi zamanı göstərilən bu nöqsanların aradan qaldırılmasına köməklik göstərir. Bir anlığa məşhur natiq Demosfenin natiqlik sənətinə gəlişini xatırlamağa ehtiyac duyulur. Həqiqətən, etika ilə nitq mədəniyyətinin əlaqəsi vacib məsələdir.
Nitq mədəniyyətinin estetika ilə əlaqəsi. Nitqin gözəl ifadəsi dedikdə gözəllik, ülvilik, faciəvilik, komiklik — estetikanın əsas kateqoriyaları yada düşür. Bizi əhatə edən obyektiv varlığın dərk edilməsində (estetikanın mühüm rolu vardır. Estetik kateqoriya olan gözəllik yalnız insanlara məxsusdur. Estetik gözəllik insana məxsus olduğu kimi, dil də, nitq də, nitq mədəniyyəti də insana məxsusdur. Həyatda baş verən hər bir hadisəni estetik surətdə dərk edib qavrayan insan, əsasən, bədii dil və sənətkarlıq, nitq, habelə estetik zövq, bədii obraz, bədii ustalıq kimi estetik kateqoriyaların tədqiqində özünü göstərir.
Hələ qədim yunan filosofu Aristotel «Poetika» əsərində bir sıra dil qanunauyğunluqlarını estetikanın kateqoriyaları baxımından şərh edir. «… ifadələri bir-birinə nə isə xüsusi bir tərzdə qataraq istifadə etmək lazımdır ki, qlossa, metafora, zinət və digər bu kimi başqa növlər nitqin təravət və ucalığını aşağı endirib yıpranmış hala salmasın, ümumən işlənən sözlər isə nitqə aydınlıq gətirsin. İfadənin aydınlığına, səlisliyinə sözlərin uzadılması, qısaldılması və dəyişdirilməsi az təsir etmir, sözlər yeni şəkildə səsləndiyindən nitqi təravətləndirir».
Bu gözəllik qanununa əsaslanıb dilin ahəngdarlığına, zərifliyinə, musiqililiyinə və başqa estetik keyfiyyətlərinə dair maraqlı əsər yaradır.
Həmin əsərlərdə klassiklərimizin yaradıcılığında dilimizin gözəlliyini əks etdirən poetik ifadələr, bədii vasitələr, qanadlı sözlər, onların rəngləri, məna çalarları, zövqü oxşayan müasir şəxs adları, yer adları və s. öz əksini tapmışdır».
Gətirilən sitatlardan da aydın olur ki, natiqlik sənəti, nitq mədəniyyəti nə qədər estetikaya yaxın bir elmdir. Estetikanın əsas kateqoriyalarından biri olan gözəllik ən ümumi və geniş anlamdır. Estetik qiymətləndirmə isə insan təfəkkürünün məhsuludur. Bu əsas şərtdir. Nitqin qurulmasında qeyd olunan bu prinsiplər mühüm rol oynayır. Gözəl nitq dinləyiciyə estetik zövq və ləzzət verir. Auditoriyanı məftun edir, dinləyicilərin fəallığını artırır. Estetik kateqoriya olan «gözəllik kateqoriyası daxilində qəşənglik, gözəllik, incəlik, heyranlıq kimi bölgülər», dərəcələr və rənglər tapmaq olar. Habelə komiklik kateqoriyasında gülüş, rişxənd, istehza, ifşa, yumor, satira, parodiya kimi müxtəlif münasibət dərəcələri və boyaları vardır. Bunlardan başqa fəlsəfə elminin bir sıra kateqoriyaları (mündəricə, forma, materializm, idealizm, ideyalılıq və s.) estetika elmində də işlənməkdədir. Bu elmin incəsənətə aid bəhsində sənətşünaslıq məfhumlarından, düstur və istilahlarından da istifadə olunur. Əlbəttə, canlı həyat və incəsənət hadisələri, insanların estetik fəaliyyəti bu düsturların, istilah və kateqoriyaların hamısından zəngin və rəngarəngdir. Amma, hər halda bu kateqoriyalar həyatın estetik təzahürlərinin tipik və ümumi cəhətlərini əhatə və ifadə edə bilir».
Deməli, estetika elə bir elmdir ki, onu həyatın bütün sahələrinə şamil etmək mümkündür. O ki qaldı nitq mədəniyətinə, natiqlik sənətinə və incəsənətin digər növlərinə, estetika onlarla nəinki əlaqədə, hətta birgə inkişaf edir. Nitq mədəniyyətinə xas olan müəyyən prinsiplər, qanunauyğunluqlar, mündəricə, forma və məzmun, ideyalılıq və s. məsələlər həm də estetikanın tədqiq obyektidir. Gözəlliyə, gözəllərin tərifinə yüksək qiymət verən böyük Azərbaycan şairi Nizami Gəncəvi «Leyli və Məcnun» poemasında Leyli surətini estetik bir dil zənginliyi ilə belə ifadə etmişdir:
Murad dastanının ilk səhifəsi,
Gözəllik mülkünün baş sərkərdəsi,
Yeddi ulduz kimi gözəl camallı,
O göylər duruşlu, göylər cəlallı,
Gözəl cəlalına ay həsəd çəkən,
Hüsnüylə sərvin də bağrını sökən.
Ümidi, qorxunu mat qoyan hünər,
O, aydan, günəşdən irs alan dilbər,
O, bütpərəstlərin səcdə mehrabı.
O, saray qəndili, gülşən gülabı...
Hüsnün, gözəlliyin ziynət mayəsi
Şəkər dillilərin naz sərmayəsi...
Böyük şairin bu kəlamından sonra gözəlliyi, sözü, söz sənətini ifadə etmək üçün yeni bir söz deməyə sözün qüdrəti çatmadı.
Nitq mədəniyyətinin əlaqədə olduğu elmlərdən biri də fiziologiyadır. Nitqin əmələ gəlməsində orqanizmin bir sıra üzvləri iştirak edir. Nitqin əmələ gəlməsində fiziologiyanın tədqiq obyekti olan danışıq üzvləri (ağ ciyər, boğaz, qırtlaq, ağız boşluğu, burun boşluğu, dilçək, üst damaq, alt çənə, dil, diş, dodaqlar), əsəb sistemi mühüm rol oynayır. İnsan nitqinin əmələ gəlməsində və öyrənilməsində fiziologiyanın əvəzsiz xidməti vardır. Nitq prosesində fəaliyyət göstərən səslər ictimai mənası olan səslərdir.
Əgər normal insanın «nitq prosesində fəaliyyət göstərən üzvlər»i möhkəm və mürəkkəb sistem halındadırsa, bunların birinin zədələnməsi nəticəsində nitq prosesində müəyyən çatışmazlıq, anormallıq əmələ gələ bilər. Məsələn, beyinin zədələnməsi nitq fəaliyyətinin pozulmasına səbəb olur. İnsan beyninin müəyyən hissələrinin zədələnməsi nəticəsində nitq fəaliyyətində bu və ya başqa qüsurlar yaranır. Belə ki, xəstələrin bəzisi sözləri tələffüz edə bilmir, digəri dərketmə qabiliyyətini itirir və s. Nitq fəaliyyətinin pozulmasına səbəb olan başqa faktlar da vardır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin əsəbilik nəticəsində də nitqin pozulması halları baş verə bilər.” (A.Qurbanov)
Nitqin əmələ gəlməsində iştirak edən danışıq üzvlərindən hər birinin möhkəm və sağlam olması əsas şərtdir. Bu üzvlərdən birinin anormallığı mütləq nitqə qüsur gətirir. Məsələn, dilin böyüklüyü səslərin düzgün tələffüz olunmasına (r səsi l kimi, ş səsi s kimi, j səsi z kimi tələffüz olunur) mane olur. Nitqin səlis ifadə olunmasında, səs tembrlərindən düzgün istifadə edilməsində eşitmə üzvünün də mühüm rolu vardır.
Son vaxtlar natiqlik sənəti cəmiyyətin inkişafı ilə əlaqədar bir çox nailiyyətlər əldə etmişdir. Son dövrün məhsulu olan kibernetika da nitq mədəniyyəti ilə əlaqəli xassəyə malikdir. Kibernetikada istifadə olunan rabitə və informasiya sistemi natiqlik sənətində, xüsusilə də nitqin hazırlanmasında istifadə olunur. Bundan əlavə, kibernetik maşınların köməyi ilə sözlərin işlənmə tezliyi, lüğət tərkibinə daxil olan sözlərin təhlili, səslərin və fonemlərin tədqiqi, cümlədə söz sırası, mətnlərin tərcümə olunması və s. məsələlər öz həllini tapır.
Kibernetik maşınlar həm də nitqə xidmət edən bir sıra amilləri özündə birləşdirir. Məsələn, yazılmış nitqin məzmununu olduğu kimi yaddaşına köçürür. İstənilən vaxt həmin nitqi bu maşın vasitəsi ilə əldə etmək olar. Beləliklə, natiq yazılı nitqin üzünün koçürülməsini, dinləyicilərə çatdırılmasını tezləşdirir və səliqəyə salır. İndi kibernetik maşınlar vasitəsilə natiqlik sənətinin son nailiyyətləri tədqiq olunur, öyrənilir.
Nitq mədəniyyəti eyni zamanda fəlsəfə ilə də əlaqəlidir. Fəlsəfə insanlarda müəyyən bir dünyagörüşü yaradır, həm də obyektiv gerçəklikdə onun yerini müəyyənləşdirir. İnsan onu əhatə edən aləmdə nə qazanırsa, fəlsəfənin dialektik qanunları ilə əlaqələndirir. Bu dərketmə istər yazılı nitqlə, istərsə də şifahi nitqlə reallaşır. Hətta fəlsəfənin bəzi prinsipləri, nitqin prinsipləri ilə üst-üstə düşür.
Nitq mədəniyyəti ilə daha geniş şəkildə əlaqədə olan elmlərdən biri də məntiqdir. Məntiq təfəkkür qanunlarından bəhs edir. Ona görə də nitq mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Məntiq elminin əsas tədqiqat obyekti və predmeti təfəkkür prosesidir. Nitq mədəniyyətinin əlaqədə olduğu digər elmlərdən fərqli olaraq, məntiq bizi əhatə edən obyektiv gerçəkliyin dərk olunmasını tədqiq edir. Bu xüsusiyyət onu digər elmlərdən fərqləndirir və düzgün təfəkkürün formalarını, qanunlarını, həyatı dərk etmə yollarını öyrənir. Dil təfəkkürün maddi forması kimi fəaliyyət göstərir. Nitq isə dilin cilalanmış, rəngə, boyalara salınmış təzahür formasıdır.
Natiq dilin bütün incəliklərindən istifadə edir. Nitqini qurarkən bir çox çətinliklərlə üz-üzə qalır. Nitqimi necə qurum, fikrimi necə ifadə edim? Faktları, dəlilləri dinləyici ilə necə bölüşüm?-kimi suallar ilə qarşılaşır. Bu zaman natiqin köməyinə məntiqi qanunlar gəlir. Natiq məntiqin vasitələrindən zərgər dəqiqliyi ilə istifadə edir. Bu da təbii bir prosesdir. Çünki məntiq şüurumuzla birbaşa bağlıdır. Məntiq şüurla bağlı olduğu üçün, nitqlə də qırılmaz tellərlə bağlıdır. Əgər məntiqin qanunlarından düzgün istifadə etməsək, nitqimiz dolğunluğunu, zənginliyini, düzgünlüyünü itirər. Çünki məntiq fikrin təzahür formalarını öyrənir.
Bunları vəhdət halında qəbul edən natiq dolğun və zəngin nitq yaratmağa nail olur. Hər bir məntiqi kateqoriyanın araşdırılmasında, onun mahiyyətinin açılmasında nitq xüsusi rol oynayır. Natiq nitqin gözəl aşılanması üçün düzgün təfəkkürə meyl etməlidir. Məhz, düzgün təfəkkür dəqiq nəticələr əldə etməyə imkan verir. Bura sübutları, mühakimələri, mülahizələri də əlavə etmək olar. Bundan əlavə nitqin əsas prinsinlərindən olan və onun əsasını təşkil edən fonetik (bura intonasiya, vurğu, sözlərin düzgün hecalanması), leksik, morfoloji, semantik, sintaktik sistemin öyrənilməsində də məntiqi kateqoriyalar mühüm rol oynayır. Onu da qeyd edək ki, məntiq həmişə filologiya elmləri ilə sıx əlaqədə olub və onların öyrənilməsində, araşdırılmasında, müəyyən nəticələr əldə etməyə imkan və şərait yaradıb. Çünki düzgün və məntiqi təfəkkür olmadan elmdə heç bir nailiyyət əldə etmək olmaz. Əslində məntiq bütün elmlərin tədqiqində istifadə olunan bir üsuldur. Bütün elmlər ümumidən xüsusiyə və ya əksinə, xüsusidən ümumiyə gedən tarixi yolu aydınlaşdırır.
«Tarix çox böyük ölçüdə ümumi və təkcə, zəruri və təsadüfi, başlıca və ikinci dərəcəli və i.a. hadisələrin qəribə bir çulğaşmasıdır. Tarixi proseslər müxtəlif nöqteyi-nəzərdən, müxtəlif üsullarla öyrənilir. Bunlardan biri tarixi öyrənərkən hadisələrin bütün təfərrüatını, bütün rəngarəngliyini nəzərdə tutur. Bu tarixi tədqiqat üsuludur. Digəri tarixi prosesdə təkrarlanan ümuminin öyrənilməsini nəzərdə tutur. Bu artıq məntiqi üsuldur. Məntiqi üsul əslində tarixi üsuldur, lakin çoxlu təfərrüatdan, təsadüflərdən, təfsilatdan təmizlənmiş halda olan tarixi üsuldur.
Tarix və məntiqi tədqiqat üsulları vəhdət halındadır, axı bunların köməyi ilə eyni bir predmetin meydana gəlməsi və inkişafı öyrənilir. Bunlardan birinin unudulması və ya digərinin mütləqləşdirilməsi nəzəriyyədə və praktikada ciddi səhvlərə gətirib çıxarır. Tarixi üsula laqeydlik göstərilməsi subyektivizmə, predmetsiz nəzəriyyəbazlığa, real tarixi proseslə əlaqələndirilməyən məntiqi mülahizələrə gətirib çıxarır. Məntiqi metodun unudulması isə bu prosesi ümumilikdən, daxili əlaqədən məhrum olan emprik faktorlar yığını kimi təsəvvür etməyə gətirib çıxarır.
Predmeti onun hərəkəti və inkişafı halında, onun daxili əlaqələri halında tədqiq etmək üçün daha bir üsul abstraktdan konkretə yüksəltməkdir». (A.Afanasiyev)
Sitatdan bəlli olur ki, məntiqi və tarixi idrak üsulları nitqdə aparılan ümumiləşdirmələr və konkretləşmə fikrin ifadəsinə (istər zəif fikrin, istərsə də dolğun fikrin) xidmət edir. Ona görə də filosoflar məntiqi fikri ifadənin təzahür forması kimi qəbul edirlər (İstər formal məntiqi, istərsə də dialektik məntiqi). Fikrin dolğunluğu, zənginliyi, elmiliyi hələ nitqin qəbul olunması demək deyildir. Nitqdə qoyulan elmi məsələ (mübahisə də demək olar) əsaslı surətdə faktlarla, sübutlarla təsdiq olunmalıdır. Məhz, bu mərhələdən sonra məntiqi şəkildə dinləyiciləri razı salmaq olar.
Ümumiyyətlə, hər hansı bir elmi kəşf, irəli sürülən fikir, ixtira təcrübədən və sınaqdan keçirilir, sonra ona müəlliflik şəhadətnaməsi verilir. Bu yenə də məntiqi təfəkkürə əsaslanır. Məntiqi təfəkkür isə öz növbəsində yüksək inandırıcılıq qabiliyyətinə malik olur.
Natiq nitqini qurarkən (mövzusundan asılı olmayaraq) məntiqi təfəkkürün qanunlarını dərindən bilməli və fikrini şüurlu surətdə ifadə etməlidir. Bu nitq mədəniyyətinin əsas amillərindən biridir. Qeyd edək ki, bəzi natiqlər bu qanunauyğunluqlara məntiqin qanunlarını bilmədən əməl edirlər. Bu nitq mədəniyyətinin məntiqi təfəkkürlə nə qədər yaxın olduğunu sübut edir.
Məntiqi qanunların nitq üçün nə qədər əhəmiyyətli olduğunu aydınlaşdırmaq üçün bir anlığa fikirləşək ki, hər hansı bir mövzuda nitq hazırlayırıq və bu nitqdə məntiqi təfəkkürə aid qanunları, normaları işlətməyib, onların üstündən sükutla keçirik. Əvvəla, nə qədər çalışsaq da, bu mümkün deyil. İmkan daxilində məntiqi təfəkkürə xas olan qanun və normalardan az istifadə edək. Sonra yazdığımız nitqi oxuyaq. Hər halda (əgər buna nitq demək mümkünsə) özümüz nitqin ilk tənqidçisinə çevriləcəyik. Deməli, nitq mədəniyyətini məntiqi təfəkkürdən ayırmaq qeyri-mümkündür.
Nitqin aydın, məntiqi olmasının xüsusi əhəmiyyəti vardır. Bunun üçün hər hansı bir obyektin, məfhumun, əşyanın hissələrini əks etdirən ən sadə, elementar anlayışdan, getdikcə daha mürəkkəb anlayışa, elmi nəzəriyyəyə, sistemə doğru hərəkət etmək lazımdır. Ona görə də məntiqi təfəkkürün müxtəlif forma və qanunları vardır. Bunlardan dörd əsas qanunu nəzərdən keçirək:
Öz üzərində çalışan, natiq olmaq istəyən hər bir şəxs bu dörd əsas qanunu dərindən bilməlidir.
Eyniyyət qanunu əsas qanunlardan biridir. Bu qanunun xüsusiyyəti ondan ibarətdir ki, hər hansı bir predmet, əşya, məfhum, obyekt halında yürüdülən fikir (burada mübahisə də, mühakimə də ola bilər) eyni, birmənalı olmalıdır. Buradan elə bir nəticə çıxmamalıdır ki, natiqin nitqində şərh etdiyi hər hansı predmet ətalətdədir. Predmet də, həyat da inkişaf edir, dəyişir. Natiq təsvir etdiyi predmeti daha dərində öyrənir və birmənalı şəkildə mövzusunda əks etdirdiyi məfhuma münasibətini bildirir. Natiq nitqində təyin etdiyi predmeti pərakəndəlikdən qurtarır. Eyni zamanda ona birmənalı yanaşır və müəyyən nəticələr əldə edir.
Əlimizdə olan materialların bolluğundan istifadə edib belə bir nəticəyə gəlirik ki, eyniyyət lap qədim dövrlərdən, şifahi xalq ədəbiyyatından bu günümüzə qədər yazılmış hər hansı bir ədəbi növdə, məqalədə, rəydə və s. janrların yaranmasında özünə möhkəm yer tutmuşdur. Eyniyyət hər yerdə- cəmiyyətlə insanlar, təbiətlə canlılar arasında yaranıb inkişaf etmişdir. Buna görə qədim insanlar təbiətlə öz aralarında bir yaxınlıq, eynilik hiss edirdi. Ona görə də qədim xalqların yaratdığı hər hansı bir abidənin kökü eynidir, lakin bu eynilik sonralar insanların təxəyyülünə, təfəkkürünə təsir edib fərqlənmişdir. Mirəli Seyidova istinad edən İ.Musayev yazır:
«Hər bir xalqın şifahi yaradıcılığı orijinaldır, doğmadır, özünəməxsusdur. Bununla belə, həmin yaradıcılıq prosesi müəyyən yad təsirlərə də məruz qalmışdır. Belə ki, xalq istilalara məruz qaldıqca onun yaddaşına hücumlar edilib, lakin onu tamamilə dağıtmaq, yox etmək heç kəsə müyəssər olmayıb.»
Təbiəti dərketmədəki oxşarlıq, bəlkə də eynilik xalqların təfəkkür tərzində, düşüncəsində oxşarlıq yaratmışdır. Bu oxşarlıq həm də xalqların həyat tərzindəki yaxınlıqla bağlıdır.
Məşhur Amerikalı türkoloq — alim (şumerşünas) S.N.Kramerə istinad edən İ.Musayev yazır: «Şumer atalar sözü ən azı üç min beş yüz il bundan əvvəl yazıya alınmışdır ki, bunların da əksəriyyəti yəqin daha qədimlərdə yaranmış, şifahi şəkildə nəsildən-nəslə keçərək yaşamışdır. Bunlar bizdən hər cəhətcə fərqli bir xalq tərəfindən yaradılmışdır. Bu xalqın öz dili, öz coğrafi mühiti, öz adət-ənənəsi, öz dini, öz siyasi və iqtisadi prinsipləri olmuşdur. Lakin bütün onlarla birlikdə qədim Şumer atalar sözü heyrətamiz dərəcədə bizimkinə yaxındır. Biz onlarda da öz arzu və ümidlərimizin, öz zəiflik və çətinliklərimizin, öz görüşlərimizin inikasını çox aydın bir şəkildə görməkdəyik».
Deməli, bütün xalqlar ayrı-ayrılıqda eyni nəticələrə gəliblər. Axı bütün xalqların bioloji kökü birdir. Bioloji kökü bir olanların düşundükləri və təsəvvürlərinin kökü də bir olmalıdır. Belə olan halda, hansısa xalq düşüncə tərzini hansısa xalqdan götürüb — konsepsiyası kökündən yanlışdır. Çünki bu cür yanaşma xalqların kökünə ayrılıq salır, bəzi xalqların qədim, bəzilərinin törəmə olduğu ideyasını yaradır və nəticədə əsassız mübahisələr və lazımsız müharibələr üçün bəhanə yaradır.
Eyniyyət qanununun əsas xüsusiyyətlərini, cəmiyyətin və təbiətin inkişafında nə kimi rol oynadığını natiq nəzərdən qaçırmamalıdır.
Ziddiyyət qanunu. Bu qanun da natiq üçün əhəmiyyət kəsb edir. Natiq bu qanunu da dərindən öyrənməli və nitqində yerli-yerində istifadə etməlidir. Bu qanun söylənilən zidd fikrə münasibəti ifadə edir. Hər hansı bir predmetə, hadisəyə münasibət bildirən şəxslərin dünyagörüşü müxtəlif olduğu üçün, onların irəli sürdüyü konsepsiya da rəngarəng olur. Yəni fikirlərin biri düzgün, o biri yanlış ola bilər. Bu, nitqin mübahisəli, canlı ifadə olunmasına şərait yaradır və düzgün yeridilən fikri müdafiə edir. Ziddiyyət qanunu irəli sürülən iki zidd fikrin birini təsdiq, o birini təkzib edir. Yəni fikirlərdən biri düzdür. Lakin onu yaddan çıxarmaq olmaz ki, bu prinsip predmetin müəyyənliyinə, onun varlığına arxalanır. Məsələn, tutaq ki, «bu gələn mənim dostum Akifdir», eyni zamanda «bu gələn mənim dostum Akif deyil» fikrini iddia edə bilərik. Ona görə ki, bu fikirlərin yalnız biri doğru ola bilər. Məntiqi ziddiyyət qanunu belə fikirlərin işlənməsinə yol vermir. Ziddiyyət qanunu elmi nəzəriyyələrin, sınaqdan çıxmış ixtiraların, düsturların, təriflərin ifadə olunmasında nitqə daxil edilir. Məsələn, hamı bilir ki, isim əşyanın adını bildirir, sifət əşyanın əlamət və keyfiyyətini bildirir və yaxud atalar sözü, zərbi-məsəllərin bu qanuna heç bir ehtiyacı yoxdur. «İgidin igiddən ehtiyatı artıqdır», «Saxla samanı, gələr zamanı», «Mərdi qova-qova namərd edir» və s.
Bəzən elə hallar da olur ki, yürüdülən fikirlərin heç biri düz olmur. Ziddiyyət qanunu hər iki fikrin səhv olduğunu aydınlaşdırır və düzgün hökm çixarılmasına imkan və şərait yaradır. Deməli, ziddiyyət həm həyatda, həm də sözdə özünü göstərir. Ona görə də işi ilə əməli düz gəlməyən adamlara ziddiyyətli adam kimi qiymət verirlər. Sözü ilə əməli, işi düz gəlməyən natiqlər müəyyən yığıncaqlarda, elmi-nəzəri konfranslarda, müzakirələrdə çıxış edərkən müvəffəqiyyət qazana bilmir, uğursuzluğa düçar olur. Ziddiyyət qanunu həyatın bütün sahələri kimi nitq mədəniyyəti ilə də əlaqəli şəkildə inkişaf edir və müxtəlif elmlər bu ziddiyyətlərlə məşğul olur. Ziddiyyətlər həm daxili, həm də xarici olur.
Müxtəlif elmlərin bu ziddiyyətləri müəyyən predmetin, məfhumun biri o birinə təsir göstərdiyi əks tərəflərin qarşılıqlı mübarizəsindən doğur, yaranır.
Xarici ziddiyyətlər isə müəyyən predmeti, məfhumu əhatə edən mühitlə, bu mühitin predmetlərlə ziddiyyətli münasibətlərindən irəli gəlir. Ziddiyyət qanunu əməli fəaliyyətin mühüm tələblərindən biridir. Ziddiyyət qanunu hadisələrin təhlil edilməsinə, fikirlərin sübut olumasına, idrak prosesinə də aiddir. Həyatın əsas qanunlarının şərhi məhz ziddiyyətdən başlayır.
Üçüncünü istisna qanunu iki fikrin birinin doğru, digərinin yalan olduğunu isbat edir. Üçüncü hökm və ya fikir ola bilməz. Yalnız düzgün təfəkkürdə bu qanun özünə yer tapır. Bəzi xüsusiyyətlərinə görə ziddiyyət qanununa oxşayır, lakin ondan fərqlənir. Bu fərq ondan ibarətdir ki, nitq zamanı ortaya çıxan mübahisədən aydın olur ki, fikirlərdən biri doğrudursa, şübhəsiz ki, digəri yalan olacaq, üçüncü fikir ola bilməz. Bu üçüncünü istisna qanunudur. Üçüncünü istisna qanunu həmişə zidd fikirlərə aid olur. Məsələn, Əli vaxtında gəldi. Əli vaxtında gəlmədi. Bu cümlələrdə biri doğru, o biri yanlışdır. Qıraqdan kimsə söhbətə qoşulub təkid etsə ki, vaxtında gələn Əli yox, Akifdir. Bu hökm yenə də Əlinin vaxtında gəlmədiyi hökmünü ifadə edir. Üçüncü orta bir fikir yoxdur. Üçüncünü istisna qanunu fikrin ümumi və xüsusi formalarını da ifadə edir. Bu zaman yenə də fikirlərdən biri yalan, digəri isə mütləq doğru olmalıdır. Üçüncü ola bilməz. Tutaq ki, natiq belə bir ziddiyyətli hökm irəli sürür.
Yenə də üçüncü hökm ola bilməz.
Onu da qeyd edək ki, natiq nitqində ziddiyyətli fikir söyləyirsə, üçüncünü istisna qanunundan istifadə edirsə, təsdiq ilə inkar arasında orta bir şey olmadığını, qeyri-müəyyənliyi dəqiqləşdirməli, bu problemi aradan qaldırmalı, fikrin yalanlığını açıb göstərməlidir. Bəzi natiqlər hiss etmədən bu prinsipin üstündən sükutla keçir. Lakin dinləyicilər tələbkar olduqda natiq çıxılmaz vəziyyətdə qalır. Belə olan halda natiqə üçüncünü istisna qanunu kömək edir.
Bəzən də elə olur ki, natiq məsələnin mahiyyətinə diqqət vermədən fikrin birinin doğru, digərinin yalan olduğunu təsdiq edir. Bu məsələnin həlli demək deyildir. Hətta dinləyicilərdə də mücərrəd bir anlayış yaradır. Buna görə natiq hökmü predmetin, məfhumun və ya hadisənin dərindən öyrənilməsi yolu ilə verə bilər. Üçüncünü istisna qanunu həm natiqin, həm də nitqin prinsipial olması, hadisənin düzgün şərhi üçün ən gözəl vasitədir. Natiq nitqini hazırlayarkən, fikrin gerçəkliyini, şəxsi biliyini, müşahidə və mülahizələrini gərgin əməyi nəticəsində başqa fikir və mülahizələrlə əlaqələndirməlidir.
Kafi əsas qanunu. Bu qanunun əsas xüsusiyyəti ondan ibarətdir ki, yürüdülən fikir dəqiq faktlara əsaslandırılmış olsun. Kafi əsas qanunu gerçəklikdə əks olunan fikirləri və müddəaları başqa bir fikirlə əsaslandırır. Kafi əsas qanunu məntiqi cəhətdən əsaslandırılmamış hər bir fikri rədd edir. Natiq nitqini qurarkən belə bir müddəa irəli sürə bilər ki, dünyada ilk yaşayış yeri, qədim insanların məskəni Azərbaycandır. Bu fikri təsdiq edən heç bir fakt, dəqiq məlumat, sübut yoxdur. Ona görə də kafi əsas qanunu pozulur, bu cümlədəki fikir başqa bir fikirlə əlaqələnə bilmir.
Yaddan çıxarmaq olmaz ki, nitq elə qurulmalıdır ki, hər bir fikrin, konsepsiyanın, müddəanın məntiqi əsaslandırılması nitqi məntiqsizliyə aparmasın, mövzunun məqsəd və vəzifəsi, məzmun və forması, ideyası müəyyən faktlara söykənmiş olsun. Məsələn, Bakı Azərbaycanın paytaxtıdır. Mən Bakı şəhərində yaşayıram. Azərbaycan şairlər diyarıdır və s. belə cümlələrdə kafi əsas qanununa heç bir ehtiyac hiss olunmur. Fikrin məntiqi cəhətdən doğruluğu heç bir şübhə yaratmır.
Deməli, nitqi qurarkən və yaxud şərh edərkən faktlara tez-tez müraciət düz deyil və buna heç ehtiyac da yoxdur. Təcrübə göstərir ki, hər bir faktı nitqə gətirmək onun şərhini çətinləşdirir. Natiq ümumi biliyi, konsepsiyanı kənarda qoyur, tək-tək predmetlər, hadisələr haqqında fikir yürüdür. Məsələn, bütün metallar qiymətlidir. Fikir belə ifadə olunur, metallar qrupuna aid olan mis, qızıl, aliminium, bürünc, gümüş və s. bu ümumi fikirdə əks olunur. Lakin qızıl qiymətli metaldır — dedikdə, xüsusi bir metaldan söhbət getdiyi oxucuya və ya dinləyiciyə dərhal aydın olur.
Kafi əsas qanunu təfəkkür prosesi ilə bağlı olduğundan, fikrin düzgünlüyü, əsaslandırılması üçün, gətirilən faktlara, dəlillərə, hökmlərə söykənir. Buna məntiqi əsas deyilir. Bu da həmişə real əsasla bağlı olur və əlaqə yaradır. Natiq kafi əsas qanunundan yerli-yerində istifadə etməlidir. Faktları əsaslandırmaq üçün natiqə həmişə müəyyən sübutlar lazımdır. Bəs sübut nədir? Sübutun xarakterinə, xüsusiyyətlərinə keçməzdən əvvəl bir məsələni nəzərdən keçirmək məqsədəuyğundur. Natiq nitqini qurarkən, hökmən sınaqdan çıxarılmış, təcrübədən keçmiş, elmi dəlillərlə ifadə olunmuş hökmləri üstün tutmalıdır. Əgər natiq bu konvensiyanı əsas götürməsə, onda nitqin məntiqi qanunlardan kənarda qalacağı şübhə doğurmur. Məsələn, natiq heç bir elmi əsasla əlaqələnməmiş fikirləri nitqə daxil edibsə, onda o, fakt qarşısında aciz qalacaq və ya fikrini əsaslandırmağa dəlil, sübut tapa bilməyəcək. Məsələn, sağ gözün səyriməsi xoş xəbərdən, sol gözün səyriməsi pis xəbərdən məlumat verir. Qaşığın yerə düşməsi qadın, bıçağın yerə düşməsi kişi qonağın gələcəyindən xəbər verir. Faktlara söykənməyən belə fikir və mülahizələri kafi əsas qanunu rədd edir. Odur ki, natiq bir məsələdən digərinə keçərkən fikirdə qırıqlıq hiss olunmamalıdır. Nitqdə irəli sürülən fikir əsaslandırılmış şəkildə olmalıdır. Fikirdəki mülahizələr həyati faktlara əsaslanmalı, aydın, konkret, səlis olmalıdır. Nitqin hər bir müddəası düzgün və sərrast nəticə ilə qurtarmalıdır. Natiq irəli sürdüyü hər bir konsepsiyanı sübuta yetirməlidir. Fikri sübuta yetirmək üçün məntiqi priyomlarından və üsullarından düzgün istifadə etməlidir. Sübut üç hissədən ibarət olur.
Tezis həqiqətə uyğun olmalıdır. Tezis gələcəkdə görüləcək işlərin həqiqi yolunu təmin edir. Lakin son vaxtlar natiqlik sənətinə uyğun gəlməyən, həqiqətdən uzaq tezislər də yazılır. Onu da qeyd edək ki, tezis bütün elmləri əhatə edə bilmir. Həyat hadisələrini əks etdirən tezislər bəzən özünü doğrulda bilmir. Məsələn, uzun illər təbliğ olunan dünya sosializm sistemi, bərabərlik, qardaşlıq və s. tezislər özünü doğrultmadı.
Əsas(dəlil). Elm aləmində təsdiq olunmuş, təcrübədən, sınaqdan çıxmış hər hansı bir əsas (dəlil) sübutun tərkib hissəsidir. Əsas, obyektiv gerçəklikdə məntiqi qanunların ən düzgün ifadə olunmasında mühüm rol oynayır. Əsas tezisə məxsus olan (həqiqətdən ibarət olan tezisdən söhbət gedir) fikir və iddiaların ən düzgün və doğru əsaslarla ifadəsi deməkdir.
Sübutetmə yuxarıda söylənilən tərkib hissələrin arasında (tezis və əsas (dəlil) əlaqə yaradır. Bu anlayış məntiqi qaydaların məcmusu deməkdir. Əsasən, nitq prosesində ardıcıllığa xidmət edir. Yuxarıda belə bir iddia irəli sürdük ki, sübut nədir?
Sübut. Ədəbi dilimizin izahlı lüğətinə istinad edən K. Əliyev yazır: «Hər hansı bir şeyin həqiqiliyini, düzgünlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil».
Natiqin nitqdə irəli sürdüyü müddəalar əsaslandırılmış olmalıdır. Nitq zamanı söylənilən nəzəri fikirlər sübutsuz qəbul edilmir. Natiq nitq prosesində bir fikrin, iddianın doğruluğunu başqa bir fikir vasitəsi ilə ifadə edir. Bu priyom sübutun bir üsuludur.
Sübutun üsulu bir sıra mərhələlərin ardıcıl əlaqəsi, hökmlərin silsiləsi olub, inandırıcı bir surətdə göstərməlidir ki, sübut edilən tezis məntiqi olaraq müqəddimələrdən və ya doğruluğu təcrübədə yoxlanılmış dəlillərdən çıxır. Ayrı-ayrı müqəddimələrin sadəcə mexaniki olaraq cəmlənməsi heç də sübut qüvvəsinə malik deyildir.
Natiq nitq zamanı fikrini ifadə edərkən sübutun müxtəlif üsullarından istifadə edir. Bu sübutlar isə özünəməxsus xüsusiyyəti ilə fərqlənir. Əgər natiq fikrini, müddəanı birbaşa faktlarla, dəlillərlə ifadə edirsə, bu müstəqil sübut adlanır. Əksinə, fikir və müddəanın doğruluğunu inkar etməklə yaranan sübut dolayı sübut adlanır. Təqsimi (yəni hissələrə bölmək) sübut bir faktı qəbul edir, digərlərini inkar edir. Bu, natiqin nitqində, əsasən o zaman baş verir ki, natiq nitqini şərh edir. İlk baxışda bu ümumi xarakter daşıyır, sonra hiss olunur ki, o hansısa fakta üstünlük verir və həmin faktı dəlillərlə əlaqələndirib fikrini inkişaf etdirir.
Bəzən də natiq nitqini şərh edən zaman sübut fikrə zidd olan başqa bir fikri rədd edir. Sonra üçüncünü istisna qanununa əsaslanıb, sübut edilən fikrin mütləq doğru olduğu qənaətinə gəlir. Bu üsul apoqogik (dolayı) sübut adlanır.
Sübutlarda çox vaxt sübut olunmuş hökmlərdən istifadə etməklə, dəlillərdən çıxan nəticələr əldə edilməlidir. Bu, əsl nitqdir, nümunəvi sayıla bilən biliklərin şərhidir. Belə nitqi dinləyicilər qəbul edir. İrəli sürülən fikirləri təsdiq edir. Əks təqdirdə, fikirlər qəbul olunmur, faktlar əsassız olur və təkzib olunur.
Təkzib Azərbaycan dilinin izahlı lüğətində belə izah olunur: Bir məlumatın, xəbərin, şayiənin və s. yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə. İzahdan aydın olur ki, nitq prosesində təkzib də mühüm əhəmiyyət kəsb edir. Təkzibdən, ən çox opponentlərlə aspirantlar və dissertantlar arasında gedən elmi mübahisədə istifadə olunur. Təkzibin tək və ya xüsusidən ümumiyə doğru inkişaf edən xətti də mövcuddur ki, buna da induksiya deyilir.
İnduksiya latınca yönəltmə mənasını verir. Nitq prosesində ayrı-ayrı hadisələrin ümumi nəticələrə doğru hərəkəti deməkdir. Məlumdur ki, qanun hadisələrdə təkrar olunan ümumi cəhətdir. Ümumi cəhət isə ayrıcadan başqa bir halda mövcud deyildir. İnduksiya əldə olunmuş bilik əsasında yeni predmetlərin, məfhumların öyrənilməsinə köməklik göstərir. İnduksiya məfhumların bir qismi haqqındakı biliyin onların daha gec olan başqa qisminə şamil edilərkən məzmununu dəyişdirmir. Buradan induksiyanın məhdudluğu meydana çıxır ki, buna da natamam induksiya deyilir. Lakin aparılan təhlil və sintez, ümumiləşdirmələr induksiyanın tamlığını təmin edir. Buna isə tam induksiya deyilir. Tam induksiyada nəzərdən keçirdiyimiz problem bütün halları ilə tədqiqatçıya məlum olmalıdır. Nitqdə düzgün ümumiləşdirmə aparmayanda induksiya pozulur. İnduksiya hadisələrin öyrənilməsində qanunauyğunluqları, səbəbi, məqsədi elmi şəkildə araşdırır və təsdiq edir. Buna da elmi induksiya deyilir.
Elmiinduksiya. Hadisələri, müşahidələri, mülahizələri araşdıran natiq onu təhlil edir və faktın mühüm əlamətini üzə çıxarır. Elmi induksiya müşahidə və müqayisədən başlanıb, təcrübə apararkən səbəbin əlaqəsini təsdiq edir və müxtəlif metodların köməyi ilə fikri aydınlaşdırır. Bu metodların — a) oxşarlıq, b) təfavüt, c) qalıqlar, d) dəyişmələr tətbiq edilməsi nitq prosesində (istər yazılı, istərsə də şifahi) ayrılıqda götürülmür. Onlar tam formada götürülür və bir-birini tamamlayır. Nitq yazılarkən bir üsuldan da istifadə olunur ki, bu da deduksiya adlanır.
Deduksiya latın mənşəli olub hasiletmə deməkdir. O, fikrin ümumidən xüsusiyə doğru hərəkəti prosesidir. Bütövlükdə götürülən predmetlər haqqında olan biliyi hər hansı predmetə şamil edir. Deduksiyadan, əsasən, elmi işlərin yazılmasında daha çox istifadə olunur. Elmi nəzəriyyə qurmaq üsulu kimi tədqiqatçıların ən çox müraciət etdiyi bir üsuldur. Məsələn, deduksiya üsuluna aid aksiom metodu sübutsuz qəbul edilən müddəalardan, konsepsiyalardan ibarət olan aksiomaların məcmusundan müəyyən qaydalar və qanunlar əsasında əldə edilir.