Nitq ünsiyyətinin növləri

Nitq ünsiyyətinin növləri

İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç formada baş verir:

  • Monoloq və ya monoloji nitq,
  • Dialoq və ya dialoji nitq,
  • Poliloq və ya poliloji nitq.

Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir insanın, şəxsin və ya adamın nitqi deməkdir. Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə, səhnədə, məktəbdə və s. İnsan öz-özünə monoloq söyləməz, Lakin səhnə adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud hər hansı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər. Monoloji nitq müxtəlif qruplara bölünür:

  • Mühazirə,
  • Məruzə
  • Çıxış
  • Nitq

Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi mühazirə adlanır.

Əvvəlcədən işlənib hazırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü qeyd olunur:

  1. Hesabat məruzəsi
  2. Elmi məruzə
  3. Siyasi məruzə

Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. Mühazirədə yalnız sual verilə bilər.

Daha çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə edir. Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli olur.

Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu baxımdan nitqin aşağıdakı növləri var:

  1. İctimai-siyasi nitq,
  2. İttiham nitqi,
  3. Müdafiə nitqi.
  4. Müttəhimin son sözü

Dialoq yunan sözü (dialogos) olub, iki nəfərin arasında olan söhbət deməkdir.

Söhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos yunanca (poly — çox, loqos -nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir.

Nitqünsiyyətininformaları

Nitq müxtəlif formalarda təzahür edir, Nitqin müxtəlifliyi, təzahür formaları a) ifadə yoluna görə və b) ifadə nizamına görə müəyyənləşir.
İfadə vasitəsinə görə nitq iki cür olur:

  1. Şifahi nitq.
  2. Yazılı nitq.

Şifahi nitqin materialı sözlər, onların ifadə olunması, tələffüz edilməsidir. Yazılı nitqin materialı hərfi işarələrdir və onların vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə səsin ahəngdarlığı, tembr, melodiya, mimika, jest, düzgün tələffüz, emosionallıq, yığcamlıq, səlistlik, aydınlıq və s. nəzərə alınır. Yazılı və şifahi nitqdə monoloqdan, dialoqdan və poliloqdan istifadə edilir. Bəzən isə məruzələr, mühazirələr, çıxışlar, hətta bədii əsərlər (pyeslər, dram əsərləri) yazılı şəkildə verilməsinə baxmayaraq, xalqa, kütləyə daha yaxşı çatdırılmaq üçün şifahi şəkildə təqdim olunur. Çünki yazılı nitqin imkanları məhduddur.

  1. İfadə nizamına görə də nitq yenə də iki cür olur:
  2. Mənsur nitq və ya nəşr şəklində ifadə olunan nitq;
  3. Mənzum nitq və ya nəzm şəklində ifadə olunan nitq.

Nəsrlə ifadə olunan nitq roman, povest, növella, məqalə, oçerk, reportaj, nağıl, dastan və s. şəklində ola bilər.

Nəzm əsərlərində isə heca, ahəngdarlıq, qafiyə, şerin təqti forması və s. əsas götürülür. Mənzum nitq nizama salınmış nitqdir, burada kənara çıxmaq mümkün olmur. Nəsr də, nəzm də, həm yazılı, həm də şifahi ola bilir. Lakin son dövrlərdə yazılı mənzum nitq yalnız bədii ədəbiyyatda işlədilir. Əvvəllər isə bu nitqdən riyaziyyat, fəlsəfə, qrammatika və hətta lüğətlərin yazılmasında istifadə olunur.

Onu da qeyd edək ki, hər bir şəxsin xarakteri, ağlı, dünyagörüşü, düşünmə qabiliyyəti müxtəlif olduğu kimi, nitqi də başqalarından fərqlənir. Bu fərq isə fərdi üslubların yaranmasına səbəb olur.

Top