Əlisa Qulam oğlu Hüseynov Azərbaycanda yazıçı, şair, filosof, pritça ustadı, tərcüməçi, tarixçi, yüksək intellektual biliyə malik dahi kimi tanınır. Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində 1936-cı il avqustun 10-da doğulub.
Təhsili:
1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur, 1963-cü ildə oranı tamamlayır.
1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir.
Yaradıcılığı: Əsərləri: Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 30 cilddən ibarətdir və indiyə qədər 5 cild işıq üzü görüb. Saysız tərcümələr, şeirlər, esselər, povestlər və s. - Əlisa müəllim, gəncliyiniz Sovet dönəmində keçib, Sovet gənci hansı kitabları oxuyurdu? Məsələn mən o vaxtı bütün Moskvanın tematik planlarını alırdım. Yəni Moskva nəşriyyatları nə çap edəcəklərsə, onları əvvəlcədən bildirirdilər. Artıq bilirdik ki, gələn il nə çıxacaq. Belə planların birində oxudum ki, “Hunlar haqqında Çin mənbələri” adlı kitab çıxacaq. Dəhşətə gəldim ki, bu, artıq unikal mənbədir, xəzinədir. Birbaşa hunlar haqqında deyilən fikirlər orada olacaq. Mən onu gözlədim-gözlədim, nəhayət, Azərbaycanda bir yerə gəldi. Bəlkə də bir dənə idi. Çünki SSRİ üçün bu min nüsxə demək idi. SSRİ də yüzlərlə Bakı böyüklükdə şəhər vardı. Üstəlik bizə pis baxırdılar, yaxşı kitabları göndərmirdilər. Yadımda deyil, ya Axundova, ya Elmlər Akademiyasına həmin kitab gəlmişdi. O zaman kitabxanaçı qadınlarla dost idim. Şokolad verib kitab alırdım. İndiyə qədər o kitab məndə qalır, nə qədər istifadə eləmişəm. Hun tarixindən yazanda o kitaba əsaslanmışam.
1955-ci ildə “Ədəbiyyat və incəsənət” jurnalında Əlisa Nicatın “Bircə söz” adlı ilk şeiri çap olunur. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilir. 1961-ci ildə yazıçının “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilir.
1967-69-cu illərdə Əlisa Nicat Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərir. 1973-83-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışır. 1983-90-cı illərdə Lənkəranda yaşayan Əlisa Nicat bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alır, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edir. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilir. SSRİ-nin süqutundan və bağımsızlığın əldə edilməsindən sonra Əlisa Nicat 1993-94-cü illərdə “Turan” jurnalını nəşr etdirir.
Sonralar isə aktiv şəkildə yaradıcığına davam edir və dalbadal kitablar nəşr etdirir və ölkənin tanınmış mətbu orqanlarında çalışır.Müstəqillik dövründən sonra Əlisa Nicatın kitabları çap edilir.
Əlisa Nicat ilə müsahibə
-Hökumət məktəblərində təbliğ olunan ədəbiyyat klassik ədəbiyyat idi. Onları əldə etmək də, təbliğ eləmək də mümkün idi. Amma əsl ədəbiyyat, əsl həyat tərcümə olunmurdu, heç onların adları çəkilmirdi. Bir dəfə bir dostum fransız mütəfəkkiri Qobinonun Azərbaycanın işğalından bəhs edən “Şamaxı rəqqasəsi” əsəri haqqında danışarkən akademik Sumbatzadə qayıdıb demişdi ki: Olmaz!
Geniş tənqid etmək də qadağan idi. Kafka 1924-də ölüb, amma o, SSRİ-də 60-cı illərə qədər qadağan idi. Rusiya gördü ki, qadağan etmək daha dünyadan ayıbdır, başladılar tənqid eləməyə. Yazdılar ki, Kafka xəstədir, əsərləri cəfəngiyyatdır. Amma mahiyyətinə getmirdilər ki, bu cəfəngiyyat nədir axı? Yalnız bir şey bilirdilər: Olmaz!!! Çünki oxuyanlar biləcəkdilər ki, bu cəfəngiyyat deyil. Axırı gördülər ki, cidanı çuvalda gizlətmək olmaz, xaricdə bunların tənqidinə gülürlər, məcbur qaldılar 1964, ya da 1968-də Kafkanın bir cildliyini nəşr elədilər.
O gənclərə ki, əsl ədəbiyyat lazım idi, onu axtarıb əldə edirdilər. Təbii ki, bazarda işləyən gənc üçün nə Kafkanın, nə də Tolstoyun heç bir əhəmiyyəti yox idi.
-Kafka sizə nə vəd elədi ki?
Kafkanın çapından sonra mənim bayramım gəldi. Çünki mənim kimi həmin yazarları bilən yox idi. O vaxtı yapon yazıçısı Kobe Abe gəlmişdi. Mən onun əsəri oxumuşdum, tanıyırdım. Onunla görüşəndə heyran qaldı ki, əsərləri haqqında necə yaxşı bilirəm. Mən hansı rus jurnalında xarici yazıçı tənqid olunurdusa, gedib onun əsərini axtarıb tapırdım. Kobenin o qədər xoşuna gəldim ki, mənə öz romanının verdi və üzərinə yazdı: “Əziz Əlisa Nicata ürəkdən gələn rəğbətlə”.
Özünə gələcəyi seçən, gələcəkdə öz xalqının tarixində qalmaq istəyən, ədəbiyyat, tarix, fəlsəfə sahəsində iz buraxmaq istəyən, bu mövzularda əsərlər yazmaq istəyən eşqi ilə dəli kimi yaşayan mənim üçün kitabdan dünyada qiymətli bir şey yoxdur, ağlasığmazdır. Dünya qədər sevdiyi qız da gözləsə. Məsələn, mənə desəydilər ki, Kafkanın filan əsəri təzə çıxıb satılır, tez qızı birtəhər dilə tutub gedib o kitabı alardım.
- Nitşe Kafkadan daha üstün insan deyilmi? Nitşe bəşəriyyətə nə buyura bildi?
- Nitşenin birinci cildi heç yanda olmayanda, bir yəhudidən almışdım, həmin sevinc hələ də yadımdadır. Yəhudi köçüb gedirdi, zəng vurdu ki, Əlisa, gəl kitabı satıram. Getdim 150 manata aldım. Çiskinli hava idi, kitabı bağrıma basmışdım, uça-uça gedirdim. Şəxsiyyət olmaq istəyən bir cavan üçün kitabdan qiymətli bir şey olmamalıdır. Mən heç bir obraz kimi həyatımı qurmaq istəməmişəm. Mənim beynimdə təyinatım Əlisa Nicat olmaq idi. Nəyə gedirəm, nəyə can atıram o cür fikirləşmişəm. Mənim üçün əvvəl Nitşedir, sonra Kafka. Çünki əvvəl Nitşeni tanımışdım. Amma onlar kimi yazmaq, onlar kimi olmaq istəməmişəm. Düzdür, mənim üçün Şərqin Kafkası yazılıb. Amma mən Şərqin Kafkası olmaq istəməzdim. Şərqin elə Əlisa Nicatı olmaq istəyərdim. Yəni öz dünyagörüşümlə öz sərvətimi yaratmaq istəmişəm və nəyə nail olmuşam onu oxucularım bilir.
- Kafkanın Milenaya məktubları var, sizin necə gəncliyinizdə əsər həsr edəcəyiniz milenalar oldumu?
- Gecə onu fikirləşdim ki, Allah elə bil ki, həqiqətən sevgidə xoşbəxtlik görən insan üçün düşmən kəsilib, qətiyyən qoymur ki heç birinə nail olsun. İspan yazıçısı Unamunonun “Duman” adlı bir əsəri var. Zəngin, varlı bir oğlan dəhşətli dərəcədə bir qızı sevir. Qız isə bunun başına elə oyunlar açır ki... Qız bir “julik”i seçir, amma həmin oğlan kimi ləyaqətli birinə yox deyir. Hətta həmin oğlanın iti də ölür, amma o qıza təsir etmir. Qadınlar belədir.
- Sovet dönəmində Azərbaycana tanınmış yazıçılardan kimlər gəlirdi?
Mən Sovet dövründə kimi söyürdülər, gedib onların əsərlərini tapırdım. Dünya ədəbiyyatını bilirdim, ölkədə kim necədir onu da. Kobo Abe gələndə heç kim əhəmiyyət verməmişdi. Bilmirdilər axı... Eltenberqer Almaniyadan gəlmişdi. O dəqiqə görüşdüm, cavan oğlan idi, xoşu gəldi məndən. Almanca kitabını da göndərdi mənə. Dedi hətta səni dəvət edəcəyəm. Dünya ədəbiyyatını uşaqlıqdan bilirdim, Lənkəranda kitabxanada oxumadığım kitab qalmamışdı. Atam mənə beş manat çay pulu verirdi, uşaqlarla yığışıb çay içərdik. Hesabı başqası verərdi, mən isə o pula gedib kitab alardım. Klassik ədəbiyyatı mənimsəmişdim, Sovetdən kənarda kimlər var idi, onları da əzbər bilirdim. Ona görə Mövlud Süleymanlı deyirdi ki, “Sən danışanda ağzına baxırdıq ki, bu yenə də nə danışacaq”.
Bir dəfə gördüm ki, alman mütəfəkkiri və şairi Rilkenin rus dilində şeirləri çap olunub. Kim idi onu tanıyan? Ələkbər Salahzadə və İsa İsmayılzadə ilə rastlaşdım, dedim Rilkenin 30 qəpiyə balaca kitabı satılır. Mənə baxıb güldülər ki, Rilke kimdir?
Məndən ayrılandan sonra Anara rast gəliblər. Anar soruşub ki nəyə gülürsünüz, deyiblər ki, Əlisa bir Rilke tapıb, bizə deyir ki, gedin onun kitabını alın. Anar təəccüblənərək soruşub ki, Rilke çıxıb, almayıbsınız? İkisi də quruyub qalıb, çünki Anar bilirdi. Geri qayıdıblar, amma kitab nə gəzir. Çünki Sovet mağazalarına belə kitablar az gələrdi, iki-üç ədəd.
-Xanımlar təkcə şokoladlamı kitabları verirdi?
Bir dəfə dəli vaxtımda bir günah işlətdim. Pul verib kitabxanaların öz işçilərinə kitabı oğurlatdırırdım. Beş ədəd belə qiymətli kitab aldım, amma vicdanım sızlayırdı. Daha eləmədim ki, xalqın kitabxanasıdır. Birini on manata alırdım. O vaxtlar kitab 40-60 qəpik idi, ən bahalı kitab bir manat olurdu. Amma mən 10 manat verib alırdım.
- Kitabxananız zəngindir, amma həmçinin bir neçə dəfə satıbsınız?
Kitabxanamı 3 dəfə satmışam. Hamıda olan kitabları almırdım. Bir dənə bukinist mağaza var idi, sahibi yəhudi idi. Məni buraxmırdılar, ancaq yəhudilər və ermənilər gəlirdi. Axırı bir dəfə getdim şikayət elədim, lap düşmən kəsildilər. “Azərkitab”ın direktoruna bu yəhudidən məktub yazdım ki, bəs məni buraxmırlar. Həmin yəhudi qurd idi, hələ sovet dövründə dollar alveri edirdi. Bir dəfə yolda dayananda bunun maşını vıyıltı ilə keçdi, sürtündü mənə. Mən istəyirdim ki, bir də ondan şikayət edəm, çünki yenə buraxmırdı içəri. Sonra fikirləşdim ki, bu mənə işarə vurur ki, bax öldürərəm səni, əl çək. Ondan sonra əl çəkdim. Düşündüm ki, yolda vurdu məni, öldürdü. Pullu adam idi, kim bilir tapacaqdılar-tapmayacaqdılar. Sonra onu çıxarıb bir azərbaycanlı qoydular, amma savadsızın biri idi. Ondan sonra içəri girə bildim.
- Orada nələr var idi ki, ancaq yəhudi və erməniləri buraxırdılar?
- Orada gördüm ki, Herodot, Strabon var. Strabonun kitabını bir dəfə gördüm. 150 il əvvəlin çapı idi. Qiymətini 30 manat dedi. Tez çıxarıb pulu verib aldım, halbuki mütəxəssislər min manata alırdılar. Çünki bu kitablar ya Axundovda, ya da Elmlər Akademiyasında olurdu. Sonralar kitabxanamı satanda o kitabı da satdım.
- Satmadıqlarınız hansılar oldu?
- Kitabxanamı satanda Nitşenin bütün külliyyatını, Şopenhaueri, yəni fəlsəfənin lap qaynaqlarını saxladım, çünki onlarsız mənim həyatım heç nə idi.
- Əlisa müəllim, siz həmçinin tərcüməçi kimi də tanınırsınız. İlk tərcüməniz hansı əsər olub?
- İlk tərcüməm İsveçrə yazıçısı Dürrenmattdan oldu. Almandilli yazıçı idi. Onun “Tunel” adlı hekayəsini çevirdim. Hekayə belədir ki, İsveçrədə tunellər çoxdur, bunun qəhrəmanı gəlir, hamı kimi vaqonda oturur. Tunel qurtarmır, getdikcə də qatarın sürəti fəlakət dərəcədə artır. Yəni dünyanın taleyini verir ki, dünya da tunel kimi fəlakətlidir. Sonra Ceyms Coysun hekayələrini tərcümə elədim. İkisi o vaxt “Ulduz” jurnalında çıxmışdı. Zəhmət itmir, axırı keçən il “Dublinlilər” çap olundu.
Kamyunu “Ulduz” jurnalından Cabir Novruz sifariş etdi, lakin sonra o işdən çıxdığı üçün qaldı. “Yad”ın üzrərində üç dəfə işləmişəm. Sonra Əkrəm Əylisli “Azərbaycan” jurnalında redaktor olanda Natiq Səfərov oxumaq üçün ona verir. O da deyib ki, əla tərcümədir, çap edib. Birinci dəfə oradan yaxşı pul aldım. 500 manat.
- Sovet dövrü Azərbaycan ədəbiyyatı anlayışı nə qədər realdır?
- Yox, elə bir ədəbiyyat yoxdur. Ədəbiyyata aid olmayan makulaturadır. Cəfər Cabbarlı, Ordubadi millilik üçün önəmlidir. Amma qalan xalq yazıçılarının, şairlərinin yazdıqlarının 90 faizi makulaturadır. Məsələn belə bir kitab çap etmək olar: “Azərbaycan Sovet dövrü müntəxəbatı”. Oxunmalı, müəyyən dəyəri olan beş cild düzəltmək olar.
- Kimləri salarsınız ora?
- Məsələn, Səməd Vurğunun beş-on şeirini, Süleyman Rüstəmin cənub şeirlərini, Rəsul Rzanın “Buruqlar”ını, Müşfiqin qoşmalarını, Cəfər Cabbarlını. Qalanlarının ədəbiyyata dəxli yoxdur.
- Bəs İsa Hüseynov fenomeni?
- Əgər İsa Hüseynov bütün əsərlərini “İdeal” kimi odər söhbətləri ilə korlamayıbsa, böyük yazıçı hesab etmək olar. Sovet dövründə həyatı bir qədər olduğu kimi verməyə çalışan yazıçı idi. İndi 6 cildliyi çıxıb. Axırıncı dəfə 6-7 il qabaq görmüşəm.
- “Yay axşamı”ndan danışaq. İlk kitabın həyəcanı necə olur? Sovet dönəmində hər halda daha fərqli idi.
- Yadımdadır, üz qabığı necə gözəl idi. Sınmış qamış və durna var idi. Necə uça-uça gəldim. O vaxt Politexnik universitetinin yanında kirayədə olurduq. Orada dükanda bir qız var idi, xoşum gəlirdi, qəşəng qız idi. Ona birini bağışladım. Birinci kitabın sevinci unudulmur. Sonra artıq bir-birinə qarışır, sevinclər yaddan çıxır. İndi cildlər çıxanda birinci gün xoş gəlir.
- Dünya ədəbiyyatı deyəndə üç nəfərin adını çəkirlər: Şekspir, Balzak, Tosltoy. Sizcə doğru ardıcıllıqdırmı?
- Mənə görə iki üslubda ədəbiyyat var. Bir var görünənləri təsvir eləmək, bir də görünməzləri, yəni insanların daxilləri, sevincləri, faciələri təsvir edilən.
Dantedən bəri gələn klassik ədəbiyyat birincilərə aiddir. Bunların içində çox gözəl şedevrlər var. Xüsusən, Şekspirin “Hamlet” əsəri. Tolstoyun “Anna Karenina”sı Floberin “Madam Bovari”sinin eynisidir. Orada da aşnası var, ərindən ayrılır, özünü öldürür. Həddindən artıq qeyri-obyektiv və millətçiliklə yazılmış əsərdir. Amma “Hacı Murad” və bir çox povest və hekayələri misilsizdir. Balzak realist Fransa həyatının güzgüsüdür. Amma mənim üçün artıq bunlar ötüb keçmiş mərhələlərdir, indi oxuya bilmirəm.
Kafka, Marsel Prust, Muzil, Kamyu, Sartr, Samuel Batler, Coys kimi yazıçılar var ki, bunlar artıq ikinci tipə aiddirlər. Onların yaratdıqları həyatın astar qatını görən nümunələrdir. Bu ədəbiyyat Kafkanın lupayla gördüyü dünyanı təsvir edir. Mənim üçün ədəbiyyat budur. “Ehram”, “Artakserks” romanlarında ikinci tip olmağa çalışmışam. Kafkanın orta məktəbdə keçilməsi üçün yaxşı müəllim olmalıdır, müəllim özü dərk eləməlidir ki, öyrətsin. Avropa ədəbiyyatının XX əsrdə üç sütunu var Kafka, Prust, Coys. Coysun bir əsərinin son fəsli 65 səhifədən, amma bir cümlədən ibarətdir. Bir cümlədə qadının daxili aləmi, nələr fikirləşdiyi, kimləri xatırladığı qeyd olunub. Bunun təkrarı mümkünsüzdür. Mənim bir vərəqdən ibarət cümləm olub, amma 65 vərəq üçün qüdrət lazımdır.
- Elə isə Nobel hansı ədəbiyyata verilir, hadisələri təsvir edənlərə, yoxsa insanın daxili aləmini açanlara?
- Nobel bədii əsərin böyüklüyünə, gözəlliyinə görə verilir. Amma eyni zamanda İsveç akademikləri də böyük ədəbiyyat mütəxəssisləri deyillər axı. Ona görə də hədsiz dərəcədə layiq olmayan yazıçılara da veriblər. Bəlkə də yarısı layiq deyil. Latın Amerikasından, İslandiyadan, İsraildən xeyli yazıçılar var ki, onlara verilməməli idi. Ötən il alanı da heç kim tanımırdı. Yəni belələri çoxdur. Amma Kafka, Coys, Muzil, Prust layiq görülməyib.
- İkincilərə Sartrı da əlavə etdiniz, amma o da mükafatdan imtina etdi
Sartra uzun illər mükafat vermədilər. Bir dəfə Kamyu ilə ikisi təqdim olundu, ölçüb-biçib Kamyuya verdilər. Araları yox idi onların. 40-50-ci illərdə dost idilər. Sonra yolları ayrıldı, bir-birilərinin əleyhinə yazıları çıxdı. Təsəvvür elə, özünü layiq biləsən, amma sənə verməyələr. Ona görə Sartrın ürəyi nifrətlə dolu idi. On il uzatdılar, sonra gördülər ki, səs-küy qalxır, verdilər. Təsəvvür elə ki, bir qızı sevirsən. Bu qız sən görə-görə onunla-bununla gəzir, sonra gəlir ki, əzizim, mən səni sevirəm. Necə olar (gülür). Sartr imtina elədi ki, guya bunlar obyektiv deyil, ləyaqəti imkan vermir. Açıq aşkar acığından imtina elədi, çünki pula ehtiyacı yox idi. Məşhur adam idi, xanımı Simone de Bovuar yazıçı idi. Sartr açıq şəkildə deyirdi ki, Rusiyadakı rejim Fransadakından daha demokratdır. Belə axmaqlıqları var idi. Mən onun əleyhinə hətta bir şeir də yazmışdım. Əlbəttə ki, böyük insan, böyük filosofdur. Ruslar yazır ki, guya ki, Tolstoya vermək istəyiblər, amma yazıçı xəbər göndərir ki, belə şey eləməsinlər. Belə hadisənin olduğuna inanmıram.
- "Əli və Nino" mükafat alardımı?
- Sözsüz, sağ qalsaydı. Yiyəsi yoxdur deyə, bu günə qalıb. Təsəvvür elə, dünyanın 33 dilinə tərcümə olunub. Hətta keçən il Moskvada çıxan rus nəşrində rus tənqidçi də yazır ki, “eto velikiy roman”. Dünyada 10-15 romana böyük roman deyirlər. Amma biz bunu da pis günə qoyuruq, Yusif Vəzirə, ona-buna aid edirik, hörmətdən nüfuzdan salırıq. Mütləq Avropaya gedilməli, milyonlar xərcləyib “Əli və Nino”ya film çəkilməlidir.
- Bu gün Azərbaycanda Nazim Hikmət çox sevilir. Onunla bağlı fikirləriniz necədir?
- Nazim Hikmət Türkiyədə doğulmuş ən böyük şair, daramaturqdur. Amma cavanlıqda Moskvada oxuyub deyə, yoxsa gözləri kor olduğundanmı kommunizmə, sosializmə inanırdı, ürəkdən bağlı idi. Bəlkə də, ələ almışdılar. Gedib orada kommunizmi təbliğ eləməyə başladı. Kommunizm Türkiyəyə nifrət edirdi. Nazim bunu anlamırdı, Rusiyaya pərəstiş edirdi. Ona görə ağzını yummaq üçün həbs elədilər. Uzun müddət həbsxanada qaldı, yenə ağlı başına gəlmədi. Çıxandan sonra Rusiyanı vətən seçdi, gəlib görəndən sonra isə gözləri açıldı. Gördü ki, riyakar bir sistemdir, ideallar ayrıdır, sistem ayrı. Artıq ayıldı. Fransız qəzetinə müsahibə verdi ki, dram əsərlərini səhnədə məhv ediblər. Rusiya da bunu gördü. KQB bir qadın vermişdi buna. Nazim həbsxanada qalanda ürəyi xəstə düşmüşdü. Buna bir həkim tapşırmışdılar, bu həkim də KQB-nin adamı idi. Gördülər ki, artıq Nazim bunları biabır edəcək, o dəqiqə bir iynə vurub öldürdülər. Orada da basdırdılar. Rəsul Rza başını ağaca vururmuş, çünki təzə tanış olmuşdu.
- Yazıçılar Martin İden ömrü yaşayırmı?
- Mən “Martin İden” romanını az qala əzbər bilirdim. Əsərlərim çap olunmurdu, amma içim dolu idi. Ona görə də İdenin çəkdiyi əzabı anlayırdım. Martin Cek Londonun öz həyatıdır. Gəncliyində qapı-qapı nəşriyyatları gəzirdi, əsərləri çap olunmur, rədd olunurdu. Amma sonra birdən-birə qapılar açılır, qəfil milyonçu olur, kimə nə lazımdırsa verir, kim buna nə yaxşılıq etmişdisə əvəzini qaytarır. Hətta sevdiyi qız da bunu yoxsulluq illərində atıb gedir. Elə ki bu hər şeyə nail olandan sonra həyatının mənası itir. Görür ki, dünən bunu saymayanlar qarşısında əyilib. Ürəyi ağrıyır ki, nə cür riyakar dünyadır, ona görə gedib özünü dənizə atır.
- Yəni yazıçı ömrünün sonu mütləq fəlakətlimi olur?
- Mən fikirləşirəm ki, dünyada insan üçün deyilən ən yaxşı təşbeh Virciniya Vulf “Dalğa”larıdır. Orada bir neçə dost təsvir olunub. Dalğa dənizdə yaranır, bəzən dağ boyda olur, vahimə yaradır. Sonda isə sahildə yenə əriyib itir. Doğrudan da insan da dalğa kimidir, varlığın bir qabarması kimi yaranır, qabarması kimi də gedir.
- Kafka ilə görüşsəydiniz...
- Çexiyada hər il Kafka adına bir çox mükafat verilir. İndi oradakılar mənim yazdıqlarımdan xəbərsizdirlər. Kafka haqqında yazılarım bir yerdə olsa, ora yolum düşsəydi, mütləq mükafatı alardım. Görərdilər ki, Çexiyada heç kimi Kafkanı mən qədər sevə bilmir, mən qədər anlamır.
Bir şeirimin axırı belə idi: “Mən dünyadan xəbərdaram, dünya məndən xəbərsiz”.
Müsahibəni aparan: Dilqəm Əhməd
Mənbə: publika.az saytı