Sevgisizlik

Sevgisizlik

Müdriklərdən birinin kəlamlarından oxuyuruq: «Sevgidə günəş kimi ol»...
Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər.

Uşaq kitablarından oxuyuruq: «Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, Yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar».
Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət.

Bir sabah oyandım, sosial şəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, bezginlik, həyatdan küskünlük dolu statuslarını oxudum. Əvvəl içimi heyifslənmə hissi bürüdü. Kaş bu gənc mənim də dostluğumda olaydı, yazdığı statusları görər, müəyyən üsullarla müdaxilə edər, ən azından statusunun altına bir ümidverici rəy yazardım. Sonra ana səhifədə həmin intiharla bağlı yayımlanan xəbərlərə nəzər saldım. Kimisi oğlanın maddi durumunun aşağı olmasından, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halının pessimist notlar üzərində qurulmaısndan bəhs edirdi. Belə həyatla yaşamaqdansa intihar etmək yaxşıdır fikrinə haqq qazandıranlar da vardı, intihar çıxış yolu deyil, günahdır deyənlər də.

Səbəb təkcə maddi durumun çətin olmasıdır?
Xeyr.
Sevgilisinin onu tərk etməsidir?
Xeyr.
Öz ruh halının pessimist olmasıdır?
Xeyr.
Hər üç məsələ intihara götürəcək qədər dəhşətli səbəb deyil.
Bəs nədir səbəb?
Sevgisizlik...

Daxildən gələn sevgi işığının bitməsi, qaynağın tükədilməsi, Günəşin sönməsi. Bəzən bunu fərd fərqində olmadan tükədir, proses sona çatdıqda, artıq gec olur. Onu düşdüyü quyudan çəkib çıxarmaq müşkül məsələyə çevrilir. Uzun ip atırsan ki, çıxarasan, ipi tutub yuxarı dartınsa belə, yarıda kəsir, yenidən qaranlığın dərinliyinə düşür, özünü məhv edir. Çünki daxilində sevgi işığını, günəşini söndürüb, yenidən yandırmaq ağlına gəlmir.

Yaxud başqa misal:
Belə bir həyat düşünün, uşaq uğursuz ailədə dünyaya göz açıb, yaşadığı şəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düşüncələri nə soruşulub, nə də ciddiyə alınıb. Bu şəkildə həqiqi sevgidən xəbərsiz gənc yaşa çatıb. Daxilən həyatındakı inkişafın tərs getdiyini hiss edir, amma ağlı hələ ona nələr olduğunu göstərə bilmir, çünki dərketmə baş verməyib. Bu səbəbdən rastına çıxan, dəyər verən ilk şəxsə özünü təslim edib. Sanki təslim olmasa, «onu sevməyəcək, tərk edəcək» düşüncəsini daşıyıb. Çox rastlanan bu hisslə yetişən bir çox insan qarşısına çıxan gənclərdən sevgi “dilənməyə” davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyərli olmağı kənarda axtarır. Hansı ana, ata uşağının bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uşağı öz gözündə uğurlu hiss etməsini təmin edə bilməyən «sevən» valideynlər ona hansı uğurlu gələcək verə bilərlər? Bu da üzərində dayanılası başqa problem. Həyatın ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uşaqlar «Mən dəyərliyəm», «Sevilirəm», "Əhəmiyyətliyəm", «Mənə güvənirlər», «Mən ailəmin bir parçasıyam və eyni zamanda azadam» hisslərini yaşamayıbsa, bu hisslərin acına çevrilir, onların yerini doldurmaq üçün sevgini kənarda axtarırlar.

Sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Fiziki cəhətdən böyüsə də, mənəvi tərəfi yoxsul qalır. Sevgi aclığı duz və vitamin əskikliyi kimi xəstəlik olur.

Humanist psixologiyanın nümayəndələrindən olan amerika psixoloqu Abraham Maslau özünün «Ehtiyaclar piramidası» haqqındakı əsərində xüsusi bölməni «sevgiyə tələbat və mənsubiyyət»ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var.

XX əsrin görkəmli sosioloq, filosof və psixoloqu Erix From da «Sevmək sənəti» əsərində yazıb: «sevgi haqqında danışmaq „mocüzə etmək“ deyil, ona görə ki, bu, hər insan məxluqunun təbiətinin ali, həqiqi tələbatları haqqında danışmaq deməkdir. Bu tələbatın gizli olması hələ onun heç olmaması demək deyil».

Bəs çarə nədir? Sevgi işığını (Günəşi) söndürməmək üçün nə etmək lazımdır?
Gördüyümüz hər işə, hər xüsusiyyətimizə, bütövlükdə xarakterimizə sevgi qatsaq, həqiqi insan olmağımızda böyük məsafələr qət etməyimizə kömək edəcək.
Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır. Sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər.
Atılmalı birinci addım – sevginin yaşamaq kimi, sənət olduğunu dərk et-məkdir: əgər sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xarrat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi etməliyik (Erix From).

Sevgiyə dərin ehti-yaca baxmayaraq ondan başqa hər şey daha va-cib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. De-mək olar, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinəsə heç nə sərf olun-mur.

Sevgi insanda aktiv qüvvədir, elə qüvvə ki, insanı öz yaxınlarından ayıran divarları yıxmaq qabiliyyətinə malikdir; onu digər insanlarla qovuşdurur; sevgi ona təc-rid-olunma və tənhalıq duyğularının öhdəsindən gəlməyə kö-mək edir, özü olaraq qalmağa, bütöv-lü-yü-nü qorumağa kömək edir.

Sevgi –sevdiyimiz kiminsə, nəyinsə həyatına, inkişafına aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur.

Sevgisiz zəka, bizi lovğa edər.
Sevgisiz ədalət bizi amansız edər.
Sevgisiz diplomatiya bizi ikiüzlü edər.
Sevgisiz uğur bizi təkəbbürlü edər.
Sevgisiz zənginlik bizi həris edər.
Sevgisiz itaətkarlıq bizi xidmətçi edər.
Sevgisiz kasıblıq bizi deyingən edər.
Sevgisiz gözəllik bizi gülünc edər.
Sevgisiz qüdrət bizi despot edər.
Sevgisiz işləmək bizi kölə edər.
Sevgisiz sadəlik bizi dəyərsiz edər.
Sevgisiz qanun bizi dustaq edər.
Sevgisiz siyasət bizi eqoist edər.
Sevgisiz inanc bizi fanatik edər.

Aydınlığın olduğu yerdə qaranlıq özünü qoruya bilmədiyi kimi, sevginin olduğu yerdə də neqativ hisslər qoruna bilməz. Böyük yazıçı Fyodor Dostoyevski «Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir» fikrini sadəcə romana rəng qatmaq üçün yazmayıb. Bu həqiqətdir.

Ceylan Mumoğlu
Top