Sevgini necə hiss etdirmək olar?

Sevgini necə hiss etdirmək olar?

Yoxsa, siz də “Həyat yoldaşımı çox sevirəm, ancaq sevgimi göstərə bilmirəm”, – deyənlərdənsiniz? Əgər belədirsə, onda aşağıdakıları oxumağa dəyər…

Bir insanın öz həyat yoldaşını sevməsi həm ehtiyac, həm də zərurətdir. Ancaq unutmayın ki, ailənizdə sevgini artırmaq istəyirsinizsə, sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz. Çünki insan sevgisini hiss etdirdikcə bu, qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.

Üstəlik, bu sevgi mübadiləsi davam etdikcə ailə daha da möhkəmlənir. Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu demək olmaz. Ailədə sevgi nə qədər vacibdirsə, hörmət, etibar, sədaqət də bir o qədər vacibdir.

Elə isə sevgini necə hiss etdirmək olar?
Hər şeydən əvvəl deyək ki, “Mən ürəyimdə sevirəm” sözünü lüğətinizdən çıxarmalısınız. Çünki həyat yoldaşınız sevginizi hiss edə bilmirsə, deməli, bu sevgiyə etimad da etməyəcək. Sevginizi hiss etdirmək üçün ən yaxşı yol həyat yoldaşınızı tanımaqdır. Bunun üçün əvvəlcə onun daha çox nədən xoşu gəldiyini müəyyən etməlisiniz.

Məsələn, bəziləri sevginin onlara şifahi ifadə edilməsini, bəziləri müəyyən vasitələrlə hiss etdirilməsini, bəziləri isə sevginin hədiyyələrlə büruzə verilməsini istəyə bilərlər. Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı bir üsuldan istifadə edərək sevginizi hiss etdirə bilərsiniz.

Təbii ki, bu məsələdə səmimi və təbii olmağı da unutmamalısınız. Bu sevgi mübadiləsi get-gedə həyat yoldaşınızın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgidən kənarda qalmayacaq. Digər tərəfdən, bu, evdəki atmosferə də müsbət təsir göstərəcək və ailədə ünsiyyətin artmasına gətirib çıxaracaq. Əgər uşaqlarınız varsa, təbii ki, onlar da bu sevgidən öz paylarını alacaq.
Top