Biz uşaqlıqdan sevgi olarsa evliliyin yağ-bal kimi gedəcəyinə inanmışıq, amma reallıq budur ki, evlilik çoxlu güzəştlər tələb edir” – Rakuel Velç
“Sevgi və evlilik bir-birini tamamlayır” anlayışı hələ də yayğındır, lakin gün keçdikcə buna əks arqumentlər də çoxalır. Ona görə də biz əsl sevgi deyəndə nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq.
Sevgi və evlilik arasındakı əlaqə
“Yaşa dolduqca, insan irqinin evli olmadığım nümayəndələri ilə daha az vaxt keçirmək istəyirəm” – Robert Brault
Evlilikdə sevginin şərt olması barədə fikir əslində təzəlikcə ortaya çıxıb. Evliliyin tarixi barədə kitab yazan Stefani Kuntz (2005) bu fikrin cəmi iki əsrdir ki, geniş yayıldığını bildirir: “İnsanlar daim bir-birlərini seviblər və əsrlər boyunca cütlüklər arasında ürəkdən gələn məhəbbət olub. Lakin tarixdə çox nadir hallarda sevgi evlilik üçün əsas şərt sayılıb”.
Kuntz sonra davam edir: “Bir çox mədəniyyətlərdə məhəbbət evliliklə ortaya çıxan və arzulanan bir şey sayılıb, amma evlənmək üçün ilkin şərt olmayıb”.
Oxşar şəkildə Paskal Brukner (2013) iddia edir ki, keçmişdə evlilik müqəddəs sayılırdı, sevgi isə ümumiyyətlə mövcud olarsa, ancaq bonus kimi məqbul hesab edilirdi. İndiki dövrdə isə sevgi evlilik üçün əsas şərt kimi qəbul olunur, çoxlarına görə sevgi müqəddəsdir, evlilik isə ikinci yerdə gəlir.
Eyni zamanda da evliliklərin sayı azaldıqca, boşanmaların, evli olmayan partnyorların və tək valideynli ailələrin sayı artır. Brukner sevginin evliliyə qalib gəldiyini, indi isə ola bilsin ki, onu kökündən məhv etmək üzrə olduğunu yazır.
Coşğun romantik məhəbbəti evlənmək üçün əsas şərt kimi görmək evliliyi qiymətə mindirib, onu həyatımızın birinci prioritetinə çevirib. Lakin bununla belə, evlilikləri sürüşkən və qeyri-müəyyən edib. Bir çox cütlüklərdən ötrü əgər ortada coşğun məhəbbət yoxdursa, evliliyi sonlandırmaq adi bir şeydir.
Münasibətdəki qüsurlar
“Evlənincəyə qədər əsl xoşbəxtliyin nə olduğunu bilmirdim. Evlənəndə isə artıq çox gec idi” – Maks Kauffman
Sevgini evliliyin əsas şərti kimi qiymətləndirməkdə iki əsas qüsur var:
Evlilik sevgidən əlavə digər mühüm faktorları özündə ehtiva edən yaşayış formasıdır.
Coşğun məhəbbət bizim həyatımızda çox qısa dövrlük bir təcrübədir, ona görə də sevginin uzunmüddətli aspektləri böyük əhəmiyyət daşıyır.
Birinci qüsur odur ki, evlilik müəyyən sosial-iqtisadi şəraitdə mövcud olan ictimai çərçivədir və cütlüklər bunu mütləq nəzərə almalıdırlar.
İkinci qüsur isə odur ki, coşğun məhəbbət qeyri-stabil, həyacanverici və qısadır, buna görə də mahiyyət etibarilə evliliyin sabit, rutin və uzunmüddətli təbiətinə ziddir. Bu qüsurların kombinasiyası isə belə bir iddianın ortaya çıxmasına səbəb olur ki, məhəbbəti evliliyin təməli kimi görmək sonda məyusluğa gətirib çıxarır.
Birgəyaşayış formasına sevgidənsə evliliyin (yaxud məsuliyyətli münasibətin digər növlərinin) daha uyğun gəldiyi aydın ortadadır. Evlənərkən başqa aspektləri də məsələn, partnyorun ailəcəcanlı və yaxşı valideyn olmaq ehtimalını da nəzərə almaq lazımdır.
Əslində, tarix boyunca evliliyə insanın statusunu və maddi zənginliyini artırmalı olan – ən azı azaltmayan – “müqavilə” kimi baxılıb. (Bu səbəbdən Sindrella mövzusundakı müxtəlif hekayətlərə baxmayaraq, “özündən aşağıda olan” birisiylə evlənmək nadir hallarda olub). Buna görə də belə hesab edilib ki, sevgiyə görə evlənmək insanları mühüm məsələlərdə kor edə bilər. Belə bir deyim də var: “Sevgiyə görə evlənənlərin yaxşı gecələri, amma pis gündüzləri olur”. Kuntz qeyd edir ki, Maarifçilik hərəkatı “sevginin asta-asta, heyranlıqdan, hörmətdən və bir insanın yaxşı xarakterinə görə ortaya çıxdığı” barədəki düşüncənin aktuallaşmasına səbəb olub.
Sosial-iqtisadi mülahizələr evlənmək qərarı verilərkən görməzdən gəlinməyəcək hər cür xarici şərtlərlə bağlıdır. Bizim cəmiyyətdə isə bu cür mülahizələrin hörməti gün keçdikcə aşağı düşür, məhəbbətə dair mülahizələr isə güclənir.
Ailənin qurulmasında və saxlanılmasında sevginin əhəmiyyəti Qərb və qərbləşmiş cəmiyyətlərdə çox güclüdür, bu ölkələrdə yaşayış standartları yüksəkdir, evlilik və boşanma standartları da yüksəkdir, amma uşaq dünyaya gətirmək göstəriciləri aşağıdır (Berşeyd 2010).
Modern cəmiyyətlərdə yaşayış şərtlərinin yaxşılaşmasını nəzərə alanda, sosial-iqtisadi faktorların sevgidən daha az əhəmiyyətsiz qəbul edilməsi başadüşüləndir. Amma bu üstünlüklər tamamilə yoxa çıxmayıb – onlar məhəbbəti artıran faktorlar hesab olunur. Bir çoxları üçün sosial-iqtidasi statusu yüksək olan insanları sevmək daha məqbuldur; onlar üçün bu insanlar daha çox arzulanan və buna görə də seksual baxımdan daha cəlbedicidirlər.
Bəzi insanlar üçün ola bilsin, evlənmək məsələsində sosial-iqtisadi faktorların əhəmiyyəti azalıb, çünki özləri özlərini təmin edə bilirlər, bununla belə xarici faktorlar evlilik də daxil olmaqla istənilən məsuliyyətli münasibətə girməkdə hələ də müəyyən qədər rol oynayır.
Mənim fikrimcə, biz dərin və coşğun sevgi arasındakı fərqi ayırd edə bildiyimizdə yuxarıdakı qüsurlar yerinə oturur.
Əlaqə yaratmaq
“Ciddi, məsuliyyətli münasibətin gətirdiyi rahatlıq hissinə bərabər hiss yoxdur” – İris Murdok
Sevgiylə evlilik arasında əlaqə yaratmaq üçün intensiv coşğun məhəbbətin kəskin emosiyası ilə dərin məhəbbət hissi arasındakı fərqi ayırd etmək lazımdır.
Bu hiss təkcə kəskin emosiyanı davamlı, təkrar-təkrar yaşamaqdan ibarət deyil – o həm də bizim davranışlarımızı və mövqeyimizi həmişəlik formalaşdırır. Kəskin seksual istək çox qısa müddət davam edə bilər, lakin dərin məhəbbət davamlı olur, bizim ovqatımıza, davranışımıza və zamanla, məkanla olan əlaqələrimizə rəng qatır. Romantik coşğunluq kəskin emosiyaların anlıq dəyərini ifadə edir. Romantik dərinlik isə coşğun məhəbbətin tez-tez baş verən kəskin təzahürlərini uzunmüddətli ehtiva etməklə yanaşı, fərdlərin bir çox məsələlərdə inkişafını və çiçəklənməsini təmin edir. Romantik dərinlik özündə qarşılıqlı fəaliyyətləri birləşdirir, bunlar da cütlüklərin vacib ehtiyaclarını qarşılamaqla onların uzunmüddətli inkişafına yol açır. Romantik təcrübənin dərinliyi onun hansı intensivlikdə hiss edilməsi məsələsində fərqlənir. Qısa seksual arzu romantik məhəbbətin uzunmüddətli təcrübəsi ilə müqayisədə daha kəskin ola bilər, amma müqayisədə daha səthidir.
Evlilikdə məhəbbəti əsas tutan yuxarıdakı qüsurlar güclü, coşğun məhəbbətin kəskin emosiyasını ehtiva edir, amma dərin məhəbbət hissini yox. Susan Piz Qadua sevgiyə görə evlənməyin müdrik qərar olmadığını 3 səbəblə izah edir:
1. Sevgi dəyişkən emosiyadır.
2. Sevgi güclü bünövrə yaratmır.
3. Sevgi “sənin bütün istəklərini” qarşılamır.
Mənim zənnimcə, dərin sevgi anlayışı bu çatışmazlıqları doldura bilər. Güclü, coşğun məhəbbət həqiqətən də dəyişkən şərtlərdən asılı olan qısamüddətli emosiyadır – amma dərin məhəbbət hissi uzun illər davam edə bilən fenomendir.
Güclü, coşğun məhəbbətin müəyyən sərhədlərinin olduğu, uzun illəri birlikdə keçirmək üçün yetərli olmadığı doğrudur, iki sevən arasında dərin uzlaşmanı təcəssüm etdirən dərin məhbəbbət isə onlara birlikdə bir çox fəaliyyətlər göstərməyə və inkişaflarını təmin etməyə imkan yaradır.
Güclü, coşğun məhəbbət “sənin bütün istəklərini” qarşılamaqdan uzaqdır, lakin dərin məhəbbət həm fərd olaraq, həm də cütlük olaraq sevənlərin inkişafına yol açır.
Bu mənada o, iki nəfərin başqa ehtiyaclarının da ödənməsinə gətirib çıxarır.
Avqustinin “Sev – və istədiyin hər şeyi elə” iddiası tamamilə doğrudur. Dərin məhəbbətdə bütün fəaliyyətlər təbii olaraq sevgililərin çiçəklənməsinə səbəb olur.
Bir insanın aşağı intellektini, çatışmayan mərhəmətini nəzərə almadan sevgi əsasında onunla evlənmək qısa müddətli perspektivdə çox romantik qərar sayıla bilər. Lakin uzunmüddətli perpektivlər nəzərə alınanda, bu qərar bir qayda olaraq iztirabla müşayiət olunan romantik fəlakətə çevrilir.
Sevgi bizim həyatımızın və evlilik qərarımızın mərkəzində dayanmalıdır, məsuliyyətli münasibətlərə girərkən də həmçinin. Lakin uzunmüddətli xoşbəxtliyin və mənalı həyatın təməlində təkcə güclü, coşğun məhəbbət dayana bilməz, burada qarşılıqlı fəaliyyət, dərin qayğı və şəfqət, həmçinin az dərəcədə də olsa ciddiyət lazımdır.
Miqnon MakLaflinin dediyi kimi “Uğurlu evlilik həmişə eyni bir insanı təkrar-təkrar sevməkdən keçir”.
Fəlsəfə üzrə professor Aaron Ben-Zeev
Hayfa universiteti
bilge.az