Mayakovski və Elza

Mayakovski və Elza

… Otel otağının düz altından küçə kafesinin səs-küyü ucalırdı. Sərxoş gülüş səsləri, badə toqquşmaları eşidilirdi. Bu, onu qıcıqlandırırdı. Sakitlik haqqında düşünmək istəyirdi. Amma məşhur Monparnas küçəsinə bunu necə izah edəsən?! İndi onun pulu ancaq bu səs-küylü küçədəki oteldə qalmağa çatırdı. Sonra nə olacaqdı?!

Yatağın üstündəki əşyaların içində gündəliyi vardı. Elza artıq yol çemodanını toplayırdı. Gündəliyin səhifələrində itilənmiş karandaşla yazılmış hərflər görünürdü. O, sürtülmüş və rəngi solmuş dəftəri götürdü. Açdı və pəncərənin qarşısında dayandı. Bir neçə dəqiqə səs-küylü küçəni izlədikdən sonra yazdı: 28 yaşım var. Özümdən bezmişəm.

Fikirlərində hələ də özünü Ella adlandırırdı. 21 il bu adı daşımışdı. Sonradan Andre ilə evlənib Rusiyanı tərk etdikdə, adını Elzaya dəyişmişdi. Elza Triole olmuşdu. Ərinin soyadının önündə Elza adı gözəl görünürdü. Hamıya belə izah edirdi və hamı da ona inanırdı. Yalnız Londonda görüşdüyü Liliya inanmamışdı. Qaşlarını qaldırıb təəccüblənmişdi. Böyük bacını aldatmaq mümkün deyil! Onsuz da təbiət bu bacıları intuisiya ilə tam təmin etmişdi. Başqa şeylərdə isə tamam fərqli idilər. Hətta xarici görünüşcə də. Liliyanın qəhvəyi gözləri, qızılı saçları vardı. Elza isə mavi gözlü, ağ dərili idi.

Liliya uşaqlıqdan özündənrazı idi. Erkən yaşda sevgi romanları yaşayırdı. 14 yaşında Osipi sevirdi. İstədiyinə də çatdı. Briklə evləndi. Osip Brik Rusiyanın məşhur ədəbi tənqidçisi və ədəbiyyatçısı idi. Liliya Osipdən olmayan uşağını abort etdirdiyi üçün bir daha ana ola bilmədi və onlar beş il sonra boşandılar. Liliya inşaatda və riyaziyyat üzrə təhsil almışdı. Amma sonradan hər ikisini yarım buraxmışdı. Elza isə inşaatçı diplomu ala bilmişdi. Elza şeiri sevirdi, Lermontovu, Puşkini əzbər bilirdi.

Elza və Mayakovski
İlk dəfə Vladimir Mayakovski ilə sevgili olan Elza 1915-ci ildə dahi şairlə birlikdə Peterburqa gedir ki, onu evli bacısı ilə tanış etsin və valideynlərini evliliyə razı salsın. Valideynləri bu nikaha qarşı idilər. Elza isə Vladimiri dəli kimi sevirdi. İllər sonra gündəliyində onun haqqında yazmışdı: “Yalnız Vladimir mənə əsl sevgini yaşatdı. Həm fiziki, həm də mənəvi baxımdan”.

18 yaşlı qız şairin böyük qəlbini hiss etmişdi. Bəlkə Ella həm də bacısının yanında yaraşıqlı sevgilisi ilə öyünmək istəmişdi. Axı bacısının əri Osip eynəkli və çirkin idi. Mayakovski isə yaraşıqlı idi.

Lakin gənc qızın ağlına da gəlməzdi ki, bacısıgilə bu səfər hər şeyi dəyişəcək. Mayakovski Ellanın evli bacısına — Liliyaya dəli kimi vurulur. Onsuz da arvadı ilə problemlər yaşayan Osip bu sevgi məsələsinə soyuqqanlı yanaşdı. Vladimir həmin gün elə qonaqlıqdaca poemasını oxudu və onu evin sahibəsinə həsr etdiyini dedi. Ella daxilində əzab çəksə də, sevgilisini bacısına güzəştə getməli oldu. Amma Rusiya artıq onu sıxırdı. Ətrafında bir çox pərəstişkarları vardı, o isə sevgi — əsl sevgi axtarırdı. Heç kimi Vladimirlə eyni görə bilmirdi. Elə ona görə də ilk rast gəldiyi fransız zabitlə evlənir. Onlar birlikdə Rusiyanı tərk edirlər və Ella əsl adını Elza adına dəyişir.

Elza əri Andreyə həyatının mənasının incəsənət olduğunu nə qədər izah etməyə çalışsa da, əri atlarından və yaxtalarından əl çəkmədi. Elza Andreni tərk edib, Avropaya qayıtdı. Əvvəlcə Berlin, sonra London. İngiltərədə o, hətta inşaat kontorunda çalışdı. Baxmayaraq ki, keçmiş əri Andre ona aylıq pul göndərirdi.

Elza yenə də depressiyadan qurtula bilmirdi. Lakin Londonda Mayakovski və bacısı ilə görüşdükdə başa düşür ki, həyatından qaçmaq ona nəsib olmayacaq.

Və budur… Elza xoşbəxtlikdən başı fırlanaraq sevimli Vladimirini Parisdə, Senanın sahilində gəzdirir, onu məşhur şairlərlə tanış edir. Düzdür, bir problem yarandı. Mayakovski sevimli Liliyasına ətir və başqa şeyləri də Elza ilə almalı oldu. Amma yenə də Elza hiss edirdi ki, Vladimirin ona olan hissləri ölməyib. Buna baxmayaraq, Elza bacısını o qədər çox istəyirdi ki, həyatı qədər sevdiyi adamı ona güzəştə getmişdi. Lakin fələk öz oyununu oynamaqda davam edirdi...

1928-ci ildə Elza kafelərdən birində, gənc fransız şair Lui Araqonla tanış oldu. İlk görüşdə Elza anladı ki, bu, odur. Axtardığı, onu Vladimirdən başqa xoşbəxt edəcək adamdır. Lakin bunun üçün ilk maneəni keçmək lazım idi. Araqonu həmin vaxtlar birlikdə olduğu zəngin Paris xanımı Nensi Kyunardan almalı idi. Elza Nensidən yaşca böyük idi. Demək olmazdı ki, Araqon ilk dəfədən Elzaya vuruldu. Elza biclik işlətdi. Mayakovskini Parisə dəvət etdi və iki şairi tanış etdi. Nəticədə Araqon rus ruhuna vuruldu və beləcə, ilahəsini — Elzanı da sevmiş oldu.

Bacılar fərqli yaşayırdılar. Liliya Vladimirlə yanaşı başqa insanlarla da münasibətlər qururdu. Elza isə fəxr edirdi ki, şair ərinə sadiqdir. Liliya qürurlanır ki, heç vaxt qab yumayıb, düymə tikməyib. Elza isə gecələr gözünün nurunu tökdüyü boyunbağıları Parisli xanımlara satır və bundan məmnundur. Liliya fəxr edir ki, Mayakovskinin şeir ilahəsidir. Lakin Elzaya bu, bəs etmir. O, özü adını ədəbiyyat tarixinə yazmaq istəyir.

Elza ilə Lui Araqon düz 42 il evlilik həyatı yaşadılar. Heç kim inanmazdı ki, bu qədər istedadlı və incəsənət aşiqi iki insan belə uzun evlilik yaşaya bilər. Elza gündəliklərində yazırdı ki, əri ilə səhər tezdən durub, günortaya qədər elə yataqdaca yazırmışlar. Bu zaman onlar üçün nə ətraf dünya, nə də bir-biri mövcud olurmuş.

Elza kitablar çıxarır. Çexovun kitablarını tərcümə edir. 73 yaşında isə vəfat edir. Lui Araqon arvadının ölümündən sonra bir neçə il yaşayır. İndi onlar Fransada eyni qəbirdə yatırlar. Məzar daşlarına isə Elzanın romanından sitat yazılıb: “Ölülər müdafiəsiz olurlar. Biz ümid edirik ki, kitablarımız bizi qoruyacaq”.

Mayakovski 14 aprel 1930-cu ildə intihar etdi. Liliya ilə Osip (ilk əri) həmin vaxt Parisdə idilər. Deyilənə görə, Vladimirin ölüm xəbərini alan Liliya bir neçə gün hönkürüb. Sonradan ilk əri ilə birlikdə yaşamağa başlasa da, Liliyanı hər zaman şairin dul qadını bildilər. Sonradan o, komandir Vitaliy Primakovla evləndi. 37-ci ildə əri güllələndikdən sonra isə ədəbiyyatçı Vasiliy Katanyanla birlikdə yaşadı.

Liliya ömür boyu Mayakovskinin şeirlərinin təbliği ilə məşğul oldu. 1978-ci ildə isə yuxu dərmanı içərək, intihara cəhd etdi. Lakin ölümündən qabaq yıxıldı və boynunu sındırdı. 86 yaşında köməksiz şəkildə vəfat etdi.



Gülər Qasımova
Top