Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr ediblər. Amma Rəsul Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə bil ki, şeir kimi şeydir. «Nigar, əzizim! İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan
keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti
soyumayan mərd əllərin üçün sağ ol!
Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən
ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz
səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin
hərarəti onları hər cür fırtanalardan qorusun.
Vəfa və sədaqətin qarşısanda baş əyirəm».
Nigar Rəfibəyli- Neyləyim (Həyat yoldaşı Rəsul Rzaya) Ala gözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır vaxtsız solur neyləyim?
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?
P.S:Bu şeirə mahnı da bəstələnib. Bəstəkar:Emin Sabitoğlu; İfaçı:Akif İslamzadə