Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir.
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: «Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.»
Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimlərlə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub onlardan dərs almışdır.
Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nəsrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olunan məşhur «Əxlaqi-Nasiri» əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq «Ələmut» qalasına aparılır. O, burada sürgün həyatı keçirir.
Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladığı məşhur «Şərhül-İşarət» əsərinin sonunda yazır :»Mən bunların çoxunu ən ağır bir şəraitdə yazmışam. Daha doğrusu, mən bunları elə bir dövrdə yazıb tərtib etmişəm ki, bunların hər bir hissəsi mənə böyük əzab-əziyyət və məşəqqətlər bahasına başa gəlmişdir. Həmin yerdə isə həmişə cəhənnəm odu alovlanmış və yuxarıdan qaynar su tökülmüşdür. Elə bir vaxt olmamışdır ki, mənim gözlərim yaşla, ürəyim kədərlə dolmasın və elə bir saat olmamışdır ki, mənim məşəqqətlərim artmasın və elə bir dəqiqə olmamışdır ki, mənə yeni həyəcan gətirməsin. Bəli, fars şairlərindən biri düz demişdir: «Öz ətrafıma nə qədər baxıramsa da, fəlakəti üzük formasında görürəm və mən isə o üzüyün ortasında yerləşən qiymətli cövhərəm. «Mənim həyatımda elə bir vaxt olmamışdır ki, o, taleyin dəhşətlərinə, ümidsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun əsgəri isə həyəcan olmuşdur. Ey Allah! Məni bədbəxtlik qoşununun tapdağından və əzab-əziyyət yuvasından xilas et.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan Ələmut qalasını da tutur, Nəsrəddin və digər alim məhbusları azad edirlər. Nəsrəddin Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Tusi rəsədxana haqqında çoxdan fikirləşirmiş. Bağdad da alınan kimi Nəsrəddin rəsədxananın tikilməsi barədə xandan icazə istədi.
Məşhur Marağa rəsədxanasının tikilmək məsələsi müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən soruşur ki, bu qədər xərc nəyə gərəkdir, tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi hökmdarı şəhər yaxınlığında gəzməyə dəvət edir və əmr edir ki, dağın başından bir mis qazan yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışmışlar. Tusi isə Hülaku-xana demişdi:
— Hamısını qorxudan bu hadisənin səbəbi bizə bəllidir və biz sakit oturmuşduq. Elə də yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Tanınmış tarixçi Hacı Xəlifə özünün «Dünya haqqında kitab»ında baş verən hadisələri belə təsvir edir: «Xacə Nəsrəddin Mağaradakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaküyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: «Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?» Nəsir cavabında söylədi: «İzn verin, bir nəfər həmin dağa qalxıb oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.» Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusu vahiməyə düşür. Nəsrəddin bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsrəddin xana deyir: «Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin (mahiyyətini irəlicədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm sürər.» Nəsrəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsrəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid», «Başlanğıcın təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə»də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsrəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimi tarixə, mineralogiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında «Bağdadın tarixi», «İşığın əks olunması və sınması haqda risalə», «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast etmək mümkündür.
Nəsrəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir.
Nəsrəddin Tusi yazmışdır: «Yaxşı iş görməkdə əziyyət çəksən. Əziyyət keçər yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.»
Nəsrəddin Tusi (1201-1274) əxlaqı sərvət hesab edərək, onun fitri olmadığını qeyd edirdi. O, deyirdi: «Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.»
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın
Əslində onlar kimdir? kitabından