Adel sindromu barədə hər birimiz eşitmişik. Buna sevgi xəstəliyi də deyilir. Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.
Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.
Adel ailədə beşinci uşaq olub. O çox gözəl qadın və istedadlı pianoçu idi. Lakin onun psixi sağlamlığı get-gedə zəifləyirdi. 1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir. Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir. 1858-ci ildə o Fransaya qayıdır ki, müalicə alsın.
Adel çox gözəl və istedadlı qadın idi. Lakin ona uzanan kişi əllərindən birmənalı olaraq imtina edirdi. Özünü sevgidən uzaq hesab edirdi.
1861-ci ildə İngiltərədə səyahət zamanı Adel Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə aşiq olur. Adel Pinsonla tanış olan kimi başa düşür ki, zabit onun həyatının sevgisidir. Qərar verir ki, ona ərə getməlidir. Lakin Pinson bunun üçün heç də tələsmir. Sonralar isə qadının dəlicəsinə sevgisindən bezərək ondan qaçmağa başlayır. Lakin Adel ondan əl çəkmir. Hətta Pinsonun polkunun olduğu şəhərə gedərək, yataqxanada nömrə tutur ki, onun yaxınlığında olsun.
O zabitə sevgi məktubları yazır, onun bütün qumar borclarını ödəyir, hətta sevgilisi üçün fahişə belə tutur. Çünki Adel onu bircə yüngül əxlaqlı qadınlara qısqanmır. Adel hiss etmir ki, psixologiyası korlanıb. Ətrafdakılara, hər kəsə Pinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toy görüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir, hətta ata da olur.
Hüqonun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümid bəsləməsin, Fransaya qayıtsın. Lakin qadın əl çəkmir. Hər gün onun kazarmasının qarşısında gözləyir. Zabit görünən kimi sakitcə onun dalınca düşüb evinə qədər gedir. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adeli bir nəfər Fransaya aparır. Atası onu San-Mandedəki psixiatrik xəstəxanaya yerləşdirir. Viktor Hüqonun ölümündən sonra Adeli Syurendəki xəstəxanaya köçürürlər. O ömrünün sonuna, 1915-ci ilə qədər xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir. 85 yaşında xəstəxanada ölür. Ölərkən də dodaqlarında Albert adı olur. Ölümündən sonra Adelin yanından çoxlu sayda sevgi məktubları tapılır. O, məktubları öz sevgilisinə göndərə bilməmişdi.
Məhz bundan sonra tibdə bu sindroma Adelin şərəfinə bu ad verilir. Adel sindromu tibdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.