Dahilərin həyatından məzəli məqamlar

Dahilərin həyatından məzəli məqamlar

Məşhur holland həkimi Burxavenin əşyaları içərisindən tapılmış 100 səhifəlik başı bağlı bir tibb kitabı hərraca qoyularaq 10.000 dollara satılmışdı. Kitabın möhürü götürüldükdən sonra onun ağ səhifələri üzə çıxmış, yalnız birinci səhifədə: «Başını sərin saxla, ayaqlarını isti. Bununla da sən ən yaxşı həkimi yoxsul günə qoyarsan!» - sözləri oxumuşdular.

XVII əsrdə yaşamış ingilis alimi E.Cenner şahidlərin iştirakı ilə 18 yaşlı oğlanı əvvəlcə çiçək xəstəliyinə tutulmuş Vakka adlı inəyin çiçəyi ilə, 15 gündən sonra isə əsl insan çiçəyi ilə yoluxdurur. Uşaq insan çiçəyi ilə xəstələnmir. Bu böyük qələbə idi. Beləliklə, E.Cenner yoluxucu xəstəliklərə qarşı peyvəndlərin, vaksinaların hazırlanmasının başlanğıcını qoymuşdur. Vaksin sözü də, həmin inəyin adından götürülmüşdür.
Q.N.Minx və O.O.Moçutkovski təbabət elminin inkişafı üçün özlərini qayıdan yatalaq və səngili yatalaq törədicilərlə yoluxdurmuş və xəstəliyi öyrənmişlər. N.Latışev gənəni öz üzərində qidalandırmaqla qayıdan yatalağı öyrənmişdir.
V.Veresayev yazır ki, «əgər şəxsin xəstəliyi əlacsızdır, ancaq o həqiqəti bilmək istəyirsə, bu o deməkdir ki, məni elə aldat ki, heç bir an belə şübhə etməyim ki, sən mənə həqiqəti deyirsən.»

Dövrünün Hippokratı adlanan XVII əsrin məşhur həkimlərindən biri Sidenqam demişdir: «Şəhərə onun əhalisinin sağlamlığından ötrü dərman yüklənmiş onlarla savadsız həkimin gəlməsindən bir təlxəyin gəlməsi daha xeyirlidir.»



Deyilənlərə görə 36 pyesin, 154 sonetin və bir neçə poemanın əslində 1564-cü ildə anadan olub, 1616-cı ildə vəfat edən ingilis taciri və aktyoru Vilyam Şekspirə heç bir dəxili yoxdur. Bu ölməz əsərlər Oksfordun 17-ci qrafı olan zadəgan Eduard Deverə məxsusdur və zadəgan qraf bütün əsərləri yazıb tacir Vilyam Şekspirin ad-familiyasını özünə təxəllüs götürmüşdür. Səbəbi də o olmuşdur ki, o dövrün ənənələrinə görə pyes və ya sonet müəllifi olması məlum olan kimi zadəgan dərhal hörmətdən düşərdi.

Dahi alman bəstəkarı Şubert də (1797-1828) Motsart və Bethoven kimi bütün dövrlərin ən məşhur bəstəkarları ilə bir sırada durur. Şubertin yaradıcılıq ilhamı və qüdrəti doğrudan da heyrət doğurur. O təkcə bir ildə, 1815-ci ildə 4 opera, 2 simfoniya, 144 mahnı və başqa əsərlər yaratmışdı. O, bəzən bir gündə 10 mahnı bəstələyirdi. Onun elə mahnısı var ki, 7 variantda mövcuddur. Şubert atasının sözündən çıxdığına görə gənc yaşlarında onun köməyindən məhrum olub, amansız həyat meydanında tək qalmışdır. Ehtiyac və məhrumiyyətlər Şuberti yaradıcılığının çiçəkləndiyi, həyatının gənc bir dövründə məzara sürükləmişdi.

Bir dəfə bir məclisdə bir xanıma yer çatmadığını görən Bernard Şou qalxıb öz yerini ona verir. Xanım minnətdarlıq edib bu centlemenliyınə görə ona öz razılığını bildirir. Bernard Şou sanki təvazökarlıq edirmiş kimi deyir:
- Nə danışırsınız, xanımlara hörmət etmək biz kişilərin borcudur. İndiki zəmanədə düzdür, bir çox kişilər belə lütfkarlığı ancaq gözəl xanımlara göstərirlər, lakin görürsünüzmü mənim üçün heç bir fərqi yoxdur və mən belə məsələlərdə heç bir istisna etmirəm.

Bir dəfə öz yalanları ilə şöhrətlənmiş birisi məşhur şair Pindara deyir ki, mən hər yerdə və həmişə səni tərifləyirəm.
Cavabında Pindar deyir:
- Buna görə mən sənə heç də minnətdar deyiləm. Çünki mən özümü elə aparıram ki, sən getdikcə həqiqəti danışan bir insana çevrilirsən.

Olimpiya oyunlarından birində döyüşçülərdən biri ağır yaralanır. Bunu görən tamaşaçılar bərkdən qışqırırlar. Məşhur faciə ustası Esxil bunu görüb deyir:
- Maraqlıdır. Yaralanan susur, əvəzində qıraqdan baxanlar qışqırır.

Bir şair tez-tez Avqusta öz mənasız şeirlərini gətirib oxuyar, lakin əvəzində ondan heç nə ala bilməzdi. Avqust da onun şeirlərinin aşağı səviyyədə olduğunu ona başa salmaq üçün bir dəfə özü də bir şeir yazır və növbəti dəfə həmin şair gələndə bu şeiri ona oxuyur. Şeirə axıra qədər qulaq asan şair ən axırda zəhmət haqqı kimi cibindən pul çıxarıb Avqusta verir və əlavə olaraq da deyir:
- Bağışla, şahım, olanım budur, yoxsa çox verərdim.
Bu hərəkət hamını güldürür, Avqustun da xoşuna gəlir və ona böyük məbləğdə mükafat verir.

V Kral incəsənətə çox böyük hörmət edirdi və ələlxüsus rəssam Tisianın dahiliyinin pərəstişkarlarından idi. Bir dəfə Tisianın işlədiyi vaxtda V Karl da onun yanında imiş və təsadüfən rəssamın əlindən fırçası düşür. V Karl özü əyilib onun fırçasını yerdən qaldırıb rəssama verir və əlavə edir:
- Tisian ona layiqdir ki, ona hətta Sezar da xidmət etsin.

Özünün redaktoru olduğu qəzetdə Mark Tven birisi barədə çox sərt bir məqalə dərc edir. Məqalə bu sözlərlə qurtarır: «Cənab N. hətta üzünə tüpürülməyə də layiq deyil»
Cənab N. təbii ki əsəbiləşir və qəzeti məhkəməyə verir. Tələbi də bu olur ki, redaktor təkzib versin və üzr istəsin. Məhkəmənin qərarını yerinə yetirərək, növbəti nömrələrdən birində belə bir təkzib verir: «Biz keçən nömrəmizdə yazmışdıq ki, Cənab N. hətta üzünə tüpürülməyə də layiq deyil. Biz səhvimizi etiraf edərik və sözümüzü geri götürürük: Cənab N. üzünə tüpürülməyə layiqdir».

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Top