Flört etməyin fəlsəfəsi
Digər şirkətdə işləyən bir adam var ki, sən onunla tez-tez telefonda danışmalı olursan — əksərən lisenziya razılaşması kimi cari işlər barədə. Siz heç vaxt qarşılaşmamısınız, hərəniz dünyanın bir ucunda yaşayırsınız, bununla belə, onun profil şəkli səni dinc qoymur: ağ köynək geyinib, gözəl eynək taxıb, amma sən bilirsən ki, ona bu barədə nəsə bir söz deyə bilməzsən.
Onunla danışmaq həmişə əyləncəlidir – onun səsini eşitmək xoşdur; nəsə bir problem çıxanda, o, sözləri qəşəngcə uzada-uzada “a… bilirəm… bilirəm” deyir – sən ancaq ticarət hüquqları barədə təkliflərdəki qarışıqlıqdan şikayətlənirsən, amma onun səsi səninki kimi səslənmək əvəzinə, digər mümkün imkanlar barədə təkliflər verir: kaşki sən ona Antverpendəki satış konfransında özünü necə yalqız hiss etdiyini və ya Baxın “Bist du bei mir” kantantasına qulaq asarkən necə doluxsunduğunu deyə bilərdin.
O, birbaşa məhrəm bir söz demir, sadəcə eyham vurur. O, sənin qoşulmağın üçün bir mühit təklif edir. Sən lazımsız şeylər barədə öz coşğunu biraz şişirdə bilərsən… ”sizin korporativ reklam strategiyasını aydınlaşdırmaq üçün senyor partnyara malik olmağınız… çox əladır” – sənin “əladır” sözünə vurğu edərək deməyin daha böyük bir şeyi əks etdirir: demək istəyirsən ki, sən əlasan. O, “hələlik” deyərək dəstəyi incə şəkildə qoyur. Bu, sanki iki yanaqdan öpməyə, gözlərin içinə simpatiya ilə baxmağa və qoluna yüngülcə toxunmağa bənzəyir. Bu, ağır günortanın ortasında könül oxşayan kiçicik bir flört anıdır.
Sən partidə köhnə bir tanışınla görüşdüyün, yaxud da yaşlı sevimli qonşunla çay içdiyin zaman otağın ortasındakı masanın üzərindən bir nəfərlə və ya işdəki həmkarınla, hətta öz partnyorunla flört edə bilərsən. Flörtə mənfi bir şey kimi baxanlar var — əksərən də bizim bəyəndiyimiz birisi bunu bizimlə deyil, başqa birisiylə edən vaxt. Ona görə ki, flörtə çox dar çərçivədən baxılır: buna adətən seks ehtimalının olub-olmadığını sınaqdan keçirmək üçün cütləşmə ritualında ilkin addım kimi baxılır.
Lakin flörtün zövqü əsas etibarilə erotik məzmunlu deyil. Bu daha çox dostluğa uyğun gəlir. Və onun mərkəzindəki impuls alicənablıqdır. Əsasən də ona görə ki, biz flörtləşdiyimiz zaman qarşımızdakına onu xoşladığımızı və cəlbedici hesab etdiyimizi nümayiş etdiririk. Kimsə flörtləşmədə yaxşıdırsa, bu mütləq o demək deyil ki, o qarşısındakı yatağa tullanmağa dəvət edir – bəli, burada onun saçlarını oxşamağın, yaxud qucaqlamağın və yaxud da qaranlıqda qulağına pıçıldamağın gözəl ola biləcəyinə dair eyham ola bilər. Amma bunlar mehribanlıq həzləridir və bunları sadəcə önsevişmə hesab etməyimiz yanlış olardı.
Bəzi insanlarda özünəhörmət hissi aşağı ola bilər, amma adətən biz başqalarının bizimlə nə qədər maraqlana biləcəklərini ölçməkdə heç də uğurlu deyilik (problem bir qayda olaraq başqa şeydən qaynaqlanır, biz özümüzü başqasının arzusunun obyekti ola biləcəyimizi təsəvvür etməkdə çətinlik çəkirik); biz bu adamın yolu ilə getmək məcburiyyətində deyilik – flörtün faydası onun bizim özünüqəbulumuzu artırmağıdır. Başqa birisinin bizi müəyyə qədər sevimli hesab etməyi bizim könlümüzü oxşayır. Biz adətən istəyirik ki, bunu göstərən eyhamların sayı lap çox olsun.
Flörtləşmənin ən gözəl tərəflərindən biri də budur ki, o olduqca elastikdir. İnsanlar siyasi əqidələr, sosial, iqtisadi, yaxud evlilik vəziyyəti, seksual meyil və (məlum xəbərdarlıqlarla) yaş üzərindən qitələrarası flört eləyə bilərlər: 26 yaşlı korporativ vəkil ilə dükanda piştaxta arxasındakı 56 yaşlı kişi flörtləşə bilərlər; o cümlədən təmizlikçi CEO ilə flört edə bilər. Bunun yaxşı tərəfi odur ki, onlar şəfqətin, marağın və qarşılıqlı maraqlara toxunuşun məsafələri necə aşa biləcəyini göstərirlər. Çünki flört qeyri-səmimi görünə bilməsi üçün hansısa ödəliyi özündə əks etdirmir.
Flört sadəcə olaraq rol oynamaq deyilmi bəs? Bu, total dərketməninin Romantik dövrün idealı ilə təşviq olunmasından qaynaqlanır: romantik ideala görə, biz ya tamamilə səmimiyik və ancaq ürəkdən gələnləri söyləyirik, ya da sadəcə olaraq yalançıyıq. Yeri gəlmişkən, 19-cu əsrin romanlarında “flört” xəyanət termini kimi işlədlirdi; kədərli qəhrəman başqa bir kişi ilə flörtləşən nişanlısını rədd etdiyinə görə alqışlanırdı (və o, axırda dünyaya nifrət etməklə Haylendin yarımxaraba qalmış qəsrində inzivaya çəkilirdi); və heç bir yaxşı qadın qəhrəman özünün əsl məhəbbəti xaricində heç kimlə flört etməməli idi. Amma onlar vacib bir şeyi gözdən qaçırıblar.
İdeal flört iki nəfər tərəfindən yaradılan kiçik sosial sənət əsəridir: bu, sivil incəsənətdir. O, məhdudiyyətləri qəbul edir, nəticələrin necə ola biləcəyi ilə bağlı nigarandır, o bilir ki, anlıq bir impuls uzunmüddətli münasibəti korlaya bilər. Ona görə də sadəcə yoldançıxarmanın yüngül formasına dəvət edirlər. Flört başqa birisi ilə necə yaxşı vaxt keçirə bildiyin üzərində düşünərkən reallıq ilə ağıllı uzlaşmaya töhvə verir. Biz daha çox flört etməliyik.
Mənbə: The School of Life
bilge.az