Bu yazımızda sevgiyə psixoloji, sosioloji, romantik və hətta maddi olaraq yanaşanlardan fərqli olaraq biz də kimyəvi baxımdan yanaşacağıq.
Bir çoxumuz hesab edirik ki,sevginin simvolu ürəkdir. Ancaq ürəyin sevgi ilə heç bir əlaqəsi yoxdur. Sevginin qaynağı beyindir. Amerikalı antropoloq Helen Fişerə görə: ehtiras nə qədər artsa, beyində həyəcan və həzz duyğularının yaranmasına səbəb olan hormonlar daha çox xəbərdar edilir və aktiv hala gəlir. Dofamin, noradrenalin və feniletilamin maddələrinin artıq sekresiyası nəticəsində əllərimiz daha çox tərləyir, tənəffüsümüz sürətlənir, təzyiqimiz və nəbzimiz yüksəlir! Aşiq olanların iştahdan kəsilməsi, yuxusuzluq çəkməsi məlum əlamətlərdir. Bütün bunların səbəbi də hamımız üçün çox əhəmiyyət daşıyan hormonlardı.
Noradrenalin ovuc içində tərləmə, ürək döyüntüsündə sürətlənmə, göz bəbəklərində böyümə meydana gətirir. Bu hormon beynin diqqət və ətrafa cavab vermə ilə əlaqədar hissələrinə təsir edir. Aşiq olan insanın fikrini cəmləyə bilməməsi, daima dalğın olması və ətrafdan verilən suallara ləng cavab verməsi və ya verməməsinin əsas səbəbi həddindən artıqlı noradrenalin sekresiyasıdır. Adrenalin və noradrenalin birlikdə ürək döyüntülərini, qanda qlükoza miqdarını və skelet əzələlərinə gedən qan axınını artıraraq «qaç ya da döyüş» (flight or fight) cavabının təməlini meydana gətirirlər.
Beyində noradrenalin səviyyəsinin artmasıyla xoşbəxtlik artır, iştah isə azalır. Beləliklə, aşiq olduğumuzda iştahdan kəsilməyimizin və xoşbəxtliyimizin səbəbi budur.
Dofamin beyində sintez olunan, insanları daha danışqan və həyəcanlı edən bir kimyəvi maddədir. Bu maddə romantik reaksiya, hərəkət və xoşbəxtlik hisslərini yaradan beyin hissələrinə təsir etməkdədir. Nəticədə sevdiyimiz şəxsi gördüyümüzdə tənəffüsümüz artır, bədənimizə istilik gəlir və üzümüz qızarır.
Feniletilamin sekresiyasının artması üçün göz-gözə gəlmək və əl-ələ tutmaq kimi sadə davranışlar belə kifayətdir. Ürək döyüntüsünün sürətlənməsi, əllərin tərləməsi və tənəffüsün çətinləşməsi kimi reaksiyalar beyində yüksək dozada feniletilamin sekresiyası nəticəsində meydana gəlməkdədir.
Eyni zamanda serotonin hormonunun yüksək səviyyədə olması da sevgiylə əlaqədar olan hormonal vəziyyətdir. Serotonin yuxunu, seksual enerjini, ümumiyyətlə insanın psixoloji vəziyyətini nizamlayır. Aşağı serotonin miqdarı, əsəbi, narahat və depressiv vəziyyətlərə səbəb ola bilər.
Bəs aşiq olmağımızın səbəbi nədir? Niyə hər kəsə deyil məhz «ona» aşiq oluruq? İnsanların bir-birinin diqqətini çəkməsini təmin edən əsas maddənin feromonlarolduğu bilinməkdədir. Feromon, eyni növün üzvləri arasındakı ictimai əlaqələri təmin edən kimyəvi maddədir. Yunan mənşəli bu söz «hormon daşıyan» mənasını verir. İnsan feromonları daha çox cinsi davranışlara nəzarət edir. Burnun içində olan və «vomeronazal orqan» olaraq bilinən bir reseptor sayəsində feremonlar qəbul edillir və beynə çatdırılır. Beləliklə beyində ilk reaksiyaların qığılcımı yaranır və hormonal fəaliyyətlər başlayır. Feromonlar qarşı cins tərəfindən fərq edilmənin ilk addımı olsa da əlaqənin davamlı olmasını təmin etmir. Feromonların təsiri ilə erkək və dişilərə xas testosteron və estrogen hormonları sekresiya olunur. Bu molekullar sevginin ehtirasa çevrilməsini və növün davamını təmin edən cinsi çoxalma fəaliyyətinin tətiklənməsini təmin edir.
Sevginin davamlılığını təmin edən isə serotonin, vazopressin və oksitosin molekullarıdır. Oksitosin, sevdiyimiz bizə toxunduğunda ya da biz ona toxunduğumuzda kimyəvi reaksiyaları başladan bir molekuldur. Hipofiz vəzi tərəfindən sekresiya olunur. Oksitosin olmasaydı, uşaqlarımıza, həyat yoldaşımıza və sevdiklərimizə qarşı hiss etdiyimiz sıx duyğulara sahib ola bilməyəcəkdik.
İlkin Cəfərov