Tarixi şəxsiyyətlərin həyatından maraqlı

Tarixi şəxsiyyətlərin həyatından maraqlı

Suvorov-Böyük rus sərkərdəsi A.B.Suvorov doğulanda çox zəif və çılız uşaq olmuşdur. Lakin özünü müntəzəm surətdə möhkəmləndirmək sayəsində o səhhətini tam bərpa etmişdi. Belə ki, Suvorov hətta yetmiş yaşında ikən misilsiz yürüşlərə çıxmış və ordusu ilə birlikdə Alp dağlarını aşmışdı. Ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçmişdi.
Suvorov adəti üzrə qəbul günlərində bütün medallarını döşünə taxarmış. Onu gözü götürməyən generalların arvadları bir qəbul zamanı marşalla rastlaşıb: «Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!» – demişlər. Suvorov onlara: «Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərlərinizin gücü çatmaz!» — deyə cavab vermişdi.

Sezar-Sezar bir xaraba şəhərdən keçərkən demişdir: «Mən Romada ikinci adam olmaqdansa, burada birinci adam olmağı istərdim.»
Məşhur Roma İmperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə özünü sındırmayaraq, gülünc vəziyyətdən çıxsın deyə: «Ah, Afrika, mən səni qucaqlayıram» — demişdir.
Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar, həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci möcüzəsi sayılır. Təsadüfü deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü olmuşdur.
Sezar döyüşçülərinin onu tanrı qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları da təbəssümlə qarşılayırdı.

Hitler — Stalindən fərqli olaraq, Hitler köhnə Nasist qvardiyasının üzvlərinə qarşı repressiyalara həvəssiz, yalnız məcburiyyət qarşısında yol verirdi. Hətta Remə qarşı əməliyyata da uzun düşüncələrdən sonra, az qala ürək ağrısı ilə razı olmuşdu. Remin dəstələrinin günahı böyük olsa da, Hitler bu adamların sədaqətini yüksək qiymətləndirirdi. Stalinlə Hitler arasında böyük fərqin öz izahı var. Artıq deyildiyi kimi, Lenin qvardiyası Stalini bir lider, Leninin qanuni varisi kimi qəbul etmək istəmir, ona, hakimiyyəti oğurlamış bir «quldur» kimi baxır, onu devirmək üçün yollar arayırdı və öz hakimiyyətini saxlamaq üçün Stalin ən qəddar metodlara əl atmalı olurdu. Hitler isə özü öz partiyasını qurmuşdu və onun Stalinin istifadə etdiyi üsulların köməyinə, «parçala və ağalıq et» prinsipinə ehtiyacı yox idi. Hitlerin hətta rəqibləri — Ştrasser də, Rem də gözəl başa düşürdülər ki, onu əvəz edə bilməzlər. Onlar Hitlerdən narazı olduqlarına görə deyil, Hitler onlardan narazı ola biləcəyindən qorxduqlarından Hitlerin təkhakimiyyətliyinə müqavimət göstərmirdilər.
Anasını 1908-ci ildə dəfn etdikdən sonra Hitler ona miras qalmış son pulları xərcləyərək klirayələdiyi bir otaqda yaşayır və yaxın bir adamı olmadığından getdikcə daha çox özünə qapılırdı. Yeganə məşğuliyyəti öz otağında ya da kütləvi kitabxanada kitab mütaliə etmək idi. Lakin 1909-cu ilin payızında son pulları da qurtardı. İndi o parkdakı skamyaların üstündə ya da kiminsə qapısı ağzında gecələyirdi. O, dilənçiliyin son həddinə çatmışdı, monastra bir nimçə sup dilənməyə gedirdi. Onu Reyngold Haniş xilas etdi. Haniş də onun kimi səfil idi, lakin çarəsiz vəziyyətlərdə çıxış yolu tapmağı bacarırdı. Hitler akvarel boya ilə şəkillər çəkir, Haniş isə satırdı. Bir müddət sonra Hanişlə araları dəydikdən və dostu onu tərk etdikdən sonra Hitler zərrəcə də narahat olmadı, o, artıq özü satmağı öyrənmişdi.
Hitler Xeyriyyə cəmiyyətindən birinin təşkil etdiyi kişilər sığınacağında yaşayır və vaxtının çoxunu oradakı oxu zalında keçirirdi. Hitler, adətən, səssizcə oturub şəkil çəkirdi, lakin siyasətdən, yaxud sosial problemlərdən söhbət salanda, onun sifətinin ifadəsi dəyişir, o, ayağa sıçrayaraq sanki izdiham qarşısında imiş kimi həyəcanla nitq söyləyirdi. Sonra qəfildən nitqini kəsir, əlini yelləyərək oturur və yenə şəkil çəkirdi. Adama elə gəlirdi ki, o, qeybdən gələn vəhylə danışır və vəhy qurtarandan sonra susurdu.

Dara — Hakimiyyət çevrilişi etmiş 7 nəfərdən yalnız biri taxtda otura bilərdi. Ona görə də onlar bu qərara gəlirlər ki, 7-si də öz atlarını səhər ertedən sarayın yanına çıxarsınlar, kimin atı günəş doğandan sonra birinci kişnəsə onun sahibi şah olsun. Bu 7 nəfərdən biri olan Daranın mehtəri şərtin nədən ibarət olduğunu eşidib belə bir tədbir görür — gecə Daranın atını 7 nəfərin şərtləşdikləri yerə gətirir və madyanın üstünə buraxır. Mehtər güman edir ki, səhər at madyanla gecəki «görüş» yerini tanıyan kimi kişnəyəcəkdir. Belə də olur. Bütün atlar həmin yerə gətiriləndə Daranın atı birinci kişnəyib öz sahibinin İran taxtında əyləşməsinə səbəb olur.
Herodotun dediyinə görə, İranın şahı Dara İntoferen adlı bir cinayətkarın və onun bütün kişi qohumlarının edam olunması haqqında hökm verir. Bu zaman İntoferenin arvadı sarayın qapısından aralanmayıb ah-nalə edir. Bunu görən hökmdar həmin qadını yanına çağırıb deyir ki, «qohumlarından hansını istəyirsənsə de, onu azad edim, sən isə buradan çıx get. «Qadın Daraya deyir ki, «qardaşımı azadlığa buraxın.» Dara təəccüblə qadına nə üçün məhz qardaşının azad edilməsini arzu etdiyini soruşur. Qadın isə ona belə cavab verir: «Əgər mənim ərimi və oğlumu öldürsələr, ərə də gedərəm və oğul da doğaram. Lakin qardaşımı öldürsələr, qardaş tapa bilmərəm, çünki mənim atam və anam ölüblər.» Qadının müdrikliyindən Daranın xoşu gəlir. Qadının qardaşını və böyük oğlunu da azadlığa buraxır.

Alp Arslan — Sultan Alp Arslan 27.000 əsgəri ilə Bizans torpaqlarına sarı irəliləyərkən, kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək təlaşla söyləmişdi:
«300.000 düşmən ordusu bizə çox yaxınlaşmışdır.» Alp Arslan da halını pozmadan demişdir: «Biz də onlara yaxınlaşmışıq.»
Alp Arslan taxta çıxdıqdan sonra bütün təbəələrini ildə iki dəfə alınan xəracdan azad etdi, hər il Ramazan ayında Bəlx, Morv, Hərat və Nişapurun ehtiyacı olan əhalisinə 1000 dinar, öz sarayında 10.000 dinar payladı. Elə həmin il o vəziri Nizam əl-Mülkin qanunsuz topladığı sərvət barədə məktub aldı. Vəziri hüzuruna çağırıb ona belə dedi: «Al bu məktubu oxu və əgər burada yazılanlar həqiqətdirsə, xasiyyətini dəyiş. Yox, əgər yalan yazırlarsa, cəsarətinə görə həmin şəxsin bağışla və ona divanda mühüm bir iş ver ki, belə adamlar yalan və böhtandan əl çəksinlər.» Alp Arslan dostlarına və itaət edən rəqiblərinə qarşı hədsiz iltifatlı, xəyanətkarlığa isə kim olursa-olsun amansız idi. Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğunu bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri idi. Onun böyük, güclü və alınmaz Ani şəhərini tutması belə tarixi əhəmiyyətli qələbələrindən biridir. Ani şəhəri 3 tərəfdən Arazın sıldırımlı qayaları ilə əhatə olunmuşdu, bir tərəfindən isə alınmaz divarlı Arpa çayı axırdı. Şəhər bizanslara məxsus olsa da əhalinin əksəriyyəti ermənilər idi. Bütün erməni tarixçiləri bu qədər əhalisi və müdafiəçiləri olan şəhərin alınmasının günahını iki erməni sərkərdə qorxaqlığında və bizanslarda görürdülər.
Alp Arslanın qələbələrindən narahat olan Bizans imperatoru Roman Diogen 200.000 qoşunla Alp Arslana qarşı çıxdı. Alp Arslan təzəcə Hələb yürüşündən qayıdıb Xoy şəhərində qərar tutmuşdu. Qoşunu və vəziri uzaqda idi. 1071-ci il avqustun 16-da qoşunlar üz-üzə dayandı. Bütün məxəzlər Sultanın yanında cəmi 15.000 döyüşçü olduğunu yazır. Sultan ox və kamanını atıb qılıncı götürdü və öz əliylə atının quyruğunu düyünlədi. Bütün döyüşçülər də onun kimi etdilər. Sultan ağ paltar geydi və əgər ölərəmsə, bu mənim kəfənimdir — dedi. Sonra atını minib düz düşmənlərin ortasına çapdı. Qoşunu da onun dalınca. Elə sürətlə çapdılar ki, toz onları gözəgörünməz etdi. Sağa-sola qılınc çalıb düşməni doğramağa başladılar. Böyük Sultan qalib gəldi. Bizans imperatoru, qohum-əğrəbəsi ilə birgə əsir düşdi. Sultan Alp Arslanın adı şərəfli türk tarixində ən parlaq ulduzlardan biri, cəngavərlik və alicənablıq rəmzi kimi əbədilik yaşayır.

NELSON — Bir dəfə İngiltərə donanmasında qeyri-adi hadisə baş verir. Məşhur admiral Nelsonun eskadrasından poçtu aparan freqat ayrılmalı idi. Ertəsi gün döyüş gözlənilirdi, buna görə hamı evə, bəlkə də son məktubunu göndərməyə tələsirdi. Poçtu torbalara doldurub ağzını möhürlədilər və freqata ötürdülər.
Poçt gəmisi bütün yelkənlərini açıb yola düzəldi. Bu vaxt məlum oldu ki, poçtu yığıb freqata ötürən gənc dənizçinin öz məktubunu torbaya atmağı yaddan çıxıb. O, məktub əlində növbətçi zabitin qarşısında durmuşdu və günahkar görkəmlə onun danlağına qulaq asırdı. Təsadüfən Nelson bu səhnəni görüb, zabitdən nə baş verdiyini soruşdu. Zabit: «Milord, sizin diqqətinizə layiq olmayan xırda məsələdir», — dedi, lakin Nelson izah tələb etdi və məsələnin nə yerdə olduğunu bildikdə əmr etdi ki, siqnal verib freqatı geri çağırsınlar. Beləcə, gənc dənizçinin məktubu vətənə göndərildi. Əlbəttə ki, bu cür sərkərdə üçün dənizçilər ölümə getməyə hazır idilər.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

Top