İlk əhvalata haradan başlayıb, necə nəql edəcəyimə qərar verə bilmirəm. O səbəbdən hesab edirəm ki, bu tərəddüd ətrafında daha çox vaxt itirməkdənsə birbaşa mətləbə keçim və sizə ingilis torpağında alma ağacına dırmaşaraq alma yeməyimdən söz açım. Bu hadisə o vədə baş tutmuşdu ki, yorucu sərasər gəzintilərdən sonra mədəm ac, xurcunum boş idi. Halım xarablayıb, başım az qala gicəllənirdi ki, gördüm bir gözəl alma ağacı yolun kənarında ucalıb və mənə gəl-gəl deyir. Dərhal xurcunumu və əsamı ağacın böyründəki kolluğun dibinə qoyub, qalxdım onun başına. Yerimi ehmalca rahatladım, meyvələrdən aram-aram nuş eləməyə başladım. Bir azacıq keçmişdi, gördüm, yuxu mənə güc gəlir, mənim isə aşağı enməyə bilmərrə həvəsim qalmayıb. Beləcə, budaqların arasında uzandığım yerdə yuxuladım. Bir hovur mürgü döymüşdüm ki, bir dişlək alıb unudaraq əlimdə saxladığım alma diyirlənib budaqlardan atlana-atlana düşdü aşağı. Mən nəsə qiymətli bir şeydən mərhum olmuş kimi dərhal onun arxasınca boylandım və gördüm ki, tappıltı ilə meyvə ağacın dibində peyda olmuş bir gəncin başına dəydi. Cəld aşağı endim və bu cavan oğlanın halına acıya-acıya üzrxahlıq elədim:
— Oğlan, bağışla sən Allah, başını əzmədim ki? Burada olmağından bixəbərdim. Yuxulamışam. Alma əlimdən düşüb başına.
Oğlan kəlləsinin meyvəyə tuş gəlmiş yerini ovxalaya-ovxalaya dilləndi:
— Cənab molla, narahat olmayın, ciddi bir şey yoxdu. Əl boyda alma mənə neyləyəsidir ki?
Biz beləcə söhbətə başladıq və tanış olduq. Ona özümü təqdim elədim və haradan gəldiyimi söylədim. O da mənə təbiət elmləri ilə məşğul olduğunu və indi bir qəliz məsələnin həlli barəsində fikirləşdiyindən xəbər verdi:
— Cənab molla, görkəminizdən savadlı və dərrakəli şəxsə bənzəyirsiniz. Gəlin, sizə haqqında düşündüyüm məsələni təsvir edim — o, sözünə davam edərək dedi — Biz, məsələn, göldə durmuş bir balığı seyr edirik və əlimizi uzadıb, onu yaxalamağa çalışınca balığın bizim fərz etdiyimiz yerdə olmadığını müşahidə edirik. Bu, ona görə baş verir ki, işıq şüası suya daxil olarkən öz yolunu dəyişir.
Mən oğlanın anlatdıqlarını düzgün qavramaq üçün diqqətlə onu dinləyirdim və vaxtaşırı başımı təsdiq mənasında yırğalayırdım. Cavan oğlan davam etdi:
— Əgər işığın havadakı hərəkətinə baxsaq, onun bir nöqtədən digər nöqtəyə hərəkət etmək üçün ən qısa məsafəni seçdiyini və düz xətt üzrə irəlilədiyini müşahidə edərik. Eynilə əgər işığın sudakı hərəkətinə nəzər yetirsək, şahidi olarıq ki, o, yenə də düzxəttli gediş edir. Buradan belə nəticəyə gəlmək olar ki, işıq hər zaman ən qısa məsafəni qət etməyə üstünlük verir.
Cavan əlini uzadıb yerdən bir çubuq götürdü və torpağın üzərində cızmağa başladı:
— Baxın, fərz edək ki, bu çəkdiyim kəsik xətt hava ilə suyu ayırır. Təəccüblüdür ki, işıq havadakı A nöqtəsindən hərəkətə başlayıb, sudakı B nöqtəsinə doğru getdikdə bu məsafəni düz xətt üzrə getmək əvəzinə, əvvəl A nöqtəsindən başqa bir C nöqtəsinə gəlir, sonra isə həmin C nöqtəsindən B nöqtəsinə gedir və beləliklə yolunu uzatmış olur. Mən nə qədər fikirləşsəm də, işığın bu qeyri-adi hərəkətinin səbəbini anlaya bilmirəm. Çünki A nöqtəsindən B nöqtəsinə gedən ən yaxın məsafə A-dan B-yə qədər çəkilmiş düzxətli yoldur. Hər zaman ən qısa məsafəni seçən işıq, görən, bu halda niyə fərqli davranır?
Mən, doğrusu, bir şey qanmamışdım, amma cavanın cizgisinə diqqətlə baxmağa davam edirdim. Sonra başımı qaldırıb, səmanı seyr edərək gözlərim yol çəkirmiş kimi fikrə daldım. Uzun-uzun seyrək saçlı başımı qaşıdım. Sonra yenə diqqətlə bu cizgiyə baxdım. Saqqalıma yumşaq-yumşaq tumar çəkdim. Sonra qəflətən üzümə şübhə kölgəsi çökdü. Gördüklərimə inanmayırmış şəklində başımı yırğaladım. Öz-özümə “yox, ola bilməz” dedim. Bu vaxt təəccüblə hərəkətlərimi izləyən cavan oğlan “nə? nə olub?” deyə soruşdu. Amma mən hay vermədim. Fikirləşməyə və gümanımın doğru olub-olmamasını ürəyimdə təhlil etməyə davam etdim. Sonra şübhə ilə gözlərimi qıydım, uzun-uzun cizgini süzdüm və bir müddət sonra nəhayət dilləndim:
— Cavan oğlan, mən sənin cızdığın rəsmə baxıram və iki gün öncə Temza çayında baş vermiş əhvalat yadıma düşür. Ürəyimə damıb ki, bu iki şey arasında nəzə bənzərlik var. Amma doğrusunu sən bilərsən. Deməli, Temza çayının yaxınlığında bir qoca ingilislə birlikdə oturub şirin-şirin söhbətləşirdik. Onun bizim qədər qoca olan lırt köpəyi də yanımızda durmuşdu. Biz oradan-buradan dilxoşluq edirdik ki, qəflətən bərk çığırtı eşitdik. Dərhal başa düşdük ki, çayda boğulan var. Boylanıb çaya sarı baxarkən bir azyaşlı oğlan uşağının suda çırpındığını gördük. Gecikmədən üçümüz də biçarə çocuğu xilas etmək üçün çaya doğru yüyürməyə başladıq.
Mən nitqimə fasilə verib, yerdən bir çubuq götürdüm və cavan oğlanın çəkdiyi cizginin üzərində yeni xətlər cızdım.
— Həmin an mən fikirləşdim ki, uşağa çatmağın ən qısa yolu elə durduğum yerdən ona kimi olan məsafədir və odur ki, mən bu yolla da qaçdım. Sənin şəklinə əsasən danışsam, A nöqtəsindən təzə bir D nöqtəsinə yollandım. İngilis üzməkdən qorxurdumu, yoxsa yox, bilmirəm, amma o, E nöqtəsinə — yəni sahildə uşağa ən yaxın nöqtəyə doğru qaçdı. Bunun o qarnıyekə iti isə bizim ikimizin arasıyla yüyürürdü. Hamımız elə eyni sürətlə qaçırdıq. Kiminsə kimdənsə daha cəld olduğunu söyləməzdim. Amma sonra qəribə bir şey baş verdi. Mən çayın sahilinə hamıdan erkən yetişib, suya ilk girsəm də, fələyin işinə bax ki, boğulan uşağa hamıdan tez nə mən çatdım, nə də ingilis. Bunu etmiş olan məhz o köpək idi. O, uşağın paltarını dişləri arasına alıb, geri sahilə doğru çəkdi və onu xilas elədi.
Həmin gün bu hadisə məni çox düşündürdü. Axı, suya birinci mən çatmışdım. Necə oldu ki, o it məni qabaqladı. İndi sənin rəsminə baxa-baxa fikirləşirəm ki, sən demə, ən qısa zamanda gedilən yol heç də ən qısa məsafədə gedilən yol deyilmiş. Mən o vaxt ən gödək məsafəni seçmişdimsə də, unutmuşdum ki, qaçışım üzməmdən daha sürətlidir. Yolun təxminən yarısını yüyürdüm və qalan yarısını üzməli oldum. İngilis daha ağıllı hərəkət etmişdi, o, yolun böyük hissəsini qaçıb, kiçik hissəsini isə üzmüşdü. Amma bununla o, yolunu çox uzatmışdı deyə boğulan adama ilk çata bilmədi. Həqiqətdə ən doğru yolu it seçmişdi, o da yolun böyük hissəsini qaçmışdı və daha az hissəsini üzmüşdü, amma yiyəsindən fərqli olaraq yolunu həddindən artıq uzatmamışdı. Odur ki, indi sənin məsələnə baxdıqca yadıma bu əhvalat düşür və ağlım mənə deyir ki, bəlkə, elə işıq da itin seçdiyi yolla hərəkət eləyir, yəni işığın sudakı sürəti havadakına görə daha az olduğundan o da yolun böyük qismini havada qət edir. Deməli, işıq hərəkəti zamanı ən qısa məsafəni deyil, ən qısa zamanda gedilən yolu seçir.
Cavan oğlanın təəccübdən dili ağzında qurumuşdu, deməyə söz tapmırdı, amma gözündəki parıltıdan böyük bir müəmmanın sirrinin açılmasının sevinci duyulurdu. Mən razılıqla gülümsədim və səmada batan günəşi görüb dilləndim:
— Bala, mənim yola düzəlmək vaxtımdır. Uzaq Firəng yolları məni gözləyir. Axşama qədər limanda olmalıyam, yoxsa gəmiyə gecikərəm.
— Hə, əlbəttə — cavan oğlan hələ də baş vermişlərin ovsunundan çıxmamış halda dili dolaşa-dolaşa söylədi.
Mən yerə düşmüş almalardan xurcunuma qoyarkən o, sözünə davam etdi:
— Fransada mənim çox yaxın dostum var. Əminəm ki, o, sizi görməyə çox şad olacaq. İmkanınız olarsa, onunla görüşmənizi rica etmək istərdim — deyib kağıza ad və ünvanı qeyd edib mənə uzatdı.
Mən bu vaxt torpağa düşmüş bir almanı qaldırıb, üstünü sildim və bir müddət fikirli-fikirli ona baxdıqdan sonra almanı cavanın ovucunun içində qoydum və dedim:
— Bax, bu da çox maraqlı məsələdir, görəsən, alma niyə həmişə yerə düşür? — dedim.
Mən onu tərk edib yola düşəndə cavan oğlan əlindəki almaya təəccüblə baxırdı və onda mənim ürəyimə duyuq düşdü ki, o, bu sirri artıq mənsiz də aşkar edəcək.
(Davamı olacaq)
Müəllif: Səməd Səfərov, İlmar Qəhrəmanov / 525-ci qəzet
Həmçinin bax:
Molla Nəsrəddinin Avropa sərgüzəştləri, Müqəddimə