Sən, xeyirli olanı istə!

Sən, xeyirli olanı istə!

Acı da olsa, son vaxtlar qız uşaqlarını elə bətndəcə məhv etmək kimi ağrılı bir mənzərə ilə daha çox qarşılaşırıq. Hətta bəzən həyat yoldaşı hamilə xanımını xəstəxanaya yerləşdirəndə: “Mən oğlan istəyirəm, qız yox!” — deyə “nota” da verir.
xeyirli ovlad
Bu, dəhşət deyil, bəs nədir? Belə adamlar heç düşünmürlər ki, qız, ya oğlan, fərqi yoxdur, hər ikisi Allahın nemətidir. Qızı oğlandan və ya oğlanı qızdan ayırmaq nə dərəcədə doğrudur?
Bu barədə Sədi Şirazi ibrətli hekayələrindən birində yazır: “Uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadlıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki hər şeyi sədəqə verəcək. Mən də onun duasına “Amin!” deyib, səhərisi gün evindən ayrıldım. Aradan 15 il keçəndən sonra yenə yolum həmin şəhərə düşdü və dostumun evinə üz tutdum. Evin yerində uçuq bir xarabalıq var idi. Qonşulardan onu soruşdum. Dedilər: “Onun bir oğlu var idi ki, yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Vurub padşahın vergi məmurlarından birini öldürdü, özü də qaçıb gizləndi. Atasını aparıb zindana salıblar, arvadın da ürəyi dərddən partlayıb öldü”. Bu sözləri eşidəndə barmağımı dişlədim və ürəyimdə dedim: “Bu bəlanı o özü Allahdan istəmişdi”. Yəni, insan gərək Allah-Təaladan övlad istəyəndə oğlan, ya da qız deyə ayrı-seçkilik qoymasın, xeyirli övlad istəsin. Ümumiyyətlə, bu hər işdə belədir. Və insan Allah-Təaladan bir işi istəyəndə: “Allahım, əgər mənim üçün xeyirlidirsə, onu mənə qismət elə”, — deməlidir. Yoxsa, çoxumuz o rəvayətdəki ata, yaxud ana kimi özümüzə dərman yerinə zəhər istəmiş olarıq.
Top