İlk kosmonavt

İlk kosmonavt

1961-ci il aprelin 12-i. Bu gün dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Təyyarəçi Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi «Vostok-1» kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi «Kedr» olmuşdu. Bu şifrənin hazırlanması general Kərim Kərimova həvalə olunmuşdu.
1968-ci il martın 27-də Yuri Qaqarin və təyyarəçi-təlimatçı Vladimir Seryogin «MİQ-15» təyyarəsində təlim uçuşları zamanı həlak olublar. Yuri Qaqarinin müəmmalı ölümündən sonra ilk kosmonavtın son günləri və onun ölümünə yol açmış sonuncu uçuş barədə kifayət qədər sensasion, mübahisə doğuracaq, bəzən də heyrətləndirici fikirlər səsləndi. Yuri Qaqarin barədə, kosmosu fəth etmiş ilk insanın taleyi haqqında Rusiya Federal Kosmik Agentliyinin arxiv materiallarına istinadən maraqlı hesab etdiyimiz materialları oxucularımızla bölüşmək istərdik.

«Getdik»


Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. İlk kosmik uçuş 1961-ci il aprelin 12-də Qazaxıstandakı Baykonur kosmodromundan başladı. Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri idi. Sonradan bu siyahı daha da qısaldılmış, orada yalnız iki nəfərin — Yuri Qaqarin və German Titovun adları qalmışdı. İki nəfərdən Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idisə, Titovun atası ziyalı idi. Bununla belə, qeyd edirlər ki, hər halda əsas rolu kosmonavtın hazırlığı oynaya bilərdi. 1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard orbitaltı uçuş üçün məşq edirdi. O, «Redstone» adlı raketlə 1961-ci ilin mayında uçmalı idi. Sovet kəşfiyyatı bu barədə məlumatlar əldə etmişdi. Sovet kosmik proqramının rəhbəri Sergey Korolyov amerikalıların birinci olacağından həmişə narahat idi. Buna görə də Yuri Qaqarinin uçuşu bir ay əvvələ, aprelin 12-ə nəzərdə tutulmuşdu. Arxiv materiallarına görə, ilk uçuşun tarixini müəyyənləşdirmək və eləcə də kosmosa ilk olaraq kimin uçması məsələsini həll etmək üçün Dövlət Komissiyası 1961-ci il aprelin 1-dən 10-dək hər gün toplaşıb. Yerli vaxtla saat 09:07-də start verilərkən Qaqarin tarixə düşəcək bir kəlmə dedi: «Poyexali» — «Getdik». Liftlə gəminin kabinəsinə qalxmazdan əvvəl Qaqarin təbəssümlə bildirirdi: «Hə, qardaşlar, bir nəfər hamı üçün, hamı bir nəfər üçün!». Sonrakı sözləri isə hər bir kosmonavt əzbərdən bilirdi. «Start qabağı bu dəqiqələrdə nə söyləmək olar? Mənim bütün həyatım indi gözəl an kimi görünür. Əvvəllər yaşanılan hər şey bu dəqiqələr üçün edilib. Bilirəm ki, tapşırığın məsuliyyətini anlayaraq onu daha yaxşı yerinə yetirmək üçün mən bütün iradəmi toplayacağam. Gücüm çatan hər şeyi edəcəyəm. Mən sizə, əziz dostlar, insanlar uzaq yola düşərkən həmişə bir-birinə dediyi kimi, „Hələlik“ deyirəm. Mən sizləri, tanışları, tanımadıqlarımı, yaxınları və uzaqları necə də qucaqlamaq istərdim».

İlk uçuşdan sonrakı həyatı


108 dəqiqə Yuri Qaqarinin həyatını büsbütün dəyişdi. Qırıcı-aviasiya polkunun təyyarəçisi bir an içində dünyanın ən məşhur adamlarından biri oldu. İlk kosmosa səfərindən sonrakı 3 il ərzində müxtəlif ölkələrə səfərlər və görüşlər Qaqarinin çox vaxtını aldı. Yuri möhkəm xarakterli insan idi. 1964-cü ildə Qaqarin kosmonavtlar hazırlayan Mərkəzin rəis müavini təyin olunur. O, SSRİ Ali Sovetinin 6-7-ci çağırış deputatı, Sovet-Kuba dostluq cəmiyyətinin sədri kimi ictimai-siyasi iş aparırdı. Qaqarin N.Jukovski adına Hərbi-Hava Mühəndisləri Akademiyasında oxuyurdu və bir müddət onun uçuş təcrübəsi yox idi, buna da səbəb onun ictimai fəaliyyəti idi. 6 illik fasilədən sonra Qaqarin 1967-ci ilin dekabrında «MİQ-17»-də müstəqil uçuş edir, lakin düzgün eniş hesabı aparmadığına görə ikinci cəhddən yerə enməli olub. Bu insident hakimiyyət dairələrində qəza baş verəcəyi təqdirdə populyar qəhrəmanı itirmək qorxusu yaradırdı.
Yuri Qaqarin ölümünə 9 ay qalmış sovet kosmonavtının Amerika ekipajı tərkibində və əksinə uçması imkanlarını təklif etmişdi və qəti rədd cavabı almışdı. Daha sonra Qaqarin xoşməramlı jest kimi NASA-da olmagı xahiş etmişdi, onun bu xahişi də rədd olunmuşdu. SSRİ hakimiyyət orqanları Qaqarinin təkliflərini təhlükəli hesab edirdi; Qaqarin bu təkliflərdən sonra təyyarə ilə xaricə uça bilərdi. Son vaxtlara qədər polkovnik Qaqarinin şəxsi işi SSRİ DTK-nın Xüsusi şöbəsi üçün xüsusi əhəmiyyətli dövlət sirri hesab olunub.

Son uçuş...


Uzun fasilədən sonra — 1967-ci ildə Qaqarin yenidən uçmağa başladı. Bu dəfə Qaqarin özünü «MİQ-17» təyyarəsində sınadı. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərdi. Belə ki, yerə enən zaman düzgün hesablama apara bilmədi və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur oldu. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, kosmonavtlar hazırlayan Mərkəzdə hamıya aydın idi ki, Qaqarin artıq təkbaşına uçuş etməyə hazır deyil və bu, onu faciəyə doğru aparır. 1968-ci il mart ayının 27-də, Moskva vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxdılar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-da Qaqarin yerə enmək üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi...

Araşdırmaların nəticələrinin açıqlanması qadağan edildi


Yuri Qaqarinin müəmmalı ölümündən sonra uzun müddət müəmmalı qəzanın səbəblərinə dair rəsmi məlumatlar bir çoxları tərəfindən skeptik qarşılandı.
Qəza nəticəsində 2 Sovet İttifaqı Qəhrəmanı həlak olmuşdu, onların meyitləri tanınmaz vəziyyətə düşmüşdü. Qəza baş verən zaman Qaqarinin 34 yaşı vardı və vaxtsız ölümdən qabaq o, Aya göndəriləcək sovet ekspedisiyasına rəhbərlik edəcək ən potensial namizəd hesab olunurdu (bu sahədə amerikalılar 1969-cu ildə rusları qabaqladı). Hadisədən sonra qəzanın səbəblərini araşdıran hökumət komissiyası yaradılıb. Qara xəbəri eşidən insanlar küçələrdə ağlaşırdı. Minlərlə insan günlərlə onun cənazəsi başında növbəyə durmuşdu. Araşdırmalarda 200-ə yaxın ekspert iştirak edib, lakin araşdırmaların nəticələrinin açıqlanması qadağan edildi və 30 cildlik məruzə arxivə göndərildi. Araşdırmaçılara bildirildi ki, nəticələrin açıqlanması ölkəni «pərişan» edə bilər, tezliklə bu iş ümumiyyətlə unuduldu.

Qaqarin niyə öldü...


27 mart 1968-ci ildə həqiqətdə nələr baş verib, bu sualın birmənalı izahı yoxdur. Rusiya Federal Kosmik Agentliyinin arxiv materiallarından görünür ki, bu hadisənin başvermə səbəbləri ilə bağlı müxtəlif versiyalar, şayiələr, fərziyyələr mövcuddur. Onlardan bəziləri bunlardır: səhv hava proqnozu, şar-zondla, quşla toqquşma, digər təyyarənin dolaşıq izinə düşmək, gözlənilmədən baş vermiş maneəni ötmək üçün kəskin surətdə kənara çəkilmək, «siyasi motivlərlə» təyyarənin qəsdən sıradan çıxarılması, təyyarəçilərin əsaslandırılmayan riskə getməsi və dərindən götür-qoy etməməsi, uçuş zamanı texnikanın sıradan çıxması. Digər versiyalara görə, təyyarəçilər uçuş zamanı huşlarını itiriblər, ayılanda isə hansısa tədbir görmək artıq gec olub. Onlar yad planetlilərin hücumuna məruz qalıblar və s… «Smolenskiye novosti» qəzeti 5 mart 2004-cü il tarixli sayında Sovet İttifaqı Qəhrəmanı Pavel Popoviçin bu sözlərini sitat gətirmişdi: "Əgər biz bir gün Yuri Alekseyeviçin ölüm səbəbini öyrənəcəyiksə, bu, heç də tezliklə olmayacaq".
Qəzanın başvermə səbəblərinin araşdırılması üzrə 3 hökumət komissiyası yaradılıb. Daha bir komissiya mövcud idi ki, onun yaradılmasından çoxlarının xəbəri olmayıb. Bir sıra ekspertlərə görə, 4-cü komissiyada "çekistlər" işləyib, məhz onların araşdırmaları «qərəzsiz» olub. Əks-kəşfiyyatın arxiv materiallarına görə, Qaqarin məhz rus səhlənkarlığının və başısoyuqluğun nəticəsində həlak olub. 25 il Qaqarin adına kosmonavtlar hazırlayan Mərkəzdə işləmiş və Ulduz şəhərciyinin hərbi əks-kəşfiyyat şöbəsində xidmət etmiş N.Rıbkin qeyd edirdi: «Sənədlər arasında mən Qaqarinin təyyarəsinin qəzasına aid kağızlara rast gəldim. Mən onları diqqətlə öyrəndim. Məndə belə bir təəssürat yarandı ki, Qaqarini əlbəttə ki, məqsədyönlü şəkildə ölümə gətirməyiblər. Qaqarin ölməyib, Qaqarini qorumayıblar...».
50-ci illərin sonlarında Qaqarinin müəllimi olmuş təlimatçı-təyyarəçi A.Kolosov xeyli fərqli düşünür: «Nə qədər qəmli olsa da, Qaqarinin ölümünün səbəbi əsaslandırılmamış risk və səhlənkarlıqdır. Təyyarəçilər 1100-1300 metr hündürlükdə uçublar. Bu isə çox risklidir. Lakin təyyarəçilər risk ediblər. Və uduzublar. Təyyarə buludlar arasından çıxan zaman aydın olub ki, hündürlük azdır, katapultasiya artıq gec idi. Təyyarəni şığıma vəziyyətindən çıxarmaq üçün azacıq hündürlük çatışmayıb».
Yuri Qaqarinin böyük qardaşı Valentin Qaqarin qəzanın səbəbini belə izah edirdi: «Düşünürəm ki, bu qəza əvvəlcədən diqqətlə işlənib hazırlanmışdı. Bir adamın üzərində həddən artıq, çox böyük şöhrət cəmlənmişdi. Onu polkovnik kimi dəfn etdilər, lakin faktiki olaraq evdə general şineli onun kürsüsündən asılmışdı. Bütün generalitet onu layiq olmadığı mövqeyi tutan adam hesab edirdi, baxmayaraq ki, mən hesab edirəm ki, onlar əslində ona qibtə edirdilər».
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Boris Volnov da Qaqarinin həlak olduğu 18 bort nömrəli «MİQ-15» təyyarəsində dəfələrlə uçub. O hesab edir ki, Qaqarinin ölümünün səbəblərini biz heç vaxt bilməyəcəyik. Qaqarinin çox təcrübəli instruktor Seryoginlə uçduğunu qeyd edən Volnova görə, faciənin hər hansı səhv üzündən baş verməsi praktik olaraq mümkünsüzdür.
50 ildən sonra açıqlanmış rəsmi məlumatlara görə, Qaqarinin ölümü təyyarənin kabinəsinin hermetikliyinin pozulması nəticəsində baş verib.

Neyl Armstronq: «O, bizi kosmosa çağırırdı»


Yuri Qaqarin bizim dünyamızı daha aydın, işıqlı, xoşbəxt edib. Onun təbəssümü planetimizin hər bir vətəndaşı üçün gələcəyin simvoluna çevrilib və belə bir ümid yaradıb ki, xoşbəxtlik mütləq baş verəcək. İnsanlar XX əsrdə baş vermiş ən yaxşı hadisələri Qaqarinin adı ilə bağlayırlar. Qaqarin bütün bəşəriyyətə məxsus idi. Onun uçuşu Amerikada da böyük əks-səda doğurmuşdu. Məşhur astronavt, Aya ilk ayaq basmış Neyl Armstronq Qaqarinin uçuşundan vəcdə gələrək, «o, bizi kosmosa çağırırdı» demişdi.
Planetin ilk kosmonavtının gözəl həyatı və faciəli taleyi haqqında çoxsaylı filmlər çəkilib, kitablar yazılıb, çoxcildli xatirələr toplanıb.
Lakin uzun illər Qaqarinin kosmosda keçirdiyi 108 dəqiqəlik uçuş təəssüratları insanlardan gizlin saxlanılıb. Yalnız 1961-ci il aprelin 12-dən — ilk insanın kosmosa uçmasından 30 il sonra Yuri Qaqarinin dünyanı ayağa qaldırmış 108 dəqiqəlik uçuş hesabatı dərc olunub. Uzun illər Qaqarinin hesabatı üzərində məxfilik qrifi asılıb. Tam məxfilik kosmosda baş verənləri xatırlamağı belə, qadağan edirdi. Lakin məhz 108 dəqiqəlik dramatik anlar Yuri Qaqarinin əsl qəhrəmanlığının bütün miqyasını qiymətləndirməyə imkan verir. «Yer kürəsini gəmi-peykdə dövr edərkən mən planetimizin nə qədər gözəl olduğunu gördüm. İnsanlar, bu gözəlliyi dağıtmayacaq, qoruyacaq və daha da artıracağıq!».
...Yuri Qaqarinlə bağlı əfsanə və miflər çoxdur. Onlardan biri barədə kosmos veteranlar şurasının üzvü Dmitri Pankratov danışıb. Onun sözlərinə görə, Qaqarin 1961-ci ilin iyulunda Krımda ailəsi ilə Müdafiə Nazirliyinin sanatoriyasında dincəlirdi. Gecə vaxtı sahildən 50 metr kənarda uzunluğu 2 metr olan dəniz minası partlayıb. Bir neçə gün sakinləri sahilə yaxın buraxmayıblar. Sanatoriyada istirahət edənlər arasında belə bir şayiə yayılmışdı ki, amerikalılar Qaqarini öldürmək istəyir.
Qızı Qalina xatırlayırdı ki, 27 yaşında Qaqarin dünyanın ən tanınmış insanı — kosmosun Kolumbu, Yerin oğlu, Kainatın vətəndaşı oldu. Qaqarin ikinci dəfə kosmosa daha çətin və uzunmüddətli uçuş arzulayırdı. Lakin onu buraxmırdılar. "İlk kosmonavt simvoldur, riskə getmək olmaz!". Qəzadan sonra hadisə yerində Qaqarinin gödəkçəsinin bir parçası tapılıb. Cibində ərzaq talonu, sürücülük vəsiqəsi, 40 rubl və Sergey Korolyovun şəkli olub.
Hazırladı: Oruc MUSTAFAYEV
Məqalədə Rusiya Federal Kosmik Agentliyinin arxiv materiallarından istifadə olunub
Mənbə: Azərbaycan müəllimi.- 2011.- 18 noyabr.- S.6.
Top