Bill Qeyts | Onun zəkası ən böyük sərvətidir

Bill Qeyts | Onun zəkası ən böyük sərvətidir

Həyatı: Bill Qeyts 1955-ci ildə Vaşinqtonda (Sietl) doğulmuşdur. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənir. Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib.

Bill Qeyts və Microsoft 

Bill Qeyts fərdi kompyuter inqilabının ən məşhur sahibkarlarından biridir. İndiki məşhur sahibkarı uğura aparan yol öz başlanğıcını məktəb illərindən götürüb. Hələ məktəbdə oxuyarkən bəzi dərslərdə iştirak etməyən Bill hamıdan gizli kompyuter otağına gedib, orada kompyuterlərlə maraqlanarmış. Beləcə o, proqram təminatı kodeksini mükəmməl öyrənmişdi. Məhz bunun sayəsində Bill ilk kiçik proqramını da yazmışdı. Onun bu bacarığı ətrafındakı hər kəsi heyran qoyurdu. Buna baxmayaraq, Bill daha çox öyrənmək və bilmək istəyirdi. Sietldə kiçik bir firma ilə razılığa gələn Bill, onlara edəcəyi köməyin müqabilində daha çox məlumat əldə etmək imkanı qazanır. Müəyyən bir müddət bu kiçik ofisdə çalışan Qeyts proqramçıların heç də hər şeyi ona öyrətmədiyini anlayır və oradan uzaqlaşır.
Yayılan məlumatlara görə, bu hadisədən sonra Bill Qeyts ötən əsrin 70-ci illərində ilk kompyuteri istehsal etmək üçün dostu ilə birlikdə öz maşınını satıb, 700 dollar da borc alıb. Beləliklə, 1200 dollara iki kompyuter istehsal olunub. Cəmi 10 ildən sonra isə 2 milyard dollar gəlir əldə edilib. Hətta öz biznesini böyütmək üçün Billin yaxın dostu Poll Allenlə poker oynadığı, qazandıqları pulu kompyuter avadanlıqları istehsalına yönəltdiyi barədə məlumatlar da gəzir.
Onun həyatı barədə məlumatların yer aldığı mənbələrdə 1975-ci ildə Qeytsin uşaqlıq dostu Pol Allen ilə Microsoftu formalaşdırmaq üçün Harvard Universitetini tərk etdiyi də qeyd edilir. Bununla belə, Harvard Qeytsin gələcək karyerasında mühüm rol oynayıb. Belə ki, o, məhz Harvardda Microsoftun baş icraçı direktoru Stiv Ballmerlə qarşılaşıb. Eyni zamanda, hesablama maşınları nəzəriyyəsi və sistemləri sahəsində mütəxəssis kimi məşhur olan Kristos Papadimitriou ilə də Harvardda tanış olub.
Harvardı tərk etməkdə Poll Allenlə Bill Qeytsin məqsədi fərdi kompyuter bazarında proqram təminatını inkişaf etdirmək idi. Beləliklə, onlar kiçik və əzmli addımlarla uğura uzanan yolda birgə addımlayırlar.
Personal kompyuterlər üçün lazım olan əməliyyat sistemi Qari Kildall tərəfindən rədd edildikdən sonra İBM Bill Qeytsə üz tutur. Elə gənc istedad üçün də ilk fürsət yaranır. Belə ki, Bill Seattle Computer Products şirkətindən DOS sistemini satın alır və Seattle Computer Productsda işləyən, DOSun proqramçılarından biri olan Tim Patersonu öz şirkətinə gətirir. Beləcə, gərgin zəhmət hesabına yaradılan DOS sistemi İBM şirkətinə MS-DOS adı altında satılır. MS-DOS sistemi 120 milyon nüsxə satılmaqla satış rekordu qırır.
1975-ci ilin 1 fevral tarixində Bill Qeyts və Pol Allen fərdi kompyuterlər üçün ilk proqram olan BASIC-i ilk müştərilərinə, yəni MITS kompaniyasına satırlar. Elə həmin ilin martında Pol Allen MITS firmasında proqram təminatı üzrə direktor vəzifəsində fəaliyyətə baslayır. İyulda Microsoft BASIC-in rəsmi satışına başlayır.
1976-cı ildə Bill Qeyts kompyuter piratçılığı ilə bağlı fikri ortaya atan ilk proqramçı olur. Yaxın dostu Pol Allenin 1976-cı ilin noyabrında MITS-i tərk edərək Microsoft komandasına qoşulması Bill üçün uğurlu başlanğıc olur.
Noyabrın 26-sı isə Qeyts üçün xüsusilə önəmli bir təqvimdir. Belə ki, Nyu-Meksiko ştatının katibliyinin ofisində «Microsoft» ticarət markası kimi qeydiyyatdan keçir.
1977-ci ildə artıq Microsoft-un illik satışı 1 mln. dolları ötüb keçir.
1980-ci ildə isə, Microsoft Stiv Balmeri şirkətə cəlb etməklə növbəti uğuruna imza atır.
1981-ci il iyunun 25-i Bill Qeyts Microsoft sirkətinin prezidenti və idarə heyətinin sədri, Pol Allen isə icraçı vitse-prezident vəzifəsinə təyin olunur.
Microsoft Microsoft inc aksioner cəmiyyəti kimi Vasinqton ştatında qeydiyyatdan keçir. Eyni ildə IBM Microsoft firmasının 16-bitlik MS-DOS 1.0 əməliyyat sistemi və bununla bərabər Microsoft BASIC, Microsoft COBOL, Microsoft Pascal və Microsoft-un başqa məhsullarından istifadə olunmus «fərdi kompyuter»ini bazara cıxarır.
1982-ci ildə Microsoft Microsoft Mouseni satışa buraxır. 29 sentyabrda isə Microsoft Windows-un ilk buraxılışı iki il sonra 1985-ci ildə gerçəkləşir.
Həmin ildə Microsoft öz 10 illiyini 140 milyonluq illik gəliri ilə bayram edir.
1989-cu ildə isə, Microsoft kompakt diskdə Macintosh əməliyyat sistemi üçün Office proqramlar paketi buraxır.
Bill Qeyts 2000-ci ilin yanvarında Microsoft-un baş icraçı direktoru kimi istefa verir. 2008-ci ildən etibarən isə, o, kompaniyanın icraçı şəxs olmayan sədri kimi Microsoft-da qalır.

Maraqlı insan

1986-cı ilə qədər viruslar proqramçıların zərərsiz proqramları idi. Artıq bəzi proqramçılar tərəfindən zərərli kodlar və dağıdıcı təsirə malik proqramlar yazılırdı. Bundan sonra hərbi qüvvələr viruslarla maraqlanmağa başladılar. 1987-ci ilin payızında Amerika universitetlərinin birindən hərbçilərin təklifinə əsasən əməliyyat disklərini yoluxduran və özünü köçürüb digər disklərə yoluxan bir virus yazıb buraxmışdılar. Bu virus gizli saxlanmasına baxmayaraq, Bill Qeyts onu axtarıb tapmışdı. Həmin vaxtlarda o, Apple Macintoshla da rəqabət aparırdı. Onun şirkətində çalışan proqramçılar Apple kompyuterlərinə ziyan vuran həmin virusu modifikasiya edib, «Scores»i yaratmışdılar. Qələbə ab-havasında olan Bill Qeyts öz komandası ilə ikinci virus MacMag-ı yaratmışdır.
Bill fenomeni həm də maraqlı hadisələrlə xarakterizə edilir. Deyilənə görə, uşaqlıqda yoldaşları Bill Qeytsi «CON» (Botanik) deyə çağırırmışlar. Buna görə də Bill Windows sistemində hər hansı bir fayl, qovluğa «CON» adının qoyulmasını qadağan edib. Belə ki, bu adda hər hansı bir faylın və ya qovluğun adı dərhal dəyişir. Hazırda, hətta internet səhifələrindən belə masa üstünə şəkil və ya hansısa bir fayl endirdikdə onun adını «CON» qoymaq olmur.
Məşhur «Forbes» jurnalının hesabatlarına görə, «Microsoft» korporasiyasının yaradıcısı Bill Qeyts uzun illər ABŞ-ın ən varlı adamı kimi tanınıb. Maraqlıdır ki, şəxsiyyəti ilə daim gündəmdə olan Bill varidatına görə də, daim diqqət mərkəzindədir. Daim onun sərvəti ilə bağlı müzakirə aparılır, varlı olmaq üçün atdığı addımlar barədə dialoqlar qurulur, təxmini və maraqlı hesablamalar aparılır. Belə hesablamalardan birinə görə, Bill Qeyts 1 il ərzində saniyədə 250$ qazanır. Deyilənə görə, o yer üzündəki hər kəsə 15$ borc versə yenə də cibində 5 milyon $ pul qalar. Maykl Cordan ABŞ-ın ən çox pul qazanan idmançısıdır, buna baxmayaraq, o heç bir şey yeyib içməsə və illik qazancı 30 milyon $ olsa yenə də onun Bill Qeyts qədər zəngin ola bilməsi ücün 277 il gözləməsi lazımdır. Bill bir ölkə olsaydı dünyanın ən zəngin 37-ci ölkəsi olardı. Bill Qeyts indi 55 yaşındadır, onun 35 il daha yaşadığını düşünsək, ölmədən əvvəl bütün pulunu xərcləməsi üçün bu gündən etibarən hər il 6.78 milyon dollar pul xərcləməsi lazımdır. Ən maraqlısı isə odur ki, əgər hər bir Windows istifadəçisi kompyuterinin pozulduğunu əsas gətirərək hər qıfıllanmada Microsofta 1$-lıq təzminat iddiası açsa, Bill Qeyts 3 ildə müflisləşə bilər. 

İnformasiya texnologiyalarının yaradıcısı övladlarına texnologiyalardan istifadə etmək üçün müəyyən qadağalar qoyub

Bir qədər əvvəl qəhrəmanım haqqında mətbuatda maraqlı bir xəbər dolaşmaqda idi. Deyilənə görə, «Microsoft»un banisi və adı kompyuter erasının rəmzinə çevrilən Bill Qeyts uşaqlarına lüzum olmadan kompyuterdən istifadə etməyi qadağan edib. Ottavada keçirilən kiçik işgüzar müşavirədə Qeyts deyib ki, onun uşaqlarına iş günləri 45 dəqiqə, istirahət günləri isə 1 saat «ekran vaxtı» ayrılır. Məlum olub ki, «Microsoft»un rəhbərinin on yaşlı böyük qızı kompyuterlə maraqlanmayıb. Amma, bütün şagirdlərin mini-kompyuterdən fasiləsiz istifadə etdiyi məktəbə keçəndən sonra o da kompyuterə məftun olub: «O, buna çox aludə olub, xüsusən çoxlu kompyuter oyunları tapıb...» Qız virtual dünyaya dalıb və hər gün bu məşğuliyyətə iki-üç saat vaxt sərf edir. Ona görə də Bill Qeyts həyat yoldaşı Melinda ilə birlikdə uşaqlar üçün «komendant saatı» tətbiq etməyi qərarlaşdırıb.
İstisna deyil ki, məhz «Microsoft»un rəhbərinin şəxsi təcrübəsi şirkətin valideynlər üçün yeni məhsul işləyib hazırlamasına əsas olub. Yeni proqram valideynlərə təkcə veb-saytlara nəzarət etmək yox, həm də uşaqlarının IJQ proqramı da daxil olmaqla bütün mümkün «messengerlər»lə məktublaşmalarını yoxlamaq imkanı verir.
O texnoloji məsələlərə görə faydalı vaxtını itirməyi sevmir

Dolaşan məlumata görə, Bill Qeyts Facebook sosial şəbəkəsini tərk edib. «Mənim Facebook-da o qədər dostum var ki, mən artıq bilmirəm nə edim. Hazırda sosial şəbəkənin 10 min istifadəçisi mənim dostum olmaq istəyir. Belə vəziyyətdə mən dostlar siyahısındakı insanların hansını həqiqətən tanıdığımı, hansını isə ümumiyyətlə tanımadığımı müəyyən edə bilmirəm. Çox çətindir. Və mən buranı tərk etmək qərarına gəldim», — deyə B.Qeyts vurğulayıb.
Hindistanda tədbirdə çıxış edərkən B.Qeyts ümumiyyətlə ismarıc yazmağa elə də üstünlük vermədiyini və bütün gününü texnologiyalara sərf etmədiyini etiraf edib. «Mən çoxlu kitab oxuyuram və oxuduğum ədəbiyyatın hamısı kompyuterlər haqqında deyil». Bu gün kompyuter demək olar ki, hər bir evdə, hər bir iş masasında var. B.Qeyts bütün bunları müsbət hal adlandırıb. «Lakin bütün bu texnoloci məsələlərə çoxlu faydalı vaxtımız gedir», — deyə B.Qeyts sosial şəbəkələrə vaxtını itirmək istəmədiyini bildirib.
İllərdir Bill Qeyts «Forbes» curnalının hər il tərtib etdiyi dünyanın varlı adamları siyahısının başında dayanır. 

Bill Qeyts 32 illik fasilədən sonra Harvard diplomu alıb

2007-ci ilin iyun ayında Bill Qeyts Harvard Universitetində təhsilini yarımçıq qoyandan 32 il sonra bu təhsil ocağının diplomunun alıb. Dünyanın ən məhşur universitetlərindən biri sayılan «Harvard»ın rəhbərliyi 1975-ci ildə öz istəyi ilə təhsilini yarımçıq saxlayan Bill Qeytsə göstərdiyi xidmətlərə görə diplomu vermək qərarına gəlib. Təhsilini yarımçıq saxlaması «Microsoft»un yaradıcısına 32 ilə dünyanın ən böyük şirkətini yaratmağa və planetin ən varlı adamlarının siyasında liderlik etməyə mane ola bilməyib.
O zaman vaxtının çox hissəsini kompyuter otaqlarında keçirən gələcəyin milyoneri üçün təhsil çox da böyük əhəmiyyət kəsb etmirdi. Bill Qeyts dostu və biznesdə ortağı olan Poll Alenin təkidindən sonra 1975-ci ildə universteti tərk etmək qərarına gəlib. 

Xeyriyyəçi Bill 

Bill və onun həyat yoldaşı Melinda hər zaman səhiyyə və təhsil sahəsində xeyriyyəçi təşəbbüsləri dəstəkləyirlər.
Xanımı ilə birgə, «Bill and Melinda Gates Foundation» adlı yardım təşkilatı quran və səhiyyə sahəsində göstərdiyi fəaliyyətlə dünyadakı xəstə insanlara dəstək verən milyonçunun növbəti çıxışı da Afrikada qızdırma xəstəliyindən əziyyət çəkən insanlar barədə olub. Bil Qeyts Kaliforniya ştatında keçirilən «Technology Entertainment Design» konfransına əlində bir kolba ağcaqanadla gəlib. Qeyts çıxışını başa vurduqdan sonra «Bu sıxıntını sadəcə kasıb insanlar yaşamamalıdır» — deyərək qabın qapağını açıb və içindəki canlıları zala buraxıb. Bəzi konfrans iştirakçıları zalı qaçaraq tərk etsə də Qeytsin bu hərəkəti hər kəs tərəfindən alqışlanıb.
Bill Qeyts Afrika və Hindistanda əkinçilik sektorunun inkişaf etdirilməsi üçün 120 milyon dollar hədiyyə edib.Qeyd olunan Efiopiya, Qana, Mozambik, Keniya, Malavi, Zambiya, Uqanda və Hindistanda və Tanzaniya kimi ölkələr bir sıra layihələr icra edir.
Bill Qeytsin və onun həyat yoldaşı Melinda Qeytsin yaratdıqları «Bill və Melinda Qeytslərin Fondu» Rumıniya kitabxanalarını pulsuz internetlə təmin etmək barədə məlumat yayıb. Bununla da bütünlükdə Rumınyada internetə qoşulma pulsuz həyata keçiriləcəkdir. fond rəhbərliyi ilə əldə olunan razılaşmadan sonra Rumıniyanın mədəniyyət naziri ölkədəki bütün kitabxanaların siyahısını təqdim edib. Xatırladaq ki, bütün proseslər «Qlobal kitabxanalar» layihəsinin bir hissəsi kimi reallaşdırılır. 

Nikbin proqnoz

Vaşinqton ştatında Şimali Virciniyanın Amerika Texnoloci Şurasında çıxışı zamanı B.Qeyts qeyd edib ki, üzümüzə gələn onillik, əvvəlki illə müqayisədə daha çox imkanlar vəd edir. «Mən yüksək sürətli inkişaf yolunda heç bir maneə görmürəm, bizi, akademik və korporativ araşdırmalara əsaslanan çox böyük texnoloci dəyişikliklər gözləyir», — deyə B.Qeyts bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə il ərzində bəşəriyyət qarşısında rəqəmsal texnologiyalar və şəbəkələrlə bağlı yeni imkanlar açılacaq. Microsoft rəhbəri hesab edir ki, nəticədə televiziya tam olaraq internetə keçəcək və bununla istifadəçi veriliş və xəbərləri maksimal şəxsləndirilmiş qaydada tamaşa etmək imkanı əldə edəcək. İnsanlar hər zaman olduğu kimi televiziya kanallarına baxacaqlar, lakin, qəbuledicilər siqnalı internet-kanalı vasitəsi ilə alacaq.
B.Qeyts əmindir ki, mobil telefonlar daha mükəmməl qaydada video, elektron poçt və internetlə işləyəcəklər.
Kompyuter və internetə qaldıqda isə, qurğularda yeni daxil etmə sistemləri yaradılacaq ki, bunun nəticəsində klaviatura və mauslara artıq ehtiyac olmayacaq. Əvəzinə səs komandaları və tanınma sistemləri gələcək.
Bill Qeyts tərəfindən toxunulan daha bir məsələ kompyuterlərin kiçildilməsi məsələsi olub. Gələcəyin kompyuteri artıq iri stolüstü qurğu deyil, bütün lazım olanlarla təchiz olunmuş kiçik bir terminaldır. Bütün stolüstü proqram təminatının internetə keçməsi faktiki olaraq artıq başlayıb və Windows Live, onlayn ofis paketləri və sifarişlə yaradılan uzaqlaşdırılmış korporativ şəbəkələr bunun təsdiqidir. Təhsil «innovasiyalar meydanı» üçün ayrı bir sahədir. Bill Qeyts əmindir ki, məktəblilər artıq özləri ilə çoxlu sayda dəftər və kitablarla böyük çantalar daşımayacaqlar. Proqram təminatı və tədris proqramlarından ibarət məlumat bazası ilə təchiz olunmuş yığcam planşeti personal kompyuterlər əvəz edəcək.
«Mənim fikrimcə bizim qarşımızda, 10-15 il bundan əvvəl ağlımıza gətirə bilmədiyimiz imkanlar açılır», — deyə B.Qeyts öz nitqini yekunlaşdırıb.
«Microsoft» kompaniyasının əsasını qoymuş əfsanəvi Bill Qeyts vəzifəsindən istefa verib. Kompaniyanın idarəetməsini- baş direktor vəzifəsini isə Bill, Harvardda onunla bir qrupda oxumuş tələbə yoldaşı Stiv Balmerə həvalə edib. Bill özü isə yalnız şirkətin direktorlar şurasının sədri vəzifəsini öz əlində saxlayıb və bundan sonra daha çox xeyriyyəçilik işləri ilə məşğul olmaq niyyətindədir.

Həmçinin bax: Pol Allen
Top