Tələffüz nitqin şifahi qoluna aiddir. Natiq yazdığı nitqi şərh edərkən və ya nəyin isə haqqında danışarkən onun tələffüzü mühüm rol oynayır. Tələffüz nümunəvi nitqin mühüm amilidir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Nitqin gözəlliyinə xidmət edən diksiya aktyor, müəllim, diktor üçün çox mühümdür. Hər bir natiq nitqini şərh edərkən, emosionallığa ciddi riayət etməlidir. Çünki diksiya emosionallıqla bilavasitə əlaqədardır. Dinləyicilərin diqqətini cəlb edən məsələlərdən biri də nitqdə səs tembrindən düzgün istifadə olunmasıdır. Natiq nitqi şərh edərkən auditoriyanı nəzərə almalı və səsin tembrini ona uyğun şəkildə qurmalıdır. Nitqdə təsvir olunan hadisələrlə yaşayan natiq səsinin tembrində də bunu hiss etdirməlidir. Yeri gəldikcə tempi dəyişməlidir.
Nitqin ümumi şərhi isə orta tempdə olmalıdır. Səsin eşidilmə dərəcəsi natiqin ustalığını nümayiş etdirir, bu diksiya üçün gözəl zəmin yaradır. Nitq zamanı tələsmədən, aramla danışmaq mühüm rol oynayır. Tez-tez danışmaq, dilin topuq vurması, ağız quruması, yersiz udqunmalar diksiyanın pozulması deməkdir. Diksiyada natiq ağ ciyərdən gələn hava axınını da düzgün tənzimləməlidir. Nitq prosesində tənəffüs sistemi pozulursa, onda diksiya da pozulur. Belə nitqin təsir qüvvəsi zəifləyir və dinləyicilərin diqqətinin yayınmasına səbəb olur. «Danışarkən cümlənin təkcə məzmunu deyil, həm də nə məqsədlə söylənilmiş olması sözlərin necə səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən, əksinə, qısalır, daha da alçalır, bəzən uzanır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur, bəzən isə, əksinə, qarışıq bir silsilə təşkil edir. Bununla da nitqin ritmik və melodik cərəyanı formalaşır ki, buna avazlanma (intonasiya) deyilir».
Gətirdiyimiz sitatdan aydın olur ki, intonasiyadan (sitatda onu mərhum professor Ə.Dəmirçizadə avazlanma adlandırsa da, intonasiya terminindən istifadə edəcəyik) natiq öz nitqində işlətdiyi ara sözləri, sual cümlələri, xitabları, nidaları, əlavələri, xüsusiləşmələri düzgün tələffüz etmək üçün (bura vurğunu da əlavə etmək olar) istifadə edir. Həmcins üzvlər arasında cümlələrin sadalanmasında intonasiyanın təkrar olunması nitqdə hiss olunmalıdır. İntonasiya mürəkkəb bir hadisədir. Buna səs tonunun alçalıb yüksəlməsi, nitqin sürəti, tələffüzün qüvvətləndirilib zəifləndirilməsi, cümlə daxilində fasilənin olub-olmaması və s. daxildir. İntonasiya təsdiq cümlələrini sual və nida cümlələrindən, tabesizlik əlaqəsini tabelilik əlaqəsindən fərqləndirmək üçün imkan yaradır, intonasiya mənaya görə cümlənin müəyyən hissəsini ayırmağa da imkan verir. İntonasiya vasitəsi ilə şübhə, təəccüb, şadlıq, qəmginlik, kədər və s. kimi hisslər ifadə edilir.
İntonasiyadan düzgün istifadə etmək nitqin mənasını yaxşı başa düşməyə kömək edir. Görkəmli şairlərin və bədii söz ustalarının şeir oxuyarkən intonasiyadan bacarıqla istifadə etdikləri bizə məlumdur. Onlar intonasiyadan düzgün istifadə edərək, əsərlərin məzmun və mənasını, eyni zamanda onları yaradarkən, şairlərin keçirdikləri hiss və həyəcanları məharətlə dinləyicilərin şüuruna çatdıra bilirlər. Natiq nitqi şərh etdiyi zaman çalışmalıdır ki, dinləyici onun səsindən yorulmasın, əksinə, estetik ləzzət alsın. Natiqin nitqi avazlanma vasitəsi ilə dinləyicilərdə xoş əhval-ruhiyyə yaratmalıdır. Natiq nitqini şərh edərkən sazəndələr musiqi alətlərindən hansı məharətlə istifadə edirlərsə, o da elə ustalıqla fikrini ifadə etməli və dinləyicilərin zövqünü oxşamalıdır.
Orfoepiya yunan sözü olub düzgün nitq deməkdir. Orfoepik normalar da dilimizin şifahi qoluna aiddir. Orfoepiya şifahi nitq üçün səciyyəvi nə varsa hamısını əhatə edir. Orfoepiyanın tədqiqat obyekti aşağıdakılardır:
Deməli, orfoepiya ümumi normalar əsasında yaranan fonetik qayda-qanunların bir-biri ilə bağlı məsələlərini tədqiq edir, öyrənir. Bəzən orfoepiya dar mənada tədqiq olunur. Bura yalnız tələffüz anlayışı daxil edilir. Lakin orfoepiya çox geniş bir anlayışdır ki, bu anlayışlar hər biri ayrı-ayrılıqda nitqin əsas amillərindən birini təşkil edir. Məsələn, səslərin hansı şəraitdə tələffüz olunması, sözün əvəlində, ortasında, axırında işlənməsi, məxrəc sabitliyinə görə, yanaşı işləndikdə hansı xüsusiyyətə malik olması və sair məsələlər orfoepiyanın tədqiq obyektdir. Bura intonasiya və vurğunu da əlavə etmək olar. Orfoepiya həm də alınma sözlərdə vurğunun düzgün tələffüz olunmasına da kömək edir. Orfoepiya ilə nitq sürəti məsələsinin də müəyyən dərəcədə əlaqəsi var. Hətta orfoepik üslub növlərini müəyyənləşdirən əlamətlər sırasında sürətin də nəzərə alınması zəruri sayılır. Nəhayət, belə bir cəhəti də yada salmalıyıq ki, orfoepiya, ümumiyyətlə, şifahi ədəbi dilin normalar sistemi anlayışı ilə bağlı olduğundan, şifahi ədəbi dilin müxtəlif üslubları ilə əlaqədar bir sıra əlamətdar cəhətləri də əhatə edir. Sitatdan göründüyü kimi, orfoepiya geniş bir anlayışdır. Ədəbi dilin normaları ilə, üslublar sistemi ilə qırılmaz şəkildə bağlıdır. Orfoepiya həm də yüksək mədəni nitq üçün insanın dil qabiliyətinin inkişafına, püxtələşməsinə zəmin yaradır. Natiq nitqini şərh edərkən, fonetik qanunları, fonetik hadisələri və onların tələffüzündən irəli gələn xüsusiyyətləri nəzərə almalıdır. Bəzi natiqlər nitqlərində kitab üslubuna üstünlük verir. Yəni söz necə yazılırsa, elə də tələffüz olunur. Bu qətiyyən düz deyil, onda nitq quru çıxır və dinləyicilərin yorulmasına səbəb olur. Bəzi natiqlər nitqlərində dialekt sözlərə yer ayırır. Bunlar da öz növbəsində orfoepiyanın pozulması deməkdir. Hər bir natiq fikrini necə şərh edirsə etsin, fərqi yoxdur, orfoepik normalara riayət etməlidir. Fikir həm məzmun və forma, həm də ideya məntiqi əsaslar üzərində qurulmalıdır. Natiq nitqini qurarkən orfoepiyanın normalarını və ünsürlərini nəzərə almalıdır. Bu ünsürlər isə aşağıdakılardır:
Bu dörd ünsürə riayət edən natiq nümunəvi nitqə nail ola bilir. Fasilə nitq prosesində mühüm rol oynayır. Bəzən fasilə durğu işarələri hesabına edilir. Lakin şifahi nitqdə fasilə mənaya görə edilir. Çünki şifahi nitqdə orfoqrafik işarələr görünmür. Natiq cümlənin mənasına əsasən fasilədən istifadə edir. Fasilə nitqin ikimənalılığını aradan qaldırır, xitabların, ara sözlərin, müqayisə edilən birgə sözlərin düzgün işlənməsini təmin edir. Natiq nitqində həm heca vurğusuna, həm məntiqi vurğuya, həm həyəcanlı vurğuya qarşı diqqətli olmalı, müəyyən məna çalarlığını dərindən bilməlidir. Natiq həm güclü vurğuya (ona dinamik vurğu deyilir), həm də avazlı vurğuya (buna tonik vurğu deyilir) düzgün əməl etməlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan dilində sabit vurğudur. Natiq onu da bilməlidir ki, dilimizdə işlənən şəkilçilər vurğunu qəbul edir və sözdə vurğunun yeri dəyişir. Burada vurğu qəbul edən şəkilçilər nəzərdə tutulur (dilimizdə vurğu qəbul etməyən şəkilçilər də var). Məsələn: Yaz-ı-çı-lıq-dan, iş-çi-lər-dən, tək-mil-ləş-dir-il-miş-lər-dən və sair. Misallardan aydın olur ki, vurğu şəkilçilərin artırılması ilə əlaqədar yerini dəyişir. Natiq vurğu qəbul etməyən şəkilçiləri də bilməlidir. Əks təqdirdə sözlərin mənasını düzgün ifadə edə bilməz. Məsələn: alma-alma, çəkmə-çəkmə, vurma-vurma və s.
Ahəngdarlıq ünsürü də nitqdə böyük rol oynayır. Nəsr dilində nitqin parçalara bölünməsi bir ahəngdarlıq yaradır. Ahəngdarlıq isə natiqin işini asanlaşdırır və müəyyən nizama salır. Ahəngdarlıq natiqin əməyini yüngülləşdirir, onun rahat işləməsi üçün yüngüllük gətirir. Ahəngdarlıq həyatın bütün sahələrində özünü göstərir. Məsələn: nəbzin vurması, əsgərlərin yerişi, quşların uçuşu və s. Ahəngdarlıq təbiətin, cəmiyyətin inkişafında da daimi yer tutur: Dildə, rəqsdə, sənətdə belə müəyyən bir ahəng var ki, bu da müəyyən bir qanuna və nizama tabedir. Biz rəqsdə dinamik hərəkətləri, dildə nitq ünsürlərini görürük. Nəzmdəki ahəng nitq ünsürlərinin müvazinətli təkrarından doğur.
Nitq də belədir. Nitq müəyyən hissələrə bölünməklə bərabər, müəyyən bir nizam ilə təkrar edilirsə, ahəng təsiri yaranacaqdır. Əgər mənzum misralar mütəmadi olaraq uzanan mənsur bir parça ilə yanaşı qoyulursa, müvazinət, nizam, ahəng görünməyə bilər. Lakin eyni misralar bir ölçüdə olmaqla bərabər, müəyyən pauzalar (fasilələr) və durğularla davam edərsə, səslərin bu nizamlı əlaqəsindən mütləq ahəng doğacaqdır. S.Vurğunun «Şair, nə tez qocaldın sən»! şerində ahəngdarlığın, axıcılığın, hər misranın dərin məna kəsb etməsinin şahidi oluruq.
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir,
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir, deyir,
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal.
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən?
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım.
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım,
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən!
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan.
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək,
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm,
Əlimdədir hələ qələm.
Bilirəm ki, deməyəcək,
Bir sevgilim, bir də vətən:
Şair, nə tez qocaldın sən!
Bu misralardan sonra söz deməyə, ahəngdarlıqdan danışmağa heç bir natiqin haqqı yoxdur. Bu, əsl istedadın, sənətkarın, şair-natiqin qələbəsi və bu qələbənin təntənəsidir. Əsl natiq ustalıq nümayiş etdirərkən, nitqində bu cəhətləri hökmən nəzərə almalıdır. Doğrudur, bu nəsr dili ilə çox çətindir. Lakin bacarıqlı natiq bu cəhətlərdən məharətlə istifadə edir.
Ulu öndərimiz Heydər Əliyev öz nitqində bu cəhətləri layiqincə işlətmişdir.
«Heydər Əliyevin nitqləri auditoriyanın marağına, səviyyəsinə, dərketmə imkanına müvafiq gəlir -auditoriya ilə natiq arasında demək olar ki, hər dəqiqə psixoloji kontakt olur. Bunu aşağıdakı amillər təmin edir:
Ulu öndər Heydər Əliyev nə qədər zəngin, mürəkkəb, dərin intellektual təfəkkür sahibi olsa da heç bir çıxışında, məruzəsində, nitqində, yaxud replikasında Azərbaycan cəmiyyətinin sıravi üzvünün başa düşməyəcəyi, xüsusi şərh tələb edən fikirlər söyləmir, həmişə məzmunluluğu saxlamaqla maksimum sadə bir dillə — sadə sözlər, ifadələr, konstruksiyalarla danışır ki, bu da istənilən auditoriya ilə ən yüksək səviyyədə kontakta girməyə imkan verirdi. İkinci tərəfdən, Heydər Əliyev əzəmətli duruşu, iti baxışları, fikrin dəqiq çatmasına kömək edən təsirli səsi ilə auditoriyanın diqqətini dərhal özünə çəkməsi, əlinin bəzən asta, bəzən sərt, rəddedici hərəkəti ilə həmin auditoriyanı mahir, bir drijor kimi idarə edirdi — onu dinləyənlər özlərindən asılı olmayaraq həyəcanlanır, sözlərinə, mülahizələrinə reaksiya vermək həddində olurdular ki, bu da hər hansı bir natiq üçün böyük hünərdir.» (N.Xudiyev)
Heydər Əliyevin nitqlərinin təhlili üzərində apardığı tədqiqat işində N.Xudiyev natiqlik sənətinə, orijinal fikirlər gətirmiş və fikirlərini əsl natiq kimi əsaslandırmışdır. Şifahi nitqə verilən tələbləri dərindən şərh edən N.Xudiyev oxucunu sanki tilsimləyir, onu iclas zallarına aparır, hadisələrin şahidi edir.
Sürət şifahi nitqin dinləyiciyə çatdırılmasında mühüm rol oynayır. Natiq fikrini şərh edərkən tələsməməli, aramla çıxış etməlidir. Natiqin səsi, intonasiyası və zahiri əlamətləri haqqında fikir söyləyən K. Əliyev Siserona istinad edərək yazır:
«Natiqin fikrincə, təbiətin bağışladığı şaqraq və xoş təsir göstərən səsdən məqamına görə və məharətlə istifadə etmək lazımdır. Bir qədər sonra qeyd edir ki, səsin, nəfəsin, bədən üzvlərinin, nəhayət, dilin məşqi üçün elmi qaydaları öyrənmək yox, zəhmət çəkib öz üzərində yorulmadan çalışmaq lazımdır. Yumşaq səs, üzün təvazökar görünüşü, ruhu oxşayan nitq natiqin köməyinə çatır. Kəskin çıxış edəndə üzünün zahiri cizgilərini — mimikasını elə nəzərə çarpdırmalısan ki, tamaşaçılar sənin məcburiyyət qarşısında qaldığını dərhal hiss etsinlər.
Kim natiq olmaq istəyirsə, o, qəzəbli məqamlarda gərgin səslə, sakit axında yumşaq səslə, tərəddüd göstərəndə ona uyğun intonasiya ilə öz fikrini ifadə etməlidir.»
Zənnimcə, həmin sitat səsin nitqdə rolunu əks etdirsə də, müəyyən məqamlarda natiqə hadisələrin iştirakçısı olmağı tövsiyə edən Siseron səsin tempinin, sürətinin də hadisəyə uyğun qurulmasını məsləhət görür.
«Yüksək nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır. İstər məzmun, istərsə də zahiri cəhətdən düzgün olan nitq fikrin təsirli ifadə olunmasına xidmət edir. Buna görə də «yüksək və zəngin nitq mədəniyyəti olmadan böyük fikirləri və hadisələri ifadə etmək, həm də füsunkar bir təsirlə ifadə etmək mümkün deyildir.» (S.Vurğun).
Fikir və düşüncələrin daha təsirli ifadə edilməsi üçün zəruri tələblərdən biri olan orfoepiya da nitq mədəniyyətinin ayrılmaz və vacib ünsürüdür.
Orfoepiyanın böyük əhəmiyyəti vardır. O, eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir. Ümumiyyətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan və tez anlaşılmasına imkan yaradır. Bunun əsasında da insanlar bir-birini düzgün başa düşürlər. Orfoepik qaydalar poeziya üçün xüsusi əhəmiyyətə malikdir. Bu qaydalara əməl etməklə bədii nitqin estetik effekti, daha da artır. Bütün bunlara görə də orfoepiyanın nəzəri və praktik cəhətdən öyrənilməsinin böyük əhəmiyyəti vardır:
Hər bir şəxsdən ədəbi dilin qanunlarına riayət edərək danışması tələb olunur. Buna görə də ilk növbədə, müəllim, alim, diktor və aktyorlar dilimizin tələffüz qaydalarını əsaslı surətdə bilməlidir.
Orfoepik qaydaların pozulması yol verilməzdir. Lakin bəzən danışıq zamanı bu normaların pozulması halları olur. Orfoepiya normaları başlıca olaraq bir neçə səbəbdən pozula bilər: a) danışanın dialekt sözlərdən istifadəsi; b) klassik ədəbi dilin; v) alınma sözlərin; q) orfoqrafiyanın təsiri nəticəsində. Danışıq zamanı orfoepik normaların pozulması dinləyicinin fikrini əsas məsələdən uzaqlaşdıra bilir. Belə ki, «biz danışanı dinləyərkən, onun nitqinin əsas cəhətinə bir o qədər diqqət etmirik; əsasən mənaya fikir veririk. Lakin danışan şəxs tələffüz qaydalarını pozduqda dinləyici sözün xarici cəhətinə, yəni səs cəhətinə də diqqət yetirməyə məcbur olur. Bunun nəticəsində isə onun diqqəti yayınır.» (Ə. Əfəndizadə).
«Orfoepik normalardan uzaqlaşmaq ümumi anlaşma işinə mane olur. Buna görə də orfoepik normaların pozulmasına qarşı müntəzəm mübarizə aparmaq, onu qorumaq lazımdır. Çünki bu, yüksək nitq mədəniyyəti uğrunda mübarizənin bir növüdür.» (Ə. Əfəndiyev)
Natiq orfoepiya qaydalarına riayət etməklə bərabər, orfoqrafik qaydaları da dərindən bilməlidir. Ədəbi dilin şifahi qolu ilə yazılı qolu da inkişaf edir. Yazılı qolun da öz xüsusiyyətləri, normaları, qayda-qanunları vardır. Natiq bu qayda-qanunları da dərindən bilməli və orfoepiya ilə bağlı, əlaqəli şəkildə bunlardan istifadə etməlidir.
Orfoqrafiya yunan sözü olub «düzgün yazıram» mənasını ifadə edir. Orfoqrafiya dilimizdəki sözlərin hamısının qrammatik formaları üçün vahid yazı qayda-qanunlarını müəyyən edir və onları daha da təkmilləşdirir. Sərhədlərin müəyyənləşməsini təmin edir (kök və şəkilçi nəzərdə tutulur). Orfoqrafiya qaydaları, sözlərin ayrı, bitişik, defislə, böyük hərflə yazılması, sətirdən-sətrə keçirilməsi qaydalarıdır. Orfoqrafiya dilimizin yazılı əsasını təşkil edir. Şifahi nitqi özündə əks etdirir, uzun ömürlü olur. Tarixi yaddaşımızı bu günümüzə, gənc nəsillərə çatdırır. Orfoqrafiya dialekt və məhəlli sözlərin, ədəbi dilə uyuşmayan hər bir sözün, ifadənin qarşısını alır, Orfoqrafiya hamı üçün məcburi olan vahid qaydaları sabitləşdirir və inkişaf etdirir.
Orfoqrafiyanı yaxşı bilməyən natiq nitqini hazırlayarkən (yazılı nitq nəzərdə tutulur) ciddi çətinliklərlə qarşılaşır. Məsələn, savadsız yazılan nitq oxu qaydalarını çətinləşdirir. Diktor, tələbə, aktyor, kimliyindən asılı olmayaraq hər bir kəs yazılı nitqi dinləyicilər üçün oxuyur. Ona görə də cümlənin mənasını onun durğu işarələri ilə müəyyən edir. Ədəbi dilimizdə işlənən durğu işarələrinin zənginliyi nitqin gözəl səslənməsini, pauzanı, fikir bitkinliyini, istehzanı, yarımçıq qalmış fikri, yeni fikrə keçilməsini, fikrin ümumiləşdirilməsini, defislə yazılmasını, sual cümlələrini, hiss-həyəcan ifadə edən nidaları, nəqli cümlələri, əmr, xahiş, nəsihəti, arzunu, istəyi, qarğışı, nifrəti, qorxunu, kədər ifadə edən sözlərin işlənməsində hansı durğu işarələrindən istifadə olunmasını dəqiqliyi ilə bilməlidir. Əks təqdirdə, intonasiya ilə yaranan sual cümləsi nəqli cümlə kimi və yaxud əmr cümləsi kimi oxunar. Fikrin necə ifadə olunması dolaşıqlıq yaradar. Məhz, bu qaydalar fikrin aydın və düzgün ifadə olunmasına şərait yaradır. Nitqin yazılı qolunu təşkil edən orfoqrafiya qaydaları gec dəyişir, bu da onun dərk olunmasına, hamı tərəfindən öyrənilməsinə köməklik göstərir.
Orfoqrafiya orfoepiya ilə sıx şəkildə bağlıdır. Xüsusilə, sözlərin və səslərin bir variantını qəbul edən orfoqrafiya onların bir cür yazılmasını tələb edir. Məsələn;
Ev — öy — əv;
deyil — dəgil — dögül — dəyil — döyür.
Misallardan göründüyü kimi, tələffüzdə ayrılığa, müxtəlifliyə yol verildiyi halda, morfoloji prinsipə uyğun olaraq ədəbi dildə yalnız bir variantdan istifadə olunur. Həmin sözlər ev və deyil kimi yazılır və bu sabitləşmiş (yazı nəzərdə tutulur) bir formadır.
Bəzi natiqlər sözlərin ixtisarını düzgün ifadə edə bilmirlər. Yəni onlar orfoqrafik qaydanı bilmədiyi üçün qısaldılmış sözü düz ifadə edə bilmir.
Məsələn, natiq bilməlidir ki, əgər qısaldılmış söz bütövlükdə samit səslərdən ibarətdirsə, onda hərfin adı ilə ifadə olunmur (be, ve, qe, ğe, de və s; bura sonorlar daxil edilmir, bu səslər el, em, en,er oxunur). Əgər ixtisar sait və samitlərin birləşməsindən əmələ gəlmişsə, onda hərflərin adı ilə oxunur. Fikrimizi yenə misallarla ifadə edək: APU — Azərbaycan Pedaqoji Universiteti, BDU — Bakı Dövlət Universiteti, ADİİ -Azərbaycan Dövlət İqtisad Universiteti və s. hətta natiq tanış olmadığı mətni oxuyarkən, durğu işarələrinin sonda işlənməsi cümlənin düzgün oxunmasını çətinləşdirir. Natiq cümlədəki mənanı düzgün tuta bilmir və nəticədə səhvə yol verir.
Məsələn:
Ona görə də bir çox dillərdə durğu işarələrini cümlənin əvvəlində işlənməsi məsələsi bir problem kimi diqqət mərkəzinə gətirilmişdir. Məsələn, latın yazılarında sual və nida işarələri cümlənin sonunda, ispan yazılarında cümlənin (və ya sözün) hər iki tərəfində və hətta başı aşağı formada da işlənir. Bundan əlavə, müasir gürcü əlifbasında böyük hərf olmadığı üçün xüsusi isimlər də kiçik hərflərlə yazılır. Yazıların müxtəlifliyi, sağdan sola yazılması (ərəb, fars dilləri), yuxarıdan aşağı yazılması və s. durğu işarələrinin də müxtəlifliyinə səbəb olur. Natiq başqasının hazırladığı nitqi oxuyarkən əvvəlcədən mətnlə tanış olmalı, sonra auditoriya qarşısına çıxmalıdır. Bu onun həm özünə, həm də dinləyicilərə hörməti kimi qiymətləndirilməlidir.