1494-cü ildə Şanonda əczaçı ailəsində doğulmuşdur. Hələ körpə ikən anasını itirən Rable monastıra verilir və 10 yaşınadək burada yaşamalı olur. Sonralar atasının təkidi ilə Fransiskan monastırına keçirilir və təhsilini orada davam etdirməli olur. Uşaqlıq və gənclik illəri Avropanın təzadlı və qaynar dövrünə təsadüf etdiyi üçün Rable bir çox elmi biliklər və sahələrdə özünü sınamalı olur.
Fransua Rable — böyük Avropa satiriki olmaqla bərabər pedaqoq, filoloq, arxeoloq və həm də təbib kimi özünü təsdiq edə bilmiş olur. Monastrda əsasən dini və fəlsəfi biliklərə yiyələnən Rable 25 yaşında Monpolye Universitetinin tibb fakültəsinə qəbul olunur. Burada o, Mişel de Nostradamusla tanış olur. Əsası 768-ci ildə qoyulmuş Dominikan monastırı nəzdində 1020-ci ildə yaranmış bu fakültə Avropanın ən prestijli tibb ocağı kimi tanınırdı. Artıq 1220-ci ildən bu tibb fakültəsi sərbəst Monpolye Universiteti kimi fəaliyyət göstərməyə başladı.
1530-1532-ci illər və 1537-39-cu illər Rablenin əvvəl tələbəlik, sonralar müəllim kimi çalışdığı illərə təsadüf edir. Belə ki, 1539-cu ildə tibb elmləri doktoru — professor dərəcəsi olan doktor Rable Notrdamda hospitalın baş həkimi və kardinal J.Dyu Bellenin şəxsi həkimi və baş məsləhətçisi olur. Praktik həkim kimi dəri-zöhrəvi xəstəliklərin müalicəsi və müayinəsinə üstünlük verən professor həm də elmi anatomiyanın pioneri hesab olunur. Belə ki, Avropada ilk dəfə olaraq öz mühazirələrini meyitlərin üzərində onların təşrihi — yarılması ilə birgə apararaq nəzəri anatomiyanın praktiki istiqamətlərinin əsasını qoymuş olur. Mühazirələrin bu səpkidə aparılması onun auditoriyasının daha da genişlənməsinə, ona olan marağın artmasına böyük təkan verir. Əlbəttə, burada onun psixoterapevt kimi əldə etdiyi təcrübə, filoloji və psixoloji fəaliyyəti də təsirsiz ötüşə bilməzdi.
"Həkimin ən vacib işi xəstədə optimizm yaratmaq, sağalacağına inam oyatdıqdan sonra onu müalicə etməkdən ibarət olmalıdır. Lakin bu zaman həkimin əhvali-ruhiyyəsi, geyimi, bir sözlə, xarici görkəmi də az əhəmiyyət kəsb etmir" deyən Rable, əslində, gələcək həkimlərə xarici və mənəvi təmizliyə yiyələnməyi təbliğ edirdi.
O öz mühazirələrini oçerklər şəklində hazırlayır, tibbi sosioloji və dini istiqamətlər üzrə fəlsəfi silsilələr halında nəşr etdirirdi. Dövrünün eybəcərliklərini, haqsızlığını, ədalətsizliyini cəmiyyətin xəstəliyi hesab edərək və neqativ halların insan səhhətinə və sağlamlığına yönəlik təsirlərindən söz açan Rable, təbii ki, daim təhdid və təqiblərə məruz qalır. Bütün mütəfəkkirlər kimi eyni taleyi yaşayan professor həm də satira və yumor janrında öz fikirlərini, arzu və ideyalarını ictimaiyyətə ötürə bilirdi.
Daima axtarışda olan Fransua Rable astrologiya elmi ilə də məşğul olurdu. Belə ki, o, planetlər haqda bilgilərlə maraqlanır, metal və daşların xüsusiyyətlərini öyrənir və bir sözlə, astrologiyanın insanlara təsirini öyrənirdi.
1535-ci il fevralın 14-də oğul atası olan Rable bir müddət elmdən uzaqlaşaraq Romaya köçür və Papa III Pavelə həkim kimi xidmət edir.
1553-cü ildə ürək çatışmazlığından Parisdə dünyasını dəyişən professor son anda: «Mən gedirəm düha axtarışına — bağlayın pərdələri!» deyərək gözlərini əbədi olaraq yumur. İndi də Rablenin məzarı Parisdə Marda kvartalında qorunub saxlanılır.
Müəllif: Sevinc İqballı
Mənbə: «Tibb xəbərləri» jurnalı