Xoşbəxtsən!

Xoşbəxtsən!

Bir kasıb uzaq bir səfərə çıxmalı olur. Ayağında ayaqqabısı, başında papağı olmadığı üçün bu səfər zamanı çox əziyyət çəkir, ayaqlarını daşlar əzir, başını gün yandırır. Bir dəfə oturub düşünür və özünü möhkəm qınayır, deyir ki, sənin tay-tuşların dəvə karvanları ilə yola çıxırlar, sən isə ayağına geyməyə ayaqqabı da tapmırsan. Bu yaşa qədər gəlmisən, qarındolusu çörək yediyini də xatırlamırsan.

Bəli, bu kasıb özünü xeyli qınayandan, danlayandan sonra durub yoluna davam edir. Gəlib bir kəndə yetişir. Baxır ki, yolun kənarındakı iri bir daşın üstündə təxminən onunla yaşıd bir adam oturub. Yolçu diqqət edib görür ki, meh əsdikcə həmin adamın şalvarının balaqları havada oynayır. Baxır ki, adamın ayaqları dizdən aşağı yoxdur. Daşın dibinə isə bir cüt qotazlı çarıq qoyulub. Əlini cibinə salır ki, ona bir şey versin, amma onun cibi nə zaman pul görmüşdü ki? Yolçu kəndin çıxışındakı bir bulaqdan su içib əl-üzünü yaxşıca yuyandan sonra yoluna davam edir. Daha onun ayaqları əvvəlki qədər ağrımırdı.

Bu misalı ona görə çəkdik ki, çarığı olmayan adam ayaqları kəsilmiş birisini görməmiş ayaqlı olmağın nə qədər böyük nemət olduğunu anlaya bilmir.

Çoxumuz insanlardan fərqlənmək, hamıdan üstün olmaq istəyirik. Amma illərlə yataqda zillət çəkən bir xəstədən soruşun və görün ki, hamı kimi normal addımlaya bilməyin, istədiyini yeyə bilməyin özü nə qədər böyük nemətdir.

Mütləq xoşbəxtlik Allah-Təalanın rızasını qazanmaqdır. Əslində insanın bütün həyatı da bu istiqamətdə olmalıdır. Allahın rizasını qazanmış insanın heç bir dərdi ola bilməz. Çünki hər xoşbəxtliyin, səadətin mənbəyi Allah-Təaladır.

Amma biz bu yazımızda dünya səadətindən bəhs etməyə çalışdıq. Onu demək istəyirik ki, insan öz səadətini uzaq yolların o başında, Qaf dağının o üzündə axtarmamalıdır. Hər kəs əmin olmalıdır ki, onun könlünü rahat edən xoşbəxtlik haradasa ətrafındadır və onu tapmağa çalışmalıdır.

Xoşbəxtlik hər şeydən öncə mənəvi kateqoriya, dünyagörüşüdür. İnsan çox şeyin qədrini onu itirəndən sonra bilir. Xoşbəxtlik həm də Allah-Təalanın verdiyi nemətlərin qədrini bilmək və o nemətlərin qarşılığında şükür etməyi bacarmaqdır. Şükürün ifadəsi əslində insanın dilində açan xoşbəxtlik çiçəyidir. 

Top