Sultan Mahmud Qəznəli

Sultan Mahmud Qəznəli

O,türk millətini daha da şöhrətləndirmiş, İslam dininin Hindistana yayılmasında əvəzsiz xidmətlər göstərmişdir.O,yalnız böyük bir sərkərdə deyil, həm də bacarıqlı dövlət qurucusu idi. Sultan Mahmud qüdrətli və o dövr üçün yenilməz sayılan bir dövlət qurmuşdu. Bunlarla yanaşı, o həm də elmə və sənətə, elm adamlarına böyük qiymət verirdi və özü de dövrünün ən elmli hökmdarlarından sayılırdı. Bu xüsusiyyətlərinə görə Sultan Mahmud Qəznəli türk mədəniyyətinin və türk hərb tarixinin ən böyük şəxsiyyətlərindən biri kimi tanınır.

Qəznəlilər dövlətinin təməli necə qoyuldu?

X əsrin ilk illərindən başlayaraq, Samanoğulları dövləti yüksəliş dövrünü keçirirdi. Həmin vaxtda İslamı qəbul edən Türküstan türklərinin böyük bir hissəsi Məvarünnəhr yolu ilə qonşu ölkələrə köç edir və onlar məskunlaşdıqları ərazilərdə əhalinin islamlaşmasında mühüm rol oynayırdılar. İslam dünyasında dinimizin qoruyucuları kimi şərəfli bir ada layiq görülmüş türklər istər VII-X əsrlərdə, istərsə də ondan sonrakı dövrlərdə xilafətin ən döyüşkən əsgərləri hesab edilirdilər. Türklərin hərbi gücündən nəinki xilafət, həm də yarımmüstəqil və əsasən xilafətdən asılı olan dövlətlər də məharətlə istifadə edirdilər.
O dövrdə İranda qurulan Büveyhilər və Samanoğulları dövlətlərinin də tabeliyində olan ordunun böyük hissəsini türklər təşkil edirdilər. 912-ci ildən başlayaraq, Samanoğullarında türklərin varlığı yalnız hərbdə deyil, digər sahələrdə də, o cümlədən dövlətin idarə edilməsində özünü daha çox hiss etdirməyə başladı. Samanoğulları sərkərdələrinin, əsgərlərinin və ölkəni idarə edən valilərinin çoxunu təşkil edən türklər dövlət içərisində ən nüfuzlu təbəqə sayılırdılar. Samanoğulları dövləti zəifləməyə başlayan kimi türk əsilli tayfalar olan simcürilər, Qara Təkin İsficabi və baytuzlar bəzi əyalətlərdə müstəqil dövlətlər qura bildilər. Həmin dövrdə Samanoğulları dövlətinin idarə edilməsində ən önəmli rol oynayan Alptəkin faktiki olaraq, ordunun idarəçiliyini öz əlinə almışdı. Samanoğullarının zəifləməsini və tədricən dağılma prosesinə qədəm qoyduğunu görən Alptəkin də müstəqillik fikrinə düşdü.
Bu məqsədlə o, 961-ci ildə vəzir Əli Mühəmməd Bəlami ilə birləşərək əvvəlcə Samanoğulları hökmdarını taxtdan salıb, onun yerində oturmaq və hakimiyyəti ələ almaq istədi. Lakin onun bu cəhdi uğurla nəticələnmədi. Samanoğulları tərəfindən təqib olunduğunu görən Alptəkin ona sadiq qüvvələrlə birgə Əfqanıstanın Qəznə şəhərinə getməyə məcbur oldu. Alptəkin Qəznəyə gələn kimi buradakı yerli Leviklər hökumətini hakimiyyətdən kənarlaşdırdı və şəhəri öz idarəsi altına aldı. 962-ci ildə isə Alptəkin Qəznə ətrafmdakı əraziləri də özünə tabe edərək, onlar üzərində nəzarəti həyata keçirdi. Beləliklə, Alptəkin 962-ci ildə Qəznəlilər dövlətinin əsasını qoydu.
Onu da deyək ki, Alptəkinin Qəznə şəhəri və onun ətrafını yeni bir dövlətin qurulması üçün seçməsi təsadüfi deyildi. Çünki hələ eramızın əvvəllərindən başlayaraq, Qəznə və onun ətrafında çoxlu sayda türklər yaşayırdılar və bu ərazi orta əsrlərdə türk yurdu kimi tanınırdı. Alptəkin öləndən sonra (963-cü il) Levik dövlətinin rəhbərləri Samanoğulları hökmdarının yardımı ilə təkrar Qəznədə hakimiyyəti ələ keçirdilər və buranı əvvəlki kimi özlərinə tabe etdilər. Levik dövlətini idarə edən Əbu İshak İbrahim isə 974-cü ildə vəfat etdi. Onun övladı olmadığından hakimiyyət yenidən yerli türklərin əlinə keçdi. Əbu İshak İbrahimin yerinə hakimiyyətə gələn sərkərdə Bilgə Təkinin də bəxti gətirmədi. O, Gərdiz qalasının ələ keçirilməsi uğrunda gedən döyüşlərdə həlak oldu. Yerinə isə Börü Təkin (və ya Piri Təkin) keçdi. Ancaq Börü Təkinin də hakimiyyəti uzun sürmədi. O, yaxşı sərkərdə olsa da, dövləti idarə etməkdə təcrübəsiz idi. Ona görə də yerli türklər Börü Təkinin yerinə vaxtilə Alptəkinin sağ əli hesab edilən Səbuk Təkini (977-ci il) gətirdilər.
Səbuk Təkin hazırda Qırğızıstan ərazisində olan İssık-Kul gölü sahilindəki Barshan şəhərində anadan olmuşdu. Bəzi tarixçilərə görə, o, adlı-sanlı Qarluk tayfalarından idi. Səbuk Təkinin hakimiyyətə gəlməsi ilə Qəznəlilər dövləti özünün yeni yüksəliş dövrünü yaşamağa başladı. İlk dövrlərdə olduqca ehtiyatlı hərəkət edən və Samanoğulları dövlətindən asılılığı üzdə qəbul edən Səbuk Təkin tədricən hakimiyyətini möhkəmləndirməyə başladı.
O, nəzarəti altında olan əraziləri genişləndirmək məqsədi ilə qonşu ölkələrə səfərlər edərək, həmin əraziləri ələ keçirdi. Tədricən bütün Zabilistan və ona bitişik ərazilər də Səbuk Təkinə itaət etməyə başladı. Səbuk Təkin hakimiyyətini qonşu ölkələrə qəbul etdirmək üçün həm öz nüfuzundan, həm də qohumluq əlaqələrinə girmək yolundan məharətlə istifadə edirdi. O, Zabilistanda öz nüfuzunu möhkəmləndirmək və yerli əhalinin tam dəstəyini almaq məqsədilə oranın tanınmış ailələrindən birinin qızı ilə evlənmişdi. Onun bu izdivacda digər niyyəti isə Zabilistanın bütpərəst əhalisini islamlaşdırmaq idi.
Bunun ardınca Səbuk Təkin türklərin çoxluq təşkil etdikləri Büst şəhərinə yürüş edərək oranı, demək olar ki, döyüşsüz ələ keçirdi. Sonra o, şimal-şərqi Belucistandakı Kusdar bölgəsini nəzarəti altına aldı. Səbuk Təkin bununla kifayətlənməyərək sonra Toharistan və Zəmindavarəni də Qəznəli hökmdarlığını qatdı. Səbuk Təkinin ən böyük xidmətlərindən biri, şübhəsiz ki İslam dininin yayılmasında göstərdiyi əvəzsiz xidmətləri idi Onun ələ keçirdiyi ərazilərdə əhalinin, demək olar ki, böyük əksəriyyəti könüllü şəkildə bütpərəstlikdən əl çəkərək, İslamı qəbul edirdi. Səbuk Təkin adilliyi ilə elə şöhrət qazanmışdı ki, hətta bəzi qonşu ölkələrin əhalisi onun yanına elçilər göndərərək İslamı qəbul etdiklərini və ona tabe olduqlarını bildirirdilər. O, həmin dövrdə Hindistanı islamlaşdırmaq və oranı müsəlman ölkəsi etmək fikrində idi. Qeyd edək ki, onuncu yüzillikdə Lağan əyalətindən tutmuş, indiki Kabilədək olan ərazi qüdrətli Vayhand Hindüşahi hökmdarlarının hakimiyyəti altında idi.
Onlar İslamın Şimali Hindistana yayılmasına ciddi mane olurdular. Bütün bunları nəzərə alan Səbuk Təkin 986-cı ildə Hindistana yürüş etdi. Təxminən bir il davam edən döyüşlərdən sonra Hindistan məğlub edildi. Bu qələbədən sonra Səbuk Təkin Kabildən başlamış Peşavərə, kimi böyük bir ərazini nəzarəti altına almış oldu. Ələ keçirilən ərazilərdə isə Səbuk Təkinin həyata keçirdiyi ilk vəzifə təbliğat və inandırma yolu ilə yerli əhalinin islamlaşdırılması oldu. Səbuk Təkinin Hindistan racəsi ilə döyüşdə qazandığı qələbə onun Samanoğulları sarayında olan nüfuzunu xeyli artırdı. Artıq Samanoğulları bütün daxili və xarici siyasətlərini Səbuk Təkinin məsləhətləri əsasında həyata keçirirdilər.
Həmin dövrdə türk sərkərdələrindən olan Əbu Əli Simcuri və Falk İttifaqı birləşərək 994-cü ildə Samanoğullarına qarşı üsyan qaldırmışdılar. Samanoğulları hökmdarı üsyanı yatırtmaq üçün Səbuk Təkin və oğlu Mahmudun başçılığı altında böyük bir qüvvə göndərdi. Qızğın döyüşlərdən sonra — 995-ci ildə üsyançıların mərkəzi iqamətgahı yerləşən Xorasan şəhəri ələ keçirildi. Bu qələbənin əvəzində Samanoğulları hökmdarı Nuh ibn Mənsur Səbuk Təkinin gənc, lakin olduqca istedadlı sərkərdə kimi özünü göstərən oğlu Mahmuda Xorasandakı orduya komandanlıq etməyi tapşırdı. Sebuk Təkin isə ölkəni idarə edən ikinci şəxsə çevrildi. Xorasandakı qələbədən iki il sonra Səbuk Təkin vəfat etdi. Amma artıq  gələcəkdə qurulacaq qüdrətli dövlətin əsasını qoymuşdu.

Mahmud hakimiyyəti ələ alır

Daha gənc ikən özünü bacarıqlı sərkərdə kimi göstərməyi bacaran Mahmud atasının ölümündən sonra bir müddət Nişapurda ordu komandanı vəzifəsində çalışdı. Sebuk Təkin öldükdən sonra onun yerinə kiçik oğlu İsmayıl keçmişdi. Çünki hələ sağlığında ikən öz yerinə kiçik oğlunun keçməsini vəsiyyət etmişdi. Onun bunu nə üçün etdiyi, hələlik, bilinmir. Çünki türklərdə, adətən, istər ailədə, istərsə də dövlətdə ata öləndə onu böyük oğlu əvəz edirdi. Bu, yazılmamış qanun idi, üstəlik, Mahmud kiçik qardaşı İsmayılla müqayisədə daha istedadlı və bacarıqlı idi. Səbuk Təkin hələ sağlığında ikən hamının yanında oğlu Mahmudun igidliyi ilə öyünürdü. Ona görə də Səbuk Təkinin nə məqsədlə təcrübəsiz və ölkəni idarə etməkdə hər hansı bacarığı olmayan İsmayılı öz yerinə taxta çıxmasını vəsiyyət etməsinin səbəbi anlaşılmazdır. Belə güman edilir ki, Mahmudun anası türk əsilli olmadığı üçün Səbuk Təkin onu öz yerinə təyin etməkdən çəkinib.
Həmin vaxtda Mahmudun cəmi 28 yaşı vardı. Onun hakimiyyətə gəlməsi ilə İslam aləmi yeni bir qüvvə əldə etdi. Artıq Şərqdə bütün gözlər Mahmuda dikilmişdi. Hamı onun nə edəcəyini maraqla gözləyirdi. Mahmud isə, əvvəlcə, Hindistana yürüş etmək istədi, sonra fikrindən vaz keçdi. Çünki o qazandığı qələbələrdən kimlərinsə bəhrələnməsini istəmirdi. Faktiki olaraq, Mahmud sərbəst hərəkət etmək və Samanoğullarının vassallığından qurtulmaq istəyirdi. Uzun-uzadı düşünəndən sonra Mahmud anladı ki, adını tarixə əbədi yazdırması və İslam aləminin daha da çiçəklənməsi, İslamı qəbul edən xalqların sayının artırılması üçün yeganə yol, artıq zəifləmiş olan Samanoğullarının taxtdan kənarlaşdırılmasıdır.
Digər tərəfdən, kiçik bir əyalətdə valilik etmək Mahmuda ağ gəlirdi. Ancaq Samanoğullarım taxtdan salmaq və onlara qarşı savaş açmaq üçün bir bəhanə lazım idi. Belə bir bəhanə isə bir müddət ələ düşmədi. Mahmud Samanoğullarını savaşa çəkmək məqsədilə onların tanımadıqları Bağdaddakı Abbasi xəlifəsi Əl-Qadir Billahın adına xütbə oxutdurdu. Samanoğulları hökmdar. bundan əsəbiləşsə də, Mahmuda qarşı qoşun göndərməyə və onu cəzalandırmağa qorxdu. Çünki orduda Mahmudun nüfuzu kifayət qədər yüksək idi. Yalnız 999-cu ildə baş verən bir hadisə Mahmudun öz niyyətini reallaşdırmasma imkan verdi. Belə ki, Samanoğulları 999-cu ildə Qaraxanlılarla savaşda məğlub oldular. Nəticədə, ölkənin bir hissəsi Qaraxanlıların əlinə keçdi.
Belə bir vəziyyətdən dərhal istifadə edən Mahmud Samanoğullarının nəzarətində olan Buxara, Xorasan, Herat, Bəlx, Bust və Kabil şəhərlərini ələ keçirdi. Bunu görən İranla İraq arasındakı ərazilərdə hökmranlıq edən Büveyhilər (932-1062) Mahmudun üzərinə qoşun yeritdilər. Onlar güclü bir rəqiblə qarşılaşacaqlarını bilsələr də, ona hakimiyyətdə möhkəmlənmək imkanı vermək istəmirdilər. Digər tərəfdən, Samanoğullarının ərazilərinə Büveyhilər özləri də göz dikmişdilər. Amma Mahmudla döyüş Büveyhilər üçün də fəlakətlə nəticələndi. Onlar məğlub olaraq Mahmudun hökmranhğını tanımalı oldular. Büveyhiləri məğlub etdikdən sonra Mahmud artıq Samanoğullarının taxtına sahib olduğunu, bir növ təsdiqləmiş oldu.
O, məşhur alim Əbu Həmid İsfahanini Bağdada xəlifənin yanına göndərdi. Xəlifə Əl Qadir (991-1030) Mahmudun elçisini böyük məmnunluqla qarşıladı. Xəlifə Mahmudun hökmdarlığını tanıdığınmı bildirərək ona «Yeminüddövlə» ləqəbi verdi və eyni zamanda qiymətli hədiyyələr göndərdi. Bundan sonra Mahmud Qəznədə taxtaçıxma mərasimi keçirdi və özünü Qəznəli hökmdarı elan etdi. Mahmud, həmçinin, xəlifəyə təşəkkür edərək, onun adına xütbə oxutdurdu. O, İslam dininin yayılması üçün bütün imkanlardan istifadə edəcəyini də xəlifəyə çatdırdı. Mahmud Qəznəli bütün Hindistanın müsəlman dinini qəbul etməsini istəyirdi.
Bunun üçün də o, Hindistan üzərinə yürüşə hazırlaşmağa başladı. Əvvəlcə Əfqanıstan və Belucistanı tam nəzarəti altına aldı. sonra Türküstana səfərə çıxaraq Mavarünnəhri özünə tabe etdi. Daha sonra Ceyhun çayı boyu əraziləri ələ keçirərək Türküstan sərhədlərini Xarəzmə qədər genişləndirdi. Amma Büveyhilər hələ də Mahmud üçün təhlükə mənbəyi idilər. Ona görə də sultan Hindistana səfəri ərəfəsində Büveyhilər üzərinə yürüş etdi. Savaşda Büveyhiləri məğlub edən Mahmud türklərin ana şəhərlərindən olan Rey, İsfahan, Qəzvin, Zəncan və digər şəhərləri ələ keçirdi. Eyni zamanda o, Büveyhilərin ərazilərində geniş yayılmağa başlayan rafizilərə divan tutdu və onların kitablarını yandırdı. Mahmud Samanoğulları ilə müntəzəm olaraq savaşda olan Qaraxanlılarla da müharibəyə başladı. Ancaq sonra o, Qaraxanlı hökmdarının qızı ilə evləndi və onlarla sülh müqaviləsi imzaladı. Beləliklə, Sultan Mahmud Hindistana səfərə çıxmazdan əvvəl qonşularından ona gələ biləcək bütün təhlükələri aradan qaldırmış oldu.
Mahmud taxta çıxarkən xəlifəyə verdiyi vədinə əməl edərək, 1000-ci ilin sentyabr ayında Hindistana yürüşə çıxdı. Hindlilərlə ilk döyüşü indiki Kabil şəhərinin şərqindəki Lamgan bölgəsində oldu. Döyüş hindlilərin məğlubiyyəti ilə başa çatdı. Lamgan və onun ətrafındakı qalaları ələ keçirən Mahmud bununla kifayətlənərək geriyə döndü. Hindlilərlə ilk döyüş əslində onun üçün kəşfiyyat xarakteri daşıyırdı. Qeyd edək ki, Mahmud uzaqgörən bir dövlət xadimi olmaqla yanaşı, həm də istedadlı sərkərdə idi. O, yaxşı başa düşürdü ki, hindlilərlə savaşın uğurla nəticələnməsi üçün onları məhəlli döyüşlərlə gücdən salmaq lazımdır. Ona görə də Mahmud birinci döyüşdə hindlilərin əlində olan bəzi əraziləri ələ keçirməklə kifayətləndi. 1001-ci ildə sultan yenidən Hindistana səfərə çıxdı. 1001-ci il noyabr ayının 27-də Peşavər yaxınlığında Vayhand racəsi Caypalın qoşunları ilə şiddətli döyüş baş verdi. Döyüş hindlilər üçün faciə ilə nəticələndi. Vayhand racəsi və 15 oğlu, həmçinin, onun nəvələri və bütün ordu komandanları Sultan Mahmud tərəfindən əsir alındı. Peşavər yaxınlığında Sultan Mahmudun qazandığı böyük qələbə hindlilərə vurulan ağır zərbə odu. Bu döyüşdə Qəznəlilərin əlinə həm də hindlilərə məxsus külli miqdarda qənimət keçdi. Qənimətin sayı o qədər çox idi ki, onun hesablanması üçün bir neçə həftə lazım gəlmişdi.
Peşavər yaxınlığındakı möhtəşəm qələbədən 3 il sonra sultan yenidən Hindistan üzərinə yürüşə çıxdı. 1004-cü ildə Bhatiya bölgəsində hind racəsi Beci Rayın başçılıq etdiyi qoşunla döyüşdə Sultan Mahmudun ordusu qələbə çaldı. Bhatiya bölgəsini tamamilə ələ keçirən Mahmud Qəznəli burada məscidlərin tikilməsi və bölgənin islamlaşdırılması barədə əmr verdi. Bu məqsədlə sultan bölgədə əhaliyə İslamın əsaslarının öyrədilməsi üçün oraya bu dini yaxşı bilən alimlər göndərdi. Bundan sonra sultan öz qoşunlarını o dövrdə Qərməti təriqətinə mənsub olan Multan hökmranlığı üzərinə yeritdi. Multanda Qərməti inancına mənsub olan Əbul-Fəth Davud hökmranlıq edirdi. Əbul-Fəth Davud Mahmudun onların üzərinə qoşun yeritməsi xəbərini alan kimi Multanı tərk edərək İndus çayı üzərində yerləşən bir adaya qaçdı. Multanı ələ keçirən sultan buradakı Qərmətiləri ağır cəzalandırdı. Sultan Multana yeni vali təyin etdi. Lakin Suhpal adlı yeni vali müsəlmanlığı üzdə qəbul edənlərdən idi. O, tezliklə müxtəlif təriqətlərin təsiri altına düşərək sultana qarşı çıxdı. Bunu eşidən Sultan Mahmud dərhal yenidən Multana qoşun yeritdi.
O, Multana idarəçiliyi ordu komandanlarından Təgin Xəzinə tapşırdı. Yeni vali dərhal İslam dininin yayılması və ölkənin ədalətlə idarə edilməsi üçün hərəkətə keçdi. Multan qısa müddətdə İslam dini elminin bölgədəki mərkəzlərindən birinə çevrildi. Amma hindlilər İslam dininin yayılmasma güclü müqavimət göstərirdilər. Onlar Hindistanın şimal-qərbindəki ərazilərdə İslamı qəbul edən əhalini ağır şəkildə cəzalandırırdılar. Bundan əlavə, Pəncab əyalətində də hindlilər İslam dinini qəbul edənləri öldürürdülər. Bunu eşidərək qəzəblənən Sultan Mahmud dərhal adı çəkilən ərazilərin üzərinə qoşun yeritdi. 1008-ci ildə baş verən bu döyüş İslamın daha geniş yayılmasına yeni imkanlar açdı. Amma bu qələbə olduqca ağır başa gəldi. Vayhand şəhəri yaxınlığında baş verən döyüşdə hindlilər olduqca güclü müqavimət göstərirdilər. Hər iki tərəf qanlı döyüşlərdə ağır itkilər verdilər. Amma Sultan Mahmudun sərkərdəlik istedadı qələbəni təmin etdi. Düşmən üzərindəki bu qələbədən sonra Pəncab, Hindistanın şimal və qərbi də daxil olmaqla, Qəznəlilərin hakimiyyəti altına keçdi.
Ağır döyüşdən sonra dincələrək yenidən qüvvələrini bir yerə toplayan Sultan Mahmud 1009-cu ildə o dövrdə hindlilərin ən böyük ticarət mərkəzlərindən biri sayılan Narayyanupuru ələ keçirdi.
Bundan sonra aydın oldu ki, artıq Hindistan Mahmudun qarşısında tab gətirə bilməyəcək. Amma Multanda yenidən Qərmətilər baş qaldırmışdılar. Bunu görən Sultan Mahmud növbəti dəfə həmin əraziyə qoşun yeritdi və oranı tamamilə tutaraq, sərt bir idarəçilik sistemi qurdu. Bölgədə əhalini üsyana sövq edən Qərmətilərin hamısı ələ keçirilərək məhv edildi. 1014-cü ildə Mahmud yenidən Hindistan üzərinə hücum etdi. O, Nandna qalasını ələ keçirərək Kəşmir üzərinə yeridi. Kəşmirdəki hind qüvvələri Mahmud Qəznəli ilə döyüşdə ağır məğlubiyyətə uğradılar. Kəşmir üzərində qələbə İslamın bütün Hindistana yayılmasında önəmli rol oynadı.
Sultanın Hindistana 10-cu səfəri özünəməxsusluğu ilə yadda qalıb. Belə ki, Sultan Mahmud hindlilərin ən müqəddəs dini mərkəzlərindən olan Thanesar şəhərini ələ keçirdi. Sultan buradakı bütün bütləri məhv etdirdi. "Çaksrasvami" adlı məşhur bütü isə Qəznəyə gətirdərək, onu xalqa nümayiş etdirdi. Sultan Mahmudun bu zəfəri Hindistandan xeyli uzaqlara yayıldı və İslamı qəbul edənlərin sayının sürətlə artmasına səbəb oldu. Amma Sultan Mahmud Hindistana yürüşləri zamanı bəzən uğursuzluğa da düçar olurdu. Məsələn, 1015-ci ildə Mahmudun Kəşmir vilayətindəki Lokhot adasını ələ keçirmək istəyi baş tutmadı.
Lokhotlular güclü müqavimət göstərirdilər. Mahmud yersiz qırğına yol verməmək və vaxt itirməmək üçün qalanı mühasirəyə alan qoşunlarını geri çəkdi. Amma o, Hindistan üzərinə yürüşdən vaz keçməmişdi. Sultanın növbəti yurüşü Hindistanın ən zəngin bölgəsi olan Kanave üzərinə oldu. Sultan əvvəlcə Kanavedəki Sirsava qalasını ələ keçirdi. Buradan Mahmud Baran (Bulendşehr) qalasına yürüş etdi. Amma qalanı idarə edən racə Hardat sultanı böyük hədiyyələrlə qarşıladı və müsəlmanlığı qəbul etdiyini bildirərək onun hakimiyyətini tanıdığını söylədi. Racə qalanın açarlarını Sultan Mahmuda təqdim etdi. Bundan sonra racə ilə birlikdə onun 10 min nəfər tərəfdaşı da İslamı qəbul edərək müsəlman olduqlarını bildirdilər. Sultan sonra Camna və Qanq çaylan arasında yerləşən bütün şəhərləri də ələ keçirdi. 1018-ci il dekabr ayının 20-də isə Kanave şəhərini tutdu. Beləliklə, Hindistanın böyük hissəsi sultanın idarəçiliyi altına keçmiş oldu. Sultan Mahmudun məğlubedilməzliyi Hindistanda o qədər böyük qorxu oyatmışdı ki, bir çox vilayətlərin başçıları ya şəhəri buraxıb qaçır, ya da könüllü olaraq onun yanına elçi göndərərək, hakimiyyətini qəbul etdiklərini bildirirdilər.

Ghazni empire

Somanat səfəri

1020-ci ildə sultan Hindistana daha bir yürüş etdi. Həmin il o, Kalıncar, 1021-ci ildə Kəşmir, 1022-ci ildə isə yenidən Kalıncar üzərinə qoşun yeritdi. Bu səfərlər zamanı sultan adıçəkilən qalaları ələ keçirdi və onları özünə tabe etdi. Amma sultanın ən böyük hücumu Somanat üzərinə oldu. Bu, onun hakimiyyətdə olduğu müddət ərzində Hindistana etdiyi 16-cı və ən məşhur yürüşü idi. Qeyd edək ki, həmin dövrdə Somanat şəhəri hindlilərin məşhur dini mərkəzlərindən sayılırdı. Brahmanlar burada inşa etdirdikləri məşhur məbədi bütpərəstliyin genişləndirilməsi mərkəzinə çevirmişdilər. Somanatdakı müqəddəs bütü hər il yüz minlərlə hindli ziyarət edirdi. Bütü qiymətli daş-qaşlarla bəzəmişdilər. Sultan Somanatdakı məşhur büt haqqında məlumat alan kimi dərhal oranı ələ keçirmək fikrinə düşdü. Onu da deyək ki, Somanatda Şiva tanrısmın olduğu məbəd də hindlilərin müqəddəs yerlərindən sayılırdı. Məbəd Brahman rahiblərinin nəzarəti altında idi və burada yüzlərlə insan fəaliyyət göstərirdi. Məbəddəkilər Mahmudun Hindistan səfərlərinə və qazandığı qələbələrə istehza ilə yanaşırdılar. Onlar deyirdilər ki, Şiva Mahmudu son məqamda cəzalandıracaq. «Mahmudun bu günə kimi qazandığı bütün qələbələrdə Şivanın xidmətləri var. Şiva allahı Sultan Mahmudun əli ilə digər bütləri cəzalandıracaq və sonda onu məhv edəcək».
Onlar dönə-dönə söyləyirdilər ki, Mahmudun gücü bizə çat­maz və üzərimizə qoşun yeritsə, biabırçı şəkildə məğlubiyyətə uğrayacaq, özü də öldürüləcək. Brahmanlar məbədin ətrafındakı Tar çölünə və buranı qoruyan böyük bir orduya da çox güvənirdilər. Sultan Mahmud bütün bunlar barədə xəbər tutanda, sadəcə olaraq, gülümsəməklə kifayətləndi və qısa hazırlıqlardan sonra 5omanat üzərinə yürüşə çıxdı. Bu yürüşdə onun tabeliyində 30 min əsgər var idi. Amma qoşunun yolu üzərində keçilməz olan və yüz kilometrlərlə uzanan susuz səhralar var idi. Ona görə də sultanın əmri ilə hər bir əsgərə bir dəvə və bir at verildi. Bunlardan biri səhranı keçmək, digəri isə düşmənlə savaşmaq üçün idi. Ordu böyük və olduqca əziyyətli səhranı sıxıntılarla bir aya qət etdi. Hindlilər sultanın onların üzərinə yürüşə çıxmasından dərhal xəbər tutaraq hazırlıq görmüşdülər.
Onlar səhranın bu başına güclü bir ordu yeridərək Mahmudun qoşununu gözləyirdilər. Hindlilər səhranı keçərkən zəifləyərək əldən düşəcək sultanın ordusuna ağır zərbələr vurmağı və onu qısa zamanda məhv etməyi planlaşdırmışdılar. Amma sultanın ordusu səhrada nə qədər yorulsa da, ilk döyüşdə hind ordusunu ağır məğlubiyyətə uğratdı. Bundan sonra türk ordusu sürətlə Somanata yaxınlaşdı. Sultanın qoşununun ilk döyüşdə hindliləri ağır moğlubiyyətə uğratması Somanatda böyük həyəcan doğurmuşdu. Amma onlar hələ də Şivanın onları qoruyacağına ümid edərək Sultanla döyüşməyi qərara aldılar. Üç gün davam edən qanlı döyüşlərdən sonra hind ordusu yenə məğlub oldu. Şəhəri ələ keçirən sultan Mahmud məbədə girərək müəzzinə ən məşhur bütün üzərinə çıxaraq əzan oxumasını əmr etdi. Sonra isə məbəddəki bütün bütləri məhv etdirdi. Brahmanlar Şiva allahının bütünün məhv edilməməsi üçün sultan Mahmuda külli miqdarda pul təklif etdilər. Bundan əsəbiləşən Sultan onlara: «Mən bu səfərləri Allahın rizası üçün edirəm. Şəxsi mənfəətim üçün axirətimi satmaram» — deyə cavab verdi.
Sonra isə Sultan Mahmud Qəznəli əsgərlərə əmr etdi ki, bütü sındırsınlar. Şiva bütünü sındıran zaman onun içərisindən çoxlu daş-qaş çıxdı. Bu qənimətlə 150-200 min nəfərlik ordunun, ən azı, 30 il bütün ehtiyacını ödəmək olardı. Somanat səfərində qazandığı qələbə Sultan Mahmuda bütün Şərqdə, Asiyada və İslam dünyasında elə böyük şöhrət gətirdi ki, xəlifə onu «Dövlətin və İslamın qoruyucusu» adlandırdı. Bundan sonra Mahmud hər yerdə bu adla çağırıldı. Şöhrəti artdıqca Sultan Mahmud daha sadə və ədalətli hökmdar olurdu. O, ölkəni İslamın qayda və qanunlarına uyğun idarə edir və hər yerdə ədaləti, haqqı hər şeydən üstün tuturdu. Ona görə də istər İslamı qəbul edən, istərsə də qəbul etməyənlər arasında sultana böyük rəğbət vardı.
Somanatı ələ keçirəndən sonra Sultan Mahmud daha bir səfərə çıxdı. Bu dəfə o, Qərmətilərin yuvasına çevrilən Mansuranın hakimi Xafifi cəzalandırdı. Bunun ardınca Sultan Mahmud dəfələrlə qəfildən onun ordusuna hücum edərək, diqqətini Hindistan səfərindən yayındırmaq istəyən çatlılarla haqq-hesab çəkmək qərarına gəldi. Catlıların əsas qüvvələri dənizdə idi. Onlar dənizdə məğlubedilməz sayılırdılar. Ona görə də sultan 1500 gəmi inşa etdirdi və dəniz döyüşündə catlıların 400 gəmisini məhv etdi. Bundan sonra Cat tamamilə ələ keçirildi və buradan sultana qalib gələ biləcək hər cür təhlükə aradan qalxmış oldu. Beləliklə, Sultan Mahmud Qəznəli Qanq çayı ətrafındakı bütün ərazilərdə öz hakimiyyətini möhkəmləndirdi.
Ömrünü İslam dininin yayılmasına həsr edən və türk millətinin tarix kitabına qızıl səhifələr yazan böyük sərkərdə və dövlət xadimi Sultan Mahmud Qəznəlinin Hindistan üzərinə yürüşləri onun səhhətində ağır izlər buraxmışdı. Ordusunun bütün səfərlərində iştirak edən, gah keçilməz hesab edilən qarlı dağların aşılmasma, gah da susuz, üzücü isti səhraların qət edilərək düşmənə gözləmədiyi yerdən zərbələr endirilməsinə rəhbərlik edən Sultan Mahmud ağır xəstələnmişdi. Həkimlərin onu müalicə cəhdləri isə müsbət nəticə vermirdi. Çünki sultan öz sağlamlığını qorumaq barədə heç vaxt düşünməmişdi. Həkimlərin onu müalicə etmək üçün dilə tutmalarına cavab olaraq sultan: «Mən hələ Islamın bütün Hindistan və Asiyaya yayılmasına nail ola bilməmişəm, vaxt isə məni gözləmir. Ölənə kimi qarşıma qoyduğum müqəddəs vəzifəni bütün Hindistanın müsəlmanlaşdınlmasıni başa çatdırmaq və bundan sonra rahat son mənzilə getmək istəyirəm» — demişdi.

Sultan Mahmudun vəfatı

Sultan Mahmud o dövrdə müalicəsi mümkün olmayan ağır ağciyər xəstəliyinə tutulmuşdu. Buna baxmayaraq, Mahmud Qəznəli İslam aləmində xoşagəlməz ad çıxaran qondarma təriqətləri dəstəkləyən İraq hakimi Büheyoğulları üzərinə yürüşə çıxılması barədə əmr verdi. Bu səfər xəstə sultan üçün ağır keçsə də, o, sona kimi əsgərləri ilə birgə oldu. Düşməni məğlub edərək İraqı da Qəznəlilərin hakimiyyəti altına alan Sultan Mahmud geri qayıdarkən yatağa düşdü. O artıq hərəkət edə bilmirdi. İslam dininin bütün Hindistana, Əfqanıstan və Cənub-Şərqi Asiyaya yayılmasında əvəzsiz xidmətlər göstərən, zəmanəsinin ən böyük hökmdarı admı qazanan Sultan Mahmud Qəznəli 1030-cu ildə vəfat etdi. Onun vəfat etməsi bütün İslam-türk dünyasını yasa batırdı.
Sultan Mahmudun vəfatından sonra onun yerinə oğlu Sultan Məsud keçdi. Sultan Məsud cəsur, qızğın xarakterli bir insan idi. O, atasının vəsiyyətinə əməl edərək, İslam dininin yayılması üçün qonşu ölkələrə bir sıra səfərlər etdi. Ancaq o, atasının vəsiyyətlərini yerinə yetirə bilmədi. Sultan Məsudun ən xoşagəlməz cəhətlərindən biri, onun tez təsir altına düşməsi idi. O bəzən dövlətin mənafeyinə xidmət etməyən qərarlar verərək ölkə daxilində özünə qarşı narazılıq oyadırdı. Bu arada Qəznəlilərlə qonşuluqda yerləşən digər türk tayfası olan Səlcuqlular get-gedə güclənirdi. Sultan Məsud Səlcuqlularla dil tapmaq və qardaş qanı tökülməsinin qarşısını almaq əvəzinə, onlarla açıq münaqişəyə girdi.
O belə hesab edirdi ki, səlcuqlular ona arxadan zərbə vuraraq, İslam dininin yayılmasına mane olurlar. Qəznəlilərlə Səlcuqlular arasında münaqişə sonda onların döyüş meydanında üz-üzə gəlmələri ilə nəticələndi. 1040-cı ilin may ayında indiki Türkmənistan ərazisində olan Mərv şəhəri yaxınlığındakı Dəndənəkan adlı yerdə Qəznəlilərlə Səlcuqlular arasında qanlı müharibə baş verdi. Bu döyüşdə daha çevik hərəkət edən Səlcuqlular qələbə çaldılar. Məğlubiyyət nəticəsində Qəznəlilər əvvəlcə Xorasanı, sonra isə ölkənin bütün şimal ərazilərini itirdilər. Bundan sonra Sultan Məsud yaxınlarından biri tərəfindən qətlə yetirildi. Qəznəlilər ölkənin paytaxtını indiki Pakistanın Lahor şəhərinə köçürməyə məcbur oldular. Amma burada onlar dinclik tapa bilmədilər. Zəifləmiş Qəznəli dövlətinin düşmənləri hər yerdə baş qaldırmışdı. Əlavə edək ki, bu zaman Qəznəlilərin qan qardaşı olan Qor bölgəsində yaşayan türklər də baş qaldırdılar. Onlarla döyüşdə Qəznəlilər məğlub oldular. Qor türkləri Qəznəlilərin sonuncu hökmdarı Xosrov Məliki əsir alaraq, bu dövlətin varlığına son qoydular. Amma Qəznəlilər tarixdə İslam və türk dünyasının qarşısına qoyulan əsas vəzifənin həyata keçməsinə indiki Əfqanıstanın, Pakistanın, Banqladeşin və Hindistanın böyük bir hissəsinin islamlaşdırılmasına nail oldular.

Qəznəlilər mədəniyyəti

Sultan Mahmudun qurduğu Qəznəlilər dövləti o dövrdə Asiyanın ən böyük mədəniyyət və elm mərkəzi sayılırdı. Ölkədə yüzlərlə mədrəsə fəaliyyət göstərirdi. Bu mədrəsələrdə həm dini elmlər, həm də təbiət elmləri tədris edilirdi. Sultan Mahmud istedadlı və məğlubedilməz sərkərdə, hökmdar olduğu kimi, həm də məşhur bir alim idi. O, hədisləri əzbər bilirdi və bu barədə İslam alimləri ilə mübahisəyə girərək onları məğlub edirdi. Sultan həm də İslam hüququnun bilicisi kimi şöhrət qazanmışdı. Ölkənin paytaxtı Qəznə şəhərinə dünyanın məşhur alimlərini, sənətkarlarını toplayan Sultan Mahmud onlardan elm və mədəniyyətin yüksəlişi üçün istifadə edirdi. Mədrəsələrdə dərs deyən müəllimlərə dövlət xəzinəsindən maliyyə yardımı edilirdi. Alimlərə və digər məşhur adamlara, onların elmi səviyyəsinə uyğun olaraq bəxşişlər verilirdi, rahat yaşamaları və elmlə məşğul olmaları üçün lazım olan maliyyə yardımı göstərilirdi.
Sultanın sarayında isə o dövrün ən məşhur alimləri və şairləri toplaşmışdı. Bəzi məlumatlara görə, saraydakı elm adamlarının və şairlərin sayı 500 nəfərdən çox idi. İslam dininin yayılmasını genişləndirmək üçün Mahmud Qəznəli nəzarəti altına aldığı bütün ərazilərdə, ilk növbədə, məscidlər tikdirir və İslam dinini öyrədən və təbliğ edən mədrəsələr açdırırdı. Hindistana səfərləri zamanı əldə etdiyi qələbələr münasibətilə sultan zəfər tağları inşa etdirmişdi. Zəfər tağlarının hündürlüyü, adətən, 40-50 metr olurdu. Həmin abidələrin üzərində Sultan Mahmudun qazandığı qələbələr və sultanların əsil-nəcabəti barədə məlumat verilirdi. Bu baxımdan zəfər tağları üzərindəki yazılar qiymətli tarixi mənbə hesab edilir. Bu zəfər tağları həm də İslam dininin yenilməzliyi rəmzi idi. Qəznəlilərin İranda inşa etdirdiyi (o vaxt indiki Iran ərazisinin 80 faizində türklər yaşayırdılar) və bu gün də məşhur olan Bazar Ulu məscidi, İkinci Məsud minarəsi əvəzsiz memarlıq abidələri kimi İslam mədəniyyəti tarixində yaşamaqdadır.
Qeyd edək ki, Sultan Mahmudun özü də mahir bir memar idi. O, inşa etdirdiyi bir çox məscid və sarayların layihəsini özü vermişdi. Qəznəlilər türk idilər və hər yerdə əhali türk dilində danışırdı. Sarayda da danışıq dili türk dili idi, amma yazışmalarda fars və ərəb dillərindən istifadə edilirdi. Elmi əsərlər ya farsca, ya da ərəbcə yazılırdı. Sultan Mahmud həm də türk dilinə, türk milli qüruruna böyük qiymət verən vətənpərvər bir şəxs idi. O, türk hökmdarlarının tarixini nəzmə almaq üçün fars əsilli Firdovsiyə tapşırıq vermişdi. Amma Firdovsi türklərin tarixini qələmə almaq əvəzinə, yazdığı "Şahnamə«sində farsların tarixindən daha çox bəhs etdi. Bundan əsəbiləşən Sultan Mahmud Firdovsiyə yazdığı əsərə görə vəd etdiyi qızıl əvəzinə, gümüş göndərdi. Sultan Mahmud məşhur alimlər İbn Sina ilə Birunini də Qəznəyə gətirdərək, onlara elmi tədqiqatlarla məşğul olmaq üçün hər cür şərait yaratmışdı.
Onun elmə və elm adamlarına böyük qiymət verməsi, dövlət məsələlərinin həllində alimlərin məsləhətlərindən istifadə etməsi bu gün də hörmət və məhəbbətlə xatırlanır. Sultan Mahmud həm də ədalətli bir hökmdar idi. O hətta bir dəfə sarayda ən çox hörmət bəslədiyi əyanlardan birinin qulluqçusu ilə qeyri-insani davranışını bağışlamamış və həmin şəxsi dərhal cəzalandırmışdı. Əyanın bağışlanması üçün xahiş edənlərə isə belə bir cavab vermişdi: „O əyanın yerində ən əziz bir adamım olsaydı belə, onu bağışlamazdım. Çünki dinimizdə zəifin haqqının tapdalanmasına, güclünün gücsüzü əzməsinə icazə verilmir və bunlar pislənir. Allah tərəfindən yaradılan bütün insanlar, tutduqları vəzifələrindən asılı olmayaraq, bərabərdirlər. Heç kimsənin kasıbın haqqını ayaqlar altına atmasına razı ola bilmərəm. Haqlını haqsız edənlər, zəifi əzənlər bizdən deyillər. Onlar müsəlman ola bilməzlər. Çünki müsəlman müsəlmana zülm etməz“.
Sultanın bu ədaləti ondan sonra gələn hökmdarlar üçün bir ibrət məktəbi olmuşdu. Ona görə də Qəznəli dövlətinin qurucusu tarixdə ən ədalətli dövlət başçısı kimi xatırlanır. Sultan Mahmudun digər bir xidməti isə Pəncab şəhərini müsəlmanların elm və mədəniyyət mərkəzinə çevirməsi ilə bağlıdır. Orta əsrlər Islam tarixçilərindən biri onun barəsində belə yazmışdır: „Sultan Mahmud bütün dövrlərin fatehidir. Onun kimi fateh hələ dünyaya gəlməyib. Əgər o, Hindistana səfərlər etməsəydi, bu gün xəritədə Pakistan, Banqladeş, Əfqanıstan kimi müsəlman dövlətləri olmayacaqdı. Türk-Islam dünyası qiyamətə qədər Sultan Mahmudu məhəbbətlə xatırlayacaqdır“.

Mənbə Dr. Reha Yılmaz Tariximizdə iz qoyanlar kitabından,tərcümə Aytən Mabudova

Top