Je t’aime…I love you… Te amo… Mən səni sevirəm. Bütün dillərdə bu ifadə sevgililər üçün həzin bir melodiya kimi səslənir. Bəs əgər 311 dildə birdən? Düzdü, səslənməsə də görsənə bilər. Məhz bu sayda sevgi etirafı Parisin Monmartresində yerləşən sevgi divarında yazılıb.
Paris hələ qədimdən sevgililər şəhəri hesab olunur. Yüz illərlə Paris müxtəlif sevgi dramlarına, sevgililərin zəngin hekayələrinə şahidlik edib. Onun divarları ən xoş sözləri saxlamaqdadı.
Parisdə romantik guşələrin sayı saysız-hesabsızdı. Hər bir cütlük burada özünəməxsus bir şey tapa bilər. Amma bütün cütlüklərin gəldiyi bir məkan var- Sevgi Divarı.
Bu maraqlı divarda göy fonda ağ yazılarla 311 dildə “Mən səni sevirəm” ifadəsi yazılıb. Hər kəs burada bu ifadəni öz doğma dilində tapa bilər. Hətta işarələr dilində yazılan “Mən səni sevirəm”i də görmək olar.
40 kvadrat metrlik sevgi sözü. Sevgililərə 3 rəssamdan- Danielya Bulonya, Frederika Barona və Kler Kitodan hədiyyə olaraq verilib.
Sevgi Divarı hekayəsinin tarixi çoxdan başlayır. Frederik Baronun çox maraqlı bir hobbisi var idi, o “mən səni sevirəm” kəlməsini müxtəlif dillərdə kolleksiya edirdi. Harda olmasından asılı olmayaraq o, yerli sakinlərdən bu kəlməni onun bloknutuna yazmağı rica edirdi. Beləliklə, 10 il ərzində o, 300dən çox dil və dialektdə bu kəlməni toplaya bildi. 1997di ildə isə Frederik Baron kalliqraf Kler Kito ilə rastlaşır. Elə o vaxt da Sevgi Divarı proyektinin ideyası yarandı. Sonradan da 511 plitədən 10 metr eni və 4 metr hündürlüklü divar quruldu.
Divar yaranan kimi çox böyük məşhurluq qazandı. Müqəddəs Valentin günü burada ağ göyərçinləri buraxırlar, digər günlərdə isə yalnız quşların səsi ilə pozulan sakitlikdən həzz ala bilərsiniz.