Artıq neçə gündür ki, yaşayıram
«Anamın qarnında oturmuşam, doqquz aydan sonra doğulacağam. Anam məni sevir, qayğımı çəkir. Tez-tez həzin musiqiyə qulaq asır və mən də onunla birlikdə həzz alır, çox vaxt da elə musiqi dinləyərək yuxuya gedirəm. Hər axşam atam işdən gəlir. Anamı qucaqlayır və yaşadığım qarnı sığallayır.
Bilirsinizmi, mən doğulanda dünyanın ən bəxtəvər ailəsi olacağıq — axı mən onları çox, lap çox sevirəm! Anam vaxtının çox hissəsini evdə keçirir. Amma günorta saat 1-dən axşam 5-dək məktəbə gedir. Onun indi çoxlu şagirdləri olmasa da, uşaqlar anamı lap çox istəyirlər. Eyb etməz, mən doğulandan sonra anamı indikindən də artıq sevəcəklər.
Məktəbdən qayıdandan sonra anam yemək yeyir, onunla bahəm mən də yeyirəm. Hər şey elə dadlıdır ki! Sonra anam televizora baxır, nə isə toxuyur, dərslərə hazırlaşır. Günlərimiz adətən belə keçir.
Axşam atam işdən gəlir, yemək yeyir, dincəlir və yatmağa gedir.
Atam elə həlim, gözəldir ki! Doğulmağa tələsirəm — hər axşam atamı qucaqlayar, öpər, sonra da onunla oynayardım.
Əla olardı, hə!
Hər gün böyüyürəm. Əllərim, ayaqlarım var artıq. Hər şeyi görür, hiss edirəm. Atamla anam yəqin ki, bunu hələ bilmirlər. Onların nə etdiklərini görürəm, amma onlar anamın bətninə baxıb mənim nə etdiyimi görmürlər. Bir anlıq da olsa, anamın qarnından çıxmaq, onu və atamı öpmək, sonra yenidən bətnə dönmək istərdim.
Amma yox, hələ balacayam. Balaca uşaqlar isə ananın qarnında oturmalı, dəcəllik etməməlidir.
Bir az böyümüşəm...
Amma nəyisə özüm etmək üçün hələ çox kiçiyəm. Anam mənimçün əlindən gələni edir və ən gülməlisi də budur ki, məni burada, düz ürəyinin altında gəzdirdiyindən xəbərsizdir. Məni öz qanıyla qidalandırdığından da xəbəri yoxdu.
Tezliklə ağzım formalaşmağa başlayacaq. Düşünün — bir il sonra güləcəm. Daha sonra danışa biləcəm. Birinci hansı sözü deyəcəyimi bilirəm — »Ana". Kim deyir ki, hələ əsl insan deyiləm? Artıq insanam. Kiçik çörək qırıntısı əsl çörək olan kimi...
Bu gün ilk dəfə ağrıdım...
Və nədənsə sol qolumda sancı yarandı. Bəlkə ona görə ki, anam əsəbləşmiş, ağlamışdı? O, qəflətən kreslodan otaqda ora-bura gəzişməyə başladı, amma gözlərindən yaş axmağa davam edirdi. Yemək istəyirdim, acmışdım — di gəl, deyəsən, anam məni yaddan çıxarmışdı. Qəribədir, əvvəllər o, heç zaman belə etməzdi. Eyb etməz, dözərəm. Təki anama yaxşı olsun və o, küsdüyü atamla barışsın.
Bu axşam atam işdən qayıtmadı, anam yenə ağladı. O, bərk peçenyelər yedi, mənim də qarnım ağrıdı. Üstəlik, peçenyelər çox dadsızdı. Biçarə anam — yata bilmir, ağlayır. Onun qarnından çıxmaq, anamı bağrıma basmaq, öpmək, oxşamaq, sakitləşdirmək istəyirəm. Bəlkə bundan sonra bir qədər sakitləşə, kim bilir...
Hər şey daha da pisləşir...
Anam məni demək olar ki, bəsləmir. Elə hey acı tüstünü içinə çəkir, içir və bütün günü divanda uzanılı qalır. Özümü çox pis hiss edirəm. Başım və ürəyimdə ağrılar artıb, bəzən də ürəyim bulanır. Əvvələrki çox rahat, gözəl bətn indi narahatlaşıb. Əlllərimlə tez-tez anamın qarnına vururam, buradan çıxmaq istədiymi ona başa salmağa çalışıram. Ancaq alınmır, o, məni eşitmir. Burada boğuluram, ana — eşidirsənmi məni?!
Atam isə bizə baş çəkməyib.
Bəlkə bizi artıq sevmir və artıq ona gərək deyilik?! Bəlkə bizi unudub?
Yox, ola bilməz! Anamla dalaşana qədər bizi sevirdi axı… Nə olub, nə baş verib — bilmirəm. Bütün günü ağlayıram.
Burada elə tənhayam ki...
Günorta nənəm gəldi. Anamla nədənsə danışdılar, sonra da mübahisə etdilər. Əvvəlcə sakitcə danışırdılar. Amma anam bir söz deyəndən sonra nənəm ağlamağa başladı. Vur-tut bir söz onu ağlatdı.
Heç nə anlamıram — axı anam nə dedi ki?! Hə, yadıma düşdü. «Abort etməliyəm, başqa yolum yoxdu», — söylədi sevimli anam. «Abort»… Bu nə deməkdi görəsən?
Nə yaxşı olardı anam hamıyla barışaydı, günlərimiz də əvvəlki kimi xoş keçəydi...
Hara gedirik, ana?
Bu səhər anam yuxudan oyanan kimi geyindi və evdən çıxdı. Gedir və ağlayırdı. Yoldakı adamlar da dönüb ona baxır, nə barədəsə pıçıldaşırdılar. Anam hansısa binaya yaxınlaşdı, durdu, yenə dua etdi və nədənsə başına yaylıq bağladı.
Binanın içində çoxlu adam vardı. Bəziləri şam yandırır, bəziləri dua edirdilər.
Anam da şam yandırdı və dua etməyə başladı.
«Tanrım, bağışla məni! Bağışla, bunu etmək istəmirəm — amma məcburam. Yalvarıram sənə, məni bağışla!» — dedi anam.
Qəribədi, anam kimdən, nəyə görə bağışlanmasınıi istəyirdi? Bəlkə məni qidalandırmadığına görə ağlayır? Bəlkə atamdan bağışlanmasını istəyir, atamın yanına qayıtmaq fikrindədi? Tanrım, doğrudanmı hər şey yenə yaxşı olacaq?
Anam binadan çıxdı, maşına oturaraq harasa getməyə başladı.
Hara gedirik, ana?!
Nəhayət, harasa çatdıq. Anam binaya girdi və başlarında gülməli papaq olan ağ paltarlı adamlar anamın yanında təlaşla ora-bura getməyə başladılar.
Nədənsə ürəyim sıxılır, başım ağrıyır...
Çox qorxuram, ana — içim gizildəyir!
Kabinetə giririk və burada ağ paltarlı iki nəfər var.
Daha çox qorxmağa başlayıram.
Ana, eşidirsənmi — ürəyim ağrıyır, ana!
Ağ paltarlı adamlar anamı və məni "əməliyyat masası" dedikləri qəribə çarpayıya uzadır, qapını bağlayır və nəyəsə hazırlıq görməyə başlayırlar.
Tanrım, onlar bu eybəcər və qorxunc alətlərlə nə etmək istəyirlər?
Bəlkə dəcəlliyimə, qarnını yumruqladığıma görə anam məni qorxutmaq istəyir beləcə?
Etmə, ana — onsuz da qorxmuşam. Söz verirəm, dünyanın ən ağıllı, sakit və sözəbaxan qızı olacağam bundan sonra.
Ana! Bu ağ paltarlı adamları qoyma mənə toxunsunlar. Onlardan qorxuram, ana...
O adamlardan biri qəflətən iynəni götürür və anama nəsə vurur. Bir neçə dəqiqə sonra anam yuxuya gedir.
Amma mən yatmıram...
Hər şeyi görür, hər şeyi hiss edirəm.
Ağ paltarlı adamlar o qorxunc alətlərini götürərək mənə tərəf əyilirlər. Tanrım, niyə bədənim uçunur, niyə belə qorxuram, balaca qəlbim sıxılır, gözlərimdən yaş axır?
Bu insanlar nə etmək istəyirlər, Axı anam mənə pislik etmələrinə yol verməz.
Axı anam məni sevir...
Ağ paltarlı adam dəmiri anamın vucuduna salır. Bu dəmir yanımdadı. Sıxılıram, dəmirdən uzaq durmağa çalışıram. Ancaq dəmir ayağımı yaralayır, oradan qan axır. Ayağımdan yapışıb qanı saxlamaq istəyirəm. Alınmır, yara çox dərindir.
Onlar ayağımı niyə kəsirlər, niyə mənə əzab verirlər?
Ana, haradasan, ana?! Ayıl, bax — onlar qızını kəsmək istəyirlər, ana!
Yalvarıram, toxunmayın mənə. Qıymayın… Amma dəmir yenə irəli gəlir və bu dəfə sinəmə sancılır.
Qan daha çox axır.
Ana, oyan! Ölürəm, hiss edirəm bunu. Axı günahım nədir ki, mənə belə ağrı verirsiniz?!
Artıq ağlamıram, ana. Qışqırıram, bəlkə eşidəsən. Gücüm azalır, duyuram ki, həyat canımdan çıxır yavaş-yavaş.
Dəmir yenə gəlir, nazik boynumdan yapışıb dartır. Müqavimətə və ağlamağa gücüm qalmayıb. Onsuz da məni kimsə eşitmir. Boğuluram, bədənimdən qan sel kimi axır. Ağ paltarlı adamlar məni anamın qarnından çıxarırlar.
Amma mən artıq ölüyəm, ana...
Ağ paltarlı adamlar soyuqqanlılıqda mənə baxıb otağın küncündəki zibil qutusuna atırlar.
Ana, sən az sonra ayılacaqsan — başqa otaqda. Evə gedəcəksən, hər şey əvvəlki kimi olacaq.
Amma heç zaman sənin qarnında olmayacaq, doğulmayacaq və böyuməyəcəyəm. Həmişəlik olaraq burada, zibil qutusunda qalacağam.
Ana, səni heç vaxt qucaqlaya bilməyəcəyəm. Öpə bilməyəcəyəm. Oxşaya da bilməyəcəyəm, ana.
Ana, ilk addımları görməyəcək, dediyim ilk sözü eşitməyəcəksən.
Və heç zaman bilməyəcəksən ki, səni necə sevmişəm.
Anam məni öldürdü. Adımı, özümü, kimliyimi, arzularımı, çiçəkləri bilmədən...
Ana, məni niyə öldürdün?!"