Ən uzunömürlü hədiyyə

Ən uzunömürlü hədiyyə

Artıq qırx beş yaşı vardı. İllər necə də sürətlə ötüb keçmişdir. Heç xəbəri olmamışdı. Zaman axıb keçir, qalan ancaq xatirələrdir. 

Görüşdükləri o gün. O gün… Dənizin sahili… Mənalı, sözlə dolu baxışlar. Nə qədər baxışmışdılar onda, heç özləri də bilmirdi. Dil susmuşdu, baxışlarsa doymaq bilmirdi sözlərdən, eləcə ürəklərini boşaldırdılar. Birdən astadan o, səsləndi: 

 — Sənə dənizi hədiyyə edirəm!

— Nəyi? — Qız xəfifcə gülümsədi, dənizin ilıq nəfəsi pərişan saçlarını oxşadı, bu onu necə də cazibədar edirdi — Dənizi?- O, heç nə anlamayıb, eşitdiklərinə şübhəli tərzdə, dənizə baxdı. Külək əsməyə davam edirdi, sanki onu qucaqlayırmış kimi.

— Demək dənizi!? — bu dəfə təsdiqləyici sual idi. Fikrini toplayıb, nəyisə anlayırmış kimi.

O, da cavabında gülümsəyərək başını yellədi, təsdiq əlaməti olaraq .

Qız da gülümsədi:

-Dənizi necə hədiyyə verirsən ki? O ki sənə aid deyil. O hamınındır, onu hədiyyə etmək olmur.

— Olur. Mən sənə dənizi hədiyyə edirəm. Bax belə verdim getdi. Olanda olur.

Qız heç nə anlamadı. Ancaq şübhəli baxışlarla ona baxdı:

 — Olsun ,- deyə səsləndi. 

Hələ onda, o gün onun gözlərindəki ağrını, həsrəti, qəlbini deşən kədəri, acizliyi, çarəsizliyi oxuya bilsə də, onları bir -biri ilə, xüsusən bunların ona hədiyyə olunan dənizlə əlaqəsini anlaya bilməmişdi. 

İllər ötmüş, indi anlamışdı o hədiyyənin hikmətini...indi iyirmi altı il sonra… O vaxt o sözlər, o hisslər ona anlamsız gəlmişdi. 

" Sənə hər şeyimi verərəm" — deyəndə, oğlan: " Nəyin var ki, verəsən!? " — deyə gülmüşdü ona.Amma bu gülüş o gülüşlərdən deyildi, kədəri boğan bir müdafiə idi sanki.Soyuqqanlı deyilmiş bu cavab onun üçün gözlənilməz oldu. Qulaqlarına inanmamışdı, çox pis təsir etmişdi. Təbii ki, bunu bildirməməyə çalışmışdı, amma keçirdiyi hissləri indi də unutmamışdı. Qəlbinə toxunmuş bu sözləri hələ də unutmamışdı. Bəlkə də, düşüncəsizlikdən deyilmişdi ani olaraq, ya o fikirli, əsəbi idi? Bəlkə də bilərəkdən onu incitmək üçün deyilmişdi, ya elə belə söz xətrinə deyilmişdi.Bunu bilmirdi indi də. Onu bilirdi ki illər keçsə də bu sözün qəlbinə vurduğu yara sağalmaq bilmirdi. Hər gün, demək olar ki, hər gün o sözləri deyən səs onun beynini deşirdi: " Nəyin var ki, verəsən!?".  Qulaqlarını deşən bu laqeyd  səs, eyni zamanda açıq hiss olunan nə iləsə mücadilə edən ümidsizliyi sezmişdi o an da. Bax o «nə isə» ona qaranlıq idi. Çünki dənizi hədiyyə edən, ona həmişə həssas yanaşan, gözündəki kədəri gizlədə bilməyən bu adam öz mənfi və müsbət tərələri ilə ona müqəddəs idi. O belə söz deməməli idi, deyə bilməzdi, nə idi onu belə soyuqqnlıca davranmağa məcbur edən?

Nəyim var?… bəlkə də haqlı idi. Hər şeyi atasına, anasına, bacısı, qardaşına, bir sözlə, ailəsinə məxsus idi, əgər ev, maşın, mülk nəzərdə tutulubsa. On doqquz yaşlı qızın saf, təmiz ürəyindən başqa nəyi ola bilərdi ki? Onun özü belə ailəsinə məxsus idi. Ona məxsus ancaq ürəyi, canı, həyatı ola bilərdi, bunlar da sevdiyinə azmı görünürdü, yoxsa, ümumiyyətlə,  heç nə demək deyildimi? 

«Nəyin var ki!?» — sözünü eşidəndə o, bu qədər ona əziz olan insandan gözləmədiyi cavabı eşitmişdi, həmin anda o qədər qəribə hisslər yaşamışdı ki, bilmirdi ölüdür, ya diri. Bilmirdi ki, bu an ömrü boyu onu sızladacaq. Heç özü də bilmirdi ki, bu söz niyə bu qədər ağır təsir etdi ona… Heç indi də bilmir...

" Nəyim var !" — deyə öz — özünə pıçıldadı — «Səni sevən ürəyim var və sən bunu heç vaxt bilmədin, bəlkə də, fərqinə varmadın. Bəlkə, bu sənin üçün heç nə ifadə etmirmış ...» Yox, onu bağışlamışdı, lap çoxdan, elə həmin an bağışlamışdı. Heç günahkar da saymamışdı. Amma təəssü ki, yaddaşına ömürlük həkk olmuşdu. 

Onların yolları qovuşmadı. Səssizcə ayrıldılar. Qovuşmaq üçün heç nə etmədilər. Ayrıldıqlarını gördükdə də, nəsə etməyə çalışmadılar, sakitcə ayrıldılar. Elə bil heç nə olmamışdı, heç nə yaşanmamışdı, kinsiz- küdurətsiz ayrıldılar eləcə. İçindəki «mən»ləri «biz» olmamış ayrıldılar. Keçirdikləri xoş hisslərə, xoş anlara görə bir- birilərinə nifrət etmədən, heç kimi günahlandırmadan ayrıldılar. Ayrılanda da, nə vaxtsa bir- birilərini xatırlayacaqlarını düşünmədilər, hisslərini ciddiyə almadılar. Sadəcə bir- birini buraxdılar.

 O, həmin sahilə gəldi.Sanki kimsə onu səsləyirdi ora. Çox darıxmışdı onun üçün. Dənizə baxdı, elə hey baxdı. İndi anlamışdı o -" Sənə dənizi hədiyyə edirəm!" sözünün hikmətini, indi anlamışdı o hədiyyənin dəyərini. Ən uzunömürlü hədiyyə imiş bu. Məndən sonra da yaşayacaq...Axı kim demiş ki, hədiyyə ancaq birinə məxsus olmalı? Dəniz ancaq mənim olmalı? O, hamınındır, hər kəsindir, mənimdir!" — deyə düşündü. Dənizə baxıb o günləri xatırladı, o günləri andı. Dəniz ləpələrinin pıçıltısını dinlədi. Doyunca dərdləşdi dənizlə. heç vaxt görə bilməyəcəyi, görməsi yasaq birisi ilə... Gözlərini yumdu, dənizi duya — duya çox sevdiyi şeiri pıçıldadı:

Dənizi verdim ki, sənə hədiyyə, 

Gəldiyin sahilə gələsən bir də.

Məni görməyincə, o mənəm deyə

Mənimlə danışıb güləsən bir də...

 

 14 iyul 2012 il 

Müəllif: Zeynalova Vüsalə M.

Top