Doğrudan da maraqlıdır, dünyada iki cür dəyərləndirmə var, həm də bu dəyərləndirmə insanlığın daha da inkişaf etdirilməsi naminə göstərilmiş səy kimi qiymətləndirirlir. Bu dəyərləndirmələr daha sonra fəxri adlar, növbənöv təltifetmələr, pul mükafatları və s. ilə əvəz olunur. Bu səbəbkarlar daha çox insanların alim zümrəsindən olur.
Bəzən bir alim illərini sərf edərək virus icad edir və bu zərərli və zəhərli virus sayəsində milyonlarla insanın həyatına son qoyula bilər. Qırıcı təyyarələr, növbənöv kimyəvi silahlar, böhran yarada biləcək maliyyə layihələri, insanları manipulyasiya etmək üçün motivasiya vasitələri və s. üstü hamar və cəlbedici görsənib altı zəhərli əməlləri də bu qəbildəndir.
Bəzən də bir alim illərini sərf edərək müxtəlif ağır xəstəliklərin aradan qaldırılması, varlı və yoxsul təbəqinin balanslaşdırılması, yeni iş yerlərinin açılması, sülh və əminəmanlıq şəraitinin yaradılması, xeyriyyəçilik, insanların həyatında rahatlıq yaratmaq naminə texniki inkişaf və s. xeyirə vəsilə olan əməllər üçün gözünün nurunu tökəcək qədər zəhmət çəkir.
Nəticə isə bərabərdir. Eyni nəzər, eyni diqqət, eyni mükafatlandırma. Təsəvvür edin, təltifolunma mərasimində iki böyük alimə mükafat verəcəklər. Bu mükafat dünyanın ən məşhur mükafatıdır ki, ondan o tərəfə dünya çərçivəsində bu cür mükafat yoxdur. Bir alimi — bəşəri bir gündə məhv edə biləcək virusu ixtira etdiyinə görə, başqa bir alimi isə — bütün dünyanı yoluxmuş virusdan sağalda biləcəyi vaksin icad etdiyinə görə təltif edirlər. Bir sözlə — zülmün və ədalətin, xeyrin və şərin eyni dərəcədə mükafatlanması…
Necə də gözəl buyurulub: «Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər!» (Quran, 35: 19-22)
Necə də qəribədir, belə deyilmi? Axı nə üçün alimlik həm də zülmə xidmət etməlidir? Nə üçün bir dövlət digər dövləti «Mən etməsəm, o edəcək. Elə o özü də bu fikirdədir! Yaşamaq üçün mübarizə aparmaq lazımdır, həyatda yalnız güclülər yaşayır» devizi altında zülm yaradır?! Axı, yaradılmış zülmün özünə doğru istiqamət alacağından kim sığorta olunub??? İki əks qütbün eyni cür mükafatlanması ədalətə ziddir və zülmdür. Hətta zülmün kulminasiya nöqtəsinin kəşfi üçün yorğun illər sərf olunsa belə, ona "Əhsən!" demək ədalət deyil, ədalətin öldürülməsidir. Çağdaş zamanımızda da ədalət qətlə yetirilir. Həm də elm adı altında.