OYUNCAQ
(MƏKTUB 2)
O sevgilər ki, əbədidir, o sevgilər ki, təmiz hislər üzərində yaranıb, hər zaman acı verir, nifrətlə anılır, təəssüratları daim hiddət doğurur. O sevgilər ki, müvəqqətidir, o sevgilər ki, ötəri həvəslərdən doğur, hər zaman xoş təəssüratlarla yadda qalır, daim təbəssümlə xatırlanır. Sevginin anormallığı da məhz bundadır...
Artıq yarım saatdan çox idi ki, öz oyuncağı ilə oynayan, hərdən isə çevrilib ehtiyatla ona baxan uşağa gözlərini dikərək xəyala dalmışdı. Uşaq hər dəfə ona baxanda öz oyuncağını əlində daha möhkəm sıxır, oyuncağının əlindən alınacağından ehtiyat edirdi. Uşaqlar necə də qəribə olurlar – onlara yalnız sevdikləri oyuncaq və güvəndikləri, heç bir zaman onları atmayacağına əmin olduqları insan lazımdı. Başqa heç nə istəmirlər. İtirəcəkləri yeganə şey oyuncaqlarıdı. Və bu kiçik, adi, bəzən bir tərəfi qırılmış oyuncağı itirərkən, ya da əllərindən alınarkən uzun-uzadı ağlayaraq göz yaşı axıtdıqları zaman yaratdıqları mənzərəyə baxanda sadəcə gülümsəyirsən. İnsan yaşa dolduqca çox şeylər itirir. Bunları öz səhvləri üzündən, qürurundan, zəifliyindən, hərdən də əlacsızlığından itirir. Bəzən bu itirdikləri arasında o qədər dəyərliləri olur ki, uşağın itirdiyi sadə bir oyuncağa görə axıtdığı göz yaşları sadəcə təbəssümə səbəb olur…
Artıq uşağın ona olan baxışları dəyişmişdi. İndi dostcasına baxırdı ona. Çünki, uşaq bu adamdan ona zərər gəlməyəcəyini öz uşaq ağlı ilə yəqin etmişdi. Hətta indi onun üzünə gülümsəyirdi...Nəhayət xəyallardan ayılıb uşağın ona dikilən məsum və mehriban gözlərinə baxdı. Gülümsədi. Uşaq indi ona nəsə deməyə, onunla danışmağa can atırdı. Nəhayət uşaqla tanış olmaq qərarına gəldi:
- Salam, mənim adım Raufdur. Bəs sənin adın nədir?
Uşaq sual dolu baxışlarla anasının üzünə baxdı. Anası ilk öncə başını azacıq tərbədərək Raufla salamlaşdı və uşağın başını sığallayaraq izahata başladı:
- Azərbaycan dilini bilmir, fransızca danışır.
- Allah saxlasın çox şirin uşaqdı...
Uşaqla olan dil ayrılığı bu mehriban ünsiyyəti yalnız gülümsəmələrlə əvəz etməyə səbəb oldu. Təqribən saat yarımlıq təyyarə uçuşunu yalnız uşağın şən, qayğısız baxışlarının müşaiəti ilə xəyala dalmaqla keçirdi...
Axşamın qaranlığında şəhəri bürüyən rəngbərəng işıqların fonunda ecazkar Paris küçələrini, dükanları, barları onu təyyarə meydanından otelə aparan taksinin pəncərəsindən seyr etməklə şəhərlə ilk tanışlığını qurdu...
Səhər tezdən oyandı. Vaxtı az idi – iki gün sonra yenidən Bakıya geri dönməli idi. Hətta geri qayıtmaq biletini də almışdı...
Dekabr ayı ola, isti yatağından yenicə durasan, yüksəkmərtəbəli otelin 43-cü mərtəbəsinin eyvanından Parisin hər cür gözəlliyini özündə əks etdirən mənzərəyə sakit yağan qar dənəciklərinin arasından tamaşa edəsən. Bu cür vəziyyəti düşünmək belə insana müdhiş bir zövq yaşadır. Lakin, bu cür mənzərə də Raufu fikir okeanının dərinliklərindən dartıb çıxara bilmirdi. Hələ Bakıda olarkən eşitdiyi bəzi fikirlər onu heç cür rahat buraxmır, ətraf – aləmlə əlaqəsini tamam kəsirdi...
Enli küçələrdə şütüyən maşınlar qədər insanlar da hərəkətdə idi. Ətrafından keçib gedən insanlar o qədər maraqlı gəlirdi ki ona, istəyirdi hamı ilə danışsın, ünsiyyət qursun. İlk baxışdan şəhərin gözəlliyi zövqlə salınmış parklardan, xüsusi dizaynla tikilmiş binalardan, müasir maşınlardan, göz oxşayan reklam afişalarından başlayıb, insanların dəbdəbəli geyimlərində tamamlanırdı. Lakin, bu şəhərə gözəllik verən amilləri saydıqca qurtarmaq olmaz. Paris bütün şəhərlərin paxıllıq etdiyi sehrkar gözəlliyə malikdir… Ümumiyyətlə bu şəhərdə gördüyü hər şey ona maraqlı gəlirdi. Hər şey ona doğma gəlirdi. Çünki bu şəhər onun sevgilisini 3 il idi ki qonaq saxlayırdı. Kim bilir, bəlkə indi onun keçdiyi yerlərdən sevgilisi də keçib, bəlkə hər gün keçir...
Ona lazım olan ünvanı tapmaq düşündüyündən qat-qat çox vaxt apardı. İnsanlardan getmək istədiyi yeri ingilis dilində soruşanda ona aciqli və qısqanclıqla baxanlar da oldu. Çünki, fransızlar öz dillərini çox sevirlər, ingilis dilindən isə qat-qat çox sevirlər...Yalnız axşama yaxın lazım olan yerə gəlib çıxa bildi...
Zərif qar yağırdı. Hər tərəf qarla örtülmüşdü, eynən 3 il öncə Bakıdakı kimi… Onda imtahana tələsirdi. Fikirli olduğu üçün ondan kömək istəyən qızın yanından ötüb keçmişdi. Sonra geriyə dönmüşdü. Və bəmbəyaz qarın içində başında ağ papaq, dəri əlcək geymiş əlini sinəsində çarpazlamış bir qız görmüşdü. Onun gözlərini, baxışlarını görmüşdü… İndi xəyalları həmin qızı birdən-birə qarşısında canlandırdı. Yenə də ağ papaq, dəri əlcək, yenə də qar. Xəyallardan ayılmağa çalışdı. Lakin, qız gözlərinin qarşısından getmirdi… Nəhayət, bunun xəyal olmadığının fərqinə vardı. Və içindən neçə illərin həsrəti ilə birgə bir ah qopdu:
- Dəniz...
Uzun müddət idi ki, azəricə danışmırdı. Hətta son vaxtlar ona elə gəlirdi ki, o lap əvvəldən fransızca danışıb. Çünki, ətrafında hər kəs fransız idi. Yalnız atası ilə hərdən azəricə danışırdılar, o da çox az vaxtlarda. Və birdən — birə öz adını eşitməsi ona xəyal kimi göründü. Dönüb səs gələn tərəfə baxdı. Bu doğurdan da yuxu kimi idi – on ya on beş addım uzaqda Raufu gördü. Onu səsləyən Rauf idi… Havada uçuşan qar dənəciklərinin iştirakı ilə baş verən bu xoşbəxt hadisə ikisinə də xəyal kimi görünürdü...
… Axşam bir az hal-əhval tutduqdan sonra sabah görüşməyi qərara aldılar. Dəniz bir qonaqlığa dəvət almışdı, Raufu dəvət etsə də, Rauf razı olmadı.
Səhərisi gün Dəniz yalnız günortaya yaxın görüşə gəlib çıxa bildi. Birlikdə Parisin sıradan bir restoranında nahar edib söhbətlərini gəzə-gəzə davam etdirməyə başladılar.
- Məni necə tapdın Rauf ?
- Əslində gözlərim hər zaman, hər yerdə səni axtarırdı… Bu yaxınlarda sənin dostun Fuadı gördüm. Ondan heç xoşum gəlmədiyini bilirsən. Ona görə görməməzlikdən gəlmək istədim. Amma özü mənə yaxınlaşdı. Sənlə bağlı bir xəbəri olduğunu dedi. Sənin yaxın bir qohumun ilə tanış olub və harda yaşadığını öyrənib. Qəribə oğlandı, ondan xoşum gəlmədiyini bilir, amma yenə də kömək etdi – ünvanı mənə verdi.
- Həə, Funtiki deyirsən? Neyniyir, nə yaxşı yadında qalmışam. Məndən nə dedi?
- Heç… Salam dedi...
Əslində çox şey demişdi Fuad. Rauf əhəmiyyətsiz yanaşmışdı onun dediyinə. Onsuzda Fuadı ciddi adam kimi tanımırdı. Amma elə üzüntülü, elə yanqılı danışmışdı ki, son bir həftə ərzində Rauf heç cür rahat ola bilmirdi...
- Hara aparım səni?
- Sabah Bakıya qayıtmalıyam. Bura yalnız səni görməyə gəlmişəm. Hara aparsan da özündən uzağa aparma yetər mənim üçün...
- Yenə həmənki romantiksən. Heç böyüməmisən.Yaxşı, gəl səni tanıdığım bir – iki gözəl yer var, ora aparım. Sonra da taksi ilə Eyfel qülləsinə gedərik...
Qar demək olar ki, yağmırdı. Amma yerdə kifayət qədər qar var idi. Dəniz qarşılarına çıxan hər yeni parkı, teatr binasını, kitabxananı Raufla tanış edirdi...
- Bu kitabxananın qabağı həmişə dolu olur. İndi qar yağıb deyə azdı insanlar. Heyif ki, fransız dilini bilmirsən. Yoxsa sənin üçün burdan bir...
- Bura niyə gəldin?...
Birdən – birə verilmiş sualdan Dəniz duruxdu. İlk öncə başa düşmədi sualı. Nəhayət Raufun nəyi soruşduğunun fərqinə vardı. Gülərək Raufun üzünə baxdı:
- Mən, yoxsa sən?
- Mən səni görməyə gəldim, bəs sən niyə gəldin?
- Mən də səndən qaçıb gəldim… Zarafat edirəm... Bilirsən Rauf, Atam bura köçməyi planlaşdırmışdı. Mən də uşaq ağlımla guya səni unutmaq üçün bunun lap yerinə düşdüyünü fikirləşdim… Yəni, üç il öncə indiki ağlım yox idi. Hər şeyin sevgidən ibarət olduğunu düşünürdüm...
- Sonra nə oldu?
- Sonra Paris məni dəyişdirməyi bacardı. Həyatda yaşamaq üçün başqa səbəblərin də olduğunu anladım. Paris çox fərqli yerdi. Burda sevgi də, məhəbbət də, nifrət də fərqlidi. İnsanlar, onların düşüncə tərzi, hər şey fərqlidi… Minək taksiyə...
… Eyfel qülləsi yalnız şəkillərdə möhtəşəm görüntü yaradırmış. Yaxından baxdıqda sadəcə bir metal kanstruksiyadan hazırlanmış tikilidir. Hər halda həmin anda Raufa belə gəlirdi.
- Hələ də inana bilmirəm, mənə görə bura gəlmisən. Səni görəndə içimdə bir titrəyiş qopdu. Kaş ki, əvvəlki vaxtlar olaydı, səni yenidən sevəydim. Sevgisiz qaldığım an öləcəyimi düşünə biləydim… Nə düşünürsən düşün, amma məndə o saf sevgini axtarma!...
Rauf deyəsən hər şeyi anlamağa başlayırdı. Saf sevgi… O saf sevgi olmayacaqdı artıq… Bir oyuncaq dükanının qarşısından keçəndə Rauf dayandı. Dəniz Raufun nazik parıldayan ipdən asılmış və aram-aram yellənən skripkaya baxdığını görüb təəccübləndi :
- Nəyə baxırsan?
- Hər dəfə skripka görəndə özümü günahkar hiss edirəm. Mənə görə skripkanı atmısan. Çünki, hər dəfə skripkada ifa etmək istəyəndə mən yadına düşürəmmiş və ağlayırsanmış...
- Ehh, mən skripkanı çoxdan yadımdan çıxarmışam. Onlar hamısı uşaqlıq əlamətləri olub...
Aydındı. Demək skripka haqqındakı xatirələr də bir zaman Dənizin çılğın ehtirasdan qızmış beynindən tamamilə buxarlanmışdı...
...Axşama yaxın Raufun etirazına baxmayaraq o qədər də sakit olmayan bir restorana getdilər.
İçkilər bir az fərqliydi burda. Rauf heç bu içkilərin adlarını da bilmirdi. Yalnız onların qeyri -adi təsirini hiss edirdi. Qəribə idi – içkini heç xoşlamırdı. Amma indi içkidən xoşlanmağa başlamışdı… Gözləri yaxında əyləşən bir qadına sataşdı. Qadın sakitcə qarşısındakı içkini başına çəkir və yalnız bir nöqtəyə baxırdı. İnsanlara yazıq görünməmək üçün o nöqtədən gözlərini çəkmirdi. Buz kimi soyuq baxışlarında tənhalıq görünürdü. Qəribədi – Paris boyda şəhərdə yaşayasan, baxışlarında tənhalıq oxuna...
… Artıq axşamdan xeyli keçmişdi. Rauf heç bu qədər içməmişdi. Dəniz də çox içmişdi, amma Rauf qədər içkili deyildi. Rauf deyəsən özünü idarə edə bilmirdi… Taksi otelin yanında dayandı. Dəniz Raufun qoluna girib onu oteldə iki günlük kirayələdiyi otağına apardı. İçkili adamın hərəkəti, danışığı kənardan gülməli görünür. Amma indi Raufun hərəkətləri Dənizə gülməli gəlmirdi. Çünki, özü də içkili idi. Ayaqqabısını və köynəyini çıxarmaqda Raufa kömək edib, özü də Raufla bərabər yatağın kənarında oturdu. Bu vəziyyət Dənizə tanış idi. Bu, oğlan dostları ilə barda doyunca içki içdikdən sonrakı sevişmədən öncəki səhnəyə bənzəyirdi… Rauf isə spirtə qarışmış nəfəsi ilə kəsik-kəsik danışırdı.
- Paris səni aldadıb… Paris pis şəhərdi… Amma içkiləri əladı… Belə içkilər olan yerdə sevgi nəyə lazımdır axı?.. Sevgilinə qovuşmaq üçün illərlə gözlədiyin halda, bu içkiyə qovuşmaq onun qapağını açmaq qədər asanddı...
Dəniz birdən Raufa tərəf döndü. İçki öz təsirini göstərirdi. İndi onun qarşısında sevişmək üçün ideal bir oğlan dayanmışdı. Bu bir neçə il ərzində o, ehtiraslı, çılğın bir Paris qadınına çevrilmişdi. Və bir fransız qadınının onun üçün minlərlə kilometr qət edən bir kişiyə verəcəyi ən dəyərli mükafat həmin kişi ilə sevişməsindən başqa heç nə ola bilməz… Rauf heydən düşmüş qolları ilə dodaqlarına yapışan bu qadını ümidsiz bir şəkildə özündən uzaqlaşdırmağa çalışırdı. İllərlə həsrətini çəkdiyi, o təkrarolunmaz gözlərini, incə boynuna dolaşan qızılı saçlarını görmək üçün Bakıdan Parisə qədər yol gəldiyi halda, indi onu özündən uzaqlaşdırmağa çalışırdı… Amma artıq gec idi. Keflənmiş beyni bədənini bürüyən incə öpüşlərin verdiyi həzdən başqa heç nə düşünə bilmirdi… Budur – daha bir sevişmə səhnəsi… Hislərin, ümidlərin, arzuların sevişməsi… İnsanın içindəki bütün pisliklər, bütün şeytani hislər qrimlənərək bu səhnəyə çıxırlar. Hər dəfə sonu eyni bitən ssenarini oynayırlar. “Oskar”-ı qazanmaq üçün mübarizə aparan aktyorlar kimi əllərindən gələni edirlər… Nəhayət, son – hər ikisi yorğun gözlərini yumaraq, heç bir alqış səsi eşitmədən bu tamaşaçısız səhnənin pərdələrini bağlayırlar...
Səhərin açılmasına təxminən iki saat qalmış yuxudan oyandı. Dənizin qolunu üstündən götürüb ayağa qalxdı. Təyyarənin uçmağına hələ çox var idi. Stolüstü işığı yandırıb oturdu. Hər iki əlini üzünə dayaq verib gözlərini Dənizə dikdi. Dəniz məsum uşaq kimi yatırdı. Lap uşaq kimi… Birdən – birə bir uşaqlıq xatirəsi yadına düşdü. Bir dəfə ona bir oyuncaq almışdılar. Oyuncağı o qədər çox istəyirdi ki, anasının belə ona əl vurmasına etiraz edirdi. Bir dəfə qohumları uşaqları ilə onlara qonaq gəlmişdi. Uşaqlar nə qədər israr etsə də bu oyuncağı heç kimə verməmişdi. Axır ki, uşaqların ağlamağına hirslənən anası oyuncağı məcbur uşaqlara vermişdi. Həmin gün yemək yemədən yatmışdı. Səhərisi gün isə bütün günü ağlayaraq oyuncağını geri istəmişdi. Nəhayət, iki gün sonra oyuncağı ona qaytarmışdılar. Oyuncaq əzilmiş, cızıq-cızıq olmuş halda ona qaytarılmışdı. Lakin, o tərtəmiz, uşaq kimi bəslədiyi oyuncağını sevirdi. Əlacsız halda əzilmiş, haldan-hala salınmış oyuncağına baxıb ağlayırdı.Onu yenə sevmək, əzizləmək, onunla yenidən oynamaq istəyirdi. Amma oyuncaq indi əzilmiş, doyunca oynadılmış, kirlənmiş bir vəziyyətdə idi… İndi də özünü uşaq kimi hiss etdi. Oyuncağı əlindən alınan və sındırılmış, çirkləndirilmiş halda yenidən özünə qaytarılan uşaq kimi… Dənizin üzünə dağılmış saçları lampanın zəif işığında günəş şüaları kimi parlayırdı… Yenidən xəyala daldı. Fuadın Bakıda Dəniz haqqında dediklərini yenidən xatırladı.
- Bilirsən Dəniz çox qəribə insandı. Mənimlə lap çoxdan dostluq edirdi. Səndən əvvəl sevdiyi oğlanı tanıyırdım. Oğlanı dəli kimi sevirdi. Mən belə sevgi görməmişdim. Dəniz onu elə sevirdi ki, onların ayrılmağını düşünmək belə ağlıma gəlmirdi… Amma Dəniz bir anda hər şeyi unutdu. Heç elə bil o oğlanı tanımayıb. Sonralar oğlanın nələr çəkdiyindən xəbərim oldu. Özünü öldürmək dərəcəsinə gəlib çıxmışdı. Amma bu Dənizə zərrə qədər də təsir etmədi. Sonra səninlə tanış oldu. Yenə də eyni vəziyyət – səni dəli kimi sevməyə başladı. Hətta mən də inanırdım ki, səni heç vaxt tərk etməyəcək qədər ürəkdən sevir… Amma sənin bu vəziyyətini görəndə daha sözüm qalmadı. Mən onun neçə illərdi dostuyam. O qədər yaxın dost idik ki, sənin qadağalarına belə məhəl qoymadan mənlə görüşürdü. Amma indi çıxıb gedib, mən isə onun yadında belə qalmamışam. O, hər kəsi əvvəlcə dəli kimi sevə bilər, sonra isə bir anda heç nə olmamış kimi tərk edib gedə bilər. O, insanın bütün hislərini ələ ala bilər və bu hisləri darmadağın edib bir anda yox ola bilər. O, sadəcə bir iblis, bir şeytandır....
Stolun üstündə dəri üzlüklü qeydiyyat dəftəri var idi. Üstündə otelin yerləşdiyi ünvan və telefon nömrəsi yazılmışdı. Qələmqabı isə otelin kiçilmiş formasında dizayn edilmişdi. İçindəki qələm Eyfel qülləsinin baş-ayaq çevrilmiş formasını xatırladırdı...
Artıq hava xeyli işıqlaşmışdı. Dəniz yuxudan oyanıb ətrafına baxdı. Rauf yox idi. Bir anlıq nəyisə düşünüb gülümsədi, sonra geyinib ətrafa bir də nəzər saldı. Nə Rauf, nə də onun əşyalarından heç biri yox idi. Birdən gözü stolun üstündəki qeydiyyat dəftərinə sataşdı. Qeydiyyat dəftəri açıq vəziyyətdə idi, qələm isə onun üstünə qoyulmuşdu...
“ Sabahın xeyir… Yenə də qarşılıqsız salamlaşıram səninlə. Görünür bu bizim sevginin taleyidi. Ya hər şey lazım olduğundan tez baş verir, ya da gecikir...
Səndən ayrı qaldığım üç il müddətində elə bir günüm olmadı ki, səni düşünməyim. Hər gün sənli günləri xatırladım. O qədər qısa idi ki, sənlə bağlı xatirələrim, tez bitirdi. Səni çox düşünə bilmirdim. Sonralar yeni bir şey kəşf etdim özüm üçün. Səni xatırladığım anları xatırlamağa başladım. Haralarda, hansı vəziyyətlərdə səni xatırlamırdım?!.. Yolla gedərkən, liftdə, çörək yeyəndə, yağış yağanda, mahnı dinləyəndə, yatanda, hər yerdə, hər vəziyyətdə... Heç bir zaman sənə qovuşmayacağımı bilə — bilə xatırlayırdım. Bu müddət ərzində anladım ki, sevgi sevdiyin insanın yanında olmaq, onu sevmək deyil. Sevgi sevdiyin insana qovuşmayacağını bilə — bilə, ona qovuşmaq üçün etdiyin ilk cəhddən başlanır...
Xatırlayırsanmı, sən hər dəfə mənə öz hislərinin gücündən, ölməzliyindən danışanda mən, ən ali, ən ölməz hislər də bir zaman ölür deyirdim. Sən də inciyirdin. Mən haqlı idim əzizim. Sənin o hislərin müvəqqəti idi. Amma güclü idi. O qədər güclü idi ki, əbədi olduğuna məni belə inandıra bilmişdi. Əslində inanmırdım, sadəcə özümü aldadırdım. Bilmirəm niyə, amma həyatımda ilk dəfə idi ki, özümü aldatmağım özümə xoş gəlirdi. Sənə oxumayacağın məktubları yazanda da, gəlməyəcəyini bilə — bilə səni gözləyəndə də, sənə görə bura gələndə də özümü aldadırdım...
Parisdə hər şey fərqlidir deyirsən. Parisdə heç bir şey fərqli deyil. Burda da uşaqlar şarları göyə uçurtduqda sevinir, onların geri qayıtmadığını gördükdə isə üzülürlər. Burda da sevirlər, eynən bizdəki kimi. Burda da qadın sevilmədiyini anlayanda dünyanın ən bədbəxt insanına çevrilir. Sadəcə Paris səni aldadıb — əbədi hislərini müvəqqəti həvəslərə dəyişib. Bunu yəqin ki, bir zaman anlayacaqsan...
Bildiyimə görə hər kəs öz sevgisinə ad qoyur. Bizim bu qısa, mənasız, heç bir şeyə lazım olmayan sevgimizə bir ad qoymaq istədim. Bilmirəm bəyənəcəksən ya yox, sevgimizin adını Oyuncaq qoyuram. Əvvəlcə biz sevgini oyuncaq kimi qəbul etdik, onunla oynadıq, indi isə özümüz onun oyuncağına çevrilmişik, o bizimlə oynayır... Əlvida... ”
Dəniz məktubu oxuyanda Rauf çoxdan Paris küçələrində şütüyən taksi ilə təyyarə meydanına getmiş olacaqdı. Paris haqqındakı bütün təəssüratlarını sevgisi ilə bərabər bu şəhərdə basdırmış olacaqdı – Paris, bu şəhər… Bu lənətə gəlmiş şəhər… Ehtirasların hər gecə yataqlarda it kimi boğuşduğu bu şəhər… Sehrli bakirəliyi altında fahişəliyin hər dildəki adını daşıyan bu şəhər...
Bütün bunları düşünərkən sürücünün güzgüdəki baxışları və sözlərini başa düşmədiyi ecazkar bir mahnı onu müşaiət edəcəkdi... Nədən oxuduğunu isə dəqiq biləcəkdi… Səhər – səhər, Parisdə, zövqlü bir fransız sürücüsünün taksisində sevgidən başqa nə oxuya bilərdi ki...
Əzimov Toğrul