Malcolm X (Malcolm Little ve daha sonrasında əl-Hac Malik əl-Şahbaz) (Omaha 1925 — Nyu York 1965) amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisidir.
1952-ci ildə Malcolm X adıyla “Black Muslims” hərəkatına qoşuldu. Elijah Məhəmmədin ideologiyasını mənimsədi və ona ABŞ daxilində müstəqil Qaralar Respublikasının qurulması fikrini aşıladı. Ancaq, 1964-cü ilin mart ayında iki liderin arası dəydi; Malcolm X Afrika — Amerika Birliyi Dərnəyini qurdu ve 1964-cü ildə Afrika ilə Orta Şərqə (Məkkəyə həcc üçün getdi) iki dəfə səfər etdi. Qayıtdıqdan az sonra öldürüldü.
Malkolm 1925-ci il may ayının 19-da anadan olub. Babtist vaizi, rahib olan atası Earl Little, Markus Qarveyin qurduğu UNİA (Dünya Zənciləri Həmrəyliyi Birliyi) cəmiyyətinə üzv olaraq bu cəmiyyət uğrunda həyatını qurban vermişdi. Bu cəmiyyətin əsas məqsədi istər Amerikada, istərsə də dünyada olan bütün zənciləri öz dədə-baba vətəni olan Afrikaya geri qaytarmaqla orada yaşamağa təşviq etmək idi. Bu məqsədlə demək olar ki gününün çoxunu evindən uzaqda keçirən atası getdityi hər yerdə, iştirak etdiyi hər bir məclisdə bu cəmiyyətin əsas fikrini aşılamağa çalışırdı. Onsuz da ağ dərilərdən bezən, onlardan bir dəfə də olsun xoş söz eşitməyən və hər yerdə əzilən zəncilərin bunlara inanmaqdan başqa çarələri qalmamışdı. Çünki o vaxtlar zəncilər ən aşağı silkin nümayəndələri hesab olunurdular ki, bu da “Vətən”i dəyişdirməyə nədən olan kifayət qədər nifrətin mövcudluğunu göstərən açıq aşkar bir dəlil, həqiqət idi… Ingilis Qərb İndiasında doğulmuş anası Leose Littlenin atasının ağ dərili olduğu üçün onun ağ qadınlardan heç bir fərqi yox idi. Ancaq Malkolm bəzi zəncilərin bu səbəbdən özlərini xoşbəxt saydıqları kimi fikirləşmir, hətta ağ dərili atası olduğu üçün utanırdı.
Zəncilər gücləndikcə onlara qarşı tədbirlər də bir o qədər genişləndirilirdi. Nəinki, onların evlərinə tez-tez xəbərdarlıq üçün adam göndərilir, hətta onları evlərindən çıxarmaq üçün belə əllərindən gələni əsirgəmirdilər. Bir çox ailə kimi Malkolmun ailəsi də evlərini dəyişdirməyə məcbur oldular. Ancaq, bu da vəziyyəti dəyişmədi və onlar günlərin bir günü atasının vəhşicəsinə parçalanmış meyidini yolun kənarında tapdılar. Onsuzda ağır keçən həyatları bundan sonra daha da pisləşdi. Bütün yük artıq ananın çiyinlərinə düşmüşdü. Anası gecə-gündüz işləyir, övladlarıının qarınlarını doydurmağa çalışırdı. Ağ dərililər ailəni bu acınacaqlı vəziyyətdə bir an olsun belə rahat buraxmırdılar. Tez-tez pul yardımı təklif edir, uşağı başqa ailələrə verib oxutmaq üçün övladları anadan ayırmaq istəyirdilər. Anası uzun müddət razı olmurdu. Nəhayət, sonda artıq taqəti tükənən ana uşaqlarından ayrılmağa məcbur oldu. Sonra isə onu dəli adı ilə ruhi xəstəxanaya apardılar. Bundan sonra kiçik Malkolma yeni bir pəncərə açıldı. Malkolm verildiyi bir ailədə çox sevilməyə başlandı. Eləcə də Malkolm da ona göstərilmiş mehribanlıq nəticəsində yeni ailəsini sevir.
Artıq Malkolm şagird idi. Amma bütün bunlar uzun sürmədi. Malkolmu yeni ailəsindən ayırıb başqa bir şəhərdə uşaq evinə verdilər. Getdiyi yerdə Malkolm əvvəlki kimi sevilmirdi. Zənci olduğu üçün hər kəs ondan uzaq gəzir, ona xor baxırdılar. Çox keçmədi ki, Malkolm buradan da ayrıldı.
Artıq Malkolm küçələrin uşağı idi. Gündüzləri küçələri gəzir, gecələri isə harda gəldi yatırdı. Yaratdığı dəstə ilə soyduğu hər evdən sonra oradan əldə edilən pulları xərcləyib qurtarana qədər yeni bir işə girmirdi. Ancaq, bu vəziyyət uzun çəkmədi və Malkolm yaxalanaraq həbsxanaya atıldı. Saatlar günləri, günlər ayları, aylar illəri özü ilə bərabər gətirdi. Hər keçən dəqiqə Malkolm üçün ildən uzun idi. Aldığı cəza onu ucsuz-bucaqsız bir səhrada ehtiyacı olan suyu əldə etmək istəyən biri kimi çırpındırırdı. Düşdüyü yerdən heç bir zaman qurtulma ümidi olmadığını düşünən Malkolm kiçik, dar kamerasında ölümün gəlməsini gözləyərkən, illərdən bəri görmədiyi doğma qardaşını qarşısında görüncə sevincindən bir quş kimi qanad çalıb uçmaq istəsə də, bu halını gizləməyi daha üstün tutdu. Qardaşının onu görməyə gəlməsinin səbəbi sadəcə bir qardaş ziyarətindən olmayıb, özünün təzə daxil olduğu “İslami Nemətlər Cəmiyyəti”nin lideri Elijah Məhəmmədin yoluna dəvət etmək istəyinin atdırdığı bir addım idi. İlk gəlişlərində qardaşının Elijah Məhəmməd haqqında danışdıqlarını can dərdi dinləyən Malkolm, bu gəlişlərin sayı çoxaldıqca artıq özündə bir dəyişiklik hiss edirdi. Yavaş-yavaş da olsa Elijah Məhəmmədə bağlanmağa başlamışdı. Malkolmun qardaşından eşitdiklərinə görə, bütün zəncilər artıq bir yerə gəlib “ sadəcə onlara bəxş olunan” islamı yaşayaraq, həyatlarını onun qoymuş olduğu çərçivə içərisində, Elijah Məhəmmədin başçılığı altında davam etdirirdilər. Hətta, vəziyyət o yerə gəlmişdi ki, Elijah Məhəmməd ətrafındakıların savadsızlığından istifadə edərək özünü Allahın elçisi kimi qələmə vermişdi. Buna inananlar da onun hər dediyini, istədiyini yerinə yetirir, bir sözünü iki etməməyə çalışırdılar. Malkolmun da başqaları kimi bu cəmiyyətə qısa bir zamanda daxil olmasının tək səbəbi, indiyə qədər insan yerinə qoyulmayan zəncilərin, artıq “özlərinə aid və onları ağlardan üstün tutan” bir dinlərinin olduğuna inanması idi...
Malkolmun səbirsizliklə gözlədiyi o gün artıq gəlmişdi. Aldığı həbs cəzası qurtaran kimi nəfəsini Elijah Məhəmmədin məbədində aldı. İlk tanışlıq əsnasında eşitdikləri qarşısında özünün də duyduğu hiss, həbsxanadakı hiss ilə eyni olduğu kimi, bu yolda canını belə verməyə razı olduğu düşüncəsini daha da alovlandırmışdı.
Günlər keçdikcə Malkolmda görülən ağıl və fəal davranışlar, Elijahı onu özünün birinci vəkili olaraq vəsfləndirməyə səbəb oldu. Artıq Elijah getdiyi hər yerə, hər iclasa Malkolmu da özü ilə aparır, özü gedə bilmədiyi zaman isə onu göndərirdi. Malkolmun özlərinə çəkmək istədikləri zənci yığınına xitablarından biri də belə idi: "...Biz əzəldən bəri bu torpaqlar üzərində yaşamışıq. Ağlar buralara daha sonralar köçməyə başlayıblar. Gəldikləri vaxt az olduqlarından bizimlə yaxşı keçinərək, biz zəncilərə qız verib, qız almağa başlayırlar. Təbii ki, bu məqsədlərinin arxasında bir tək fikir ola bilərdi. Bu da biz zəncilərin keçmişini, nəslini yox etmək, xatırlayacaq bir iz belə buraxmamağa çalışma idi. Necə olsa bir milləti yox etmək üçün, keçmişlərini yox etmək kifayətdir. Keçmişini bilməyən isə, gələcəyini heç cür bilməz və bunun sonunda onları öz məqsədləri istiqamətində çox rahatlıqla istifadə edə biləcək səviyyəyə gətirməyə bacararlar..."
Hər sözündə atəş püskürən Malkolm xitab etdiyi hər iclasda iştirak edənləri coşduran tək güc olduğu halda, Elijah Məhəmməd ilə yaşadığı şəxsi problemlər səbəbi ilə yavaş-yavaş cəmiyyətdən xaric edilməyə başlanmışdı. Bu xaric edilmə Malkolma çox şeyi başa düşməyə imkan verdi. Həyatındakı bu boşluq ona həccə getməyə də fürsət verdi. Malkolm hər cür maneələri keçərək axırda mübarək torpaqlara ayaq basma şərəfinə nail oldu. Amma onu çaşdıran bir şey var idi: hansı tərəfə baxırdısa, hər cür rəngdə adam görə bilirdi. Bunların bir-birlərinə qarşı mehribanlıqlarını heyranlıqla izləyirdi. Alışmadığı bu mənzərə qarşısında Malkolm nə edəcəyini bilmirdi. İllərdir beynindəki irqçilik düşüncəsi, Elijahın təbliğ etdiyi «irqçi müsəlmanlıq» bu mənzərə qarşısında alt-üst olmuşdu. Dünyanın hər bir tərəfindən, hər cür rəngdən olan insanların bir-birlərinin dillərini bilməsələr belə, bir əqidə uğrunda, eyni dinin əmrləri altında birləşdiklərini, bir-birlərini başa düşdüklərini görmüşdü. Bu mənzərə, ruhunda baş verən çalxantılara görə özünə «X» deyən Malkolm fikirlərini dəyişdirdi. O, bütün müsəlmanların — zəncisi və ağdərilisi ilə, kasıbı və varlısı ilə, qadını və kişisi ilə Allah qarşısında eyni, bərabər olduqlarını başa düşdü. Eyni zamanda, Elijah Məhəmməd tərəfindən hansı məqsədlər uğrunda aldadıldığını da gördü. Bu hadisə onun həyatındakı ən böyük dəyişiklik idi.
O, artıq İslamı öz beynində irqçilik çərçivəsindən çəkib çıxartmışdı. O, artıq Allahın bəşəriyyətə göndərdiyi, dəyişdirilməmiş İslama inanırdı. Bu dəyişikliyi qanı bahasına bir daha təsdiqlədi və şəhid edildi. Amma Amerikadakı müsəlmanlar üçün heç bir vaxt silinməyəcək bir yol miras etdi.
Onun İslama baxış tərzinin nə qədər dəyişdiyini həcdən sonra söylədiyi bu sözlər çox açıq bir şəkildə bizə bildirir: “… Baxın, Amerikadakı irqçiliyin toxumları nə qədər dərinə əkilib. Ağdərililər – nədəndir, bilmirəm — özlərinin üstün olduqlarına inanırlar və bu əqidə onlarda cəmiyyət olaraq kök salıb. Ağdərililərin hamısı bu irqi üstünlüyə istisnasız inanırlar… Həccə getmək dünya görüşümü çox genişləndirdi. Bu ziyarət yeni bir baxış tərzi verdi mənim ruhuma. Bütün irqləri, bütün rəngləri tanıdım, özü də həqiqi qardaşlıq içərisində! Tək ürək kimi döyünən, tək bədən kimi yaşayan, tək valıq kimi ibadət edən qardaşlar!… Keçmişdə bütün ağların dediklərinə qulaqlarımı bilə-bilə tıxayırdım. Eyni səhvə bir daha yol verməyəcəyimi heç güman etmirəm, çünki artıq hamısının olmasa belə, bəzi ağdərililərin həqiqətən səmimi ola biləcəklərini başa düşürəm. Bəzi ağların qaralarla həqiqi dost kimi, qardaş kimi keçinə biləcək ağılda olduqlarını bilirəm artıq. Həqiqi İslam mənə göstərdi ki, qaraların hamısının üstündən birdən xətt çəkmək nə qədər səhv işsə, ağların da hamısının üstündən birdən xətt çəkmək bir o qədər səhvdir… Bu qədər ağın, bu qədər qaraya qarşı belə yaxşı davrandığını əsla görmədim. Oradakı zəncilər buraya — Amerikaya gəlib, Amerikalılar qarşısında sizin (ağların) necə davrandığınızı görməlidirlər. Burada həqiqətən də qardaşlıq ola bilər.”
Malkolm X bu gün Amerikada fəaliyyət göstərən və milyon üzvü olan bir partiyanın – İslam Ümməti Partiyasının ilk qurucularındadır. Onu həcdən qayıtdıqdan sonra narahat edən məsələlərin başında, müsəlmanların dünyanın hər yerində, o cümlədən də Amerikada əzilməsi, hər addım başı təhqir olunması və ikinci sinif insan kimi görülməsi gəlirdi. Malkomu belə bir siyasi partiyanı qurmağa vadar edən səbəblər həyatı boyunca onu dəfələrlə narahat etmişdir. Malkolm X-in ölümü də bu səbəblərə bağlı idi. Beləki, onun qabaqda siyasi bir partiyanın başında olacağı və Amerika hökümətini, müsəlmanlara qarşı qəddar tövürlərnə görə sıxışdıracağını fikirləşən Amerika təhlükəsizlik işçiləri də öldürmüş ola bilər. Və yaxud, xüsusi ilə, həcdən qayıtdıqdan sonra hər fürsətdə xətalarını xalqa çatdırdığı üçün Elijah Məhəmməd tərəfindən öldürüldüyü də söylənilir.
Bir sözlə, ölümü ilə arxasında buraxdığı müsəlmanlara bir hədəf göstərən Malkolm X-in ruhu, hal-hazırda Amerikada yaşayan müsəlmanlar tərəfindən tez-tez yad edilir və sevilir. Bu sevginin nəticəsi olaraq onun həyat və mübarizəsi bir kino lenti və kitablarla əbədiləşdirilmişdir.