İllər uzunu bir-birinizin həsrəti ilə yaşadınız, sevgi məktubları, mesajlar yazdınız… Qovuşacağınız günü gözləyə-gözləyə bir gün bu ayrılığa sən də “əlvida” dedin, gəlin köçdün sevdiyinin evinə. İndi bir özünsən, həyat yoldaşındır, bir də qayınanan. O səni öz balasıtək əzizləyir, heç övladından ayırmır. Şübhəsiz, bu nəvazişin qarşılığını sən də xoş rəftarınla ödəməliydin. Lakin...
Hərdən rəfiqələrin yanına gəlir, söhbət söhbəti çəkir. Qayınanandan söz düşəndə indi ağzını büzürsən: “bütün günü əsəbimlə oynayır: onu elə eləmə, bunu belə eləmə...” deyə söylənirsən. Halbuki, qapınıza gəlib razılığını aldığı gün sevincdən ağlamışdı qayınanan. Səni evinə gətirəndə oğlundan az sevinmirdi. Elə indi də: “qızım” deyə çağırır səni. Amma sənsə, ayağını bir başmağa dirəyib ağbirçək vaxtında ixtiyar qocanı övladından, nəvəsindən ayırmağa can atırsan. Bir gün sən də qocalacaqsan, bir gün sən də oğul evləndirib qayınana olacaqsan. Fikirləş, yaxşı-yaxşı götür-qoy et, sabahını düşün: sevdiyin insanın anasını anan kimi qəbul et.