Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var. Təəssüf ki, Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.
O, real şəxsiyyət olub
Araşdırmalar göstərir ki, Molla Nəsrəddini əfsanəvi sayanlar, onu real şəxs kimi qəbul edənlərdən çoxdur. Buna səbəb onun bir çox lətifələrinin XIII-XV əsrlərdə yaşayan Əmir Teymuru, digər qisminin isə monqol-tatar - Hulaku dövrünü (XIII əsr) özündə əks etdirməsidir. Necə deyərlər, Molla Nəsrəddinlə bağlı lətifələrdə adları çəkilən tarixi şəxsiyyətlərin əksəriyyəti XIII-XVI əsrlərdə yaşayanlardır. Ona görə də Molla Nəsrəddin xalq arasında mifik şəxsiyyət təsiri bağışlayıb. Əslində Molla Nəsrəddinə xalq arasında məhəbbət və sevgi onun adının gah Əmir Teymurla, gah monqol hökmdarları ilə, gah da digər tarixi şəxslərlə əlaqələndirilməsinə gətirib çıxarıb. Bu lətifələrin hamısında Molla Nəsrəddinin öz ağlı, biliyi və güclü məntiqi ilə hökmdarlardan, dövrünün tanınmış elm adamlarından üstün olması fikri ortaya çıxır. Söylədikləri ilə hökmdarları heyran edən Molla Nəsrəddin bu baxımdan xalq üçün ideal bir şəxsiyyətdir. Bununla belə, Molla Nəsrəddinlə bağlı aparılan araşdırmalar onun tarixi şəxsiyyət olduğunu üzə çıxarıb. Tədqiqatlar Molla Nəsrəddinin Anadoluda dünyaya gəldiyini çoxlu faktlarla sübuta yetirib. Amma onun Anadolunun hansı bölgəsində və neçənci ildə anadan olması barədə dəqiq məlumatlar yoxdur. Ümumiyyətlə, araşdırmalar zamanı iki ehtimal ortaya çıxıb. Birinci ehtimala görə, Molla Nəsrəddin 1208-ci ildə Sivrihisarın Hortu kəndində anadan olub. Digər bir ehtimala görə isə o, Ağşəhərin Orta kəndində dünyaya göz açıb. Bununla əlaqədar araşdırmaçıların əksəriyyəti belə fikirdədir ki, Molla Nəsrəddin Sivrihisarın Hortu kəndində anadan olub, Ağşəhərdə isə vəfat edib. Molla Nəsrəddinin atası Hortu kəndinin imamı Abdullah əfəndi, anası isə həmin kənddən olan Siddiqə xatundur.
“Bu böyük bıçaqla kitablarda gedən səhvləri düzəldirəm”
Molla Nəsrəddin təhsilini Konyadakı bir mədrəsədə alıb. O, mədrəsədə oxuyarkən özünü hazırcavab bir uşaq kimi göstərməyə başlayıb. Yeri gəlmişkən, onun hazırcavablığı ilə birgə bir rəvayəti söyləmək yerinə düşər. Belə ki, deyilənə görə, o dövrdə müəyyən səbəblər üzündən Konyada bıçaq gəzdirmək qadağan edilmişdi. Amma bir dəfə gecə vaxtı Molla Nəsrəddin şəhərdə gəzərkən mühafizəçilər tərəfindən saxlanılır və onun üstündən iri bir bıçaq tapırlar. Özünü itirməyən Molla Nəsrəddin: “Əfəndilərim, üzr istəyirəm. Mən mədrəsədə oxuyuram. Bu böyük bıçaqla kitablarda gedən səhvləri düzəldirəm”, - deyir. Mühafizəçilərə rəhbərlik edən şəxs: “Bu boyda bıçaqla səhv düzəldilməsinə nə ehtiyac var?” - deyə ondan soruşur. Molla Nəsrəddin isə: “Kitablarda elə səhvlər olur ki, onları bu boyda bıçaqla düzəltmək belə çətin olur”, - deyə cavab verir.
Molla Nəsrəddin Konyadakı mədrəsədə oxuyarkən atası vəfat edir. Bundan sonra o, kəndə qayıdır və Hortu kəndinin imamı vəzifəsində atasının işini davam etdirir. Amma Molla Nəsrəddin kənddə uzun müddət qala bilmir. 1237-ci ildə o, Ağşəhərə gələrək, Seyid Mahmud Heyrani və Seyid Hacı İbrahimdən dərs alır. Eyni zamanda o, Ağşəhərdə bölgə qazısı vəzifəsində işləyir. Bölgə qazıları o vaxtlar təcrübəli hakimlərin yanında işləyir və nisbətən kiçik mübahisələri həll edərdilər. Bu vəzifədə işlərkən də ona “Nəsrəddin Xoca” deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.
Molla Nəsrəddinin ilk lətifələr kitabı
Molla Nəsrəddinin xalq arasında lətifələri ilə məşhurlaşması da həmin dövrə aid edilir. Həmin lətifələrdə o, çoxlarını özünə mat qoyan, məmurların əyri işlərini gülə-gülə onlara anladan, güldürə-güldürə tərbiyə edən bir şəxs kimi təsvir edilir. Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Şahzadə Cemin göstərişini yerinə yetirən o dövrün tanınmış alimlərindən olan Əbülxeyir Rumi 7 il xalq arasında gəzərək, Molla Nəsrəddinlə bağlı lətifələri toplayır və onları 1480-ci ildə kitab halında çap etdirir. O dövrdə Molla Nəsrəddin barədə dolaşan lətifələrin toplanaraq kitab halında çap olunması bu işdə maraqlı olan digər adamlar tərəfindən də həyata keçirilir. Belə əsərlərdən biri hazırda Londondakı Böyük Britaniya muzeyində saxlanılır. Əsərin adı “Həzə Tərgemei Nasraddin Əfəndi Rahme”dir. Amma bu kitabda toplanan lətifələrin çoxunun Molla Nəsrəddinlə bağlı olduğu şübhə doğurur. Molla Nəsrəddinlə bağlı lətifələr orta əsrlərdə Anadolunun sərhədlərini aşaraq, Avropaya da yayılmış və orada yaşayan xalqların diqqətini özünə cəlb etmişdi. Ona görə də Qərb tədqiqatçıları da Molla Nəsrəddinlə bağlı lətifələri bir yerə toplayıb kitab şəklində çap etdirmişlər. Həmin əsərlər arasında Pierre Millenin “Nasreddin et son epouse”adlı kitabı, Edmondo Savusseyin “La Litterature Populaire Turque” adlı əsərindəki Molla Nəsrəddin bölümü, Jean Paul Carnierin “Nasreddin Hoca et ses HistoiresTurgues” adlı əsərlərini xatırlatmaq olar. Qərbdə Molla Nəsrəddinin ibrət dolu lətifələri ona böyük rəğbət oyadıb. Əksər Qərb tədqiqatçılarının fikrincə, Molla Nəsrəddin haqqında söylənilən hər bir lətifə əslində kiçik elmi araşdırmadır və bunlar daha böyük elmi düşüncələrin ortaya çıxması üçün bir özül rolunu oynaya bilər.
“Bilənlər bilməyənlərə söyləsinlər”
Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrdən birində deyilir ki, bir gün Molla camaatı bir araya yığaraq soruşur ki, siz mənim bu dəqiqə nə deyəcəyimi bilirsinizmi? Camaatın bir hissəsi cavab verir ki, bəli bilirik; digər hissəsi isə “bilmirik” deyə, Molladan sözünü deməsini xahiş edirlər. Onda Molla özünəməxsus şəkildə əlavə edir ki, qoy bilənlər bilməyənlərə söyləsinlər. Əslində Molla məntiqi cəhətdən çox haqlıdır. Çünki elmin təməlində bilənin bilməyəni öyrətməsi dayanır. Molla Nəsrəddinlə bağlı bəzi lətifələrdə eşşəyin adı xüsusi çəkilir. Bəzi tarixi mənbələrə görə, həqiqətən də, Mollanın “Bozoğlan” adlı sevimli eşşəyi olub və bu heyvan əslində qanmaz adamların başa salınması, qanmazın qandırılması simvolu anlamına gəlir. Biz Molla Nəsrəddinin həyatı ilə bağlı lətifələri bu yazımızda təkrar vermək istəmirik. Çünki onsuz da türk dünyasında Molla Nəsrəddinlə bağlı həm dodaq qaçıran və həm də insanı qəhqəhə çəkib gülməyə vadar edən lətifə bilməyən tapmaq çətindir.
O, əbədiyyətə qədər yaşayacaq
Molla Nəsrəddin 1284-cü ildə Ağşəhərdə vəfat edib və orada dəfn olunub. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir. Qübbənin altında Molla Nəsrəddinə aid mərmər bir sənduqə var. Sənduqənin üzərində Mollanın ölüm tarixi tərsinə yazılmışdır. Qeyd edək ki, Molla Nəsrəddin Ağşəhərdə yaşadığı üçün burada da evlənmişdi. Qızlarından Fatma xatun ilə Dürri Mələkin məzar daşları son zamanlarda aşkar edilərək, Ağşəhər muzeyinə qoyulub. O, güldürə-güldürə düşündürür, gülə-gülə insanların qəlbində əbədiyyətə doğru gedir. Nə qədər türk dünyası, türklər var, o qədər də Molla Nəsrəddin yaşayacaq.