“Sevgi nədir?” sualına hərə bir cür aydınlıq gətirməyə çalışıb. Elə buna görədir ki, məşhur şairlər şeirlərində, yazarlar romanlarında adətən bu sualın cavabını tapmağa çalışıb, ən çox baxılan filmlərin mövzusu da elə sevgi olub.
Müdrik Viktor Hüqo isə “İnsan sevginin nə olduğunu izah edə bilirsə, demək, o, heç vaxt sevməyib” deyir. Sevgi izahı mümkün olmayacaq qədər qarışıq hissdir. Bu səbəbdən onu göstərmək anlatmaqdan daha asandır. Klassik ədəbiyyatdan Leylisi üçün çöllərə düşən Məcnun, Şirin üçün dağları dələn Fərhad, Culyettasız yaşamağın mümkünsüzlüyünü anlayıb, intihar edən Romeo hamımıza tanışdır. Bəs, tarixdə necə, hansı sevgi rəmzləri var, sevgi üçün hansı fədakarlıqlar, jestlər edilib?
Ən məşhurları ilə başlayaq... Qədimdə dünyanın 7 möcüzəsindən biri hesab olunan Babilin Asma Bağları ilk məhəbbət abidəsi kimi tarixin yaddaşına yazılıb. Babil hökmdarı II Navuxodonosor bu bağları toz-torpaqlı Babildə öz vətəninin yamyaşıl təpələrinin, vadilərinin həsrətini çəkən sevimli arvadı Amitis üçün saldırıb.
Bir kişinin qadına olan sevgisinin rəmzinə çevrilən möhtəşəm Tac-Mahal
Şah Cahanın sevimli arvadı Mümtaz Mahal 14-cü uşağını dünyaya gətirərkən ölür. Bu hadisə şaha elə pis təsir edir ki, depressiyaya düşüb, özünə qapanır. Bir il sonra isə əbədi məhəbbətin rəmzinə çevrilən bu türbənin tikintisinə əmr verir.
İnşası 20 il davam edən Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə işçi gecə-gündüz çalışıb. Tikintisi baha başa gəldiyinə görə dövlət böyük maliyyə çətinlikləri yaşayıb.
Sevdiyi qadınla evlənmək üçün öz kilsəsini yaradan kral
İngiltərə kralı VIII Henri mərhum qardaşının vəsiyyətinə uyğun olaraq onun arvadı araqonlu Ketrinlə evlənir. Onun bu nikahdan 6 övladı olsa da, yalnız biri sağ qalır. Anna Boleynə vurulan kral oğlan övladı bəhanəsi ilə Ketrindən boşanmaq qərarına gəlir. Bu istəyini katolik kilsəsinə bildirdikdən sonra Anna ona kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna ona öz sevgisini söz vermiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdi. Katolik kilsəsinin qaydasına görə boşanmaq haqda icazəni yalnız Papa verə bilərdi. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmədiyinə görə onları boşamır.
Nəhayət, VIII Henri İngiltərənin Katolik kilsəsindən ayrıldığını və Anqlikan kilsəsinin qurulduğunu elan edir. Beləliklə, kilsə başçısı olan VIII Henri öz nigahını ləğv edir və 28 may 1533 tarixində Anna Boleynlə gizlicə evlənir.
Sevdiyi qadın üçün taxt-tacdan imtina edən kral
VIII Eduard və Uollis Simpson İngiltərədə ən çox müzakirə edilən cütlüklərdən biri olub. Atasının ölümündən sonra 1936-cı ilin yanvarında taxta oturan Eduard bu məsələdə çox istəksiz olub. Daha sonra Uollis Simpson adlı bir qadına aşiq olan kral onunla evlənmək istəyir. Ancaq qadının amerikalı və üstəlik boşanmaq üzrə olması bütün xalqın və kral ailəsinin narazılığına səbəb olur. Bütün bunlara baxmayaraq, sevgisindən vaz keçməyən Eduard “Tacınız sizin olsun” deyib, taxtdan imtina edir və həmin qadınla evlənir. “Sevdiyim qadının köməyi və dəstəyi olmadan kral vəzifələrini icra edə bilmərəm” deyən Eduard bizə bəzi qaydalara qarşı çıxaraq Meqan Marklla evlənən və təzəlikcə kral ailəsinə məxsus imtiyazlardan imtina edən Şahzadə Harrini xatırladır.
«Dünya durduqca bu bulaq də mənim kimi ağlasın» deyərək “Göz yaşı” bulağını tikdirən xan
Krım xanı Gəray bu bulağı 1763-cü ildə çox sevdiyi və gənc yaşda ölən həyat yoldaşı Dilarə Bikeçin xatirəsinə ithafən Bağçasaraylı bir daş ustasına inşa etdirib. Bəzi mənbələrə görə isə Gəray xan hərəmində Mariya Potocka adında polyak əsilli gənc bir xanımı görən kimi aşiq olur. Xanım Krım xanının məhəbbətinə qarşılıq vermir və ölür. Gəray xan elə kədərlənir ki, məhəbbətini ifadə etmək üçün ən yaxşı heykəltəraşına daşdan ağlayan heykəl düzəltməsini əmr edir. Beləcə, şeirlərə mövzu, dillərə dastan olan Bağçasaray daş bulağı yaradılmış olur.
Mənbə: modern.az