Mete xan

Mete xan

Eramızdan əvvəl üçüncü yüzilliyin ortalarında imperator ailəsində anadan olan Mete xanda uşaqlıqdan bir savaş ruhu vardı. O, at çapmağı, ox atmağı, qılınc oynatmağı sevirdi. Ona görə də Mete xanı xüsusi hərbi təlim keçənlərə tapşırmışdılar. Bu da onun hərbi bilikləri daha mükəmməl öyrənməsi ilə nəticələndi. Tezliklə məlum oldu ki, at oynatmaqda, ox atmaqda, qılınc çalmaqda ona bərabər olan yoxdur. O dövrdə Hun imperiyasında hamı hun xalqının yeni bir qəhrəman oğlu Mete xanın qeyri-adi şücaətindən danışırdı. Imperator Teomanın (Tuman- Duman) varisi kimi tanınan Mete xanın şöhrəti artdıqca, onu sevməyənlərin də yuxusu ərşə çəkilirdi.
Xüsusilə, Teomanın arvadı — Mete xanın ögey anası öz oğlunu gələcəkdə imperator görmək istəyirdi. Ona görə də o, şirin dilini işə salaraq, ərini Mete xanın gələcəkdə taxt-tacı üçün təhlükə yarada biləcəyinə inandırdı. Əslində Teoman da gənc yaşlarından qeyri-adi hərbi bacarıq nümayiş etdirən Mete xanın onu hakimiyyətdən uzaqlaşdıracağından şübhələnirdi. Ona görə də Mete xandan gözlənilən təhlükəni aradan qaldırmaq üçün onu, özünün köhnə düşmənlərindən olan, mənşəcə çinli yuecilərə girov kimi göndərdi. O dövrdə zəif tayfalar güclü tayfalara, eyni zamanda güclü tayfalar da eyni gücə malik tayfalara girov olaraq ən yaxın adamlarını göndərirdilər.
Bu onların əmin-amanlıq şəraitində yaşamaları üçün müəyyən vasitə rolunu oynayırdı. Çünki ən yaxın adamı girovluqda olan dövlətin və ya tayfanın üzərinə hücum etməyə hər hansı bir ağılsız hökmdar cəsarət edə bilmirdi. Belə ki, o saat hücuma məruz qalan girovu öldürürdü. Əslində Mete xanı yuecilərə girov verməklə Teoman və onun arvadı onun öldürülməsi planmı hazırlamışdılar. Teoman yuecilərdən zəif deyildi və Mete xanın taxt-tacın gələcək varisinin həyatmı belə bir təhlükəyə atmağa ehtiyac da yox idi. Amma hakimiyyət ehtirası türk dünyasının ən qüdrətli sərkərdələrindən biri olacaq Mete xanın qurban verilməsini tələb edirdi.
Şübhəsiz ki, Mete xan yuecilərə nəyə görə girov verilməsinin səbəbini anlamamış deyildi. Amma onun ata iradəsinə qarşı getməyə hüququ yox idi. Əgər o, buna etiraz etsəydi, ya varislikdən məhrum ediləcəkdi, ya da adı qorxaqlar sırasında hallandırılacaqdı. Ona görə də o, taleyin hökmünə boyun əyməyə məcbur oldu. Mete xanı yuecilərə girov olaraq göndərdikdən az sonra Teoman arvadının təhriki ilə onlara hücum etdi. Bu isə Mete xan üçün atası tərəfindən kəsilən ölüm hökmü anlamına gəlirdi. Ola bilsin ki, Mete xan özünün başına gətirilə biləcək bu oyunların səbəbini başa düşmüşdü. Belə olmasaydı, Mete xan yuecilərin əlindən qaça bilməzdi. Bəzi tarixçilərə görə, girovluq həyatı ilə barışa bilməyən Mete xan çinlilərin əsarətindən qurtarmaq üçün əvvəlcədən cəsarətli bir tədbir hazırlamışdı və atasının yuecilərin üzərinə hücum etdiyini eşidən kimi qaçış planmı həyata keçirdi.

Atası Mete xanın qarşısında baş əyir


Teomanın sarayında Mete xanın yuecilər tərəfindən edam edilməsi xəbəri gözlənildiyi bir vaxtda, onun gözlənilmədən sarayda peyda olması və girovluqdan qaçdığını bildirməsi Teoman və arvadını şoka saldı. Qaçarkən qarşısını kəsən onlarla çinlini məhv etməsi və bu zaman göstərdiyi qəhrəmanlıq isə bütün Çinə və türk dünyasına yayıldı. Teoman oğlunun bu qəhrəmanlığı qarşısında baş əyməyə məcbur oldu. O, istər-istəməz oğlunu on min nəfərlik orduya komandan təyin etdi. Amma o, fürsət düşən kimi Mete xanı aradan götürməyi və ya onu ən təhlükəli savaş meydanına göndərərək məhv etməyi düşünürdü. Mete xan da vaxtmı itirmirdi. O, özünü yeni bir təhlükənin gözlədiyini anlayırdı. Ona görə də dərhal tabeçiliyinə verilən orduda dəmir nizam-intizam yaratdı. Digər tərəfdən də, Mete xan ölkənin xaricdən təhlükə qarşısında qaldığını yaxşı anlayır və buna qarşı da özünü hazırlayırdı. Həmin dövrdə ölkə daxilində əmələ gələn qeyri-müəyyən vəziyyətdən istifadə edən çinlilər ölkənin bir hissəsini ələ keçirdilər.

Ögey ananın planı və Mete xanın özünümüdafiəsi


Saray daxilində intriqalarla məşğul olan Mete xanın ögey anası gələcək sərkərdəni aradan qaldırmaq üçün yeni təhlükəli bir plan hazırlamışdı. Həmin plana əsasən, ov zamanı Mete xan öldürülməli idi. Bundan xəbər tutan Mete xan artıq özünü müdafiə etmək və ölkəni, gözlənilən yeni Çin əsarətindən qurtarmaq üçün dərhal hərəkətə keçdi. O, tabeçiliyində olan ordu ilə atasını aradan qaldırmaq üçün plan hazırladı. Bunun üçün isə imkan ov zamanı düşdü. Teoman ovda təsadüfi atılan oxun qurbanı oldu. Dəfn mərasimindən sonra Mete xan mövcud qanunlara əsasən atasının yerinə keçdi.
Qədim salnaməçilər Mete xanın eramızdan əvvəl 209-cu ildə taxt-taca yiyələndiyini yazırlar. Belə bir fikir vurğulanır ki, Mete xanın taxt-taca yiyələnməsi Çində böyük həyəcanla qarşılanmışdı. Hakimiyyəti ələ aldıqdan sonra ölkədə sərt qayda-qanun formalaşdıran Mete xan sarayı, dövlətin idarə olunmasına mane olan və onu yersiz intriqalarla dağıdan məmurlardan təmizlədi. Yalnız ölkədə tam şəkildə asayişi qorumağa və xaricdən gələ biləcək təhlükəni qismən də olsa aradan qaldırmağa nail olduqdan sonra Mete xan tacqoyma — taxtaçıxma mərasimi keçirdi və onu böyük hökmdar mənasını verən "Şansu" deyə çağırmağa başladılar.

Çin Mete xanı təxribata çəkir


Hun İmperatorluğuna Mete xanın yiyələnməsini həzm edə bilməyən Çin onun güclənməsinə imkan verməmək üçün hunların üzərinə hücum üçün bəhanə axtarırdı. Belə bir bəhanə isə ələ düşmürdü. Ona görə də Mete xanın üzərinə hücum etmək üçün Çin müxtəlif planlar hazırladı. Çin hökmdarı Hun sarayına elçisini göndərərək, onun ən sevimli atını istədi. Daima ölkədaxili problemləri demokratik yolla həll etməyə adət edən Hun sarayında bununla bağlı böyük bir qurultay keçirildi.
Mete xan sarayın başbilənlərinə Çin hökmdarının istəyini çatdırır. Saraydakılar atın verilməsinin əleyhinə çıxırlar. Lakin Mete xan: «At mənimdir, mən onu verəcəyəm», — deyir və sevimli atmı Çin hökmdarına göndərir. Mete xanın bu hərəkəti qorxaqlıq kimi qiymətləndirilir və bu dəfə Çin hökmdarı vaxtilə Hun sarayına göndərilən şahzadə xanımın verilməsini tələb edir. Mete xan bu dəfə də qurultay çağıraraq məsələni onlara danışır. Bu dəfə də qurultay iştirakçıları Çinin təklifinə rədd cavabı verirlər. Amma Mete xan bu məsələnin də onun özünə aidiyyəti olduğunu bildirərək, şahzadə xanımın verilməsi barədə qərar qəbul edir. Çin sarayında isə Mete xanın bu hərəkətlərindən heyrət içində idilər. Hun Imperatorluğunun ən cəsur bir sərkərdəsi hesab edilən Mete xan bir-birinin ardınca onlara güzəştə gedirdi. Bu da Çin hökmdarında Hun torpaqlarını işğal etmək iştahı əmələ gətirdi.

Torpaq millətindir


Bu dəfə Hun sarayına göndərilən elçi Çinlə sərhəddə yerləşən daşlıq və qayalıqdan ibarət olan ot bitməyən bir ərazinin verilməsini xahiş etdi. Yenə də Mete xan qurultay topladı və onların məsələ ilə bağlı fikirlərini soruşdu. Qurultay iştirakçıları: «Ey hökmdar, o torpağı ver getsin, onsuz da orada heç ot da bitmir» — dedilər. Mete xan isə bunun qeyri-mümkün olduğunu bildirdi. Belə olduğu halda, qurultay iştirakçıları ona dedilər: «Axı sənin ən sevimli atmı istədilər verdin, ən sevimli çinli şahzadəni istədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalığın verilməsinə niyə razı olmursan?» Mete xanın onlara cavabı isə çox ibrətamiz oldu. O: «Atımı istədilər, verdim, çünki, mənə məxsus idi. Şahzadəni istədilər, verdim. Çünki onun üzərində mən hökmran idim. Amma torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərin bircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm: hazırlaşın, düşmən üzərinə gedirik!»

Çətin döyüş


Çinlə ilk savaş Mete xana asan başa gəlmədi. Çinlilər-yuecilər döyüşə yaxşı hazırlaşmışdılar. Buna baxmayaraq, Mete xanın sərkərdəlik dühası onun köməyinə çatdı. Düşmənə gözlənilməz yerdən hücum edərək, onu darmadağın edən Mete xan yueciləri xərac verməyə məcbur etdi. O, bununla kifayətlənmək istəmirdi və Çini tamamilə diz çökdürmək barədə düşünürdü. Amma bunun üçün uzunmüddətli hazırlıq lazım idi. Yuecilərlə ilk döyüş göstərmişdi ki, hunlar hələ Çini tam diz çökdürmək gücünə malik deyillər. Digər tərəfdən də, Mete xanı arxadan hər an hücum təhlükəsi gözləyirdi. Belə ki, Teoman hələ öz sağlığında imperatorluğu övladları arasında bölüşdürmüşdü. Amma imperatorluğun uzaq hissələrində hökmranlıq edən Mete xanın qardaşları ölkənin mərkəzini ələ keçirmək istəyirdilər və ona heç də xoş münasibət bəsləmirdilər. İmperiyanın Şərqini və Qərbini idarə edən qardaşlar arasında gizli bir düşmənçilik hiss olunurdu.

Mete xan qərarını dəyişir


Mete xan anlayırdı ki, yuecilər qardaşlarını onun əleyhinə qaldırmaq üçün cəhdlərə baş vuracaqlar. Ona görə də Çini diz çökdürmək planını təxirə salan Mete xan Şərq və Qərbi nəzarəti altına almaq qərarına gəldi. O, bunu uğurla həyata keçirdi və qardaşlarına məxsus əraziləri öz ərazilərinə birləşdirdi. Mete xan «Birlikdən qüvvət doğar» el məsəlini özünün əsas həyat idealına çevirmişdi. Imperatorluğu öz bayrağı altınnda toplayan Mete xan sonra etnik cəhətdən türklərin yaxın əqrəbası olan tunquzların və monqolların üzərinə qoşun yeritdi və onları da özünə tabe et-di. Bunun ardınca Mete xan Xəzər dənizi sahillərinə yürüş etdi və indiki Azərbaycan ( o dövrdə indiki Ermənistan ərazisində hunlarla eyni kökdən olan azəri türklərinin əcdadları hesab edilən saklar-massagetlər- prototürklər yaşayırdılar), Gürcüstan və Iran da daxil olmaqla bütün əraziləri nəzarəti altına aldı.
Növbə Hindistana da çatdı. Mete xan Hindistanı asanlıqla ələ keçirdi. Beləliklə, indiki Sakit okean sahillərindən Balkanlara qədər olan böyük bir ərazi Mete xanın idarəsi altına keçdi. Tarixdə Mete xanın Anadoluya yürüşü barədə heç nə deyilmir. Amma inanmaq çətindir ki, Qafqaz da daxil olmaqla, Balkanlara qədər olan ərazini ələ keçirən Mete xan Anadolunu öz imperiyasına birləşdirməsin. Bundan sonra növbə Çinə də çatdı.
Həqiqətən də, Çin üzərinə ara-sıra hücumlər edən türklər, əvvəlcə, bu səddi necə aşacaqlarını bilmədilər. Üstəlik, səddi aşandan sonra geri qayıtmaq da lazım idi. Amma necə? Bu sual o vaxt tarix boyu at üstündə qılınc oynatmaqla düşmənə qalib gələn türklər üçün bir tapmaca idi. Ancaq sonra türklər bu səddi aşmağın yolunu öyrəndilər. Mete xan Çin üzərinə hücuma gedərkən türklər səddi aşmağın yollarını az-çox öyrənmişdilər. Bəzi tarixi mənbələrə görə, yuecilər Mete xanın Çinə hücum edəcəyindən xəbər tutmuşdular. Ona görə sədlərdə güclü hərbi qüvvə yığmaqla türkləri öz ərazilərinə buraxmamaq niyyətində idilər. Lakin düşmənin güclü müqavimətini qırmağa nail olan Mete xanın orduları səddi aşdılar və eramızdan əvvəl 201-ci ildə Çinə daxil oldular.
Tarixçilərin yazdıqlarına görə, Çinə hücum edərkən Mete xanın tabeçiliyində 300 min nəfərdən (bəzi mənbələrə görə, 330-350 min nəfər) ibarət yaxşı təlim görmüş və istənilən düşmənə döyüşdə qalib gəlməyi bacaran güclü bir ordu var idi. Bu ordu o dövrün ən güclü ordularından idi və onu məğlub etmək qeyri-mümkün idi. Mete xanın güclü hücumları nəticəsində düşmən yavaş-yavaş geri çəkilirdi. Nəhayət, Çin ordusu öz imperatoru ilə birlikdə Pateng (Bağ Teng) qalasında mühasirəyə alındı. Mete xanın tabeçiliyində olan ordunun əsas hissələri bu qalanın ətrafında toplaşdılar. Amma möhkəmləndirilmiş qalanı heç cür almaq olmurdu. Bunu görən Mete xan ordunu mənasız itkilərə məruz qoymamaq üçün qala ətrafında güclü mühasirə dairəsi qurdu. Artıq düşmənin sığındığı qalaya quş belə uça bilmirdi. Qaladakıların isə ərzağı get-gedə tükənirdi. Həmin günlərdə qalada olanların ağır vəziyyəti ilə bağlı günümüzə qədər gəlib çatan belə bir şərqi (mahnı) də meydana çıxmışdı:
Pateng qalasında fəlakət
İnsanlar yeddi gün çörəksız,
Qalmadı ox atacaq qüvvət,
Belə bir vəziyyəti anlamazsınız.

Çin imperatoru Mete xandan aman istəyir


Tarixçilər Pateng qalasının neçə gün, neçə ay və ya neçə il mühasirədə saxlanıldığı barədə dəqiq heç nə yazmırlar. Görünür, bu mühasirə ən azı bir neçə, ən çoxu 3-5 il davam edib. Yoxsa mühasirədəkilərin ağır vəziyyətini təsvir edən belə bir şərqi meydana gəlməzdi. Aclığa məruz qalan qaladakılar, nəhayət ki, təslim oldular. Mühasirədə olan Çin imperatoru Mete xanın qarşısında diz çökərək ondan aman istədi. O, Mete xanın bütün şərtlərini yerinə yetirməyə hazır olduğunu bildirdi. Burada, bu hadisədən təxminən 1000-1200 il sonra böyük sərkərdə Alparslan tərəfindən əsir alınan Bizans imperatoruna münasibətdə eynilə təkrarlanan bir hadisə baş verdi. Mete xan əsir aldığı Çin imperatorunu öldürtmədi. Onunla sülh anlaşması imzaladı və onu sağ buraxdı.
Yenə də qeyd edək ki, Çin tarixçiləri anlaşmanın eramızdan əvvəl 198-ci ildə imzalandığını yazırlar. Hətta iddia edirlər ki, guya Çin imperatoru həmin anlaşmanı Mete xanla bərabərhüquqlu tərəf kimi təsdiqləyib. Amma tarixdə heç vaxt görünməyib ki, məğlub tərəf qaliblə eyni hüquqlu tərəf kimi anlaşma imzalasın və öz ərazilərinin bir hissəsini digərinə verməyə razı olsun. Anlaşmaya əsasən, imperator Çinin türklər yaşayan bütün ərazilərinin Mete xana verilməsinə razı olurdu. Bundan əlavə, o, hər il Mete xana o dövr üçün olduqca böyük miqdar hesab edilən məbləğdə vergi verməli və onun hər bir əmrini dərhal yerinə yetirməli idi. Beləliklə, tarixdə böyük bir hadisə baş verdi.
Sayı çinlilərdən yüzlərlə dəfə az olan türklər Çini tutaraq, onun üzərində hökmranlıq etməyə, onları özlərinə baş əyməyə məcbur etdilər. Bu, Mete xanın sərkərdəlik dühasının şah zirvəsi idi. Mete xan bununla dünya tarixinə ən məşhur sərkərdələrdən biri kimi düşdü. Çini tabe etdikdən sonra Mete xan üçün kənardan hər hansı bir təhlükə qalmamışdı. O, bundan sonra ölkənin iqtisadi inkişafı üçün çalışmağa başlayır.
Metenin qurdugu imperiya

Mete xanın bu günə də nümunə olan idarəçiliyi


Imperiyada o dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi.
Bu qurultay o dövr üçün indiki parlament rolunu oynayırdı. Bu gün Qərbdə demokratik idarəçilik adlandırılan sistem eramızdan bir neçə yüz il əvvəl hunlar tərəfindən tətbiq olunurdu. Hun türkləri o dövrün ən demokratik dövlətini qurmuşdular. Bu dövlətin ərazisində onlarla müxtəlif dilə və irqə malik insanlar bərabərhüquqlu vətəndaşlar kimi yaşayırdılar. Hun dövlətinə milli ayrıseçkilik yad idi. Imperatorluğun ərazisindəki yollarda əmin-amanlıq hökm sürürdü və ona görə də İpək yolu çiçəklənmişdi. Nəticədə, İpək yolu ətrafında onlarla yeni kənd, qəsəbə, şəhər və iri ticarət mərkəzləri salınmışdı. Orduda onbaşı, yüzbaşı, minbaşı, tümənbaşı rütbələri müəyyən edilmişdi.
Nəticədə, bir neçə saat ərzində on min kilometr uzaqlıqdan təhlükə barədə imperatorun məlumatı olurdu. Eramızdan əvvəl Mete xanın Çin hökmdarına yazdığı məktub maraqlı bir faktı ortaya çıxarıb. Həmin məktubda türk dövlətinə bağlı eyni etnik kökə malik qövmlərin sayının 26 olduğu bildirilirdi. Bunların da hamısı Tan-hu — yəni oxatan xalq — hunlar(türklər) olmuşdular. Hunlar sonralar tarixdə səlcuqlu və ya osmanlı adı ilə meydana çıxdılar.

Hunlar qədim türk sivilizasiyası qurmuşdular


Eramızdan əvvəl Avropada yunanlar möhtəşəm bir mədəniyyət qurmuşdular və tarixə yunan sivilizasiyası adı ilə düşmüşdülər. Amma yunan mədəniyyətinin öz mənbəyini qədim şumerlərdən aldığı barədə Avropa tarixçiləri susurlar. Çünki şumerlər türk idilər. Ona görə də Avropa şumerlərdən danışarkən onların türk olduqlarını gizlətmək üçün dəridən-qabıqdan çıxır, lakin buna nail ola bilmirlər. Bununla belə, millətçilik və türkə düşmənçilik ovqatı üzərində köklənən Avropa tarixçiləri qədim şumer mədəniyyətinin üzərindən sükutla keçirlər. Eyni münasibət yunanlarla eyni vaxtda böyük bir sivilizasiya quran hunlara münasibətdə də hiss olunur.
Avropalılar hunların çadırlarda və ya taxta evlərdə yaşadıqlarını iddia edərək, onların sivilizasiya qura bilməsini inkar edirlər. Amma o dövrdə Çinin özündə də saraylar taxtadan inşa edilirdi. Hunların yaşadıqları ərazilər meşəliklərlə zəngin idi. Bundan əlavə, daş evlərlə müqayisədə taxta evlər qışda daha isti olurdu. Bu da evlərin taxtadan tikilməsinə üstünlük verilməsinə səbəb olmuşdu. Ona görə də burada qeyri-adi nə isə axtarmaq və hunların qurduqları möhtəşəm bir sivilizasiyanı danmaq ən azı türkə düşmənçiliyin nəticəsidir. İmperatorluğun ərazisində zərgərlik, dəmir, metaləritmə, toxuculuq sənəti və dulusçuluq yaxşı inkişaf etmişdi. Hun zərgərlərinin incə əl işlərini hətta Çin saraylarında belə həvəslə alırdılar. Hunların domna peçləri olanda Avropada belə bir şeyin varlığından xəbərsiz idilər.
Hunlar Mete xandan 500-600 il sonra domna peçlərini özləri ilə Avropaya apardılar və onları da bununla tanış etdilər. Təsəvvür edin ki, Avropanın bəh-bəhlə bəhs etdiyi yunan sivilizasiyası domna peçlərindən xəbərsiz idi. İmperatorluğun ərazisində o dövr üçün mükəmməl olan bir təhsil sistemi qurulmuşdu. Oturaq həyat keçirən hunların əlifbası var idi və onlar bununla mükəmməl riyazi, coğrafi biliklərə yiyələnmişdilər. Onların göy cisimləri barədəki bilikləri də qədim yunanların biliklərindən daha mükəmməl idi. Təəssüflər olsun ki, hunların bu mükəmməl biliklərini sonralar çinlilər özlərinin adına çıxdılar.
Bir sözlə, Mete xanın qurduğu hun dövləti möhtəşəm bir dövlət, elm, mədəniyyət, sivilizasiya mərkəzi idi. Bizə elə gəlir ki, bu mədəniyyət tarixdə bizə məlum olan və Şərqdə yaranan qədim türk sivilizasiyalarından biridir.

Mete xanın vətənpərvərliyi


Mete xanın vətənpərvərliyi onun millətinə, xalqına bağlılığında daha aydın nəzərə çarpırdı. Məsələn, o, çinlilərin dini inanclarının türklər tərəfindən də qəbul edilməsi ilə bağlı edilən bəzi təklifləri rədd etmişdi. Bu təklifi edənlər Mete xanı inandırmağa çalışırdılar ki, əgər çinlilərin dini inanclarını qəbul etsələr, onda qonşu ölkə ilə olan ədavət aradan qaldırılacaq və türklərlə çinlilər qardaş kimi yaşayacaqlar. Mete xan isə Çinlə dini inancın eyni olmasının ölkəni haraya apara biləcəyini öncədən görmüşdü. Ona görə də o: «Mənə bir də belə təklifi edənləri cəzalandıracağam. Biz azıq, çinlilərsə çoxdurlar. Onların dinlərinə tapınsaq, millət kimi məhv olub gedəcəyik. Bizim öz Tanrımız var və bu Tanrı çinlilərin cansız bütlərindən daha qüdrətli və hər şeyə qadirdir», — demişdi. Qeyd edək ki, monqollardan və çinlilərdən fərqli olaraq, hunlar Göy Tanrısına inanırdılar və Tanrını, belə demək mümkünsə, vahid Allahı tanıyırdılar. Ona görə də Hun imperatorları özlərini çox vaxt Göy tanrısının oğulları adlandınrdılar.
O, Asiyanın ucsuz-bucaqsız çöllüklərində yaşayan türklərin daha məhsuldar torpaqlarda yaşamalarını təmin etmək üçün Çinin ən məhsuldar torpaqları hesab edilən mərkəzi hissəsinə köç etmək istəyirdi. Ancaq onun bu təklifi zövcəsi və dövlət məclisi tərəfindən qəbul edilmədi. Onlar Mete xana bildirdilər ki, Çinin mərkəzinə köç etməklə türklər vərdiş etdikləri çöl həyatından uzaqlaşacaq və cəsurluqlarını itirəcəklər. Sonra isə bundan istifadə edən çinlilər ya onları qılıncdan keçirəcək, ya da zorla dinlərini qəbul etdirərək çinliləşdirəcəklər. Bu dəlillər Mete xanın ağlına batdı və o, Çinin içərilərinə doğru köçmək istəyindən əl çəkdi.
Ümumiyyətlə, Mete xanın vətənpərvərliyi tarix boyu türklər üçün bir örnək olub. Mete xanın adı Çin üçün dəhşət və ölüm mənasına gəlirdi. Bu dəhşət və qorxu o qədər güclü idi ki, üstündən yüz illər ötəndən sonra belə, Mete xanın adının çəkilməsi Çində vahimə yaradırdı. Həqiqətən də, o, 35 illik hakimiyyəti dövründə məğlubiyyət nə olduğunu bilmədi. Bu 35 il ərzində, belə demək mümkünsə, bütün Asiya onun hökmranlığı altında oldu. Hindistanın yarısından çoxu, indiki Monqolustan, Çin, İran, Pakistan, Rusiyanın müsəlmanlar yaşayan bütün əraziləri, həmçinin Sibir və Qafqaz da daxil olmaqla Sakit okeandan Qara dəniz sahillərinə kimi uzanan böyük bir ərazi Mete xanın hakimiyyəti altında idi.

Mete xanın oğlu Ki-ok


Eramızdan əvvəl 174-cü ildə böyük sərkərdə və qüdrətli bir imperator olan Mete xan dünyadan köçdü. Onun ölümü türklərə çox təsir etmişdi. Mete xan o dövrün adət-ənənələrinə uyğun olaraq böyük bir təntənə və ehtiramla dəfn edildi. Tarixçilərin əksəriyyəti Mete xanın ölkənin paytaxtı Ötükən şəhəri ətrafında dəfn edildiyini yazırlar. Amma onun harada dəfn edildiyi barədə Çin salnaməçiləri dəqiq məlumat verməkdə çətinlik çəkirlər. Ola bilsin ki, Mete xanın dəfn edildiyi yer məlum olmasın deyə gizli saxlanılmışdı. Çünki Mete xanın düşmənlərinin onun qəbrini təhqir edə biləcəyi təhlükəsi vardı.
Mete xandan sonra onun yerinə oğlu Tanhu Ki-ok (eramızdan əvvəl 174-160) keçdi. O, Mete xanın qurduğu imperiyanın sərhədlərini qoruyub saxlaya bildi. Amma Mete xanın ölümündən sonra özlərini təhlükəsiz hesab etməyə başlayan çinlilər yavaş-yavaş Ki-oka münasibətdə daha sərbəst davranmağa, hətta onu saymamağa başladılar.
Bu da Ki-oku özündən çıxardı. O, çinlilər üzərinə hücum çəkərək onlara ağır zərbələr vurdu. Bununla kifayətlənməyərək düşməndən qisas almaq əlaməti kimi Çin imperatorunun ən qəşəng qızlarından biri ilə evləndi. Bu isə ölkəni fəlakətə sürükləyən bir addım oldu. Belə ki, Ki-okun çinli şahzadədən olan oğlu taxt-taca yiyələnincə, meylini ana babası tərəfə saldı və onların yardımı və dedikləri ilə hərəkət etməyə başladı. Bu isə yeni faciələrin əsasını qoydu. Digər tərəfdən də, çinli xanım saray daxilində intriqa salmaqla məşğul idi. O, Ki-oku ələ alaraq, çinlilərin ölkə ərazisində sərbəst gəzib-dolaşmalarına razılıq verməsinə nail oldu. Bundan istifadə edən çinlilər ölkə daxilində sərbəst gəzərək, tayfalar arasında düşmənçilik toxumu səpirdilər. Eyni zamanda çinli tacirlər türklərin ağsaqqallarına və nüfuzlu şəxslərinə hədiyyə adı altında rüşvət verir və sonra da bundan özlərinin xeyri üçün istifadə edirdilər. Bir sözlə, çinlilər ölkə daxilində rüşvət verməklə əhali arasında nifaq salırdılar. Bu da tezliklə öz nəticəsini verdi.

İmperatorluq parçalansa da...


Mete xanın ölümündən xeyli sonra imperatorluq iki yerə parçalandı. Amma bu parçalanmaya baxmayaraq, imperiya kifayət qədər güclü idi və özünün Asiyadakı ağalıqlarını eramızın 3-cü əsrinin sonuna kimi 500 il qoruyub saxlaya bildi. Ümumiyyətlə, Mete xanın qurduğu Hun imperatorluğu Osmanlıdan sonra 500 ildən artıq bir müddətdə yaşayan ikinci türk imperatorluğudur. Eramızın 3-cü əsrinin ortalarından başlayaraq, hunların qərbə indiki Avropaya və Balkanlara böyük axını başlayır. Bunun bir səbəbi daxildə baş verən qanlı qarşıdurmalar idisə, digər səbəbi isə quraqlıq və qıtlıq nəticəsində aclığın və xəstəliklərin tüğyan etməsi idi. Ona görə də hunların köçəri həyat keçirən və daha dö-yüşkən hissəsi Qərbə köç etdi. Oturaq həyat keçirən hunlar isə dədə-baba torpaqlarında qaldılar.
Hunların ən döyüşkən hissəsinin Qərbə köç etməsi ata-baba torpaqlarında qalan hunları zəiflətdi və nəticədə onların bir hissəsi yenidən Çinin əsarəti altına düşdü. Qərbə köç edən hunların arasından isə Mete xanın qəhrəmanlığını təkrarlayan və bütün Avropanı tutaraq hökmranlıq edən Atilla kimi qəhrəman bir sərkərdə çıxdı. Əgər Mete xan eramızdan əvvəl Çin üçün «Göy tanrının qəzəbi» idisə, Atilla Avropa üçün indinin özündə belə adı qorxu ilə çəkilən bir dahi sərkərdə və dövlət xadimidir.

Oğuz xaqan-Mete xan


Türk tarixçiləri Mete xanı əfsanəvi Oğuz xaqanla eyniləşdirirlər. Belə bir fikir söylənilir ki, Oğuz xaqan məhz Mete xanın özüdür. Təsadüfi deyil ki, Oğuz xaqanın doğulmasının təsviri və dastanda baş verən hadisələrin hamısı Mete xanın dövrünü əhatə edir. Biz bilmirik, Oğuz xaqan dastanı yaranan zaman Mete xan sağ idi, yoxsa ölmüşdü, amma belə hesab etmək olar ki, Mete xana xalq arasında olan böyük məhəbbət və sevgi bu dastanın onun sağlığında yaranmasına səbəb olub. Ola bilsin ki, Mete xan onun şəninə qoşulan hünər və şərəf mahnılarından xəbərdar olub. Hər halda, Mete xan Asiyanı öz hökmranlığı altına aldıqdan sonra bu qəhrəmanlıq vəsf edilməli idi.
Türklərdə tarix boyu qəhrəmanların igidliklərini xalqa və bütün dünyaya tarixçilər deyil, qədim ozanlar, el aşıqları çatdırıblar. Məsələn, Oğuz xaqanın Mete xanın anadan olması dastanda belə təsvir edilir: «Günlərin bir günündə Ay Kağanın gözü parladı, o, bir oğlan uşağı doğdu. Uşağın üzü mavi, ağzı od kimi qırmızı, gözləri ala, qaşları və saçları qara idi. O, gözəl pərilərdən daha gözəl idi. Anasının südünü bir dəfə əmdi, ikinci dəfə dil açıb danışdı və yemək istədi, 40 günü tamam olanda ayaq tutub yeriməyə başladı. Yeriməyə başlayan kimi ata minmək istədi. Ona at gətirdilər. O, atı minib çapmağa başladı. Onun ayaqları qurd ayağı, beli qurd beli kimi idi. İşi-gücü at minmək, ov ovlamaq idi».
Türklərin Mete xana məhəbbəti səbəbsiz deyil. Belə ki, Oğuz türkləri Mete xanın soyundan olan türklərdir. Mete xandan sonra onun qəhrəmanlığını Avropada Atilla, Anadoluda isə Alp Arslan və Osman Qazi davam etdirdilər. Mete xanın qurduğu imperatorluqdan daha uzun illər yaşayan Osmanlı imperatorluğunu da quran Mete xanın varisləri olan oğuzlar idi. Yeri gəlmişkən, onu da xatırladaq ki, azərbaycanlılar, özbəklər, türkmənlər, qaqauzlar, qazax və qırğızların müəyyən hissəsi, tatarlar, başqırdlar, çuvaşlar, o cümlədən indiki macarlar (Hunqarlar) da hunsoylu hesab edilirlər.


Mənbə Dr. Reha Yılmaz Tariximizdə iz qoyanlar kitabından,tərcümə Aytən Mabudova
Top