Volf Messinq fenomeni

Volf Messinq fenomeni

Ötən əsrin 40-cı illərində Odessanın Puşkin küçəsindəki filarmoniyanın böyük salonunda Odessa yəhudilərinə yaxşı tanış olan bir maqın konsertinə şəhərin az qala, yarısı tökülüşüb gəlmişdi. Konsertin ortasında pərdə bağlandı və mülki paltar geymiş şəxslər çıxışçını özləri ilə aeroport rayonuna apardılar. Həmin çıxışçı Polşa vətəndaşı, dəqiq desək, işğal olunmuş Polşadan qaçqın düşmüş Volf Messinq idi. Onu təyyarə ilə Moskvaya, aeroportdan da birbaşa şəhərkənarı malikanəyə apardılar. Bir qədər sonra onun saxlandığı otağın qapısı açıldı və Stalin otağa daxil oldu.
— Sən kimsən və buraya nə üçün gəlmisən?
— Mən Polşa yəhudisiyəm, faşistlərin əlindən qaçıb sizə pənah gətirmişəm.
Stalin üz-gözünü turşutdu. Onun öz müttəfiqi Hitler haqqında pis danışan adamlardan xoşu gəlmirdi. Özü də yəhudiləri bir o qədər də xoşlamırdı.
Messinq söhbətin mövzusunu dəyişmək üçün dedi:
— Siz çox tənhasınız, yoldaş Stalin. Məni çətin dəqiqələrinizdə çağırsanız, sizə kömək edə bilərəm. Axı, mən bir dəfə əlimdə aparmışam.
Stalin qaşlarını çataraq sualedici nəzərlərini Messinqə yönəltdi.
Messinq:
— Mən sizin portretinizi parad zamanı aparmışam.
— Siz deyəsən, həm də yaxşı yumoristsiniz. Sabah Kremlə yanıma gəlin. Buraxılış vərəqəsi də lazım deyil. Oturub söhbət edərik.
Stalin bununla da, söhbətini bitirdi.
Sonrakı gün Messinq gözətçilərin yanından keçib Kremlə gəldi. Onu dahi rəhbərin kabinetinə buraxdılar. Kabinetdə ona portretlərindən tanış olan adamlar əyləşmişdilər. Stalin Messinqi onlara təqdim edəndən sonra dedi:
— İndi də nə bacardığınızı göstərin.
— Əgər mənə inanırsınızsa, əlimdən çox şey gəlir. Lakin masa arxasında komissar əyləşib. O, Beriyanı göstərdi. — O, olan yerdə mən işləyə bilmərəm.
Stalin üzünü Beriyaya tutub əmr etdi:
— Lavrenti, çıx otaqdan, — dedi, — indi cənab Messinq, partiya üçün, xalq üçün vacib olanlardan danışın.
Messinq başa düşürdü ki, onun taleyi həll olunur. O, dahi rəhbərin fikrini oxumağa başladı. Fikir verdi ki, Stalinin yanında daha bir qafqazlı oturub. Onun adı Ter-Petrosyan, ləqəbi Kamodur. Messinqin gözləri önündə belə bir mənzərə canlandı. Kamo Stalinlə birlikdə bank yarıb içərisi pul dolu kisəni qaçırdırlar. Kamonu tuturlar. Stalin isə Tiflisin duxanlarının birində əyləşib nəsə gözləyir.
— Əgər mənə inanırsınızsa, dövlət bankında pulları müsadirə edə bilərəm, yoldaş Stalin.
— Partiya bunu sizə tapşırır, — dedi Stalin. Messinqin qulağına başqa bir səs — Leninin səsi gəldi. Lenin öz əlaltısını «eksə» (partiya pullarını bankdan almaq üçün həvəsləndirirdi.
Komissiya təşkil olundu. Messinq komissiya üzvlərinin müşayiəti ilə Neqlinni küçəsindəki mərkəzi banka gəldi. Binaya girib xəzinədara ağ kağız parçası təqdim edərək ondan yüz min rubl pul verilməsini istədi. Həmin dövr üçün bu, böyük məbləğ idi. Xəzinədar pulu verməzdən əvvəl, sənədləri diqqətlə yoxlamalı idi. Messinq ona nə edəcəyini fikrən çatdırırdı. Pulu alan kimi portfelə qoyub Kremlə yollandı. Dahi rəhbərin kabinetində təzə pul paçkalarını stolun üstünə qoyandan sonra Stalin Messinqə kabinetdən çıxmasını xahiş etdi. O, kabinetdə oturanlardan soruşdu:
— Buna nə deyirsiniz?
Beriya dərhal:
— Mərkəzi bankda işləyənlər xalq düşmənləridir, Messinq isə şübhəli adamdır. Mən onunla məşğul olaram, — dedi.
Stalin Beriyaya tərs-tərs baxıb qeyzlə dedi:
— Əgər sən fikirləşirsən ki, özündən ağıllı olan kəs təhlükəli adamdır, deməli, tutduğun vəzifəyə layiq deyilsən. Bu adamın başından bir tük əskik olsa, onda özündən küs, — sağ əlini bıçaq kimi boğazına çəkdi — sən ki, məni yaxşı tanıyırsan, Lavrenti!

Messinq 1899-cu ildə Polşada dilənçi həyat tərzi sürən bir yəhudi ailəsində doğulmuşdu. Onun məktəbdə dərs oxuması ilə arası yox idi. Messinq atasının təkidi ilə lap uşaqlıqdan yəhudilərin dini kitabları olan Tövrat və Talmud oxuyurdu.
Bir dəfə atası siqaret almaq üçün onu yaxınlıqdakı dükana göndərmişdi. O, evə qayıdarkən artıq hava qaralırdı. Birdən yolda başı üzərində əmələ gələn kölgədən nagahani səs eşitdi: «Məni Allah sənin yanına göndərib. Sən xalqımızı qorumalısan. Məktəbə get, dərs oxu!»
Volf bu səsdən diksinərək bərk qorxdu və huşunu itirərək yerə sərildi. Huşu başına gələndə mənəviyyatının tamam dəyişdiyini hiss etməyə başladı. Ona elə gəldi ki, yaşadığı dünya ona dar gəlir. Hansısa bir qüvvənin təsiri altında baş götürüb haraya isə tələsir. O, bu hisslərin təsiri altında günlərin birində dərsdən qaçıb dəmir yol vağzalına üz tutdu. Stansiyadan yola düşən bir qatarın vaqonuna minərək oturacaqlardan birinin altında özünə yer elədi. Məqsədi qatar bələdçisindən gizlənmək idi. Ona görə ki, pulsuz və biletsiz idi. Bileti olmayanlar isə aşkara çıxarılanda ciddi cəzalandırılırdılar. Bir müddət keçəndən sonra o, qatar bələdçisinin səsini eşitdi:
— Vətəndaş, oturacağın altından çıx və biletini göstər.
Volfun bədənindən keçən qorxu hissi onu şok vəziyyətinə saldı. Dərhal əlini vaqonun döşəməsinə sürtərək tapdığı kağız parçasını qorxa-qorxa bələdçiyə uzatdı. Bələdçi kağız parçasını diqqətlə nəzərdən keçirəndən sonra əlindəki komposterə salıb yoxlama işarəsi vurdu və oğlana qaytararaq dedi:
— Biletin ola-ola nə üçün oturacağın altına girmisən, görmürsən ki, vaqonda boş yer çoxdur?
Messinq vaqon konduktoru ilə bu əhvalatdan sonra özündə hipnoz qabiliyyəti olduğunu hiss etmişdi. Gücü olduğuna inanmışdı. Qatar Berlinə çatandan sonra Volf böyük əziyyətlərə düçar oldu. Pulu və sənədi olmayan gənc səfil həyatı sürmək məcburiyyətində qalmışdı. Günlərin birində ac və susuzluqdan Messinq huşunu itirərək küçədə qalmışdı. Onun cansız bədənini xəstəxanaya apardıqdan sonra tənəffüsünün tamam dayandığını görüb morqa aparmışdılar. Morqda çalışan bir tələbə onun tənəffüs etdiyini sezib yenidən palataya köçürülməsi barədə təşəbbüs göstərmişdi. O dövrdə Almaniyada yaşayan məşhur həkim Abel Messinqi nəinki ölümdən xilas etmişdi, həm də onun hipnotik imkanlarını da üzə çıxarmışdı. Doktor Abel xəstəni müayinə edərkən düşünmüşdü ki, onu polisin əlinə vermək gərəkdir. Messinq dərhal ağlamsınaraq: «Məni polisə verməyin» — demişdi. Doktor: «Mən ki belə söz deməmişəm» — söyləyərək təəccüblənmişdi. Messinq doktora: "İndi siz bu barədə düşünürdünüz — söyləyir. Doktor Abel xəstənin adamın başından keçən fikirləri duymaq qabiliyyəti olduğunu da müəyyənləşdirmişdi.
Messinqin qeyri-adi bacarığını Eynşteyn, Freyd, Rabindranat Taqor kimi görkəmli şəxsiyyətlər də sınağa çəkmiş və qərara gəlmişdilər ki, Messinq müasir elmi nailiyyətlər şəraitində izahı mümkün olmayan möcüzədir.
Amma Messinq konsert salonlarında çıxış edən artist idi. Çıxışları zamanı içindən gələn səsi eşidirdi. «Sən xalqını xilas etmək üçün doğulmusan».
1933-cü ildə Hitler hakimiyyətə gələndən sonra bütün Avropada antisemitizm baş qaldırmışdı. Messinq Polşa qrafı Gertoriyskinin xahişi ilə qiyməti təqribən bir milyon məbləğində qızıl pul olan brilyant bəzək sancağını tapdıqdan sonra ona çatacaq 200 min qızıl puldan imtina etmiş və qrafdan xahişi bu olmuşdu ki, seym üzvü kimi yəhudilərin hüquqlarının tapdanmasına imkan verən qanunun ləğvinə yardım göstərsin. Gertorıyski də Messinqin xahişini yerinə yetirmişdi.
Avropada almanlar üçün böyük təhlükə Almaniyadan gəlirdi. Məhz Almaniyada nasist Nürnberq qanunları qəbul olunmuşdu. «Kristal gecə» talanları hazırlanırdı. Messinq qorxunc gələcəyi həqiqətdə olduğu kimi görürdü.
1937-ci ildə Messinq Varşava teatrlarının birində bildirmişdi: "Əgər Hitler Şərqə müharibə ilə getsə, bu, onun məhvi olacaq".
Yalnız Hitler Messinqin uzaqgörənliyinə əhəmiyyət vermişdi. Hitlerin Qaussen adlı gələcəyi xəbər verən baxıcısı var idi. Həmin görücü də yəhudi idi. Hər iki görücü — yəhudinin görücülüyü ziddiyyət təşkil edirdi. Hitler əvvəlcə Qaussenə, sonra isə Messinqə divan tutmağı qərara almışdı. Qaussen öldürüldü, Messinqin başına isə 200 min marka qiymət qoyuldu.
Varşavanın süqutundan sonra Messinq faşistlərin əlinə keçdi. Onu şəhərdə tanıyıb gestapoya apardılar, ölümlə üz-üzə, göz-gözə qoydular.
O, bütün gestapoçulara otaqlardan birinə toplaşmaq fikrini əmr etdi və özü də yumaq kimi yığışaraq binadan siçan kimi səssiz çıxdı.
1939-cu ilin payızı idi. Messinq gah qayıqda, gah da arabada sovet sərhədindən keçdi. Rusiya və Almaniya müttəfiq sayıldıqlıarı üçün SSRİ də Polşa yəhudilərini könülsüz qəbul edirdi. Messinq həm də fikirləri uzaqdan oxuya bilən yəhudi kimi böyük şübhə doğururdu. Lakin hakimiyyət orqanları Messinqin SSRİ-yə keçməsinə icazə verildiyi üçün o, konsertlər təşkil etməyə başlamışdı. Messinqin çıxış etdiyi zallar ağzına kimi dolu olurdu. Tamaşaçıları onun psixoloji təcrübələrindən daha çox, müharibənin olub-olmayacağı barədə verilən suallara alınan cavablar maraqlı idi. Müharibənin nə vaxt başlaya biləcəyi və kimin qalib gələcəyi hamını düşündürürdü. Messinq müharibənin tez bir zamanda başlayacağını bildirdi.
Beriya Stalinin onu Messinqin yanında alçaltması əhvalatını unutmamışdı. Buna görə də telepat Messinqi ifşa etmək istəyirdi.
Stalinlə ikinci görüşündən sonra Messinqin mənzilinə zəng vuruldu. Gələn adamlar dedilər ki, «Volf Qriqoryeviç, yoldaş Stalin Sizi sabah öz bağına dəvət edir». Messinqə bağın nə ünvanını, nə də buraxılış vərəqəsini verdilər. Səhərisi gün Stalin yaşadığı bağ evinin bağçasında stol arxasında oturub işləyirdi. O, mühafizəçilərin dəvət olunmamış alçaqboylu bir nəfəri bağa buraxdıqlarını görəndə diksindi. Gələn adam Messinq idi. Stalinin rəngi hirsindən ağardı. O, Messinqdən bağa necə gəldiyini soruşdu:
— Məni Beriya dəvət edib. Mən gələrkən fikrən mühafizəçilərə deyirdim ki: «Mən Beriyayam, mən Beriyayam». Bilirdim ki, yoldaş Beriyanı heç kimin saxlamağa hünəri çatmaz".
— Sən doğrudan da, təhlükəli adamsan! Beriya sənin təhlükəli adam olmağın barədə düzünü deyib. Sənin üzündən mənim Hitlerlə aram dəyib. Sən hərbçilərin yanında demisən ki, guya sovet tanklarının Berlinə necə girməsini görürsən. Almaniya səfirliyi protest göndərib. Axı, biz müttəfiqik! Sən doğrudanmı elə güman edirsən ki, biz Almaniya ilə müharibə edə bilərik?
— Bəli, həm də tezliklə, yoldaş Stalin! Müharibə labüddür. İyunun son ongünlüyündə — iyunun 22-də başlayacaq.
— Səhv etsən, başınla cavab verəcəksən! İndi də çıx get və çərənçiliyinə son qoy. Bunu mən sənə əmr edirəm!
Müharibə 22 iyun 1941-ci ildə başladı. Stalin ruh düşkünlüyü içərisində idi. Yanına heç kimi buraxmırdılar. Onun pərişan halında Messinq Stalinin yanına gəlib dahi rəhbəri özünə gətirə bildi. Stalin xalqa radio ilə müraciət etdikdən sonra Messinq Moskvadan uzaqlara getdi. Messinq arxa cəbhədə və cəbhənin özündə çıxışlar edirdi. Adına da qəzetlərdə təsadüf olunurdu. Messinqin puluna qırıcı təyyarə düzəldiləndən sonra Stalin onun adına razılıq teleqramı göndərmişdi. Həmin vaxtlarda Messinq adamlar arasında uzaqgörücülük fəaliyyəti ilə məşğul olmamağa çalışırdı. Məlum olduğu kimi, Stalinin antisemitizmi özünü müharibə qurtardıqdan sonra yox, müharibənin qızğın çağlarında göstərməyə başlamışdı. Yəhudi zabitlərini ordudan kənarlaşdırıb türmələrə göndərirdilər. Stalin yəhudilərin hamısını ABŞ-ın agenti hesab edirdi. Amerikanın müttəfiq sayılmasına baxmayaraq, Stalin fikirləşirdi ki, amerikalıların Norilsk rayonuna çoxsaylı qulaq məhbuslarının köməyi ilə hərbi hissələr çıxarmaq və faydalı qazıntılarla zəngin həmin ərazini zəbt etmək niyyəti vardı. O, bu paranoidal ideyanı əsas tutaraq mərkəzdən Peçoraya və Taymır yarımadasına gedən dəmir yolunu uzatmaq əmri vermişdi. Bu məqsədini həyata keçirmək üçün Stalinə milyonlarla inşaatçı lazım idi. O, bu problemi həll etmək üçün şimal regionuna yüz minlərlə adam göndərmək, eyni zamanda, yəhudi xalqını qırmaq niyyətində idi. Bu məsələdən Messinqin də xəbəri vardı. O, Stalinin qəzəbinə tuş gələcəyini bilə-bilə Novosibirskin «Krasnıy fakel» teatrında çıxışı zamanı bildirmişdi ki, müharibə qələbə ilə 1945-ci ilin yazında qurtaracaq. Bu barədə özü Stalinə məlumat verəcək. Stalin Messinqi dərhal Moskvaya çağırdı və dedi:
— Məgər bilmirsən ki, mən sənin kütlə qarşısında çıxış etməyinə qadağa qoymuşam?! Məgər bilmirsən ki, biz almanları bir neçə gün bundan əvvəl Kursk və Oryol ətrafında əzmişik?! Sən isə demisən ki, müharibə hələ iki il davam edəcək.
— Bəlkə də daha çox! Bu sizdən asılıdır! Məsləhətdir ki, Taymıra yol çəkilməsini, onunla əlaqədar olan bütün işləri dayandırasınız.
Stalin Messinqin boğazından yapışıb soruşmuşdu:
— Sən kimin agentisən? Hitlerin, yaxud Çörçillin?
— Mənə uşaq vaxtlarımda bir səs gəlmişdi ki, xalqımı xilas edim. Həm də ömrünüzün sonunda Sizin özünüzə də dostsuz, həkimsiz tək qaldığınız bir vaxtda köməyimi əsirgəməyim.
Messinq Stalinin yanına bir də 10 ildən sonra gəlmişdi. Artıq yəhudi həkimlər həbsə alınmış, Stalin tibbi yardımdan məhrum olmuşdu. Ölkədə antisemitizm tüğyan edirdi. «Dünya xalqlarının dahi» rəhbəri ömrünün son günlərində «yəhudi məsələsinə» son qoymaqla məşğul idi. Rusiya yəhudilərini yalnız Stalinin ölümü xilas edə bilərdi. Martın 5-də yəhudilərin böyük bayramlarından birində dahi rəhbər həyatı ilə vidalaşdı.
Stalinin qəfil ölümü indiyədək sirr olaraq qalır. Axı, Stalin sağlam adam idi. Hətta Siyasi Büronun üzvləri ilə sərxoşluq da edirdi. Həmin məclislərin biri qurtarandan sonra otaqlardan birinə çəkilərək heç kimin həmin otağa buraxılmamasını istəmişdi. Həmin otağa gələnlər Stalinin can verdiyini görmüşdülər.
Bir dəfə Stalin Messinqə demişdi:
— Sən öz yəhudilərin üçün xahişə gəlmisən? Siz hamınız xalq düşmənlərisiniz. Sizi eyni aqibət gözləyir, sən yəhudini də. Sən ki gələcəyi görənsən. Bilirsən ki, nə vaxt öləcəksən?
— Sizdən sonra, yoldaş Stalin.
— Deməli, sən mənim nə vaxğt öləcəyimi bilirsən.
— Tezliklə — yəhudi bayramında. Əgər həmin gün adi günlərdən biri olsa, yəhudilər onu yenə də bayram edəcəklər. Yeri gəlmişkən, bu gün Purimdir, yəhudilərin düşməni Amanın öldüyü gündür. Sizin də bu gün öləcəyiniz mümkündür.
Stalinin qorxudan gözləri alacalandı, ağzını açıb nəsə demək istədi, amma səsi çıxmadı. Birdən göz qapaqları bağlandı və Stalin canını tapşırdı. Onun meyitini 20 saatdan sonra tapıb divana qoydular. Messinq hökumət bağına sakitcə gəldiyi kimi, sezilmədən də getdi.
Bütün bunları arvadı Mariya danışmış və demişdi ki, Messinqin dediklərini qoy heç kim bilməsin, onsuz da buna inanmayacaqlar.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
Top