Niyə cütlüklər xarici görünüşdə oxşar olurlar?

Niyə cütlüklər xarici görünüşdə oxşar olurlar?

Eşq çox qəribə bir hissdir. Onu ilk dəfə gördüyünüz anı yadınıza salın. Çox güman ki, əksəriyyətiniz belə düşünmüşdünüz: “Budur, mənim adamım məhz budur!” Bəlkə də bu, nə ilk baxışdan sevgi, nə də ki, kinolarda göstərilən romantik qarşılaşmaların təcəssümüdür. Bu, sadəcə olaraq sonradan səni özünə məhkum edəcək eşqin sehrli bir tilsimidir. Görəsən, niyə belə düşünürük, hə? Axı həmin anda biz o insanı tanımırdıq, nə şəxsi keyfiyyətlərinə bələd idik, nə də ki, xarici görünüşü və davranışları barədə çox da detallı incələmə etməmişdik. Bir hiss – sadəcə çox qəribə bir hiss dolur içinə və sən həmin andaca əmin olursan ki, budur mənim gözlədiyim şəxs. Maraqlısı odur ki, həmin anda qəribə bir doğmalıq hissi də keçirirsən. Sanki sən o insanı illərdir tanıyırmışsan və ya daha öncə hardasa görmüsən, uzun zamandır da axtarırmışsan. Hələ baxışları demirəm. Sözlə ifadə edilməyəcək dərəcədə sehrli bir işıq hiss edirsən onun baxışlarında. Yenə deyirəm, çox qəribə bir doğmalıq…
Niyə cütlüklər xarici görünüşdə oxşar olurlar
Xarici görnüşdən onunla çox oxşadığınızı sizə deyən olub? Bax maraqlı məqamlardan biri də budur. Hisslərin, fikirlərin doğmalığından əlavə, bir də simaların doğmalığı, daha dəqiq desək, oxşarlığı var. Mən uşaq olanda böyüklərin bir-birinə çox bənzəyən cütlük görərkən belə bir ifadə işlətdiyini tez-tez eşidirdim: “Gör necə oxşayırlar. Ona görə deyirlər də – ərlə arvadın torpağı bir yerdən götürülüb”. Böyüdükcə bu fikirlə mən də razılaşmağa başladım. Artıq bütün cütlüklərdə ilk olaraq ona fikir verirdim. Düşünməyə başladım: görəsən, biz niyə özümüzə bənzəyən birinə aşiq oluruq ki? Hesab edirdim ki, bu, hardasa, psixoloji olaraq özünü sevgiyə dayana bilər. Çünki biz hər nə olursa, olsun, hər zaman özümüzü sevmişik. Hətta özünəgüvən hissi ən az olan insanda belə özünə qarşı kiçik də olsa sevgi var. Bu qənaətə gəlmişdim ki, bizə oxşayan biri bəlkə də məhz bizə oxşadığı üçün daha cəlbedici görünür. Araşdırmağa başladım və gördüm ki, sən demə, alimlər məndən qabaq araşdırmağa başlayıblarmış))\Elmi araşırmalar göstərir ki, insanlar, həqiqətən də ya özünə, ya da əks-cinsdən olan valideyninə (kişidirsə, anasına, qadındırsa, atasına) oxşayan birinə aşiq olurlar. Diqqət etsəniz, görəcəksiniz ki, əksər kişilərin seçimi, qeyri-iradi olsa da öz analarına oxşayan qadınlar olur.  Qadınlar da öz növbəsində, atalarına oxşayan kişilərə maraq göstərirlər.
2013-cü ildə belə bir eksperiment aparılır: bir qrup insana əks cinsin şəkli göstərilir (potensial partnyor olaraq). Lakin şəkillərdəki şəxslərin siması ya eksperimentdə iştirak edən şəxsin öz simasından ya da tamam fərqli bir şəxsin üz cizgilərindən detallar götürülərək qrafik formada dəyişdirilir. Eksperimentin həm qadın, həm də kişi iştirakçıları ilk olaraq öz simalarından istifadə edilmiş şəkli cəlbedici hesab edirlər. Demək, öz simamız bizə daha doğma, əziz və sevimlidir deyə bizə oxşayan biri də bizə daha sevimli gəlir.
Alimlər, həmçinin bildirirlər ki, insanlar daha çox öz regionundan, yaşadığı, böyüdüyü mədəniyyətə yaxın biri ilə münasibət qurmağa üstünlük verirlər. Çünki fikir oxşarlığı münasibətilərin davamlılğı üçün çox önəmlidir.
 
Müasir dövrdə, virtual münasibətlərin inkişaf etdiyi, həm də insanların daha fərqli düşünməyə başladığı bir zamanda insanlar sevgi münasibətlərində eyni bölgədən olmaq, eyni dildə danışmaq, eyni mədəni irsə sahib olmaq kimi detallara çox da üstünlük verməyə bilirlər. Lakin sevgi yenə də sevgidir, hiss yenə də hissdir. Əslində, elm həm də onu deyir ki, əks qüvvələr bir-birini cəlb edir. Ancaq görünür, sevgidə bu, çox da belə deyilmiş. Nə qədər dəyişsək də, fərqli düşünsək də, dünyaya inteqrasiya etsək də biz yenə də öz dünya görüşümüz, fikrilərimiz, həyatı qavrama tərzimizə uyğun olan insanla ömrümüzü paylamaq istəyirik. Bu, bizim şürumuzun məhsuludur. Lakin bir də xarici görünüşcə oxşarlıq var və aydın olan budur ki, qeyri-şuuri olsa da biz xarici görünüşdə də özümüzə bənzəyən birini sevirik. Təbii ki, istisnalar hər zaman olub, olacaq da.
Tədqiqatlar göstərir ki, uzun illər birlikdə olan cütlüklərdə həm fiziki, həm də mənəvi baxımdan oxşarlıqlar illər keçdikcə daha da artmağa başlayır. Xarakter oxşarlığı ayna effektindən (insanların bir-birilərinə məxsus özəllikləri mənimsəməsi və təkrarlaması) yaranır. Yəni, insan sevdiyi şəxsin vərdişlərini, hətta bədən dilini belə mənimsəməyə başlayır.
Bəli, bəli, sevdiyi şəxsin. Bilmirəm, alimlər bunu da araşdırıb, yoxsa, yox, amma mən hesab edirəm ki, sağlam və uzunömürlü münasibətlərin qurulmasında sevgi çox böyük əhəmiyyət yükünə malikdir. Sevgi bölüşməkdir. Doğulduğun andan bəri aşiq olduğun “öz”ünü illər sonra tapdığın “o” ilə bölüşmək. Sevgi – əzabını belə sevəcək dərəcədə gözəl bir şeydir. Odur ki, sevməkdən heç vaxt qorxmayın, eşq möhtəşəmdir.
 
Mənbə: 1lady.az
Top