Sergey Yesenin həyatında çoxlu əyləncə və romanlar yaşayıb, ancaq onlardan birinin tarixçəsi ayrıca qeyd olunmağa dəyər.
Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir
1926-cı ilin bir dekabr səhəri açılar-açılmaz Moskvanın Vaqanskov qəbiristanlığının gözətçisi güclə eşidiləcək güllə səsinə oyandı. Sonra yenə daha bir güllə açıldı. Gözətçi komasından bayıra atılan kişi səs gələn səmtə — Sergey Yeseninin qəbrinə sarı qaçdı…
Orada gördükləri gözətçinin yaddaşına ömürlük həkk olunacaqdı: şairin qəbrinin üstündə damalı kepka və tünd nimdaş palto geymiş gənc bir qadın ölümcül konvulsiya (qıcolma – tərc.) vəziyyətində qıvrılırdı. Kişinin gözlərinin önündəcə qadının düşdüyü qarın üstü qandan tünd qırmızı rəngə boyanırdı… O, hələ huşunu itirməmişdi, bir əlində tapançanı, o birində isə əzilmiş kağış parçasını möhkəm sıxaraq sakitcə inildəyirdi. Yanında ucuz siqaret qutusu yerə dağılmışdı… Gözətçi titrək əlləri ilə ölümün qucağında qıvrılan qadının ovcundakı kağızı çıxarıb oxudu:
"Özümü öldürürəm. Bilirəm ki, bundan sonra Yesenini daha çox töhmətləndirəcəklər. Ancaq nə onun, nə də mənim üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Mənim üçün ən əziz olan hər şey bu qəbirdədir".
Bu qadın Qalina Benislavskaya idi.
O, Sergey Yesenini ilk dəfə 19 sentyabr 1920-ci ildə Politexnik muzeyindəki tədbirdə görür. Şair orada öz şeirlərini oxuyurdu. Gənc qız gündəliyində bu görüşü belə təsvir edir: «Birdən həmin gənc səhnəyə çıxır: yaxasıaçıq qısa gödəkçədə, əlləri şalvarının cibində, büsbütün qızılı saçlı. Qəddini çəkib başını yüngülçə geri ataraq şeir deməyə başlayır: „Ey külək, qucaq-qucaq yarpaqlar püskür. Mən də sənin kimi dələduzam“. O, şeiri deyəndən sonra nələr baş verdiyini sözlə ifadə etmək çətindir. Hamı qəfildən bir-bir yerindən sıçradı və səhnəyə, onun üzərinə atılmağa başladı. Ona nəinki səslənirdilər, ona yalvarırdılar: „Yenə nə isə oxu“. Və bir neçə dəqiqədən sonra o, artıq bu dəfə samur dərisindən xəz haşiyəsi olan papaqda çıxaraq uşaq kimi yenə „Püskür, ey külək“ şeirini dedi. Özümə gələndə gördüm ki, mən də səhnəyə qalxmışam. Ora necə çıxdığımı xatırlamırdım. Görünür, bu külək məni də ağuşuna almış, başdan çıxarmış və...»
O vaxt Yeseninin 25, Qalina Banislavskayanın isə 23 yaşı var idi. O, artıq məşhur şair və Moskvanın birinci frantı (modabaz, moda ilə geyinən adam, qəşəng geyinən adam – tərc.), Qalina isə o qədər də təmtəraqlı zahiri görkəmi olmayan sadə bir qız idi. Lakin Qalya gənc olmasına baxmayaraq, artıq həyatın bir çox amansız sınaqlarından keçməli olmuşdu. Onun anası gürcü, atası isə Karyer familiyalı ruslaşmış fransız idi. Karyer biləndə ki, arvadı hamilədir, ailəsini bir qara qəpiksiz qoyub qaçır. Qız ana nəvazişi və qayğısına həsrət böyüməli olur: anası ərinin xəyanətinə və satqınlığına dözə bilməyib ağlını itirir. Balaca Qalyanı qohumları tərbiyə edir, körpəyə öz familiyalarını verirlər. Beləcə o, Qalina Benislavckaya olur.
1917-ci ildə Peterburqda gimnaziyanı qızıl medalla bitirir. Bolşevizm ideyalarına coşqun meyil göstərən gənc qız artıq həmin ilin mayında bolşevik partiyasına daxil olur. Buna görə ögey valideynləri ilə arasında söz-söhbət yaranır və qız sərbəst həyata başlamaq arzusu ilə Xarkova gedir. Ancaq şəhəri tezliklə ağlar tutur. Qalina qırmızıların yanına keçmək üçün cəbhə xəttini təkbaşına keçməyə cəhd edir, ancaq yolda tutulur. «Bolşevik casusu» kimi güllələnməyə məhkum olunur. Lakin tale bədbəxt qıza acıyır: ağqvardiyaçıların qərargahında ögey atası doktor Benislavski ilə rastlaşır. O, qıza zamin durur, Qalya bu dəfə ölümün caynağından xilas ola bilir. Könüllü ordunun şəfqət bacısının vəsiqəsi ilə cəbhə xəttini keçə bilir. Əfsus! Gənc qız indi də «ağ kəşfiyyatçı» kimi qırmızılarda şübhə doğurur və yenidən həyatı tükdən asılı qalır. Bu dəfə də qəzavü-qədər həyatını xilas edir: rəfiqəsinin atası teleqram vurub Benislavskayanın bolşevik partiyasının üzvü olduğunu təsdiqləyir. Tezliklə qızı birbaş Moskvaya, «qüdrətli» ÜFK-nın sərəncamına yollayırlar.
Bütün Moskvanı dolaşan əfsanələr
O, Yeseninlə görüşünü həmişə həyatının üçüncü xoşbəxt təsadüfü hesab edirdi. Qalyanı nə şairin qalmaqallı şöhrəti, nə də çoxsaylı məhəbbət macəraları haqqında bütün Moskvanı dolaşan əfsanələr narahat edirdi. Çünki o, bütün qəlbilə inanırdı ki, günlərin bir günü bu dəliqanlı onu həqiqətən ürəkdən sevəcək və ətrafındakı bütün qadınlardan imtina edəcək. Tanış olduqları gündən Benislavskaya yalnız bir qısa görüşdən sonra digərinin həsrəti ilə yaşayır və öz həyatını artıq Yeseninsiz təsəvvür etmirdi.
«Belə sevmək, belə fədakarcasına sevmək, məgər belə şey olurmu? — o, gündəliyində açıqca yazırdı. — Bəs sevirəm axı və özümlə bacarmıram; bu hiss məndən, həyatımdan güclüdür. Əgər onunçün ölmək lazım olsaydı və onun mənim barəmdə öyrənib heç olmazsa gülümsəyəcəyini bilsəydim, ölümün özü mənimçün bir fərəh olardı».
O zaman gənc qızın heç ağlına da gəlməzdi ki, bu sözlər çox tezliklə necə böyük bir uzaqgörənliklə deyilmiş kəlmələrə çevriləcək. Ancaq hələ həyat onun üçün gözəl idi, çünki – zavallı qıza yazığı gəldiyindənmi, ya evsiz-eşiksiz qaldığından və gün-güzəranındakı nizamsızlıq səbəbindənmi, bilinmir, ancaq hər halda Zinaida Rayxla boşandıqdan sonra Yesenin Qalya Benislavskayanın yanına köçür.
Yeseninin kölgəsi
Onlar müəyyən müddət yaxın olurlar və həyatının bu dönəmlərində səadət şərabından sərxoş olan Benislavskayanın sanki gözü ayağının altını seçmir. Baxmayaraq ki, şair Qalyanı ilk növbədə özünün ən yaxın dostu saydığını heç vaxt gizlətmirdi, onunla bir dam altında keçirdiyi vaxtları Benislavskaya həyatının ən xoşbəxt günləri hesab edirdi. O aralarda Qalyanın sevgili şairi çox içir, başına cürbəcür əhvalatlar gəlir, gah antisemitizmdə (yəhudilərə qarşı ədavət – tərc.), gah da dələduzluqda günahlandırılaraq «ittiham edilirdi». Benislavskaya Yesenin üçün mübarizə aparırdı. O, Yesenini xarici aləmdəki düşmən münasibətlərindən qoruyaraq sözün əsl mənasında onun kölgəsinə çevrilir: nəşriyyatlarla müqavilələr bağlanmasına dair bütün işləri öz üzərinə götürür, qonorarları alır və çalışıb ən yaxşı sanatoriyalara putyovka əldə edirdi. Bir sözlə, ən yaxşı həyat yoldaşının etməli olduğu hər şeyi edirdi.
«Sergey Aleksandroviç — sonralar Benislavskaya xatırlayırdı, — mənim yanıma köçəndə bütün əlyazmalarını və ümumiyyətlə, bütün əşyalarını mənə verdi, çünki özü hər şeyi itirir, əlyazmalarını və şəkilləri paylayır, paylamadıqlarını isə daşıyırdılar. Hiss edəndə ki, nə isə itib, deyinir, söyür, ancaq qorumağı, saxlamağı və verdiyini geri istəməyi bacarmırdı».
Əlbəttə, Qalya onun bütün xəyanətlərindən xəbərdar idi, ancaq səbrlə dözürdü. Əsas o idi ki, bütün əyyaş sərgüzəştlərindən sonra Yesenin Bryusov döngəsindəki kiçik mənzilə, "öz Qalyasının" yanına qayıdırdı. Lakin uzun müddət onsuz da gərginlikdən dolub-daşan «göylər», nəhayət, 1921-ci ilin oktyabrında Yeseninin ad günündə hayqırıb guruldadı. Rəssam Yakulovun emalatxanasında çox şən, deyib-gülən tanışlar toplaşmışdılar. Onların arasında məşhur Amerika rəqqası Aysedora Dunkan da var idi. Rus dilində cəmi bir-neçə söz bilən 46 yaşlı «yalınayaq rəqs edən rəqqasə» Yeseninin şeirlərini dinləyən kimi onun qeyri-adi istedadını hiss etdi və yaxınlaşmaq üçün ilk addımı da özü atdı. O, hamının qarşısında şairi öpdü və simasına bir dalğınlıq qataraq pıçıltıyla dedi: «Mələk». Yesenin heç də özünü itirmədi və cavab öpüşündən sonra özsünəməxsus şövqlə deyilmiş bir söz eşitdi: "Şeytan!"
Bu axşamdan sonra Yeseninin Benislavskayanın otağına, onun yanına qayıtmadığını deməyə ehtiyac varmı? Dünkanla evlənən şair onunla birlikdə xaricə səyahətə yollanır.
Mən sizi bir qadın kimi zərrə qədər də sevmirəm
1925-ci ilin qışında Qalina Yeseninin başına dolamağa, onu daha şox nəvaziş və qayğı ilə əhatə etməyə çalışaraq böyük ruh yüksəkliyi ilə güzəranını sahmanlamaqla məşğul idi. O, qənaətlə yığıb topladığı bütün pulunu altı Vyana stuluna, yemək stoluna, paltar şkafı və yeni qab-qacağa xərcləyir. Şairin bacısı Şuranın dediyinə görə, Benislavskaya tək yaşayarkən «evin rahatlığı haqqında az fikirləşir və çox yoxsul şəraitdə yaşayırdı… Ancaq onun evində həmişə ideal təmizlik hökm sürürdü». Əfsus ki, şair onun fədakalığını görmürdü. O, həmişəki kimi bura ancaq gecələməyə gəlirdi. Açıq-açığına sağda-solda macəralar yaşayır, hətta Dunkanla rəsmən ayrıldıqdan sonra da Aysedora ilə birdəfəlik üzülməyə gücü çatmayan Yesenin Preçistenkedəki evə də həftədə bir dəfə baş çəkməkdə davam edirdi. Bütün bunlar Qalyaya ağlagəlməz iztirablar verirdi. Və şairdən intiqam almaq üçün, bir qədər də ümidsizlikdən gənc qadın (onun hələ heç 30 yaşı yox idi) da pis yola əl atır, Yeseninin dostları ilə sevgi macəraları yaşayır. Bunu öyrənən Yesenin Qalyadan həmişəlik uzaqlaşır. Bir gün evə qayıdan Qalya görür ki, Yeseninin əşyaları yoxdur, stolun üstündə isə rəhmsizcəsinə qısa yazılmış bir kağız var: "Əziz Qalya! Siz mənə bir dost kimi çox yaxınsınız, ancaq mən sizi bir qadın kimi zərrə qədər də sevmirəm".
Bu, son oldu. 1925-ci ilin yayında Yesenin gözlənilmədən məşhur rus yazıçısının nəvəsi Sofya Tolstoy ilə evləndi. Bu dəfə Benislavskaya toy xəbərini çox böyük kədər və acı ilə qarşıladı, uzun müddət əsəb pozğunluğundan müalicə olundu və özünə söz verdi ki, bir daha heç vaxt Yeseninlə görüşməyəcək. Ancaq onu həmişəlik unutmağı da heç vaxt bacarmadı. Bundan sonra Qalina ilə Yesenin görüşmədilər. Deyilənlərə görə, Yesenin sonuncu dəfə Leninqrada səfərə gedərkən vağzaldan Benislavskayaya zəng vurur, Qalya isə onunla danışmır: özündə güc tapa bilmir, yarası çox dərin idi. Kim bilir, əgər o vaxt bu danışıq baş tutsaydı, bəlkə də Qalya, əvvəllər də olduğu kimi sevgilisini fəlakətdən xilas edə bilərdi.
Qəbrin üstündə qısaca bu sözlər həkk olunub...
28 dekabr 1925-ci ildə Leninqradın «Anqleter» mehmanxanasında Sergey Yeseninin həyatına son qoyuldu. Qalina Benislavskaya yenidən psixiatriya klinikasına düşdü və dəfndə iştirak edə bilmədi. Həyat onun üçün bütün mənasını itirmişdi. Xəstəxanadan çıxdıqdan sonra özünü bütünlüklə Yeseninin arxivi üzərində işə sərf edir. Onun haqqında memuar yazmağa başlayır, amma bitirə bilmir. Onu tanıyanların xatirələrinə görə, şairin qətlindən sonrakı bütün bir ili Benislavskaya sanki qeyri-ixtiyari, özündə olmadan, bir süstlük, keylik içərisində yaşadı: heç kimlə danışmırdı, hətta gün ərzində nə isə yeyib-yemədiyini də unudurdu. O, tez-tez Yeseninin qəbri üstə gəlir və uzun-uzadı ağlayırdı. Qəbiristan gözətçisi artıq onu üzdən tanıyır və bacardığı qədər maraqlananların diqqətini yayındırmağa çalışırdı. Ancaq Benislavskaya sanki ətrafındakıları heç görmürdü də: nə qarşısına çıxanların gülüşünü, nə də özünün nimdaş, dəbdən düşmüş libasını. Əvvəllər də xüsusi gözəlliyi ilə seçilməyən Qalya qorxunc hala düşərək çirkinləşmişdi və dərddən divanəlik yağan gözləri ilə qoca qarıya bənzəyirdi. Düz bir il sonra o, Yeseninin qəbri üstə gələcək və özünü güllələyəcək. Birinci dəfə güllə boşa çıxacaq, sanki talesiz qıza bir daha götür-qoy etmək üçün, fikrindən daşınmaq üçün şans verəcək. Ancaq o, qərarını dəyişməyəcək...
Qalina Benislavskayanı Yeseninlə yanaşı dəfn etdilər. Qəbrin üstündə qısaca həkk olunmuşdu: «Sədaqətli Qalya». Yalnız bir neçə il sonra iki tarixi olan rəsmi başdaşı yazısını görmək olardı.