Evarist Qalua

Evarist Qalua

Parisin simvolu olan Eyfel qülləsi 1889-cu ildə Fransa inqilabının yüz illiyi şərəfinə təşkil olunmuş sərginin keçirilməsi münasibətilə inşa olunub. Hündürlüyü 318 metr, metal konstruksiyaların çəkisi 7 min ton olan bu layihənin müəllifi fransız mühəndisi Aleksandr Qustav Eyfeldir. Bu qurğu 1931-ci ilədək dünyanın ən hündür tikilisi sayılırdı. Aleksandr Qustav Eyfel bu nəhəng tikilinin inşasını başa çatdıran vaxt nə radio, nə də televiziya vardı. Bu qurğu böyük texniki imkanların sübutu sayılırdı. Qəzetlər elə hey yazırdılar ki, bu qüllənin heç bir xeyri yoxdur və olmayacaq da. Şəhər adamları da qülləni şəhərin memarlığına xələl gətirən tikili hesab edirdilər. Vaxt ötdü, Eyfel qülləsi Parisin simvoluna çevrildi.

Hazırda bu qüllə Fransada və onun hüdudlarından kənarda yayımlanan radio və televiziya verilişlərinin mərkəzi sayılır və zamanın möcüzəsi kimi qəbul olunur. İnsan təfəkkürü tarixinə qızıl hərflərlə yazılmış digər bir möcüzə isə fransız riyaziyyatçısı Evarist Qaluanın hətta böyük riyaziyyatçı alimlərin də baş açmadıqları kəşfləri idi.
Hələ çox qədim zamanlarda kvadrat tənliyin radikalların (köklərin) köməyi ilə həlli üçün formul tapılmışdı. Yalnız min ildən sonra dünyada yüksək dərəcəli bir məchullu cəbri tənliklərin həllinə imkan yaradan riyaziyyat barədə dünyaya xəbər yayıldı. O vaxtadək XVI əsrdə üçüncü və dördüncü dərəcəli tənliklərin həlli italyan alimlərindən N.Tartalın, C.Kardanenin və L.Ferrarinin əməyi sayəsində mümkün olmuşdu. Həmin alimlər cəbr qanunlarının sonrakı inkişafı yolunu tutmuşdular. Evarist Qalua isə riyaziyyat sahəsindəki bütün əvvəlki təsəvvürləri alt-üst etdi. Qalua 19 yaşında ikən öz aksiomalarını irəli sürdü, teoremlərini sübuta yetirdi. Onda Qalua Paris liseyində oxuyurdu. Elmi işlərini «Lisey şagirdi» adı ilə imzalayırdı. Qaluanın kəşf etdiyi bütün qanunlar hazırda müxtəlif rəqəmsal televiziya kanallarında rəqəm informasiyalarının rabitə kanalları vasitəsilə ötürülməsində istifadə olunur. Halbuki Qalua illər ötəndən sonra televiziya əsrinin gələcəyini heç ağlına da gətirmirdi. Amma zaman öz ədalətli hökmünü verdi. Sübut etdi ki, insan təfəkkürünün inkişafı tarixində faydasız heç nə olmur. Vaxtı çatanda hər şey öz yerini alır. «lazımsız Eyfel qülləsi» dövrünün böyük riyaziyyatçısı Qaluanın teoremləri bazasına əsaslanan rəqəmsal televiziya verilişləri yayımlayır.
Qalua müasir cəbrin inkişafının əsasını qoymuş, istənilən dərəcəli tənliklərin radikallarda həlli üçün lazım olan şərtləri dəyərləndirə bilmişdir. Qaluanın yaratdığı qruplar nəzəriyyəsi hazırda «Qalua sahəsi» adlanır. Qaluanın tətbiq etdiyi «sahə», «ideal» və s. kimi məfhumlar maneəyə dayanıqlıq kodlaşma nəzəriyyəsinin yaranması üçün əsas rol oynamışdır. Əgər bu nəzəriyyə olmasaydı, rəqəmli informasiyanı və rəqəmli televerilişləri həyata keçirmək mümkün olmazdı.
Evarist Qalua 1811-ci il oktyabrın 25-də Paris yaxınlığındakı Bur-lya-Reyn kəndində doğulmuşdu. O, 12 yaşında məktəbə — Böyük Lüdovik liseyinə qəbul olunmuşdu. Çox da yaxşı oxumurdu. 16 yaşı olanda riyaziyyat kursuna yazılmışdı. Riyaziyyata bütün varlığı ilə vurulduğundan digər fənlərə məhəl qoymurdu. Sinif rəhbəri onun haqqında yazmışdı: «Evarist Qalua riyaziyyatın yalnız ali bölmələri ilə məşğul olur. Riyaziyyatı dəlicəsinə sevir. Müəllimlərinə gözlənilməz suallar verməklə onları çaşqın vəziyyətə salır».
Qalua da tez bir zamanda hiss etdi ki, müəllimlərindən istədiyi bilikləri ala bilmir. Və dövrünün ən görkəmli riyaziyyat alimlərinin kitablarından öyrənməyə başladı. O, ən çətin məsələləri asanlıqla mənimsəyirdi. 17 yaşında ilk elmi əsərini çap etdirdi. Dərin zəkalı bu gəncin bilik səviyyəsi müəllimlərinin bilik səviyyəsindən yüksək olduğu üçün Qaluanın orijinal fikirləri müəllimlərini çaşqınlıqda qoyurdu. Qalua bir çox hesablamaları fikrində apardığından onları kağız üzərinə köçürməyi lazım bilmirdi. Bu, müəllimlərin işini əngəllədiyindən onları çox qəzəbləndirirdi. Qalua isə heç kimi saya almır və çox zaman qəzəbli olurdu. Fransanın ən nüfuzlu ali məktəbi sayılan Politexnik məktəbə sənədlərini verəndən sonra şifahi imtahan zamanı məsələlərin qısa yolla həllinə heç bir izahat vermədiyinə görə onu məktəbə qəbul etməmişdilər. Bir ildən sonra yenə də həmin məktəbə daxil olmaq istəyərkən onun riyaziyyatdan şifahi imtahan zamanı dərin məntiqi düşüncələri imtahan götürən müəllimi çaş-baş qoyduğundan Qaluanı bu dəfə də instituta qəbul etmək istəmədikləri üçün gələcəyin böyük riyaziyyatçısı əlinə keçən əski-üsgünü müəllimin başına çırpmış və bir daha Politexnik məktəbə ayaq basmamışdı. Qalua bununla əlaqədar olaraq demişdi ki, ona verilən suallar uşaq sualları olduğu üçün onları cavablandırmağı özünə yaraşdırmayıb.
Qəbul imtahanındakı uğursuzluğu Qaluanı özünün riyaziyyat sahəsindəki istedadına inamını qıra bilmədi. Tədqiqatları özbaşına davam etdirməyi qərara aldı. 17 yaşında ikən Qaluanın riyaziyyat sahəsindəki nailiyyətləri indiki dövrdə ədədlər nəzəriyyəsi, kristalloqrafiya, elementar hissəciklər fizikası kimi müxtəlif sahələrin mahiyyətinə dərindən varmaq üçün imkan yaradır. Qaluanın əsas məqsədi beşinci dərəcədən olan tənliklərin həlli yolunu tapmaq idi. Bu, o dövr riyaziyyatının ən çətin problemlərindən biri idi. O, problemin həllində çox irəli gedə bildiyindən Elmlər Akademiyasına tədqiqatlarının nəticəsi kimi iki memuar təqdim etmişdi.
Gənc Qaluanın elmi işləri o dövrün böyük alimi Oqyusten Lui Koşiyə böyük təsir bağışlamışdı. Koşi Qaluanın memuarlarının akademiyanın riyaziyyat sahəsində mükafatına təqdim olunmasını lazım bilmişdi. Müsabiqəyə təqdim olunan işlərə formal tələblərə əməl etmək vacib sayılırdı. Odur ki, memuarların ikisini bir memuarda birləşdirmək üçün Qaluanın işlərini özünə qaytarmışdılar. O, iki memuarı bir memuar şəklində birləşdirdikdən sonra akademiyanın katibi Cozef Furyeyə vermişdı ki, jüriyə təqdim etsin. Qalua öz memuarında beşinci dərəcədən olan tənliyin həllinin hazır həll variantını təklif etməmiş, lakin çox yaxşı ideya vermişdi. Riyaziyyat alimlərinin bir çoxunun fikrinə görə mükafat almağa ən layiqli şəxs Qalua idi. Lakin Qaluaya nəinki mükafat verilmədi, onu hətta rəsmi olaraq müsabiqəyə də buraxmadılar. Müsabiqə komissiyasının iclasına bir neçə həftə qalmış dünyasını dəyişən Furyenin kağızları arasından Qaluanın memuarı yoxa çıxmışdı.
Qalua belə hesab edirdi ki, onun memuarını akademiyada bilərəkdən itirmişlər. Bir müddət keçdikdən sonra akademiya onun «Tənliklərin radikallarda həlli şəraiti haqqında» adlı yeni memuarını da qəbul etmədi, səbəb də o oldu ki, guya ki, gətirilən dəlillər kifayət qədər aydın deyil, buna görə də memuarın ciddiliyinə şübhə yaranır. Bu fikrə Fransanın tanınmış alimi Simeon Deni Puasson gəlmişdi. O bunu Qaluanın memuarını başa düşmədiyi üçün demişdi. Halbuki Qalua bu memuarında o vaxtədək həllini tapmamış tənliklər nəzəriyyəsinin əsas anlayışlarını işləyib hazırlamışdı. Qalua bu qərara gəlmişdi ki, yaradılmış əngəllər onu riyaziyyat cəmiyyətindən ayrı salmaq üçündür. Qaluanın nəzəriyyəsinin əsl mahiyyəti yalnız 1870-ci ildə, onun faciəli ölümündən xeyli sonra fransız riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının müxbir üzvü Kamil Cordan «Yerdəyişmə və cəbri tənliklər haqqında traktat»ında açıqlandı. Qaluanın yaratdığı nəzəriyyə təkcə cəbrin deyil, bütün XIX əsr riyaziyyatının da inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Qaluanın qruplar nəzəriyyəsinin ideyaları və metodları təbiətşünaslıqda, müasir kvant mexanikasında, kristalloqrafiyada tətbiq olunmaqdadır.
Bundan sonra riyaziyyat sahəsindəki tədqiqatlarını bir yana qoyub siyasətə qoşulmuş və respublikaçıların tərəfini tutmuşdu. Professional inqilabçı olmaq arzusu ilə Milli qvardiyanın artilleriyaçılarına qoşulmuşdu. Bir müddətdən sonra kral Filipp öz təhlükəsizliyi naminə Milli qvardiya artilleriyasını buraxdı. Heç bir maddi dayağı və evi olmayan Qalua sərgərdan həyat sürmək məcburiyyətində qaldı. Coşqunluqla siyasətə qoşulan Qaluanın vəziyyəti pisləşməyə başladı. Bunu böyük fransız yazıçısı Aleksandr Düma da görürdü. Hökumətə qarşı sui-qəsddə günahlandırılmış on doqquz respublikaçıya bəraət verilməsi münasibətilə keçirilən banketə dəvət almış Aleksandr Düma Evarist Qaluanın bir əlində içi şərabla dolu qədəh, o biri əlində qınından çıxarılmış xəncər tutaraq ucadan qışqırıq qoparmasının şahidi olmuşdu. Böyük yazıçı görəndə ki, vəziyyət getdikcə gərginləşir və kral Lui-Filippin ünvanına hədələr söylənilir yanında oturmuş kral komendantı ilə birlikdə pəncərədən bağa tullanmaq məcburiyyətində qalmışdı. Qaluaya bir aylıq həbsdən sonra kralın ünvanına hədələr söylədiyinə görə ittiham irəli sürülmüş və o, məhkəmə qarşısında dayanmalı olmuşdu. Banketdə iştirak edənlərin heç biri Qaluanın kralın ünvanına hədələr söylədiyini eşitmədiyini bildirmiş və hakim onun gəncliyini nəzərə alaraq azadlığa buraxmışdı. Heç bir ay keçməmiş Qalua yenidən həbsə alınmışdı. Həbsin səbəbi 14 iyul 1831-ci ildə, Bastiliya günü şəhərdə qadağan edilmiş Milli qvardiya artilleriyası formasında dolaşması olmuşdu. Altı aylıq həbs cəzasına məhkum edilmiş Qalua həbsxanaya salınmışdı. Həbs cəzasının qurtarmasına bir ay qalmış Parisdə vəba epidemiyası yayıldığından həbsxanadakı məhbuslar azadlığa buraxılmışdı. Deyilənlərə görə, Qalua həbsxanada olarkən hörmətli Paris həkiminin Stefani adlı qızı ilə sevişməyə başlamışdı. Həmin vaxt Stefani Peşo Derbenvilə nişanlanmışdı. Bundan xəbər tutan nişanlı oğlan Qaluaya məktub göndərib duelə çağırmışdı. Qalua Derbenvili məktəb illərindən yaxşı tanıyır və Fransanın mahir atıcısı olduğunu bilirdi. Bununla belə, dueldən boyun qaçırmadı. Dostlarına yazdığı məktublarında başına gətirilənlərin səbəblərini izah etməyə çalışırdı: «Məni günahkar bilməyin ki, vətən uğrunda yox, iki ağılsızı toruna salmış tərbiyəsiz işvəli bir qadının böhtanının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm».
1832-ci il mayın 31-də səhər çağı Qalua və Derbenvil duelə çıxdılar. Bir-birindən 25 metr aralı atəş xəttində dayandılar. Derbenvilin iki sekundantı vardı, Qalua isə duelə tək gəlmişdi. Bir vaxtlar dostluq etmiş gənclər bir-birini nişan almağı eyib saymış və yaxından atəş açmışdılar. Qaluanın pistoletinə güllə qoyulmamışdı, rəqibinin pistoleti dolu idi. Rəqibin gülləsi Qaluanın qarın nahiyyəsini dəlib keçmiş və onu ağır yaralı vəziyyətdə atıb getmişdilər. Qardaşı məsələdən xəbər tutan kimi Qaluanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmamışdı.
Qalua Politexnik məktəbə daxil olmaq istəyənlərin riyaziyyatdan hazırlanmalarının nöqsanları barədə «Elmlərin tədrisi» məqaləsində yazmışdı: «Bir vaxtlar müəllim öz şagirdinə lazım olan bilikləri tam verirdi. Hazırda isə Politexnik məktəbə uşaq hazırlamaq üçün bir, yaxud iki repetitor tələb olunur. Yazıq uşaqlar nə vaxtadək bütün günü repetitorun dediklərini dinləmək, yaxud dinlədiklərini əzbərləmək məcburiyyətində qalacaqlar? Bəs nə vaxt onlar aldıqları məlumatı ətraflı götür-qoy edəcəklər və çox sayda səliqəsiz qalanmış teoremləri və bir-biri ilə əlaqəsi olmayan cəbri məsələləri anlamaq üçün vaxt tapacaqlar? Faydasız mühakimələrlə yüklənmiş və eybəcər hala salınmış nəzəriyyələr ətraflı öyrədilir, ən parlaq və çox sadə cəbri teoremlər diqqət xaricində qalır. Onların yerinə şagirdlərə heç də həmişə düzgün olmayan çox uzun əməliyyatlar barədə məlumat verir, əvvəldən aydın olan nəticəni isbat edirlər. İmtahan götürənlər məktəbə girmək istəyənlərə ancaq dolaşıq suallar verirlər. Belə olduğu halda şagird təhsil almaq qayğısına yox, imtahandan çıxmaq qayğısına qalır. Şagird hər teoremə dörd cavab hazırlamalı olur».
Qaluanın bütün tədqiqat nəticələri kiçik formatlı 60 səhifədə yerləşmişdi. Cəmi 22 il ömür sürmüş Qalua öz dövründə anlaşılması hətta görkəmli alimlər üçün mümkün olmayan nəzəriyyələri sayəsində ölümündən çox-çox illər ötəndən sonra Avropanın dahi riyaziyyat alimi adını aldı.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
Top